Bakı Xəbər.-2018.-13 mart.-¹47.-S.10.
Yüz il əvvəl ermənilərin Bakıda törətdikləri mart soyqırımlarının pərdəarxası siyasi hədəfləri...
Zaur Əliyev: “Daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımın kökündə, mahiyyətində Qafqazda erməni dövləti yaratmaq iddiası dururdu”
Sarıyeva, İradə
Dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər nəinki Qafqaz, hətta bütün dünya üçün təhlükəli olan bir toplum kimi tanınır. Tarixə nəzər salarkən bu kiçik toplumun nə qədər tarixi cinayətlər törətdiyinin şahidi oluruq. XX əsrin əvvəllərində erməni daşnakların Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri vəhşiliklər bunun bariz nümunəsidir.
Məlum olduğu kimi, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı amansız qırğınlar törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Tarixçi-alimlər qeyd edirlər ki, ermənilərin törətdikləri vəhşiliklərin, azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım aktının vaxtilə görünməyən tərəfləri artıq görünməyə başlayıb.
1918-ci ilin mart hadisələrini törədən ermənilərin mənfur əməllərinin pərdəarxası məqamları nədən ibarət idi?
Tarixçilər qeyd edirlər ki, 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirməyə müvəffəq olur. Bunun xüsusi siyasət nəticəsində həyata keçirildiyini deyən tarixçilərin sözlərinə görə, erməni başbilənlərinin əsas məqsədi bu ərazilərdə erməni dövləti yaratmaq idi. Tarixçilərin verdiyi məlumata görə, 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan minlərlə insanın həyatına son qoydu.
Erməni millətçiləri öz havadarlarının köməyi Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasını da həyata keçirməkdən çəkinməyiblər.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi-alim Zaur Əliyev bizimlə söhbətində qeyd etdi ki, ermənilərin törətdiyi mart-aprel qırğınlarının mahiyyətində tamam başqa niyyətlər dururdu. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın pərdəarxası məqamlarına toxunan Z. Əliyevin sözlərinə görə, erməni danşaklarının əsas istəyi o idi ki, Qafqazda erməni dövləti yaratsınlar. Z. Əliyevin sözlərinə görə, Osmanlı, İngiltərə kimi böyük dövlətlər Qafqazda erməni dövlətinin yaradılmasının əleyhinə çıxırdılar. Ermənilər də onların qərarına etiraz olaraq məlum qırğınlara rəvac veriblər: “31 mart azərbaycanlıların soyqırımını tədqiq edən tarixçilərin, tədqiqatçıların hamısı qətllərdən, öldürülən adamların sayından, çəkdiyimiz maddi ziyandan yazırlar. Nədənsə bu hadisənin siyasi pərdəarxası mahiyyətindən çox az danışılır. Daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımın kökündə, mahiyyətində Qafqazda erməni dövləti yaratmaq iddiası dururdu. Ermənilər ərazi iddialarını rellaşdırmaq üçün Azərbaycanda yaşayan bütün xalqlara, yəni azərbaycanlılarla yanaşı, milli azlıqlara qarşı da soyqırm siyasəti həyata keçiriblər. Onlar soyqırım həyata keçirdikləri ərazilərə planlı şəkildə daxil olublar. Siz fikir versəniz görərsiniz ki, daşnakların soyqırım törətdiyi ərazilər arasında etniklərin yaşadığı yerlər çoxluq təşkil edir. Şimal və cənub bölgəsində etniklərə qarşı amansız qətllər törədiblər. Bakıda əsasən tatların yaşadıqları Dağlı məhəlləsində insanları qətlə yetiriblər. Onlar məqsədli şəkildə Azərbaycan türklərini və etnik qrupları məhv etmək istəyirdilər. Burada bir incə məqam var ki, bunu bizim tarixçilər diqqətdən qaçırırlar. Bu məqam nədir? Faktlar var ki, ermənilər və ruslar Lənkəranda, Qubada əhaliyə qarşı qırğınlar törədərkən türk əsgərlərinin geyimindən istifadə ediblər. Camaata da deyiblər ki, biz türklərik və sizi qırmağa gəlmişik. Daşnak əsgərləri türkcə təmiz danışdıqları üçün, yerli əhali onları türk kimi qələmə verirdi. Bu aksiya Dağlı məhəlləsinin əhalisinə qarşı da həyata keçirilib. Onlar əhaliyə deyirdilər ki, bütün azsaylı xalqları qırıb burada türk dövləti yaradacağıq. Onların bunu etməkdə məqsədi Azərbaycanda yaşayan etnikləri bizim xalqa qarşı qoymaq idi. Halbuki, tarixən Azərbaycan türkləri ilə etnik xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Bu gün də yaşayırlar. Faktlar göstərir ki, erməni əsgərləri, yaxud daşnakların pulla tutduqları muzdlu əsgərlər Lalayan və Şaumyanın planına, göstərişinə əsasən, etniklər yaşayan bölgələrə türk əsgərinin geyimində hücum ediblər. Daşnaklar bununla törətdikləri qətlləri Osmanlıların üzərinə qoymaq istəyirdilər. Yəni guya bu qətlləri Qafqaz İslam Ordusu və Azərbaycan türkləri həyata keçirirdilər. Onlar hara gedirdilərsə, əhaliyə deyirdilər ki, biz sizi ya tamamilə qırıb məhv edəcəyik, ya da burdan köçüb getməlisiniz, bura “erməni torpağı”dır. Daşnaklar iddia edirdilər ki, bütün Azərbaycan ərasizi “Böyük Ermənistan”a daxildir. Onlar Dağıstan, Dərbənd, Həştərxanı da öz əraziləri kimi qələmə verirdilər. Bilirsiniz, ermənilər soyqırımı o zaman törədiblər ki, həmin ərəfədə Azərbaycan dövlətinin müstəqilliyi məsələsi gündəmə gəlmişdi. Çünki həmin dövrdə Zaqafqaziya Seyminin dağılması prosesi gedirdi. O dövrdə Ənvər paşa ilə İngiltərənin baş naziri Lyod Corc arasında müqavilə imzalanmışdı. Həmin müqaviləyə əsasən, ermənilərə müstəqil dövlət yaratmaq hüququ verilmirdi. Həmin müqaviləyə görə, Ermənistan Osmanlı dövləti daxilində kiçik muxtar vilayət kimi qalmalı idi. Ermənilər də bundan narazı idilər və onlar öz səslərini dünyaya eşitdirmək istəyirdilər. Bu səbəbdən də Azərbaycanda saysız qətllər törətməklə dünyaya öz varlıqlarını sübut etməyə çalışırdılar. Onlar bu qətllərlə dünya dövlətlərini şantaj edirdilər ki, bizim müstəqil dövlətimiz olmasa, daha çox terror, qətl, soyqırım törədəcəyik. Əslində, bütün qətllərin kökündə Qafqazda Ermənistan dövləti yaratmaq niyyəti güdülürdü. Onlar bizim ərazilərdə dövlət qurmaq üçün çox cinayətlərə imza atdılar. Bu da, sözsüz ki, “Daşnaksütyun”un və onun ilham, güc, maliyyə dəstəyi aldığı “Eçdmədzinin” planı idi. Bilirsiniz, o dövrdə dövlətlər arasında gedən beynəlxalq siyasi danışıqlarda “erməni dövləti”nin yaradılması haqqında fikir yox idi. Heç bir dövlət haqlı olaraq onların müstəqil dövlətə sahib olmasını istəmirdi. Çünki ermənilərin siması bütün dünyaya məlum idi. O dövrdə dünya dövlətləri Qafqazda yalnız iki dövlətin yaradılmasına tərəfdar idilər. Bütün beynəlxalq danışıqlarda Azərbaycan və Gürcüstan dövlətlərinin yaradılmasına dəstək verilirdi. Ermənilərə isə, qeyd etdiyim kimi, Osmanlıların daxilində muxtariyyət verilməsi nəzərdə tutulurdu. Bu da erməniləri qane etmirdi və onlar dünya dövlətlərinə “siz bizə müstəqil dövlət yaratmaq imkanı verməsəniz, daha çox qətllər törədəcəyik” mesajını verirdilər”.
Z.Əliyev bildirdi ki, Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən İrəvan ermənilərə verildikdən sonra onlar zəbt etdikləri Naxçıvan torpağından çıxıblar. Z.Əliyevin sözlərinə görə, ermənilər Naxçıvandan çıxarkən vəd etmişdilər ki, bir daha Azərbaycan torpaqlarına iddia etməyəcəklər: “Lakin ermənilər tezliklə Azərbaycan Xalq Cumhuriyyəti ilə bağladıqları müqavilənin şərtlərini pozdular və Azərbaycanın Qarabağ, Zəngəzur və digər torpaqlarına qarşı ərazi iddialarını ortaya qoydular. Ermənilər, ümumiyyətlə, qeyri-ciddi toplumdur. Zaman-zaman başqa xalqların və dövlətlərin əlində oyuncağa çevriliblər. Ümumiyyətlə, belə baxanda ermənilər bir çox xalqlara qarşı qırğınlar törədiblər. Hətta rusların özlərini də qırıblar. Ermənilər özlərinə yeni havadar tapan kimi köhnə havadarlarına kürək çevirirlər. O vaxt onlar Almaniyanın timsalında özlərinə havadar qazandıqları üçün ruslara qarşı barışmaz mübarizə aparır, rus xalqını qırırdılar. Sonra ruslarla yaxınlaşıb Azərbaycan ərazisində yaşayan almanlara qarşı soyqırım həyata keçirməyə başladılar. Onlar alman kaloniyasına qarşı cinayət törətməklə İngiltərəyə xoş gəlmək istəyirdilər. Sonra islam dinini ortaya atın İrana yarınmağa başladılar. Bu toplumun yarınmadığı dövlət, xalq yoxdur. Bu yarınmağın da mahiyyətində öz məqsədlərini həyata keçirmək niyyəti durub. Bir məqamı da nəzərinizə çatdırım ki, ermənilər dövlət qurmaq naminə təriqətlərini də dəfələrlə dəyişiblər. Bu gün qriqoryan olduqlarını elan edirlər. Halbuki, tarixdə onların pravoslav, katolik, lüteran və s. təriqətlərə sahib olduğu qeyd edilir. Onlar cilddən-cildə girməyi bacarıblar. Bütün xristian təriqətlərini qəbul ediblər ki, təki “Böyük Ermənistan” xülyasını həyata keçirsinlər. “Türkmənçay” müqaviləsindən sonra ermənilər bizim ərazilərimizə köçürülməyə başlayıb. Onlar bu müqavilədən istifadə edərək dünyaya özlərini xristian təəbəsi kimi təqdim etməyə başlayıblar. Ermənilər Qafqaza köçürüldükdən sonra “necə ola bilər ki, Qafqazda Gürcüstan dövləti yaradılsın, ancaq Ermənistan dövləti yaradılmasın” iddiasını irəli sürürdülər. Onların bu iddiası planlı şəkildə həyata keçirilirdi. Qafqazda erməni dövləti yaradılması planı Sankt-Peterburqda, Tehranda və Parisdə hazırlanmışdı. Sonra isə bu üçlüyə Vaşinqton qoşuldu. ABŞ höküməti də Qafqazda erməni dövlətinin yaradılmasını bəyan edirdi. İngiltərə ermənilərin müstəqil dövlətə sahib olmasını istəmirdi, o, Ermənistan dövlətinin yaradılmasına qarşı idi. Hətta ermənilər bu barədə İngiltərəyə xahiş edəndə, onlar bunu rədd etmişdilər ki, tarixdə erməni dövləti olmayıb, bu halda siz necə müstəqil dövlətə sahib ola bilərsiniz? Lakin ABŞ-da erməni lobbisinin meydana gəlməsi, onların pula sahib olması nəticəsində Amerika rəhbərliyi Paris Sülh Konfransında Ermənistanın müstəqilliyinin tanınmasını tələb edirdi. Çünki o vaxt Amerikada ermənilər tərəfindən belə bir şayiə yayılmışdı ki, guya Qafqazda xristian əhalini qırırlar. Amerika isə ermənilərə onlara erməni olduqları üçün deyil, Qafqazda azsaylı xristian təəbəsi olduqlarına görə dəstək verirdi. Guya ki, ermənilər bölgədə yeganə xristian təəbədir və onları türklər qırırlar. Amerikada elə vəziyyət yaranmışdı ki, buradakı böyük kilsələr hökumətdən ermənilərə dəstək göstərməsini tələb edirdilər. Amerikadan fərqli olaraq, İngiltərə ermənilərə dəstək vermədi. İngiltərə bilirdi ki, ermənilərin Qafqazda sayı azdır və onlar burada yerli əhali deyil. Bilirsiniz, o dövrkü hesablamalara görə, özlərini erməni kimi təqdim edənlərin çoxu muzdlu əsgərlər idilər. Ermənilər pulla ərəbləri, yezidi kürdləri öz sıralarına cəlb edərək onları erməni kimi qələmə verirdilər. Onlar bizə qarşı muzdlu əsgərlərdən də istifadə edirdilər. Bütün maliyyə xərclərini kilsə öz üzərinə götürmüşdü. Kilsə əsrlər boyu topladığı pulu, vəsaiti Ermənistan dövlətinin yaradılmasına xərcləyirdi”.
Birinci Dünya Müharibəsi illərində ermənilər hətta öz kilsələrini uçurub yandırır, əhalini soyur, məhv edirdilər. Onlardan qarət edilən pulu, zinət əşyalarını kilsəyə təhvil verdiklərini deyən Z.Əliyev bildirdi ki, 1750-ci ildən sonra bütün proseslərə erməni kilsəsi rəhbərlik edib. “Kilsənin icazəsi olmadan heç bir təşkilat yaradıla bilməzdi. “Daşnaksütyun” başda olmaqla, bütün erməni terror təşkilatlarının hamısı kilsənin “xeyir-dua”sı ilə yaradılıb. Bugünkü erməni terror təşkilatları da kilsədən “xeyir-dua” alıblar. Erməni dövlətinin qurulması ideyası erməni kilsəsinə məxsusdur. Çünki dövlət qurmaq kilsənin siyasəti idi. Kilsənin fitvası, göstərişi ilə yerli türklər və ərazidə tarixən yaşayan başqa xalqların nümayəndələri soyqırıma məruz qalırdılar. Bilirsiniz, o dövrdə ermənilər nə qədər yəhudini qətlə yetiriblər? Onlar həm Birinci Dünya Müharibəsi illərində, həm 1918-ci ildə, həm də İkinci Dünya Müharibəsi illərində yəhudiləri kütləvi surətdə qırıblar. Onlar həmin dövrlərdə Azərbaycanda yaşayan rusları, Axıska türklərini, kürdləri, ləzgiləri, talışları, yəhudiləri, almanları da qətlə yetiriblər. Onların məqsədi dinlərindən kənar olan bütün dinlərin nümayəndələrini məhv etmək idi. Onlar Qafqazda yeganə dövlət olmaq istəyirdilər. Gürcülərə qarşı da soyqırım həyata keçiriblər. Bütün bu soyqırımların, qətllərin kökündə Ermənistan dövləti yaratmaq məqsədi dururdu. Ermənilər gürcüləri heç xristian hesab etmirdilər. Ermənilər dünya dövlətlərinin yalnız xristian təəbəsi kimi onlara dəstək olmalarını istəyirdilər” - deyə Z. Əliyev bildirdi.
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.