Xalq Cəbhəsi. - 2018.- 7 aprel. - ¹ 61. - S. 13.

 

1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınlar

 

5-ci yazı

 

Elçin Qaliboğlu

 

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun 1918-ci ilin mart qırğınları barədə araşdırmasında bildirilir ki, sürgündən qaçan Hamazasp yenidən Şərqi Anadoluya gəlib və burada silahlı dəstə yaradaraq Rusiya ordusunun tərkibində dinc türk-müsəlman əhaliyə qarşı soyqırımlarına başlayıb. Rus ordusu Şərqi Anadoludan geri çəkilərkən S. Şaumyanın dəvəti ilə Bakıya gələn Hamazasp burada Azərbaycan xalqına divan tutmaq məqsədilə erməni silahlı birləşmələri yaradıb. S.Şaumyan 1918-ci ilin 31 mart soyqırımında Hamazaspın silahlı birləşmələrindən geniş istifadə edib: "Bakı qırğınlarını başa çatdırdıqdan sonra S.Şaumyan Hamazaspın yalnız daşnaklardan ibarət olan silahlı birləşmələrini Qubaya göndərib. Qarabağda və Bakıda Azərbaycan xalqına divan tutmaqda “zəngin təcrübə” qazanmış bu daşnak cəlladı Qubanın dinc sakinlərinə də dəhşətli divan tutub. Quba qırğınları zamanı Hamazasp etdiyi vəhşiliklərdən lovğalanaraq açıq etiraf edib: “Mən erməni xalqının qəhrəmanıyam və onun mənafeyinin müdafiəçisiyəm… Mənə dəniz (Xəzər dənizi) sahillərindən Şahdağına qədər bütün müsəlmanları məhv etmək və sizin yaşadığınız yerləri, Şirvanda olduğu kimi, yerlə-yeksan etmək əmri verilib…”

Bütün bu “xidmətləri” nəzərə alınaraq Hamazasp Quba qırğınlarından sonra Bakıda yaradılmış erməni-daşnak silahlılarından ibarət briqadanın komandiri təyin olunub. Həmin briqadanın komissarı vəzifəsi isə digər soyqırımı cəlladı (sonralar Sovet dövlətinin rəhbərlərindən biri) Anastas Mikoyana etibar edilib: "Lakin Şamaxı yaxınlığında Azərbaycan-Türkiyə hərbi qüvvələri ilə qarşılaşarkən açıq döyüşə girməyə cəsarət etməyən “erməni xalqının qəhrəmanı” Hamazasp komandiri olduğu briqadanı döyüş meydanında qoyaraq Bakıya qaçıb. Azərbaycan-Türkiyə qoşunları Bakıya yaxınlaşarkən Hamazasp növbəti dəfə qaçıb yaxasını qurtarıb. Lakin bu dəfə o, Lənkəranda peyda olub və burada da silahsız dinc əhalini qırmaqda yeni “igidliklər” göstərib. Şaumyanın ən yaxın silahdaşlarından olan Hamazasp Lənkərandan İrana qaçıb, oradan da Ermənistana keçib. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra həbs olunan Hamazaspın tərcümeyi-halı layiqli sonluqla başa çatıb. O, həbsxanada məhbuslardan biri tərəfindən baltalanıb".

S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhunun ən fəal üzvlərindən biri də Qriqori Korqanov (Korqanyan) idi. Bakı Sovetinin qərarı ilə Hamazaspın başçılığı altında yaradılan qoşunun təşkili Qriqori Korqanova tapşırılmışdı: "Bu erməni qatili 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinin soyqırımında fəal iştirak edən “təşkilatçılardan” biri idi. Bolşevik Qafqaz Ordusunun Hərbi İnqilab Komitəsinin sədri olan Korqanov Bakı Sovetinin qoşun hissələrinin (qırmızı qvardiya, qızıl ordu, Xəzər hərbi donanması) yaradılmasında fəal iştirak edib.

Azərbaycanlılara divan tutan bolşevik drujinaları, qırmızı qvardiya və daşnak dəstələri arasında əlaqəni Korqanov özü şəxsən həyata keçirirdi. Şaumyanın göstərişi və Korqanovun əmri ilə Lənkərana və Şamaxıya göndərilmiş “cəza dəstələri” on minlərlə dinc azərbaycanlı əhalini məhv edib. Məhz Korqanovun əmrinə əsasən Hamazaspın komandanlığı altında 2 minlik “cəza dəstəsi” Qubaya göndərilərək azərbaycanlılara qarşı soyqırımının növbəti mərhələsini həyata keçirib. Şaumyandan şəxsən göstəriş alan Korqanov Hamazaspın dəstəsinin yalnız daşnak partiyasının üzvlərindən təşkil olunması, onların pulemyot və toplarla təchiz edilməsi barədə tapşırıq verib. Quba qırğınının iştirakçılarından biri Serqo Martikyan Korqanova teleqramında çox böyük coşqu ilə onun tapşırığına əməl olunduğu və Qubanın onların dəstəsi tərəfindən ələ keçirildiyi barədə məlumat verirdi".

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra sovet-daşnak qoşunlarının Gəncə istiqamətində hücuma keçməsi əmrini də 1918-ci il iyunun 6-da artıq bu zaman Bakı Xalq Komissarları Sovetinin hərbi və dəniz işləri komissarı olan Korqanov verib: "Onun tabeliyindəki zabitlərin hamısı erməni idi (qərargah rəisi Avetisov, korpus komandiri Kazarov, 3-cü briqadanın komandiri Hamazasp, həmin briqadanın komissarı Mikoyan və başqaları). Məhz Korqanovun əmri ilə 1918-ci il iyulun 1-də Göyçay bombardman edilib, Bakı və Şamaxı soyqırımlarının əsas qatillərindən biri olan T.Əmirovun quldur dəstəsi isə şəhərin əhalisinə divan tutub".

Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin başında duran S. Şaumyanın ən yaxın silahdaşlarından biri də Anastas Mikoyan idi: "1918-ci ildə azərbaycanlıların soyqırımında fəal iştirak edən A. Mikoyan da “təcrübəli” soyqırımı cəlladı və təşkilatçısı idi. Rəsmi sovet sənədlərində göstərilir ki, Mikoyan guya 1915-ci ildən kommunist partiyasının üzvü olub. Lakin Mikoyanın məhz bu dövrdə daşnak partiyasının üzvü olması kifayət qədər yüksək vəzifəli sovet rəsmi dairələri tərəfindən təsdiqlənib. Belə ki, Mikoyanın 1917-ci ildə daşnak partiyasının üzvü olması barədə L. Trotskinin və N. Nərimanovun fikirləri var. Digər tərəfdən, Mikoyanın öz xatirələrindən də məlum olur ki, o, Birinci Dünya müharibəsinin, demək olar ki, ilk günlərindən (1914-ci ilin noyabrından) erməni cəlladı Andranikin könüllülərdən ibarət dəstəsinin tərkibində Şərqi Anadoluda dinc əhaliyə qarşı soyqırımlarda və Osmanlı ordusuna qarşı hərbi əməliyyatlarda fəal iştirak edib. O, bu əməliyyatlar zamanı yaralanıb və müalicədən sonra 1917-ci ildə Bakıya gəlib. Burada o, Stepan Şaumyanla tanış olub. “Daşnaksütyun” partiyasının üzvü olan Mikoyanın bolşeviklərə qoşulması məhz bundan sonrakı dövrə aid edilə bilər. Aşkarlanmış yeni arxiv sənədlərindən məlum olur ki, Mikoyan 1918-ci ilin yazında erməni cəlladı Hamazaspın üçüncü daşnak hərbi briqadasının tərkibində Bakıda və Şamaxıda dinc azərbaycanlı əhaliyə divan tutulmasında fəal iştirak edib. O, Hamazaspın erməni-daşnak hərbi briqadasının komissarı idi. Bu barədə Mikoyanın öz xatirələrində və digər mənbələrdə məlumat verilir.

Beləliklə, digər daşnak cəlladları kimi A. Mikoyan da Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımında fəal iştirak etmiş cinayətkarlardan biridir. Bir həqiqət gün kimi aydındır: “26-lar” barədə bütün müəmmaların da, tarixi həqiqətlərin izini itirmək məqsədilə qəsdən uydurulmuş dolaşıqların da müəllifi məhz soyqırımı canilərindən biri olan A. Mikoyanın özüdür. O, bütün ömrü boyu “26 Bakı komissarı” ilə bağlı həqiqətin açılacağından və bununla onun özünün də ifşa olunacağından narahatlıq keçirib, dolaşıq və yalan məlumatlarla daim “26-lar” kələfinin ucunu itirməyə çalışıb. Azərbaycan xalqına və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı soyqırımı cəlladlarından olan A. Mikoyanın Sovet hakimiyyətinin rəhbərlərindən biri səviyyəsinə “yüksəlməsi” bolşevik rejiminin də iç üzünü açıb göstərir. Xalqımıza qarşı soyqırımının təşkil olunmasında və həyata keçirilməsində S. Şaumyanın ən yaxın əlaltılarından olan Baqdasar Avakyan da fəal iştirak edib.

1918-ci ilin mart soyqırımı ərəfəsində B. Avakyan Korqanovun rəhbərlik etdiyi Hərbi İnqilab Komitəsi ətrafında birləşməyə başlayan bütün ermənilərə, ictimai vəziyyətləri və vəzifələrindən asılı olmayaraq, kütləvi surətdə silah və patron paylayıb. 1918-ci il aprelin əvvəlində Bakı və onun rayonlarının komendantı təyin edilən Avakyan azərbaycanlılara qarşı soyqırımı siyasətinin yürüdülməsində və praktik olaraq həyata keçirilməsində fəal rol oynayan əsas fiqurlardan birinə çevrilmişdi".

1918-ci ildə Azərbaycan xalqına qarşı soyqırımının həyata keçirilməsinə S. Şaumyanla birlikdə rəhbərlik edənlərdən biri də Prokofiy (Alyoşa) Caparidze idi: "P.Caparidze 1917-ci ilin dekabrından 1918-ci ilin aprelinədək Azərbaycan xalqına qarşı soyqırımını həyata keçirən Bakı Soveti sədri Stepan Şaumyanın müavini və Bakı Soveti İcraiyyə Komitəsinin sədri olub, 1918-ci il aprelin 25-də isə Bakı Sovetinin daxili işlər komissarı vəzifəsinə təyin edilib. Caparidze, həmçinin, 1918-ci il martın 30-da yaradılan və Azərbaycan xalqına qarşı soyqırımını bilavasitə təşkil edən İnqilabi Müdafiə Komitəsinin üzvi idi. Bütün bu faktlar onun azərbaycanlılara qarşı kütləvi qırğınların ən fəal təşkilatçılarından və iştirakçılarından biri olduğunu sübut edir. Təsadüfi deyil ki, Nəriman Nərimanov “Hümmət” qəzetinin 1918-ci il 3 aprel tarixli sayında məhz Şaumyan və Caparidzeyə aşağıdakı məzmunda məktubla müraciət etmişdi: “Əgər siz yaxın zamanlarda bu hadisələrin üzərindən qara pərdəni götürməsəniz, bolşevik məfkurəsi və Sovet hakimiyyəti burada davam gətirə bilməyəcək”. N. Nərimanov 1919-cu ilin fevralında çap olunmuş “Qafqazın işğalına bir baxış” adlı məqaləsində vaxtı ilə Şaumyan və Caparidzeyə müraciət etdiyini yenidən xatırladır və qeyd edirdi ki, onun məqsədi həmin şəxslərdən “mart hadisələrinin Sovet hakimiyyətinin istəyinə zidd olaraq” baş verməsi barəsində sübutlar almaqdan ibarət olub. N. Nərimanov sözünə davam edərək yazırdı: “Lakin təəssüflər olsun ki, mənim sözlərimə fikir verən olmadı”.

Caparidzenin Azərbaycan xalqına qarşı soyqırımının fəal təşkilatçılarından biri olduğunu sübut edən daha bir fakt: mart soyqırımının fəal iştirakçısı olan “bolşevik” N. Əsriyants öz xatirələrində yazır: “1918-ci ilin fevralında T. Əmirov bizi yığıb dedi ki, biz Şaumyan və Caparidzenin tapşırığını yerinə yetirməliyik. Şaumyan əvvəlcədən bizi xəbərdar etdi ki, gecə saat birdə siqnal olacaq. Bu xəbərdarlıq siqnalı alınan kimi biz “Müsavat”ın qərargahına hücum edib onu ələ keçirməli idik. Biz belə də etdik”.

“Müsavat” partiyasının liderləri soyqırımının davam etdirilməsinin qarşısını almaq üçün İnqilabi Müdafiə Komitəsinin ultimatumunu qəbul etmək qərarına gələrək bu barədə danışıqlar aparmaq üçün martın 31-də Bakı Soveti İcraiyyə Komitəsinin qərargahına getmişdilər: "Onlar bu zaman Bakı Soveti İcraiyyə Komitəsinin sədri olan Caparidze ilə danışıqlar aparmışdılar. Lakin azərbaycanlı liderlərin İnqilabi Müdafiə Komitəsinin ultimatumunu qəbul etmələrinə baxmayaraq, Caparidze ilə aparılan danışıqlar heç bir nəticə vermədi. Əksinə, danışıqlardan qayıdan Müsəlman komitəsinin üç üzvü yolda daşnaklar tərəfindən güllələndi. Bu faktın özü də P. Caparidzenin soyqırımı canisi olduğunu çox aydın sübut edir".