İki sahil.- 2017.- 7 noyabr.- ¹ 203.- S. 12.
Paytaxtımla fəxr edirəm
Vəhdət Sultanzadə,
Fövqəladə və səlahiyyətli səfir
Son vaxtlar ölkəmizə gələn turistlərin sayının nəzərəçarpacaq dərəcədə artması bir çox amillərlə bağlıdır. Əsas səbəb ölkədə stabilliyin olması, ictimai asayişin, təhlükəsizliyin, əmin-amanlığın, tolerantlığın mövcudluğu, qədim milli adət və ənənələrin qorunub-saxlanmasıdır.
Siması köklü şəkildə dəyişən paytaxtımız bu gün hər kəsi valeh edir. Turistlər üçün cəzbedici tarixi abidələr böyük zövq və yüksək peşəkarlıqla bərpa edilir. Yeni yaradılan muzeylərin, əyləncə və ticarət mərkəzlərinin, istirahət və idman komplekslərinin, parkların hesabına gəzməli-görməli yerlər xeyli artıb. Bütün bunlarla şəxsən mən, bir vətəndaş olaraq qürur duyuram. Bu yaxınlarda xarici həmkarlarımla birlikdə şəhəri gəzərkən onun gündüzləri kimi, gecələrinin də fövqəladə gözəl olduğunun bir daha şahidi oldum. Ötən əsrin iyirminci illərində dağüstü parkdan şəhərin panoramını seyr edən məşhur rus yazıçısı Maksim Qorki Bakını Neapola bənzətmişdi. İndi Bakının panoramı, dənizdən açılan mənzərəsi müqayisəolunmayacaq dərəcədə dəyişərək, əsrarəngiz görkəm alıb. Paytaxtın yeni siması ümummilli liderimiz Heydər Əliyev siyasətini layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi sıçrayışın ən bariz göstəricisidir. Yetmiş illik sovet hakimiyyəti dövründə Bakının mərkəzində “sovetski” adlanan böyük yaşayış məhəlləsinin, yaxud Füzuli meydanından dəmiryolu vağzalına qədər olan ərazinin yaxın keçmişdəki anti-sanitariya vəziyyəti hələ də yaddaşımdan silinməyib. Amma o yerlərin bugünkü mənzərəsini görəndə adamın qəlbi fərəhlə dolur. “Qara şəhər” adlanan yaşayış massivinin “Ağ şəhər”ə çevrilməsini, bulvarın bir tərəfdən Bayıl, digər tərəfdən Zığ şossesi istiqamətində kilomertlərlə məsafədə genişlənməsini, sadəcə görmək azdır. Zəngin yaradıcı fantaziya, böyük maliyyə vəsaiti, fədakar insan əməyi nəticəsində baş verən bu dəyişiklikləri layiqincə dəyərləndirməyi bacarmaq lazımdır.
Vaxtilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən sənədli və bədii filmlərdə şəhərin panoramı Kirov heykəlinin arxasından görünərdi. Məşhur bolşevik rəhbərinin yüksək seyrəngahda ucaldılan 17 metrlik abidəsi uzaq məsafədən baxılmaq üçün nəzərdə tutulmuşdu. Onun adını daşıyan mədəniyyət və istirahət parkını gəzib-dolaşanların böyük əksəriyyəti Kirovun qara əməllərindən bixəbər idi. Sovet ideoloji maşını onu Lenin qvardiyasının sədaqətli davamçısı, Azərbaycanı sovetləşdirən XI Qızıl ordunun komandirlərindən biri, Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən, nəhayət, inqilabın beşiyi sayılan Leninqradda vəzifə başında terrora məruz qalan parlaq şəxsiyyət kimi ictimaiyyətə tanıdıb, adını hər yerdə əbədiləşdirirdilər. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra digər yalançı sovet bütləri ilə birlikdə Sergey Kirovun heykəli də ortadan qaldırıldı. İndi həmin seyrəngahdan şəhərin panoramına tamaşa etmək otuz ildən sonra Bakıya gələn əcnəbi dostlarımıza unudulmaz anlar yaşatdı. Xeyli fotoşəkil çəkdilər, keçmiş günlərin xatirələrini bölüşdülər. Bu möhtəşəm gözəllikləri yaradanlara, Azərbaycan xalqının qüdrətinə qibtə etdiklərini gizlətmədilər dedilər.
Ertəsi gün gəzinti proqramına İçərişəhər tarixi-memarlıq qoruğundan başlamağı, qəhvəaltını da orada etməyi qərara aldıq. Piyada gəzə-gəzə dar küçələrin yaratdığı nostalji hisslərin təsiri altında gözümüz tutan, könlümüz istəyən yerlərin birində lövbər saldıq. Dörd nəfər idik. Masaya isti təndir çörəyi, nehrə yağı, pendir çeşidləri, bal, qaymaq, suda bişmiş kənd yumurtası, məxməri çay gəlincə şərq üslubunda bəzədilmiş xudmani məkan, elə bil daha da böyüdü, isindi, doğmalaşdı. İçərişəhər bütövlükdə orta əsr şəhərsalma prinsiplərinə, nadir tarixi-memarlıq abidələrinə görə hər kəsin qibtə edə biləcəyi bənzərsiz abidədir. Yaxın keçmişdə buranın zir-zibil mənbəyinə çevrildiyini, uçuq-sökük daxmaların yan-yörəsində balalayan gecəqonduların, dar küçələrdən sel kimi axan kanalizasiya sularının, çala-çuxurlu darısqal maşın yollarında çirkabdan yaranan gölməçələri gözü ilə görən qonaqlarımdan biri aradakı fərqi səfər dostlarına danışdıqca hər kəsi heyrət bürüyürdü. 30 il əvvəl Bakını tərk etmiş dostumuz ürəyini boşaltdıqca gözləri dolurdu. Dedi ki, otuz il əvvəl də Qala divarlarında buranın qoruq olduğunu bildirən lövhə vardı. O zaman rəsmən dövlət tərəfindən qoruq elan edilsə də, həqiqətən qorunan heç nə yox idi. Bu dəyişikliklərə inana bilmirəm. Heyrətimi, sevincimi gizlədə bilmirəm. Kaş ki bəzi yerlərdə buranın əvvəlki halını əks etdirən fotolar sərgilənəydi ki, aradakı fərqi müqayisə etmək mümkün olsun.
Son vaxtlar paytaxtda ənənəvi gəzib-görməli ünvanlarla yanaşı, yeni mədəniyyət ocaqlarının açılması fərəhli haldır. Şəhərin mədəni həyatında mühüm rol oynayan yerlərdən biri də Müasir İncəsənət Muzeyidir. Onun haqqında çox eşitmişdim. Amma yüz eşitməkdənsə, bir görmək yaxşıdır, deyib atalar. Tarix Muzeyindən sonra qonaqlarımla birbaşa ora üz tutduq. Ekspozisiya ilə tanış olarkən bələdçidən öyrəndik ki, muzey 2009-cu ildə açılıb. Bu işin təşəbbüskarı və fəaliyyətinin əsas istiqamətvericisi Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Hörmətli Mehriban xanımın həm Heydər Əliyev Fondunun rəhbəri, həm YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, həm də ölkənin Birinci vitse-prezidenti olaraq fəaliyyət dairəsinin geniş miqyası və məsuliyyəti hamıya məlumdur. Azərbaycan dövlətinin, xalqının kimliyini tanıtmaq, şöhrətini ucaltmaq, haqq səsini dünyaya çatdırmaq kimi şərəfli vəzifənin öhdəsindən gəlmək böyük məharətdir. Milli-mədəni dəyərlərimizin qorunub saxlanmasına, xarici ölkələrdə öz xalqının, dövlətinin ən yüksək səviyyədə təqdim olunmasına Mehriban xanım xüsusi diqqət ayırır. Onun təşəbbüsü ilə dünyanın bir çox yerində, o cümlədən Avropa ölkələrində keçirilən tədbirlər, təqdimat mərasimləri, ciddi xeyriyyəçilik fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, Azərbaycanda professional rəssamlıq məktəbinin əsasını qoyanlardan biri Bəhruz Kəngərli olub (1892- 1922). Rəssamlıq sənəti qısa müddətdə sürətlə inkişaf edib. İndiyə kimi müxtəlif janr və üslublarda, cərəyanlarda gözəl nümunələr yaranıb. Bizim rəssamların əsərləri ölkəmizin hüdudlarından uzaqlarda da kifayət qədər tanınır, layiqincə qiymətləndirilir. Onların bir qismi məşhur muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda saxlanılır. Müasir İncəsənət Muzeyində ötən əsrin ikinci yarısından başlayaraq, əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssamların rəngkarlıq, qrafik işləri ilə yanaşı, kiçik ölçülü heykəltəraşlıq əsərləri də nümayiş etdirilir. Heykəllərin mövzusu, istifadə olunan materialları, ölçüləri müxtəlif olsalar da, sənətkarlıq baxımından hər biri öz orijinallığı ilə diqqət çəkir. Bələdçilər bizə söylədilər ki, muzeyin fonduna 800-dən çox qiymətli sənət əsəri daxildir. Bura Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov kimi görkəmli sənət ustalarının yaratdığı əsərlər də daxildir.
Müasir İncəsənət Muzeyinə sənətsevərləri cəlb edən bir məqam da qonaqların diqqətindən yayınmadı. Sən demə, burada təkcə Azərbaycan rəssamlarının yaratdığı sənət əsərləri ilə deyil, dünya miqyaslı sənət inciləri ilə də tanış olmağa imkan yaradılıb. Burada Pablo Pikassonun, Salvador Dalinin orijinal əsərlərinin də sərgilənməsi qonaqları təəccübləndirdi.
Sərginin ekspozisiyası, içəridə yaradılan şərait, işıqlandırma, havalandırma sistemi, yardımçı qurğular və ümumiyyətlə, orada hökm sürən ab-hava xoş təsir bağışladı. Muzeyin bələdçiləri, istər biliyə, ümumi hazırlıq səviyyəsinə, istər zahiri görünüşə, daxili mədəniyyətinə görə də fərqlənirdi. Daxili nizam-intizam gözlənildiyindən, təhlükəsizlik tədbirləri yüksək peşəkarlıqla qurulduğundan sənət əsərləri ilə təkbətək qalmağı xoşlayan ziyarətçilərin könüllü tənhalığını kimsə pozmurdu. Biz muzeyin direktoru Xəyyam Abdinovla da tanış olduq. Bir neçə dildə sərbəst danışan, müasir meyarlarla düşüncə tərzinə malik, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Xəyyam Abdinovla söhbətdən hamı məmnun qaldı. Onun muzey işinin təkmilləşdirilməsi ilə bağlı fikirləri belə düşünməyə əsas verir ki, bu sənət məbədinin fəaliyyət dairəsi yaxın gələcəkdə daha da genişlənəcək, fondunda qorunub saxlanan əsərlərin sayı xeyli artacaq.
Ən xoş təəssüratlarla və yenidən görüşmək ümidi ilə muzeydən ayrılarkən qonaqların dediyi sözlər çox maraqlı oldu: “Bakı Müasir İnsəcənət muzeyi öz miqyası və səviyyəsinə görə, qədim tarixi və böyük iş təcrübəsi ilə dünyanın sayılıb-seçilən muzeylərindən iş üslubu, xidmət və təşkilati baxımdan heç də geri qalmır. Müasir İncəsənət muzeyi, bizim zənnimizcə, Bakının layiqli brendidir.”