Bakı Xəbər. - 2018.- 28 mart. - ¹ 53. - S. 11.

 

Qeyri-türk millətlər də Azərbaycanda 1918-ci  il ermənilərin soyqırım qurbanları oldular...

 

İradə Sarıyeva

 

Daşnak-bolşevik birləşmələrinin 1918-ci il 31 mart-3 aprel tarixlərində Azərbaycanın müxtəlif yerlərində, o cümlədən də paytaxt Bakıda törətdiyi qırğınlar, qətliamlar haqqında üzə çıxarılan arxiv sənədləri bizə imkan verir ki, həmin dövrə yenidən qayıdaq və baş verənləri daha geniş şəkildə təhlil edək, yazaq, ictimaiyyətə, dünya birliyinə çatdıraq.

Məlumdur ki, tarixən Türk dünyasına qarşı düşmən münasibət bəsləyən bəzi böyük dövlətlərdən hərtərəfli kömək alan erməni daşnakları “Böyük Ermənistan” dövləti yaratmaq məqsədilə Şərqi Anadoluda və Azərbaycanda yerli əhaliyə qarşı soyqırım aktı həyata keçiriblər. Arxiv sənədlərindən məlum olur ki, daşnak və bolşevik birləşmələri yalnız yerli türklərə deyil, bu ərazilərdə tarixən yaşayan qeyri-türklərə qarşı da amansız qırğınlar törədiblər.

Tarixçi-alimlər vurğulayırlar ki, Daşnaksütyun Partiyası Bakı komitəsinin üzvü, bolşevik şineli geyinmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qabaqcadan düşünərək planlı surətdə Bakıda və Bakı quberniyası ərazisində, eləcə də digər bölgələrdə həyata keçirməyə başladığı soyqırımlar 1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında yaradılmış Ararat-Ermənistan Respublikası tərəfindən daha amansızlıqla davam etdirilib. Soyqırımlar 1914-1918-ci illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib, yüz minlərlə dinc türk-müsəlman əhali xüsusi qəddarlıqla qətlə yetirilib.

Tarixçi-alimlər qeyd edirlər ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırım törətməsini Şaumyan hələ o zaman özü etiraf edib. 1918-ci il mart soyqırımından sonra o, Sovet Rusiyası hökumətinə hesabat verərək qeyd edib ki, Bakı Sovetinin hərbi qüvvələrinə daşnak partiyasının dörd minlik hərbi hissələri cəlb edilib və bu amil milli qırğına gətirib çıxarıb. Şaumyan daha sonra yazırdı: “Biz buna şüurlu şəkildə getdik, çünki azərbaycanlı siyasi qüvvələr Bakıda qalib gəlsəydilər, onlar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər”. Beləliklə, əslində, Şaumyanın təkcə bu etirafı 1918-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirmiş daşnak quldurlarının son məqsədlərinin nədən ibarət olduğunu çox aydın sübut edir.

Tarixi mənbələrdə qeyd edilir ki, Bakıda olduğu kimi, Azərbaycanın digər bölgələrində də soyqırımlar məhz Şaumyanın şəxsi göstərişi ilə həyata keçirilib. Məsələn, Şamaxıda azərbaycanlılara divan tutmuş Stepan Lalayan (Lalayev) və Tatevos Əmiryan (Əmirov) bilavasitə Şaumyanın tapşırığını həyata keçiriblər. Qubada soyqırımı həyata keçirmiş daşnak cəlladı Hamazaps da bilavasitə Şaumyanın göstərişinə əməl edib.

Arxiv sənədlərində göstərilir ki, S.Şaumyanın tapşırıqlarını yerinə yetirən ən qəddar soyqırımı qatillərindən biri də Stepan Lalayan (Lalayev) olub. O, Azərbaycan xalqına qarşı soyqırım cinayətinin həyata keçirilməsində xüsusi amansızlığı ilə seçilirdi. Şaumyanın göstərişi ilə hərəkət edən daşnak cəlladı S.Lalayan T. Əmiryanla birlikdə 1918-ci ilin mart-aprel aylarında Bakıda və Şamaxıda dinc türk-müsəlman əhaliyə dəhşətli divan tutub. S. Lalayanın “cəza dəstələri” Şamaxının bütün məscidlərini, tarixi abidələrini yerlə-yeksan edib, şəhərin məşhur Cümə məscidini buraya sığınmış uşaqlar, qadınlar və qocalarla birlikdə yandırıblar.

Qeyd edək ki, Azərbaycan türklərinə, eləcə də burada yaşayan qeyri-millətlərə amansız divan tutan daşnakların, bolşevik drujinalarının, qırmızı qvardiyanın əməlləri həqiqətən də böyük tarixi cinayətdir. Tarixçi-alimlər vurğulayırlar ki, Şaumyanın göstərişi və Korqanovun əmri ilə Lənkərana və Şamaxıya göndərilmiş “cəza dəstələri” on minlərlə dinc azərbaycanlı, talış, yəhudi və digər əhalini məhv ediblər. Məhz Korqanovun əmrinə əsasən, Hamazapsın komandanlığı altında 2 minlik “cəza dəstəsi” Qubaya göndərilərək azərbaycanlılara, eləcə də burada yaşayan digər xalqlara, etnik qruplara qarşı soyqırımın növbəti mərhələsini həyata keçirib. Şaumyandan şəxsən göstəriş alan Korqanov Hamazapsın dəstəsinin yalnız daşnak partiyasının üzvlərindən təşkil olunması, onların pulemyot və toplarla təchiz edilməsi barədə tapşırıq verib. Quba qırğınının iştirakçılarından biri Serqo Martikyan Korqanova teleqramında çox böyük coşqu ilə onun tapşırığına əməl olunduğu və Qubanın onların dəstəsi tərəfindən ələ keçirildiyi barədə məlumat verirdi.

Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsindən sonra sovet-daşnak qoşunlarının Gəncə istiqamətində hücuma keçməsi əmrini də 1918-ci il iyunun 6-da artıq bu zaman Bakı Xalq Komissarları Sovetinin hərbi və dəniz işləri komissarı olan Korqanov verib. Onun tabeliyindəki zabitlərin hamısı erməni idi (qərargah rəisi Avetisov, korpus komandiri Kazarov, 3-cü briqadanın komandiri Hamazaps, həmin briqadanın komissarı Mikoyan və başqaları). Məhz Korqanovun əmri ilə 1918-ci il iyulun 1-də Göyçay bombardman edilib, Bakı və Şamaxı soyqırımlarının əsas qatillərindən biri olan T. Əmirovun quldur dəstəsi isə şəhərin əhalisinə divan tutub.

Tarixçilər yazırlar ki, Azərbaycanın bütün bölgələrini - Bakı, Şamaxı, Quba, Şəki, Lənkəran, Qarabağ, Gəncə, Zəngəzur, Naxçıvan, İrəvan və başqa torpaqlarımızı əhatə edən soyqırımlar qabaqcadan düşünülmüş dövlət siyasəti ilə planlı surətdə həyata keçirilib. Bu dövlət soyqırımı cinayətləri Bakıda hakimiyyəti ələ keçirmiş daşnak-bolşevik hakimiyyəti və Ararat-Ermənistan Respublikası tərəfindən silahlı ordu birləşmələrinin gücü ilə reallaşdırılıb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi-alim Zaur Əliyev bizimlə söhbətində qeyd etdi ki, ermənilər ərazi iddialarını rellaşdırmaq üçün Azərbaycanda yaşayan bütün xalqlara, yəni azərbaycanlılarla yanaşı, milli azlıqlara qarşı da soyqırm siyasəti həyata keçiriblər: “Son zamanlar əldə olunan arxiv sənədlərindən məlum olur ki, daşnakların soyqırım törətdiyi ərazilər arasında etniklərin yaşadığı yerlər çoxluq təşkil edir. Şimal və cənub bölgəsində etniklərə qarşı amansız qətllər törədiblər. Bakıda əsasən tatların yaşadıqları Dağlı məhəlləsində insanları qətlə yetiriblər. Onlar məqsədli şəkildə Azərbaycan türklərini və etnik qrupları məhv etmək istəyirdilər. Daşnaklar iddia edirdilər ki, bütün Azərbaycan ərazisi “Böyük Ermənistan”a daxildir. Onlar Dərbənd, Həştərxanı da öz əraziləri kimi qələmə verirdilər”.

Z.Əliyevin sözlərinə görə, daşnaklar Azərbaycan ərazisində yaşayan almanları, yəhudiləri, rusları, tatları, ləzgiləri, talışları və qeyri-millətlətləri qırmaqla çox böyük tarixi cinayətlərə imza atıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev bildirdi ki, ermənilərin qeyri-türklərə qarşı törətdiyi qırğın və soyqırımlar da dəhşət doğurur: “Tarixi faktdır ki, ermənilər XIX əsrin əvvəllərindən Qafqaza köçürülərək bizim tarixi ərazilərimizdə yerləşdiriliblər. Ermənilər bura köçürüldükdən sonra onların yerli xalqlara münasibətləri hədsiz dərəcədə mənfi olub. “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin bu ərazilərə köçürülməsi kütləvi hal aldı. Sonradan yaranan erməni terror təşkilatları, partiyaları Qafqazın ayrı-ayrı yerlərində yerli əhaliyə qarşı hücumlar təşkil edirdilər. Hətta XIX əsrin 90-cı illərində yaradılan “Daşnaksütyun” partiyasının nizamnaməsində yerli əhaliyə qarşı kütləvi qırğınlar törədilməsi ilə bağlı planlar əks olunub. Ermənilər Azərbaycana köçürüldükdən sonra siyasi partiyalar, terror təşkilatları formalaşdırmağa başlayıblar. O dövrdə yaşayan Vorontsov-Daşkovun, Lalayanın və digərilərinin qeydlərində erməni daşnaklarının törətdikləri siyasi oyunlar, onların ərazi iddiaları, Azərbaycan türklərinə və digər xalqlara qarşı həyata keçirdikləri qətliamlardan danışılır. Mənbələrdə bu məsələ ilə bağlı çox məlumat var. “Daşnaksütyun”un xətti ilə də, Şaumyanın “bolşevik” adı altında yaratdığı dəstələr tərəfindən də Azərbaycanın hər yerində çox böyük soyqırımlar törədildi. Bu soyqırım aktı da yalnız Azərbaycan xalqına qarşı törədilmədi, eyni zamanda biz türklərlə tarixən çiyin-çiyinə yaşayan etnik qrupların, azsaylı xalqların hamısına qarşı törədilib. Son zamanlar aparılan tədqiqatlar göstərir ki, ermənilər Azərbaycanda yaşayan yəhudilərə, almanlara, ruslara, talışlara, tatlara, ləzgilərə, gürcülərə və digər xalqlara qarşı soyqırım törədiblər. Sadaladığım faktlar hamısı sənədlərdə öz əksini tapıb. 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif yerlərində Andranikin, Lalayanın, Amazapsın, Əmiryanın rəhbərliyi ilə həyata keçirilən qırğınlar yalnız Azərbaycan türklərinə qarşı deyil, ölkəmizdə yaşayan bütün xalqlara və tayfalara qarşı baş verib”.

Bu hadisələrin ermənilərin ərazi iddialarından qaynaqlandığını qeyd edən professor Hacıyevin sözlərinə görə, onların məqsədi, Azərbaycan da daxil olmaqla, bütün Qafqazda yerli əhalinin kökünü kəsmək və özlərini bu ərazilərin “sahibi” elan etmək idi. Q.Hacıyev deyir ki, özlərinin dövləti olmayan ermənilər XVIII-XIX əsrlərdə Çar Rusiyasına müraciət edərək dövlət qurmaq niyyətlərini açıqlayıblar, bunun üçün onlara yardım etməyi xahiş ediblər. Ermənilər xristian həmrəyliyindən istifadə edərək müxtəlif cinayətlərə rəvac veriblər. Professorun sözlərinə görə, onlar bu ərazidə yerləşdikdən sonra Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ kimi tarixi ərazilərimizə qarşı iddialarını ortaya qoyublar: “Onlar bütün işlərini planlı şəkildə həyata keçirirdilər. Ermənilər bu yolla təəssüf ki, bizim ərazilərimizi ələ keçirməyə müvəffəq oldular. Hazırda da Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlayırlar. Bilirsiniz ki, ermənilər yalnız azərbaycanlılara, Azərbaycanda yaşayan etnik qruplara, xalqlara qarşı deyil, həm də Gürcüstanda, Rusiyanın Dağıstan bölgəsində də soyqırım siyasəti həyata keçiriblər. Ermənilər harada kompakt yaşayıblarsa, o ərazilərə qarşı iddia irəli sürüblər. Ermənilərin Azərbaycanda yaşayan xalqlara qarşı törətdikləri tarixi cinayətlərə beynəlxalq ictimaiyyət, qurumlar reaksiya verməlidirlər. Ermənilər burada ancaq müsəlman əhaliyə qarşı deyil, xristian əhaliyə qarşı da amansız olublar. Almanlar, ruslar, yəhuidilər, gürcülər onlarla eyni təriqətə mənsub olmadıqları üçün, erməni daşnakları tərəfindən kütləvi qətlə yetiriliblər. Talışlar, tatlar, ləzgilər və qeyri millətlər də erməni daşnaklarının zülmündən can qurtara bilməyiblər. Hesab edirəm ki, 100 il bundan əvvəl Azərbaycanda yaşayan yerli əhaliyə qarşı erməni daşnakları və bolşevik qüvvələri tərəfindən həyata keçirilən soyqırım aktına dünya reaksiya verməlidir”.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.