Bakı xəbər.-2017.-7 mart.-№42.-S.13.

 

Tolerant ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə inkişaf etdirilir

 

Surxay Şahbazov,

"Region-Press" qəzetinin baş redaktoru

Ulu öndər Heydər Əliyev: "Tolerantlıq həm insani münasibət və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərinə dözümlülük deməkdir".

Hər birimizə aydındır ki, ölkəmizin müstəqil, demokratik, tolerant bir respublika olması bu gün hamımızın doğma yurdumuzda azad, sərbəst fəaliyyətimizə, hüquq və azadlıqlarımızın, dini etiqadımızın dayanıqlı təminatına zəmin yaratmışdır. Bu, hər bir azərbaycanlını öz məmləkətinə, torpağına, vətəninə bağlayan əsas amillərdən biridir. Etiqadımız İslam dini olduğu üçün, hər kəsin bu dinə böyük rəğbəti var. O cümlədən islam dini demokratik qanunlara söykənərək, öz axarında müstəqil fəaliyyət göstərir.

Eləcə də son illər yaranmış dini dövlət qurumları dini ayinlərimizin həyata keçirilməsini şəffaflığını tam şəkildə təmin edir. Qeyd edim ki, yaradılmış dini qurumlar, dini- elmi tədris ocaqlarında, dini elmin inkişafında təhsil almaq və vətəndaşın elmi səviyyəsinin aşkarlanması üçün yüksək səviyyədə elmi tədris ocaqları fəaliyyət göstərir.

Hər il regional mərkəzlərdə Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə imtahan yolu ilə İslamın inkişafı üçün həvəs göstərən vətəndaşların elmi səviyyəsi müəyyən olunaraq, onlara dini ayinləri həyata keçirmək məqsədilə xüsusi vəsiqələr təqdim olunur. Bu baxımdan din xadimlərimizin imtahan yolu ilə təsdiq olunaraq aşkarlanması ölkəmizdə İslam dininin düzgün təbliğat və təşviqat olunmasına xidmət göstərir.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, son illər respublikamızda vicdan və dini etiqad azadlığı pərdəsi altında bəzi xristian və müsəlman missionerləri Azərbaycanın dövlət müstəqilliyiə zidd fəaliyyətin həyata keçirilməsi ilə cəmiyyətimizdə zərərli təriqətçilik və təfriqəçilik ideyaları yayır, dini qarşıdurma və məzhəb ayrıseçkiliyinə təkan verməyə çalışırlar. Bundan başqa, mütəxəssislər hesab edir ki, bəzi müsəlman ölkələrinin Azərbaycanda da geniş məzhəbçilik və təriqətçilik fəaliyyəti cəhdi təkcə ayrı-ayrı fərdləri deyil, bütövlükdə bölgələri qarşı-qarşıya qoymaqla dini-etnik separatçılıq hisslərinin qızışdırılması məqsədi güdür. Belə yolverilməz siyasi təxribatlar ölkəmizdə dini durumu ciddi şəkildə kəskinləşdirib mövcud ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə mənfi təsir göstərər.

İslam dininin təbliğatında kortəbiilik, səbatsızlıq, təbliğat və təşviqatın düzgün istiqamətdə aparılmaması çox qorxulu tendensiyadır. Çünki cahillik istənilən vaxt cəmiyyəti uçuruma apara bilər. Çox vaxt Avropa ölkələri İslam ölkələrində qarşıdurmaların yaranmasında dinimizdən özümüzə qarşı sui-istifadə etməyə çalışırlar və çox təəssüf ki, bəzi hallarda buna nail ola bilirlər. Əgər diqqət yetirsəniz, xristian ölkələrindən fərqli olaraq, yeni dini ayinlərin, yeni təriqətlərin yaranması islam ölkəsində daha çoxdur. Bütün bu baş verənlər də islami dəyərlərin vahid strateji planda həyata keçirilməsinə mane olur. Xalq arasında parçalanmaya, hakimiyyətin sütunlarının yerindən oynamasına səbəb olur. Bəzi hallarda isə bu, xalqlar arasında sonsuz münaqişələrə, müharibələrə gətirib çıxarır.

Mövzuya daha anlaşıqlı və bir az da geniş prizmadan yanaşaq. Sosial şəbəkələrin artdığı, təkmilləşdirildiyi indiki dövrdə dini və milli məsələlər öz aktuallığını heç də itirmir, əksinə, münasibətlərdə sevgi və məhəbbət bir-birini tamamlayır.

Ötənləri unutmaq olmaz, millətlərarası münasibətləri inkişaf etdirmək zərurəti yaranır. Tarixi varaqlayaq, ötən yüzilliyin sənət incilərini yaddan çıxarmaq olarmı?... Telegüzgülərdən birində "Qaraca qız" filminə baxıram. Canlı həyat lövhələrini, dosta sevgi və məhəbbəti əks etdirən kadrları seyr etdikcə haldan-hala düşürəm. Qaraca-onun adı Tutudu - gözəl rəqs edir, böyüklər onun bu rəqsinə aludədirlər...

Tutu ata-anasını itirən qaraçı uşağıdır. Taleyi üzünə gülüb, müdrik bağbana rast gəlir. Sonra Ağca adlı qızla dostluq eləyir... Son kadrlar ürəyimi parçalayır. Tutu ilan vuran Ağcanın barmağının zəhərini sorur və bağbanın qolları arasında ölür. Əsl faciə! Bağın kənarında Qaraca qızın kiçik məzarı və bu məzarı qucaqlayan bağbanın göz yaşları...

O kino-filmdən ona görə söz açdım ki, qaraçılar ayrı bir millətdir (onlara çox zaman rusca "tsıqanka" deyirlər). Bu gün Yevlax şəhərində onlar rayonun 2 kəndində məskunlaşıblar. Bəziləri deyir ki, onların soykökü rusdu, başqa bir mənbə bunu inkar eləyir. Yox, qaraçılar İspan dilli millətdir. Qəribə həyat yaşayırlar. 50-60 yaşlı dul qadın 20-30 yaşlı cavan oğlana ərə gedir. Başqa tayfalardan evlənən oğlandan hamı üz döndərir. Məqsəd budu: öz millətləri inkişaf eləsin, artsın, yer üzündən silinməsin.

Görmək istəyirsiz onları? Uzağa getməyin. Qonşu Cəlilabad rayonunun "İran" bazarının yuxarı tərəfində yastı-yapalaq evləri var. Bazar-dükanda işləyir, qonşu rayonlara gedib-gəlirlər. Qadınları da zirəkdi, ailə üçün çörək qazanandı... Allaha qəlbən, ruhən etiqadlıdırlar. Məhərrəm ayında toy eləməzlər, İmam Hüseyn müsibətini bizim kimi keçirirlər.

Zaqatala rayonunda Tatlar kəndi mövcuddur. Öz dilləri, inancları var. Ağsaqqal sözü böyüklü-kiçikli hamı üçün qanundur. Yolun bu üzündə türklər, yəni bizlər yaşayır, o üzündə tatlar. Hamı bir-biri ilə mehribandır. Əl-ələ verib yol çəkdirir, kəndə uzaqlardan içməli su gətirir, yoxsullara kömək əli uzadır, xeyir-şər işlərində bir yerdədirlər.

İnqiloyları niyə unudaq? Gürcüstanla həmsərhəd kənddə məskunlaşıblar. Həm türkcə, həm də gürcü dilində danışırlar. Əhli-namaz olan bu millət əsl Azərbaycan vətənpərvərləridirlər. Ermənilərlə döyüşdə neçə övladları şəhidlik zirvəsinə yüksələrək, ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüşdür.

...Şimal rayonlarımızda avarlar, ləzgilər, çeçenlər və digər xalqların nümayəndələri məskunlaşıb. Hamısı da Azərbaycan dövlətinin vətəndaşlarıdır. Ölkə rəhbərliyinin sərəncam və göstərişlərinə ləyaqətlə, canla-başla əməl eləyir, ictimai-siyasi həyatda olduqca fəaldırlar. Onlar da Azərbaycanın istiqlalı və müstəqilliyi uğrunda həmişə ön sıralarda olmuşlar.

Azərbaycanla İsrail dövləti arasında dostluq və qardaşlıq münasibəti xüsusi önəm kəsb edir. Bunun hərəkətverici gücü, qüvvəsi bizim məmləkətimizdəki yəhudi icmasıdır. Hətta onlardan neçəsi yüksək postlarda və Milli Məclisin üzvüdür, məsul dövlət vəzifələrində səmərəli fəaliyyət göstərirlər. Azərbaycanda, Bakıda müqəddəs yerləri-sinaqoqları var. Həmişə ölkə rəhbərliyi yəhudilərin milli bayramlarının qeyd edilməsinə sayğı göstərir, tariximizi öyrənən, adət-ənənələrimizi sevən və xaricdə sevdirən yəhudi alimlərin yubileylərində onlara fəxri adlar, orden və medallar təqdim edilir.

...Dağın ətəklərində, ucqar yerlərdə bir kənd var. Adı Xınalıqdır. Öz dilləri və adət-ənənələri ilə diqqəti cəlb edir. Qafqazda ən qədim, lap şumerlər dövrünə aid tarixləri, məişətləri, yaşam tərzləri vardır. Qış aylarında orda qarın hündürlüyü az qala 1 metrə çatır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Qubadan Xınalığa gedən yol daha əlverişli salınaraq asfalt örtük döşənmişdir. Əsasən heyvandarlıqla məşqul olan o kəndin sakinləri belə qayğıya, diqqətə görə indi ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edirlər.

Bəli, Azərbaycan tolerant ölkədir. Paytaxtımız Bakıda bütün millətlərin nümayəndələri bir-birilə qardaşlıq, dostluq şəraitində yaşayırlar. Heç kim başqasının həyat tərzinə, adət-ənənəsinə başqa gözlə baxmır. Bakıda məscid, kilsə, sinaqoq var. Hər kəs istədiyi ibadətgaha gedir. Müsəlmanlar məscidə, xristianlar kilsəyə, yəhudilər sneqoqa tələsir. Hamı Allaha, Onun varlığına qəlbən inanır və dua edir.

...Qafqaz Müsəlmanları Ruhani İdarəsi, Şeyxül İslam Hacı Allahşükür Paşazadə bütün dinlərə, etiqadlara, Ulu Yaradana sitayiş edənlərə hörmətlə yanaşır.

Ölkəmizdə əsrlər boyu mövcud olan İslam dini hakimiyyəti təmsil etməsə də, özünün yüksək dəyərləri ilə həmişə hakimiyyətlə ekvivalentlik təşkil edir, siyasi baxımdan həmişə hakimiyyətə mənəvi dəstək olur. Təbii ki, bu, qarşılıqlı, hakimiyyətin etiqadımıza, dinimizə olan sonsuz sevgidən irəli gəlir. Müstəqil dini mərasimlərin yüksək səviyyədə keçirilməsi, ayrı-ayrı bölgələrdə yeni məscidlərin tikilib xalqın istifadəsinə verilməsi yuxarıda qeyd etdiklərimizin bariz nümunəsidir. Milli-mədəni dəyərləri ilə zəngin multikultural, tolerant respublikamızın hər bir guşəsində bu ab-hava hökm sürür, qəlb ovsunlayır sanki insanlıq mədəniyyəti ilə...Cənub zonamız Talış mahalını yada salaq. Nə yoxdur burda? Quşqonmaz dağlar, keçilməz meşələr, göz yaşı kimi dupduru bulaqlar, can dərmanı olan subtropik meyvələr, hər yerdə sevilən, süfrələrimizin bəzəyi olan düyülərdən bişirilən plov, dadı-tamı hamını valeh edən çay...

Dayanın, baxın: Masallının "Halay" qızlar ansamblının gözəl rəqsi. Əl-ələ tutub yallı gedirlər. Nə gözəl qaval çalıb "Əmioğluyla, əmiqızının mahnısı"nı ifa edirlər. Baxdıqca baxmaq istəyirsən bu tamaşaya. Hələ geyimlərinə diqqət eləyin: qırağı qıyılı ağ tuman, qolsuz qırmızı jaket, başlarında yelçək və rəngbərəng kəlağayılar.

Milli-mənəvi, dini dəyərlərimizin zənginliyi bu yazıda məni o qədər özünə aldı ki, çox uzaqlara əl apardım, yaşadığım, doğulub boya-başa çatdığım Biləsuvarımın, yaranışından multikultural dəyərlərimizə sadiq bir guşənin örnək dəyərlərini dilə gətirməyi lap unutmuşdum. Bu haqda danışarkən rayonumuzun dəyərli ziyalılarından, yazıçı-publisist Əlibala Rəhimovun maraqlı xatirələrinə istinad etməmək mümkün deyil:

-Xəyal məni qanadlarına alıb çox uzaqlara apardı. Burda qəribəlik, absurd ab-hava axtarmağa dəyməz. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhər və kəndlərini gəzsin, tanısın. Adət ən-ənələri, etik normaları öyrənsin.

Mənciyəz çox rayonlarımızda tələbə dostlarım, tanışlarımın qonağı olmuşam, bircə Naxçıvandan başqa...

Qədim və gözəl, qonaqpərvər Biləsuvarımızı odlu-alovlu məhəbbətlə sevirəm və buranın, yaşından asılı olmayaraq, insanları mənimçün doğmadır.

Bizim rayon Biləsuvar (o zamanlar Puşkin rayonu) 1930-cu ilin 8 avqustunda formalaşıb. O zaman 12.500 nəfər əhalimiz var idi. Onun 4000 nəfəri müsəlman, 8500 nəfəri xristian:provoslav və katolik dininə etiqadlı ruslar olub. Mərkəz Puşkin qəsəbəsi olmaqla kəndlərin adına baxın: Klubinka, Baryatin, Novo-Qrastanovka, Fioletovka, Novo-Mikaylovka, Arxangelovka, Boğaslovka, Novo-Troitski, Muravyovka. Düz 26 rus, 12 müsəlman yaşayış məntəqəsi. Hamı bir-birilə mehriban qonşuluq şəraitində yaşayıb. Bir nümunə: Beriya adlı şəhərə yaxın kolxozun əsas işçi qüvvəsi ruslar olmuşdur. O təsərrüfatın sədri isə milliyətcə tatar İsaq Şəmsəddinoviç Şəmsəddinov idi.

Hamı tolerant həyat sürürdü. Bir-birinin xeyir-şər işlərində əlindən gələn köməyi əsirgəmirdi. Yadımdadır, rayonun təlimatçısı Nikolay Boqatıryov 36 yaşında sünnət olundu, müsəlmançılığı qəbul etdi. Biz hamımız onun məclisində idik. Kirvəsi kim olsa yaxşıdır? Yaxın dostu, RİK-nin şöbə müdiri Mətləb Quliyev!

Daha bir maraqlı, yaddaqalan hadisə. Böyük Vətən müharibəsinin iştirakçısı Həsən Mustafayev çoxdan haqq dünyasına qovuşub. Onun Ryazanda evləndiyi istəkli Nataşası hələ yaşayır, Nərimankənddə azərbaycanlılarla mehriban, səmimi qonşudur. Ailənin 3 qız övladı kənddə ərdədir.

Tolerantlığımıza daha bir nümunə. Şəhərdəki Nizami adına tam orta məktəbdə rus bölməsi, Çinarlı kənd orta təhsil ocağında Ərəb dili üzrə dərslər keçirilir. Qız uşaqları məktəbə hicabla gəlir...

Şəhər qəbristanlığında rus və azərbaycanlıların məzarı yan-yanadır. Rayonumuzda rus ailələri Məhərrəm ayında heç zaman toy eləməzlər...

Novruz şənlikləri, xüsusilə çərşənbə axşamları hamı bir yerdə olur, bir-birinin evinə qonaq gedir.

...Uzağa getməyin, baxın, baxın: "Ruslan" şadlıq sarayında toydu. Gözəllik salonunda bəzənib-düzənən Larisanın Sabir bəylə toyudu. Hamı əl-ələ tutub yallı gedir, yeyib-içir şənlənir.

Söhbətin belə şirin məqamında daha bir tarixi hadisənin motivləri canlanır gözlərim önündə... Söyləndiyi kimi, Biləsuvarda ruslarla müsəlmanlar hər zaman mehriban qonşuluq münasibətləri qurub yaşamışlar. Həmin dövrlərdə Biləsuvarın Tatyanovka (indiki Aranlı) kəndində kolxozun xəzinədarı olmuş Matveyin müəmmalı qətlinin milli zəmində törədilməsi kimi qələmə versələr də, bu, sonda təsdiqini tapmamışdır. Belə ki, ciddi araşdırma və narahatlıq doğuran bu iş Moskvanın xüsusi tapşırığı ilə, o zaman yenicə Azərbaycan Respublikası DTK-da yüksək post tutan, milli ruhlu, hər sahədə haqqın-ədalətin zəfər çalmasını qəlbən arzulayan dahi Heydər Əlirza oğlu Əliyevin Biləsuvarda hadisə ilə bağlı apardığı uğurlu təhqiqatı sayəsində öz obyektiv, hüquqi qiymətini tapmışdır. Və beləliklə qatilin elə Matveylə bir süfrədə yeyib-içən, yaxın dostu spirtli içki aludəçisi Alik olduğu sübut olunub.

Bu gün tolerant ölkəmizdə millətlərarası münasibətlər sözün əsl mənasında yüksək səviyyədə inkişaf etdirilir. Cənab Prezidentimiz İlham Əliyev Azərbaycanda keçirilən Beynəlxalq İslam Konfransındakı yüksək səviyyədə çıxışı ilə bir daha sübut etdi ki, tolerantlıq nümunəsi olan ölkəmizdə din azaddır və bütün xalqların dini ayinlərinə xüsusi diqqət yetirilir, hörmətlə yanaşılır.

Bunu da xüsusilə vurğulamalıyıq ki, Prezident İlham Əliyev müvafiq sərəncamı ilə 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili", eləcə də yaşadığımız 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etməsi, Azərbaycan xalqının dostluq, qardaşlıq şəraitində yaşamağa qadir xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Multikulturalizm, tolerantlıq, sadə dillə desək, elə insanlıq deməkdir. Azərbaycanda əsrlər boyu həm müxtəlif dinlər, həm də müxtəlif etnik qruplar və xalqlarla birgə, qardaşlıq və dostluq mühitində yaşamışlar. Məhz buna görə də, cənab Prezidentin sözləri ilə ifadə etsək, multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzidir.

Məhz bu tolerantlığın, birgəyaşayışın və ölkə başçısının bu sahədə həyata keçirdiyi düzgün siyasi kursun nəticəsidir ki, Azərbaycan tolerant bir ölkə kimi dünyaya nümunə göstərilir, millətlərin mədəniyyətlərarası və dinlərarası münasibətlərinə həsr olunmuş beynəlxalq forumlar Azərbaycanda keçirilir. Bəlli həqiqətlərdən biri kimi deyərdim ki, bu gün ölkəmizdə hər kəs birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizm siyasətini alqışlayır.

Və beləliklə, göründüyü kimi, Azərbaycan Respublikasında hər kəsin vicdan azadlığını, müqəddəs dinimizə münasibətini müstəqil müəyyənləşdirmək və bu zəmində başqaları ilə birləşmək hüquqlarının müdafiə və təmin edilməsi üçün müvafiq şərait yaradılmış və bu istiqamətdə düşünülmüş dövlət siyasəti həyata keçirilir.