Xalq qəzeti.-2017.-4 mart.-¹49.-S.6.

 

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsi anılıb

 

Martın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) bu ali məktəbin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi-nəzəri konfrans keçirilib.

 

BMA-dan bildiriblər ki, musiqi akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə görkəmli şəxsiyyət, böyük səhiyyə təşkilatçısı Əziz Əliyevin elmi, ictimai, siyasi fəaliyyətindən və quruculuq işlərindən söz açıb.

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev “Əziz Əliyevin şərəfli həyat yolu”, dosent Nuridə İsmayılzadə “Əziz Əliyevin diplomatik fəaliyyəti”, filologiya üzrə fəlsəfə doktoru Naibə Rzayeva “Əziz Əliyevin tibb sahəsindəki fəaliyyəti”, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun doktorantı İlkin Eminova “Əziz Əliyev və Dağıstan”, dosent Mehriban Cavadova “Əziz Əliyevin Cənubi Azərbaycandakı fəaliyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

Digər çıxış edənlər də Əziz Əliyevin Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi və dövlətçilik fəaliyyətindən söz açıblar. Bildirilib ki, müxtəlif məsul vəzifələrdə çalışan Əziz Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, ölkədə səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib.

Tədbirdə BMA-nın tələbələri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.