Ədalət.-2018.-11 aprel.-¹67.-S.7.; 13 aprel.-¹67.-S.7.
Əhməd Cavad
Göyərçin Abidqızı
XX əsrin əvvəllərində milli istiqlal ideyasının formalaşmasında AXC dövründə milli dövlətçilik şüurunun möhkəmlənməsində, milli və ictimai azadlığın itirildiyi sovet dönəmində istiqlal ideyasının yaşaya bilməsində Əhməd Cavad irsi, müstəsna rol oynamışdır.
5 may 1892-ci ildə dünyaya göz açan Əhməd Cavad, taleyinin ona ayırdığı ömür və fəaliyyət payının yaşandığı elə bir dövrdə yazıb yaratmışdır ki, bu zaman onun qismətinə bilavasitə millətinə, milli dövlətçiliyinə xidmət missiyası, xalqının xoşbəxtliyi uğrunda canını belə fəda etməkdən çəkinməmək xoşbəxtliyi düşmüşdür.
Ə. Cavad yaradıcılığının çoxşaxəliyi, ideya və problematika baxımından, milli vətəndaşlıq duyğularının inkişafı onun ədəbi fikir tarixindəki yerini, mövqeyini özündə daha aydın şəkildə əks etdirir. Şairin ilkin yaradıcılıq dövrünün milli dövlətçilik ideyalarının inkişafı və yaranması dövrünə düşməsi və sovet hakimiyyəti illərində yeni siyasi-tarixi şərtlər və şərait altında yazib-yaratması, elə həmin rejim tərəfindən repressiyaya məruz qalması onun yaradıcılığına və şəxsiyyətinə ictimai marağı bir qədər də artırmışdır.
Bir çox Azərbaycan sənətkarları kimi, milli dövlətimizin qızğın təbliğatçılarından biri olan Əhməd Cavadın sənətkar şəxsiyyətinin formalaşması prosesində müstəsna rol Azərbaycan Demokratik Respublikasınin yaranmasına aiddir.
45 il ömür sürmüş Əhməd Cavadın həyatında və yaradıcılığında cəmi 23 ay mövcud olmuş bir siyasi-mənəvi qurumun nə kimi rolu ola bilərdı?
Mövcud olmuş bu 23 ay təkcə Ə. Cavadın həyat və fəaliyyətinə təsir göstərməmiş, ürəyi vətən sevgisi ilə dolu olan hər bir ziyalının ömür taleyində payı olmuşdur.
"Ümumiyyətlə, Məhəmməd Hadi və Hüseyin Cavid, Hacı Kərim Sanılı və Əhməd Cavad, Abdulla Şaiq və Əmin Abid, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyov, Süyid Hüseyn və Cəfər Cabbarlı, Abdulla Sur və Tağı Şahbazi Simurq, Yusif Vəzir Çəmənzəminli və Firidun bəy Köçərli, Ümgülsüm və İ. Aşurbəyli bilavasitə Azərbaycan istiqlalına, milli dövlətə, bayrağa, gerbə, türklük idealına və ümumbəşəri islami dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii, elmi-publisistik, fəlsəfi-tarixi əsərləri bu illərdə yazmışlar".
Əhməd Cavadın ömrünün 25 ili bir şair və şəxsiyyət, ictimai-siyasi xadim kimi Azərbaycan Demokratik Respublikası, daha dəqiq desək, müsavatçılıq ideologiyası ilə bağlı olmuşdur.
Müstəqillik dövründə Gəncədə və Bakıda yaşayıb yaradan Əhməd Cavad pedaqoji fəaliyyətilə məşğul olmuş, poetik və publisistik yaradıcılığını davam etdirmişdir. Xüsusən, Milli Respublikanın başçısı Məhəmməd Əmin Rəsulzadə ilə tanışlığı və dostluğu onun ədəbi-mədəni və ictimai həyata yaxından bağlanmasına rəvac vermişdir. Bu dövrdə Əhməd Cavad Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə "Müsavat" partiyasına və ilk respublikamız olan Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinə üzv və onun katibi seçilir.
Azərbaycan Cümhuriyyətinin rəsmi nümayəndəsi kimi 1918-ci ildə ona diplomatik pasport verilmiş, bu dövrdə qızğın fəaliyyət göstərən "Yaşıl qələmlər" dərnəyinin Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacibəyli, Əbdürrəhimbəy Haqverdiyev, Nəcəfbəy Vəzirov, Salman Mümtaz, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi görkəmli üzvləri arasında Əhməd Cavadın öz yeri vardır.
Əhməd Cavadın çoxcəhətli fəaliyyəti, gəncliyi, bir neçə dil bilməsi, istedadı, öz əqidəsindən, məsləkindən dönməz olması, dövrün nəbzini həssaslıqla tuta bilməsi və başqa keyfiyyətləri ona böyük şöhrət qazandırmışdır.
1916-cı ildə Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı işıq üzü görəndə gənc şairin 22 yaşı var idi. Düzdür, buna qədər o, çap olunmuş əsərlərinin sevincini duymuşdu, ancaq ilk kitabın doğurduğu sevinc və həyəcan bütün ömrü boyu onu müşayiət etməyə bilməzdi. Bu kitab doktor Xosrov bəy Sultanovun təşəbbüsü ilə "Cəmiyyəti-xeyriyyə" tərəfindən, çap edilmişdi. O zaman Türkiyədə olduğundan, bundan yalnız bir il sonra xəbər tutan Əhməd Cavad Bakıya göndərdiyi təşəkkür məktubunda yazırdı: "Qoşma" adı altında şeirlərimin kitabça şəklində çap olunmasına mənəvi və maddi yardımları toxunan Bakı müsəlman cəmiyyəti-xeyriyyə nümayəndəsi doktor Xosrov bəy Sultanova mübarək qəzetəniz ("Açıq söz" qəzeti - G.M.) vasitəsilə ürəkdən təşəkkürümü təqdim etməyinizi rica edirəm". 1919-cu ildə şairin istiqlaliyyət illərində yazdığı say-seçmə şeirlərdən ibarət "Dalğa" adlı toplusu çap olunur. "AXC dövrü poeziyasının ən bariz nümunəsi kimi tədqiqatçıların üz tutduqları Əhməd Cavad Axundzadənin "Dalğa" kitabı idi". "Dalğa"ya "Bir-iki söz" adlı kiçik müqəddimədə Əhməd Cavad aşağıdakı sözləri yazırdı: "Bu kitabça say hesabıyla ikinci kitabçamdır. "Qoşma"nın qazandığı hüsni-təvəccöh bunu da təb etdirdi. İçərisində ən yeni parçalar olduğu kimi, pək əskiləri də vardır. Düzülüşü tarix etibarilə deyildir. Verilən izahlar da yoldaşların bir qisminin israrı üzərinədir".
Çox əlamətdardır ki, kitab "Azərbaycan bayrağı" şeiri ilə açılır. Şeir 1919-cu ilin 10 aprelində - Xalq Cümhuriyyəti qurulmasından az qala bir il sonra yazılmışdır. Lakin bu heç də o demək deyildir ki, buna qədər Əhməd Cavad milli respublika qurulmasına biganə qalmış, bu böyük tarixi hadisəyə şeirlər həsr etməmişdi. Sadəcə olaraq, "Azərbaycan bayrağı" şeiri - müqəddəs Quranın "Fatihə" surəsi kimi "Ümmül-kitab" - kitabın anası olmağa layiq görülmüşdü. Şeirə verilən izah da çox əlamətdardır və Əhməd Cavadı poeziyamızın milli istiqlal şairlərindən biri kimi xarakterizə edir:
"İngilislərin Bakıya gəlişindən sonra birinci dəfə Bakıya getdiyim vaxt, 10 aprel 1919-da Parlament binası üzərində dalğalanan Milli Bayrağa söylənmişdir".
Əhməd Cavada bir sərrastlıq və lakonizmlə deyilmiş və ilk baxışda çox soyuqqanlı görünən bu bir cümlədə şairin qəlbini coşduran, sinəsinə sığmayan fərəh və qürur hisslərini duymamaq olmur.
"Dalğa" kitabının nəşrindən dərhal sonra müstəqil respublikanın mərkəzi mətbu orqanı olan "Azərbaycan" qəzetində böyük resenziya verilmiş və burada Əhməd Cavad yaradıcılığı öz layiqli qiymətini almışdı. "Ə.H." imzalı müəllif xüsusi halda yazırdı: "...dalğa rəngində olan bu əsəri bütün oxuculara tövsiyə edirəm. Orada təbiət kimi sadə bir bidaət və coşğun bir nəhr kimi mühəyyic bir ruhun intiba və təməlləri vardır". Əhməd Cavadın Xalq Cümhuriyyəti və bir qədər ondan əvvəlki dövr həyatı və yaradıcılığı təkcə Azərbaycan istiqlalı uğrunda deyil, həm də Türkiyənin ağır geosiyasi vəziyyətə düşdüyü o illərdə qardaş ellərin istiqlal uğrunda mübarizə salnaməsi kimi səslənir. Hüseyn Baykara "Azərbaycan istiqlal mücadiləsi tarihi" adlı əsərində bu məsələyə xüsusi önəm verərək yazır:
"Bakı savaşı zəfərlə sonuclanır, Azərbaycan xalqı istiqlala qovuşur. Milli müstəqil Azərbaycan dövləti qurulur. Bir kaç ay sürür bu sevinc və məsud günlər. Hərbin taleyi "qarayazılı" günlərini gətirir Türkiyəyə. Mondros mütarikəsiylə Türkiyə savaşdan çəkilir və silahı buraxır. İzmir yunanlılar, İstanbul da ingilislər tərəfindən işğal edilir. Əhməd Cavad bu durumdan yaslara bürünən bütün Türkiyə və Azərbaycan xalqı ilə birlikdə dərdlənir və İstanbulun işğalında şöylə yazır:
O sevdiyim mərmər sinəli yarın
Diyorlar qoynunda yabançı əl var.
Baxıb üfüqlərə, uzaq yollara,
Ağlıyormuş mavi gözlü axşamlar."
Yuxarıda təhlil etdiyimiz "Kuropatkinə" şeirində isə Əhməd Cavad kobud rus çəkməsi altında inləyən Türküstan ellərinin dərdinə şərik olur, imperializmin müstəbid və qaniçən simasını lənətləyirdi.
Əhməd Cavadı istiqlal şairi kimi formalaşdıran 1917-1920-ci illər şirin bir xəyal kimi tez gəlib keçdi. Vətənin başı üzərində qorxunc aprel küləkləri əsərək Şimalın soyuq "səmumu" ilə ilıq, səmimi ürəklərə qənim kəsildi. Əhməd Cavadın həyat və yaradıcılığının 1920-ci ilin 28 aprelindən 1937-ci ilə qədərki dövrünü şairin həyatının "ikinci dönəmi" adlandıran Türkiyəli alim Sərvət Gürcan yazır: "Əhməd Cavadın həyatındakı və şeir yaradıcılığındakı ikinci dönəmin dönüm nöqtəsini 27 nisan 1920 tarixində Azərbaycan Cümhuriyyəti torpaqlarının Qızıl Ordu tərəfindən işğalı, "Türk birliyi" fikrinin getdikcə gerçəkləşmə nöqtəsindən uzaqlaşması, "Kültür birliyinin" məhəlli şivələrə dayanılaraq oluşdurulan "yazı dilləri"ylə ayrı-ayrı əlifbalarla bir-birindən fərqliləşməyə zorlanması və çox sevdiyi qızı Almazın gənc yaşda ölümü olayları təşkil etməkdədir. 1920-ci ildən ölümünə qədər olan zaman içərisində yazdığı hər şeirdə və tutduğu hər işdə bu böyük sarsıntının təsiri özünü yer-yer hiss etdirdi".
1925-ci ildə Əhməd Cavad yenə də qələminin güdazına gedir, "Göy göl" şeirinə görə həbs edilir. Bu işdə şairin bədxahlarının, gözügötürməyənlərinin də çox böyük rolu olur. Ə. Saləddin həmin əhvalatı belə təsvir edir: "1925-ci ildə "Göy göl" çap olunanda o dövrün vəzifəli şəxslərindən biri bu şeiri oxuyub deyib ki: "Kim deyə bilər ki, Azərbaycanın Puşkini yoxdur?!" Elə o vaxtlar Ə. Cavadın bədxah qələm yoldaşlarından üç nəfər həmin vəzifəli şəxsin yanına gəlib deyiblər ki: "O, müsavat bayrağını tərifləyir, görmürsünüzmü, aydan, ulduzdan danışır?" Onda həmin şəxs düşünmədən demişdir: "Arestovat svoloça!"
Şairə altı ay işgəncə verəndən sonra həbsdən buraxmalı olmuşdular; çünki dediyimiz kimi, o vaxtlar Sovet imperiyası hələ bir qədər demokratiya illüziyası yaratmağa çalışır, mütərəqqi bəşəriyyətə həyasızcasına meydan oxumağa cəsarət etmirdi.
1928-ci ildə Türkiyədə müsavatçılar tərəfindən nəşr edilən "İstiqlal məcmuəsi"ndə çap edilmiş 16 şeiri Əhməd Cavada həm daxili bir qürur gətirir, həm də onu proletar ədəbiyyatşünaslarının kəskin tənqid hədəfinə çevirir. İki il sərasər bu hücumlara sinə gərən şair 1930-cu ildə yenidən Gəncəyə getməyə məcbur edilir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun türk və rus dilləri kafedrasında müdir, dosent, sonra isə professor olur, eyni zamanda Gəncə Dram Teatrının ədəbi hissə müdiri kimi fəaliyyət göstərir.
Şairin həyatının bu keşməkeşli illərini xarakterizə edən M. Aslan yazır:
"Qorxmurdu. Təmiz əməlindən, sağlam əqidəsindən niyə qorxmalıydı ki?! Amma bir-birinin arxasınca gedər-gəlməzə sürüklədikləri günahsız qurbanlardan yavaş-yavaş sümüyü sancmağa başlamışdı. Ən açıq əqidə ilə yazdığı şeirlərdə belə amansız bir titrətmə özünü göstərir, misralarına ölüm rəngi çökürdü".
Ancaq hələ 1934-cü il idi və bolşevizm öz qorxunc sifətini demokratiya maskası altında gizlətmişdi, bu maskanı yırtmaq üçün fürsət gözləyirdi. 1934-cü ildə Əhməd Cavad artıq sənətsevərlər arasında sayılıb-seçilən, hörmət və ehtiramla qarşılanan bir şair idi və opponentləri tərəfindən nə qədər tənqid olunsa da, həmin il keçirilən Azərbaycan Şura Yazıçılarının Birinci qurultayına onu dəvət etməmək - bütövlükdə ədəbi aləmin təhqir edilməsi demək olardı. Qurultayda Azərbaycan Şura Yazıçılar İttifaqının üzvü seçilən Əhməd Cavad elə həmin il Azərbaycan Dövlət Nəşriyyatında işləmək üçün Bakıya dəvət edilir. Ümumiyyətlə, bu illər onun ədəbi-ictimai fəaliyyətinin ən qızğın dövrlərindən biri kimi xarakterizə edilə bilər. Sanki həyatının son illəri olduğunu duyaraq, şair gecə-gündüz yorulmadan çalışır, çıraq sönməzdən əvvəl daha güclü işıqla yandığı kimi, o da özünü doğma xalqının sənəti və mədəniyyəti yolunda pərvanə kimi yandırır. Əhməd Cavad istedadlı bir tərcüməçi kimi də tanınır. O, dünya ədəbiyyatının şah əsərlərindən olan Şekspirin "Otello" və Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" kimi nəhəng əsərlərini, Puşkinin "Yatmış şahzadə qız" nağılını dilimizə çevirmişdir. Həm də maraqlıdır ki, Şota Rustavelinin poemasını tərcümə etmək üçün Əhməd Cavad xüsusi olaraq qısa müddətdə gürcü dilini öyrənir, Gürcüstanda iki illik yaradıcılıq ezamiyyəti zamanı məşhur rustavelişünaslarla görüşüb onlardan dəyərli məsləhətlər alır.
Bir çox işıqlı talelərdə öz qara, kabus rolunu oynamış Repressiya Əhməd Cavadın taleyi ilə də oyun oynayır. 1937-ci il Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinin əlyazmasına görə hökumət müsabiqəsində Birinci mükafat verilir. Elə həmin il Əhməd Cavadın bir yaradıcılıq uğuru da ədəbi ictimaiyyətə çatır: o, ilk irihəcmli nəsr əsəri olan "Sədəf" romanını bitirərək müzakirəyə təqdim edir.
Məşum 1937-ci ilin Novruz bayramına az qalmış Əhməd Cavadın başı üstündə ilıq yaz günəşi doğmaq əvəzinə, qurğuşun kimi ağır qış buludları get-gedə qatılaşır, artıq hər şeyi yandırıb külə döndərən ildırımın çaxacağına heç bir şübhə yeri qalmır. Qəribə haldır ki, düz 12 il əvvəl də martın 21-i ona bayram yox, yas olmuşdu. Rus çarizminin və erməni şovinizminin başlarına olmazın müsibətlər gətirdiyi qardaş türk xalqının müsibətlərini görən şairin təkcə milli hissləri deyil, vətəndaş - şair vicdanının hayqırtısı ucalır:
Vicdan mənə əmr etdi ki,
Belə gündə bayram etmə!
Quran mənə yol göstərir:
Yoxsulları məyus etmə!..
Ancaq bu dəfə şairi bayram etməyə qoymayan səbəb başqa idi. Ona "xalq düşməni" damğası vurub, Azərbaycan Şura Yazıçılar İttifaqından çıxartdılar. Bəzi "qələm yoldaşları" yəqin ki, bu "qələbələrini" özləri üçün bayram edirdilər. Əhməd Cavad irsinin tanınmış tədqiqatçılarından biri olan Ə. Saləddin bu hadisəni belə qiymətləndirir: "Yuxarıdan göstəriş beləydi. Ssenari əvvəlcədən hazırlanmışdı, ittihamçılar ayrılmışdı. Məhkəmə "sədri" də, "prokuror" da, "müstəntiq" də, "şahidlər" də, "növbətçi böhtançılar" da hazır idi. Şəxsən mən Əhməd Cavadın üzv olduğu Yazıçılar İttifaqında olan "məhkəməsini" onun DTK-da olan məhkəməsindən daha qərəzkar, daha öldürücü məhkəmə hesab edirəm. Bir şair kimi, sənətkar kimi, söz ustadı kimi Ə. Cavad birinci məhkəmədə daha artıq təhqirlərə məruz qalmışdır. Orada şairin həmkarları elə sözlər işlətmiş, elə hökmlər vermişlər ki, onların istedadına da, təfəkkürünə də, milli heysiyyatına da adamda böyük şübhə yaranır..."
Mart ayının 25-dən işsiz qalan Əhməd Cavadı keçmiş müəllim yoldaşı və amansız əqidə, məslək düşməni, o dövrdə Azərbaycana başçılıq edən Mir Cəfər Bağırov həbs etdirməyə tələsmir. Ona daha artıq mənəvi əzab vermək üçün tam yetmiş bir gün intizarda, səksəkədə qoyur, cəmiyyətdən bir növ təcrid edir. Ancaq fiziki repressiyadan əvvəl psixoloji repressiyaya məruz qalan Ə. Cavad sınmır, hər cür mənəvi-əxlaqi simasını itirmiş qorxunc düşmən qarşısında əyilmir, bir alovlu vətənpərvər, istiqlal şairi kimi şəxsiyyətinin ucalığını ləyaqətlə qoruyub saxlayır.
1937-ci il iyun ayının dördündə Ə. Cavadın həbs olunması haqda əmr verilir. Psixoloji gərginliklərdən qurtaran şair bu dəfə həm də fiziki işgəncələrə məruz qalır və bu əzab-əziyyət oktyabrın 12-nə qədər davam edir. Oktyabrın 12-dən 13-nə keçən gecə böyük Azərbaycan şairi Əhməd Cavad dünya tarixində ən amansız və qəddar rejimlərdən biri tərəfindən günahsız yerə güllələnir. Ancaq bu barədə heç kim xəbər tutmur, "xalq ataları" şairin ailəsinin də "qeydinə" qalır; həyat yoldaşı Şükriyyə xanım sürgünə göndərilir, böyük oğlu Niyazi həbs edilib, üç aydan sonra buraxılır. O, Azərbaycanda yaşaya bilməyəcəyini görüb Leninqrada qaçır. Şairin o biri oğlanlarından Aydın həbsdə idi. Tuqay və Yılmaz isə uşaq evinə verilmişdi. Şairin əsərləri məhv edilir, çapda olanlar isə dayandırılır, evi üç dəfə axtarılır. Əhməd Cavadı yetişdirən, görkəmli bir sənətkar, alovlu vətənpərvər, ictimai xadim kimi formalaşdıran və məhv edən mühitlər arasında yerdən göyə qədər fərq vardır. Ancaq bütün bu tarixi-ictimai proseslər və ideya mübarizələri Əhməd Cavadın görkəmli bir istiqlal şairi kimi yetişərək, əbədiyyət qazanmasına nəinki mane ola bilməmiş, əksinə bəzi hallarda səbəb olmuşlar. Şairin həyat və yaradıcılığının bu iki dövrü arasındakı fərqi M.Ə. Rəsulzadə çox dəqiq və poetik bir dillə ifadə etmişdir:
"Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən coşğun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyizli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ yetərincə faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü.
Əhməd Cavadın taleyi ilə bağlı o dövrün mətbuatını və şairin mühakimə materiallarını Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində diqqətlə araşdıran akademik B. Nəbiyev mülahizələrinə obrazlı şəkildə yekun vuraraq yazır:
"Cəlladlar öz qara əməllərini bir qayda olaraq gizlincə icra edir, xalq arasında böyük nüfuza malik olan görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərini xəlvətcə ilim-ilim itirirdilər. Ə. Cavadın da başına gələn konkret faciələrdən (nə zaman və harada edam edildiyindən) uzun illər boyu xalqın xəbəri olmamış, yəni onun ömür sapının harada, hansı şəraitdə, nə vaxt və kimin əlilə qırıldığı haqqında ictimaiyyət üçün bir sətir də olsa məlumat dərc edilməmişdi".
Əhməd Cavadın böyük "günahı" kimi onun türk ədəbiyyatı ilə maraqlanması, Türkiyədən gətirilmiş kitabları oxuması, Türkiyədə əsər çap etdirməsi qabardılırdı. Kommunist rejiminin Türkiyədən oddan qorxan kimi qorxması, Türkiyə ilə, türkün ədəbiyyatı və mədəniyyəti ilə azacıq əlaqəsi olan görkəmli ziyalıları hər vasitə ilə təqib və məhv etməsi bolşevik psixologiyasının, eləcə də o dövrdə Azərbaycanda at oynadan erməni millətçilərinin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Türkə qarşı yönəlmiş bu misli görünməmiş iyrənc hərəkatın ideoloji əsası da işlənib hazırlanmışdı. Uydurma pantürkizm nəzəriyyəsi məhz bu məkrli siyasətin həyata keçirilməsi üçün nəzəri-ideoloji zəmin rolunu oynayırdı. Xalqın ən görkəmli ziyalıları məhz pantürkizm damğası ilə ölümə məhkum edilir, Sibirin buzlu cəhənnəmində görünməmiş əzablar içində məhv edilirdilər.
XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Əhməd Cavad xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir.
Yaradıcılığının və ədəbi-ictimai fəaliyyətinin çiçəkləndiyi, kamillik və müdriklik zirvəsinə qədəm qoyduğu bir vaxtda - 45 yaşında Əhməd Cavadın ömür kitabı bağlanır. Ancaq şairin ömrünü şam kimi yandıraraq onun işığında ərsəyə gətirdiyi sənət kitabı həmişə xalqın üzünə açıqdır və bu gün müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, millətimizin dünya birliyində layiqli yerini tutması prosesində bizim çağdaşımız kimi yaxından iştirak edir.