525-ci qəzet.-2018.-16 mart.-¹50.-S.5.
Mart soyqırımının səbəbləri: Müstəqilliyinin elanına yol verməmək, Bakı nefti, Xəzərə, Cənubi Qafqaza sahiblənmək
Pərvanə
Yüz il bundan əvvəl daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş mart soyqırımı Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, kütləvi qırğınlara məruz qalıblar. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter alıb. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 167 kənd dağıdılıb ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilib. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz, qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilib. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törədiblər. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilib.
Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən, Qarabağda 150-dən çox kənd dağıdılıb və yandırılıb, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilib. Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilib. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülüb.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülüb və doğma torpağından didərgin salınıb. Bu rəqəmi Z. Korkodyan özünün "Sovet Ermənistanının əhalisi 1831-1931" adlı kitabında təsdiq edərək yazır ki, "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur". 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmiş, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə yetirilmişdir.
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılıb, maddi-mədəniyyət nümunələri məhv edilib.
Tarixçi alim, millət vəkili Musa Qasımlı mart soyqırımının bir sıra səbəblərini qeyd edib, əsas səbəbin isə ərazi iddiaları olmasını vurğulayıb.
Onun sözlərinə görə, birinci dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törətdilər. Anadoluda törətdikləri soyqırımlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman regionda anarxiya hökm sürürdü.
Tarixçi vurğulayıb ki, Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yol boyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi: "1917-ci ilin payızından etibarən Cənubi Qafqazda - tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında-indiki Ermənistan Respublikasında, Cənubi Azərbaycanda, Borçalıda və indiki Azərbaycan Respublika ərazisində törətdilər. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S. Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı kütləvi soyqırıma başlandı.
M. Qasımlı hesab edir ki, soyqırımın törədilməsinin bir sıra səbəbləri var idi: "Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq Rusiya imperiyası Xəzərin şimal sahillərini, həmçinin, Bakını işğal edib öz tərkibinə daxil etmək üçün guya Bakının və Azərbaycanın digər yerlərinin fərqli mədəniyyət olduğunu bildirirdi. Hətta "Bakı və Azərbaycan" ifadələri dövriyyəyə buraxılmışdı. İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza ermənilərin yerləşməsi ilə təkcə demoqrafik vəziyyət dəyişmədi, eyni zamanda, onlar çarizmin Şərq siyasətində bir vasitəyə çevrildilər. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi. 1917-ci ilin noyabrında Bakıda S. Şaumyan başda olmaqla sovet hakimiyyəti quruldu. Bu, azərbaycanlıların əleyhinə olan bir qurum idi. V. İ. Lenin həmin ilin dekabrında S. Şaumyan) Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Heç əbəs deyildir ki, 1918-ci.il mart ayının ikinci yarısında V. İ. Lenin ABŞ-m Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R. Robinsonun "Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir" sualına "Bu - neft, işıq və enerjidir", - deyə cavab vermişdi.
Mühüm coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. Bu zaman Cənubi Qafqazda faktiki olaraq üç güc - Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizi və "dünyanın ürəyi" olan Orta Asiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi".
Tarixçi millət vəkili hesab edir ki, Bakıda qırğınların törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi: "Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Qırğınların törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Azərbaycan əhalisi isə silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, yox idi. Bu qırğınlara bəhanə də tapıldı. Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının motroslarını müsəlmanlara qarşı soyqırıma təhrik edirdi.
Hücum üçün bir bəhanə lazım idi. Belə bir bəhanə general Talışinski başda olmaqla müsəlman diviziyasının "Evelina" gəmisi ilə Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Soveti tərəfindən tərksilah etməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S. Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi".
M. Qasımlı deyib ki, martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, o cümlədən, erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə erməni ziyalıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. Onun sözlərinə görə, Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik:
"Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin, Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan edilərdi".
O vurğulayıb ki, qırğın qəddarlıqla həyata keçirildi: "Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün "türk, müsəlman" olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi R. İsmayılov yazırdı: "İş o yerə çatmışdı ki, daşnaklar "biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir", - deyə hətta müsəlman sosialistlərini belə qırdılar..."
M. Qasımlı vurğulayıb ki, kütləvi qırğının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. "Açıq söz", "Kaspi" qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər deyildi. Buna görə də martın 31-də azərbaycanlılar döyüşü dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı. Onun sözlərinə görə, Bakıda törədilən soyqırımın ağır nəticələri oldu. ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər: "Amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər. Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Xahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla Sovetin qələbəsi ilə nəticələndi.
ABŞ tarixçiləri C. Makkarti və K. Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığım yazırlar. ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar 'kardan] 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir. Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxlu məlumatlar vardır. Məsələn, N. Nərimanov 1918-ci il mayın 23-də çap olunmuş "Vətəndaş müharibəsinin milli rəng almaması üçün nə etmək lazımdır" adlı məqaləsində etiraf edirdi: "Fanatizmdən uzaq olan hər bir şəxsə məlumdur ki, Zaqafqaziyada gedən vətəndaş müharibəsində 99 faiz bir millətin nümayəndələri qırılır. İrəvan quberniyası, Lənkəran qəzası, Quba, Şamaxı bölgələri mənim dediklərimi tamamilə təsdiq edir". N. Nərimanov daha sonra 1919-cu ilin fevralında yazdığı "Biz Qafqaza hansı şüarla gedirik" və "Qafqazın işğalına baxış" adlı məqalələrində göstərirdi ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi.
Azərbaycan hökumətinin istintaq komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi qırmışlar. Digər mənbələrə əsasən, yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülüb. Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı qırğınlar törədildi.
Erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyəti və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi.
Martda Bakıda kütləvi surətdə öldürülmə azərbaycanlıların iradəsini qıra bilmədi. Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Bu mübarizə nəticəsini verdi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu".