Xalq Cəbhəsi.- 2018.- 3 aprel.- ¹ 57.- S.13.

 

1918-ci ildə Bakıda mart qırğınları

 

1-ci yazı

 

Elçin Qaliboğlu

 

Ermənilərin 1918-1920-ci illərdə törətdikləri soyqırımı bəşər tarixində rast gəlinən ən dəhşətli vandallıq olayıdır. Bu yazıda 1918-ci ildə Bakı qırğınları haqqında tarixi faktlarla danışılır. Tarix elmləri doktoru Ataxan Paşayevin araşdırmasında qeyd olunur ki, "tarixə nəzər saldıqda biz belə bir qanunauyğunluğun şahidi oluruq: harada pul, var-dövlət əldə etmək olarsa, ermənilər hamıdan əvvəl orada peyda olur. Əvvəlcə özlərini yazıq, mağmın, zavallı, sözəbaxan işbazlar kimi göstərir, sonra isə özlərinə yer etdikcə quduzlaşır, başqalarına diş göstərirlər. Məhz ermənilərin Bakıda görünməsi, möhkəmlənməsi, Bakının düz göbəyində öz kilsələrini tikdirmələri, 1905-ci və 1918-ci illərdə və sonralar Bakıda bu yerin həqiqi sakinlərinə qarşı törətdikləri qırğınlar dediyimizə əyani sübutdur".

Hələ 1907-ci ilin avqustunda Yelizavetpol (Gəncə) qubernatoru A. Kaçalov Qafqaz Canişininə daşnaksutyunla bağlı geniş məruzələrindən birində erməni psixologiyasını belə səciyyələndirmişdi: “Millətçilik erməni xalqının çox dərinlərdən gələn başlıca milli xüsusiyyətidir. Hər bir erməni özünü hamıdan – rusdan, gürcüdən, tatardan (azərbaycanlıdan – A. P.) yüksək, ağıllı, bic, xeyirxah və bacarıqlı hesab edir… acgözlük, ehtiyatlılıq, hər şeyə qadir pula inam, var-dövlət və kapital qarşısında səcdəni kult dərəcəsinə qaldırmaq – bax budur erməni psixologiyasının başlıca xüsusiyyətləri” XIX əsrin axırları XX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişafı, Bakının dünyanın ən iri neft mərkəzinə çevrilməsi ermənilərin kütləvi surətdə bu şəhərə axınına səbəb olur: "Özlərinin xristian dininə etiqadlarına və həmişə Rusiya hökuməti qarşısında müti və Şərq siyasətində Rusiya hökuməti əlində bir alət olduqlarına istinad edən ermənilər hökumətdən Bakı neft sənayesində böyük imtiyazlar ala bilir və qısa bir vaxtda demək olar ki, Bakı neftinin əsas sahibkarlarından birinə çevrilirlər. İş o yerə çatır ki, Bakı neft sənayeçiləri qurultayına rəhbərliyi tamamilə ermənilər öz əllərinə keçirir və burada istədiklərini diktə edirlər.

XX əsrin əvvəllərində Rusiyada sənayenin sürətlə inkişafı sənaye proletariatının yaranmasına və onun inqilabi mübarizəsinin yüksəlməsinə də təkan verdi. Çar Rusiyasının əsas sənaye rayonlarından olan Bakıda da sənaye proletariatı və onun inqilabi təşkilatları, xüsusilə sosial-demokrat təşkilatları yaranır. Bakı neft sənayesində erməni varlıları ilə yanaşı, özünə iş axtaran erməni yoxsulları da fəhlə sifətilə artıq XIX əsrin axırlarından Bakı neft mədənlərində sürətlə artmağa başlayır və artıq XX əsrin əvvəllərində Bakı neft sənayesi fəhlələri arasında erməni fəhlələrinin sayının artması xüsusilə nəzərə çarpırdı. Onlar Bakıda yaranmış bir sıra inqilabi təşkilatların və o cümlədən, sosial-demokratik təşkilatlarının fəal üzvlərinə çevrilirlər. Birinci rus inqilabı ərəfəsində sosial-demokratların nüfuzunun Bakı fəhlələri arasında artdığını görən daşnaklar bu vəziyyətdən məharətlə istifadə edir və tezliklə sosial-demokratlarla yaxınlaşırlar.

Erməni fəhlələri arasında sosial-demokratiya ideyalarını yaymaqla “Daşnaksutyun” partiyası onlar arasında öz nüfuzunu qorumağa və sosial-demokrat ideyalarından öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Erməni millətinə xas olan xüsusiyyətlərdən biri odur ki, onlar hər hansı partiyaya daxil olsalar belə, ilk növbədə ondan öz məqsədləri üçün istifadə edəcəklər. Erməni millətindən olan şəxslər hansı partiyaya, zümrəyə, vəzifəyə, cəmiyyətə daxil olmasından asılı olmayaraq ilk növbədə erməni olaraq qalır. Yəni ermənilərə məxsus ideyalar onların şüurunda, beynində möhkəm həkk olunmuşdur. Bunu onların beyinlərinə göz açdıqları vaxtdan evlərində, kilsələrində, məktəblərində, bir sözlə ermənilərə məxsus bütün ictimai yerlərdə yeridirlər. Harada olursa-olsun, erməni həmişə bir cür danışır, başqa cür hərəkət edir. “Daşnaksutyun”un sosial-demokratlarla yaxınlaşmasının mahiyyətini Yelizavetpol qubernatoru belə səciyyələndirirdi: “Millətçilik ruhu ermənilərə məxsus elə başlıca xasiyyətdir ki, ən qısa bir vaxt üçün belə ermənilərin ondan imtina edə biləcəyini təsəvvürə belə gətirmək mümkün deyil. Sosialistlər partiyasına qoşulmaqla “Daşnaksutyun” şübhəsiz ki, möhkəm əqidəli sosialistlər qarşısında vicdansızlıq etmişlər. Çünki erməni xalqı heç vaxt sosializm ideyalarını dərindən dərk edə bilməz. Ermənini inandırmaq olmaz ki, tatar (azərbaycanlı – A. P.) millətindən olan proletar sənə erməni millətindən olan istismarçı burjua nümayəndəsindən daha yaxındır, sadəcə olaraq ağlasığmazdır”.

XX əsrin əvvəllərində Rusiyada baş vermiş siyasi hadisələrin tarixinə qısa bir nəzər saldıqda belə bir qanunauyğunluqla qarşılaşırıq ki, mərkəzi dövlət üçün ağır, kəskin və təzadlarla dolu bütün mərhələlərdən erməni daşnakları həmişə öz şovinist məqsədləri üçün məharətlə istifadə edərək azərbaycanlılara qarşı vəhşi qırğın və talanlara əl atıblar. Məhz belə hadisələrdən biri də 1918-ci ilin martında Bakıda törədilmiş azərbaycanlıların kütləvi qırğını aktı olmuşdu: "1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabr ayında bolşevik çevrilişindən sonra imperiyanın dağıdılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə istifadə etdilər. 1918-1920-ci illərdə Qafqazda, o cümlədən Azərbaycanın bütün ərazisində ermənilər azərbaycanlılara qarşı geniş qırğınlar, talanlar, zorakılıq və terror əməliyyatları həyata keçiriblər. Ermənilərin bu hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ilin martında, yenə də Bakıdan başlamışdır. Özü də bu qırğın 1905-ci ilə nisbətən ermənilər tərəfindən daha məharətlə hazırlanmış və amansızlıqla həyata keçirilmişdi. Bunun əsas səbəbi Rusiyada bolşevik hakimiyyətinin qələbəsi ilə ölkənin Birinci Dünya müharibəsindən çıxması nəticəsində əsgərlərin döyüş bölgələrini tərk etməsi olmuşdu. Qafqaz cəbhəsindəki Rusiyanın hərbi hissələrinin tərkibində olan əsasən erməni zabit və əsgərlərinin silahlarını təhvil verməyərək Azərbaycana, xüsusilə Bakıya dolmasından bolşevik donu geyinmiş, əlində V.İ.Leninin fövqəladə Zaqafqaziya komissarı vəzifəsinə təyin edilməsi haqqında mandatı olan daşnak Stepan Şaumyan məharətlə istifadə edir. V.Leninin mandatı ilə Tiflisə gedən S.Şaumyan orada istədiyinə nail ola bilməyərək Bakıya qayıdır. Beynəlmiləl proletar Bakısında demək olar, bütün hakimiyyəti öz əlinə keçirən S.Şaumyan ondan məharətlə azərbaycanlılara qarşı mübarizədə istifadə edir. S.Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən azərbaycanlı qırğınları sonralar bütün Azərbaycana yayılır. Bu məsələlər öz əksini geniş şəkildə Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı məruzələrdə və digər rəsmi sənədlərdə tapmışdır. Faciənin həyata keçirilməsinin səbəbi aydın idi. Bunun üçün bəhanə düşünmək lazım idi. Bəhanə necə düşünülmüşdü? Bununla əlaqədar komissiyanın məruzəsinə və digər sənədlərinə, habelə S. Şaumyanın məktubuna nəzər salaq.

1918-ci ilin yanvarında başda general M. K. Talışinski olmaqla yaradılmaqda olan müsəlman korpusunun qərargahı Bakıya gəlir. Qərargahın rus zabitləri sırasında əvvəllər jandarmeriyada xidmət etmiş şəxslər olduğu bəhanəsilə müsəlman korpusunun qərargah üzvlərinin əksəriyyəti erməni əsgərlərindən ibarət bolşeviklər tərəfindən həbs edilirlər. Daşnaksutyun erməni partiyası Sovet hakimiyyətini tanıyaraq sonrakı hadisələrin göstərdiyi kimi, azərbaycanlılarla mübarizə üçün bolşeviklər partiyası ilə birləşirlər. Müsəlman korpusu qərargahının həbs edilməsindən istifadə edərək ermənilər azərbaycanlıları bolşeviklərə, həm də ermənilərə qarşı silahlı üsyana təhrik edirdilər. Burada da məqsəd özləri tərəfindən hazırlanan hadisələrin günahını azərbaycanlıların üzərinə atmaq idi. Lakin azərbaycanlılar bu təxribata getməmişdilər. Azərbaycanlıların çıxışı baş vermədikdə erməni əsgərləri azərbaycanlılar üzərində zor işlətməyə, müdafiəsiz qocaları, qadınları və uşaqları qarət edib öldürməyə başlamışdılar. Azərbaycanlılar hətta Bakı vağzalında belə görünə bilmirdilər.

Şəhərdən dəmir yolu ilə çıxmaq istəyən azərbaycanlılar Bakı vağzalında erməni əsgərləri tərəfindən qarət edilərək, öldürülməmək üçün faytonlarla yaxındakı stansiyaların birinə gedirdilər. Ermənilərin bütün təhriklərinə baxmayaraq azərbaycanlılar dözür, qırğına getmək istəmirdilər. Bakının məscidlərində keçirilmiş mitinq və yığıncaqlarda iştirak edən Bakıdakı xristian xadimlərinin sözlərinə görə bütün müsəlman xadimləri azərbaycanlı əhalini sakitliyə, sıxıntı və zorakılığa dözməyə çağırırdılar. Məruzədə bildirilirdi ki, azərbaycanlılar bütün vasitələrdən istifadə edərək barışığa çalışırdılar. Azərbaycanlıların nümayəndələri dəfələrlə bolşeviklərə qarşı ermənilərlə ittifaq bağlamağa çalışmış, lakin ermənilər hər dəfə buna qeyri-müəyyən cavab vermişdilər".

1918-ci il martın 17-də silahla ehtiyatsız davranmış və nəticədə həlak olmuş Məmməd Tağıyevin cənazəsini Bakıya müşayiət edən müsəlman divizionunun böyük bir dəstəsi Lənkərana yola düşmək istəyir. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı erməni bolşevikləri müsəlman divizionundan tərksilah olunmağı tələb edirlər. Divizion rədd cavabı verdikdə gəmiyə tüfəng və pulemyotlardan atəş açılır. Ertəsi gün şəhərin erməni hissəsində silahlı erməni əsgərləri görünürlər. Onlar bütün küçələrdə səngərlər qazıb, torpaq və daşlardan bəndlər ucaltmağa başlayırlar. Bunu görən azərbaycanlılar da öz növbəsində bəzi küçələrdə səngərlər qazmağa başlayırlar…