Azərbaycan. – 2017.-22 avqust. – ¹ 182. – S. 11. 

 

Qədim Bakıda Sıratağlı dini-memarlıq kompleksi

 

Kamil İbrahimov,

professor

 

Azərbaycanın zəngin maddi-mədəni irsinin daşıyıcısı olan İçərişəhər ərazisində tarixi əhəmiyyəti olan yüzlərlə abidə mövcuddur. Bu abidələrdən biri də Qız qalasının şimal tərəfində yerləşən və tədqiqatçılar arasında böyük marağa səbəb olan Sıratağlı dini-memarlıq kompleksidir. Son vaxtlara qədər “Bazar meydanı” adlandırılan bu ərazi İçərişəhərin ölkə əhəmiyyətli abidələrindən biridir.

Memarlar bu sıratağlı tikili ilə Şirvanşahlar sarayının Divanxanası arxasındakı oxşarlığı əsas götürərək həmin abidənin XV əsrə aid bazar yeri olduğunu söyləmişlər. Onlar İ.Berezinin bu abidə haqqındakı fikirlərini əsas götürmüşlər. Amma onu da qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərinə kimi bu ərazidə, daha doğrusu, həmin abidənin üstündə “Yuxarı bazar” adlanan bazar fəaliyyət göstərmişdir. Lakin burada aparılan arxeoloji qazıntı işləri abidənin daha qədim dövrə aid olduğu ehtimalını təsdiqləmişdir.

Sıratağlı dini-memarlıq kompleksi XX əsrin 60-cı illərində Qız qalasının ətrafında köhnə evlər sökülərkən təsadüf nəticəsində aşkar olunmuşdur. 1964-cü ildə aparılan tədqiqatlar nəticəsində arxeoloqlar Ö. İsmizadə və H. Ciddi abidənin cənub hissəsində oxlu tağlara malik divarın yerləşdiyini və əsas girişin də məhz buradan olduğunu dəqiqləşdirmişlər. Abidənin şərq və qərb tərəfində isə iki kiçik qapı kandarının qalıqları aşkarlanmışdır. Qapıların gündoğan və günbatan istiqamətində yerləşməsi abidənin əvvəllər günəşə sitayişlə bağlı məbəd olması ilə əlaqələndirilmişdir. Məbədin sözügedən şərq və qərb qapılarından içəri daxil olmaq üçün diz üstə oturmaq lazım idi ki, bu da günəşə sitayiş etməklə izah olunur.

Sıratağlı abidə Qız qalası qarşısında aşkar olunmuş X əsrə aid edilən məscidin həyətidir. Bu ərazidə məscidin inşasından əvvəl daha qədim bir dini kompleksin olduğunu da güman etmək olar. Ehtimal etmək olar ki, arxeoloq Ö. Ş. İsmizadənin buradan aşkar etdiyi daşla hörülmüş səkkizguşəli, üçpilləli səki və səkkizguşəli sütun (səcdəgah) məhz qədim məbədin həyətində yerləşibmiş. Sonradan burada məscid inşa olunarkən bu tikili sökülməmiş, olduğu kimi qalmışdır. Burada səkkizguşəli motivlərin təkrarı da maraq doğurur.

Abidənin mərkəzində yerləşdirilmiş sütundan hər halda dini mərasimlərdə məşəl yandırmaq üçün istifadə olunmuşdur. Buradan xeyli miqdarda maddi-mədəniyyət nümunələri də aşkar edilmişdir. Həmin materiallar içərisində iri gil qazanın qulp və ağız hissələrinin qırıqları, gil çıraqlar, sferakonus, matra-flyaqa və anfora tipli qabların hissələri də vardır. Arxeoloji qazıntılara rəhbərlik etmiş Ö. Ş. İsmizadə aşkar olunan qəbirlərə, memarlıq abidəsinin tipinə, quruluşuna və tapılan arxeoloji materiallara əsaslanaraq bu abidənin Qız qalasından daha qədim olduğunu ehtimal etmişdi.

Arxeoloji qazıntılar nəticəsində sıratağlı abidənin həyətinin döşəməsinin altında 50-dən çox qəbir də aşkar edilmişdir. Qəbirlərin istiqaməti onların əksəriyyətinin müsəlman qəbirləri olduğunu göstərir. Bəzi hallarda sümüklər qəbrin bir tərəfinə toplanmış vəziyyətdə tapılmışdır ki, bu da onların uzaq yerlərdən gətirilib dəfn olunduğunu göstərir.

Aparılan arxeoloji tədqiqatlar, elmi müşahidələr, xüsusilə analoji müqayisələr buranın dini xarakterli abidə olduğunu, məscid həyəti, ibadətgah, xanəgah, bəlkə də sonralar ziyarətgaha çevrildiyini təsdiq etmişdir.

Bu abidə ümumi qəbiristanlıq deyil, dini əhəmiyyət daşıyan müqəddəs bir yer olmuşdur. Bunu abidənin quruluşu, tağlar altında üç yerdə qəbirlərə təsadüf olunması, tağları təmir edərkən onların örtüyündə qəbir daşlarından istifadə olunması, həyətin ortasında aşkar edilmiş daş sütun və bəzi qəbirlərdə sümüklərin topa halında yığılması təsdiq edir. Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunmasi müqəddəs Məkkəni xatırladır. Tağlar altında olan qəbirlər isə, yəqin ki, başqa yerdən gətirilən “əmanət meyit”lərə məxsus olmuşdur. Müsəlman adətlərinə görə, bəzi mötəbər şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirlər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda, meyiti əmanət olaraq yaxın yerdə basdırırdılar. Müəyyən müddət keçdikdən sonra vəsiyyət etmiş şəxsin qəbrini açıb, sümüklərini toplayaraq, müqəddəs yerə aparıb dəfn edirdilər. Ona görə də sıratağlı abidənin belə müqəddəs yer olduğu ehtimal edilir.

Bu ərazidə 1998-ci ildə arxeoloq Fərhad İbrahimovun rəhbərliyi altında aparılan son arxeoloji qazıntılar 2 otaqlı və 2 mehrablı qədim məscidin varlığını aşkar etdi. Bunlardan böyük otağın döşəməsində, qismən yuxarıda yerləşən mehrabın yanında qazıntı davam edilən zaman qərb divarının cənub-qərb küncünə yaxın hissədə üstü tağ formalı taxça içərisində yerləşdirilmiş digər mehrab aşkar olundu. Mehrabın üstündə qədim ərəb əlifbası ilə kufi xətli “Hakimiyyət Allaha məxsusdur” yazısı var. Həmin yazını epiqrafçı alim, akademik Məşədixanım Nemət oxumuş və müqayisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yazını IX-X əsrlərə aid etmişdir. Beləliklə, məscidin, onunla yanaşı tikilmiş otaqların və sıratağlı abidənin vahid memarlıq kompleksi təşkil etdiyini söyləmək olar.

1998-ci ildə bu ərazidə aparılan son arxeoloji qazıntılardan sonra ulu öndər Heydər Əliyev Qız qalasının ətrafındakı arxeoloji qazıntıların konservasiya olunması haqqında sərəncam vermişdir. Konservasiya olunmuş bu ərazidə mükəmməl infrastrukturu ilə arxeopark yaradılmışdır.

Bu abidənin dünyada xeyli analoqu vardır. Qədim Misirin paytaxtı Qahirə şəhərində indiyədək salamat qalmış 1100 ildən çox yaşı olan ən böyük məscid müsəlmanların müqəddəs ibadətgahlarındandır. Tağşəkilli qalereyalarla və hündür divarlarla dövrələnmiş həmin məscidin həyəti də kvadrat formasında olub İçərişəhərdə aşkar edilən bərpa olunmuş Sıratağlı abidəni xatırladır.

Şirvanın qədim paytaxtı Şamaxı şəhərindəki orta əsrlərə aid Cümə məscidi kompleksinin və Bakının Suraxanı qəsəbəsindəki atəşpərəstlərin məbədinin quruluşu da bu abidəyə oxşar olub.

Eyni ilə bu formalı sıratağlı abidə XI-XIII əsrlərdə Macarıstanın paytaxtı olmuş Sekeşfehervar şəhərində də vardır. Turist səfəri zamanı abidə diqqəti cəlb etmiş və antik dövr tədqiqatçısı Fazil Osmanov tərəfindən fotosu çəkilib Bakıya gətirilmişdir. Maraqlıdır ki, bələdçi bu abidəni “Müqəddəs məbəd” kimi təqdim etmiş və onun həyətindəki qəbir daşlarını göstərərək dövrün görkəmli din xadimlərinin burada dəfn olunduğunu söyləmişdir.

Sekeşfehervar abidəsinin Bakıdakı dini kompleksdən fərqi ondan ibarətdir ki, oradakı abidənin üstü də salamat qalmış və kirəmitlə örtülmüşdür. Bu abidələrin əlaqəli öyrənilməsi Bakıda aşkar olunmuş dini kompleksin üst örtüyü və başqa cəhətlərinin bərpasında da xeyli əhəmiyyət kəsb edir. Haqqında danışdığımız abidənin həyətində aşkar olunmuş qəbir abidələrinin böyük rütbəli din xadimlərinə (övliyalar) aid olduğunu ehtimal etmək olar.

Göründüyü kimi, həmin abidələrin eyni dövrə mənsubluğu, memarlıq və məzmun cəhətdən oxşarlığı orta əsrlərdə Azərbaycanla Macarıstan arasında mövcud olan mədəni əlaqələrin tədqiqi baxımından da faydalıdır.

İçərişəhərdə indiyə kimi ən qədim yazılı memarlıq abidəsi olaraq üzərindəki daş kitabədə onu tikən ustanın adı Məhəmməd ibn Əbu Bəkr və tikilmə tarixi (1078-1079) haqqındakı məlumata əsaslanaraq tədqiqatçılar Məhəmməd məscidini (Sınıqqala) nəzərdə tuturdular.

XIX əsrin əvvəllərində İçərişəhərin rus mütəxəssisləri tərəfindən çəkilən planında bu abidə rus əlifbasi ilə “P” hərfi şəklində göstərilmişdir. Görünür, həmin dövrdə bu abidənin cənub tərəfi dağıdıldığından o planda öz əksini tapmamışdır. Lakin həmin planda bu abidənin ətrafında məscid, məbəd, pir və digər dini binaların qalıqları da təsvir olunmuşdur.

Bakının 1806-cı ildə rus işğalından əvvəl bu ərazidə minarəli məscidinin yerləşməsi barədə sənədli sübutlar vardır. 1684-cü il yanvarın 6-da Bakıda olmuş alman səyyahı, təbiətşünası və diplomatı E.Kempfer öz yol qeydlərində bu məscid və onun minarəsi haqqında məlumat verir. Hətta onun çəkdiyi məşhur Bakının qrafik rəsmində məscidin minarəsi xüsusi olaraq qeyd olunur. Onun yanında Gürcü kilsəsinin mitropoliti İsidorun təkidi və çar Rusiyasının Qafqaz qoşunlarının komandanı, infanteriya generalı Rtişevin göstərişi ilə 1815-ci ildə İsa məsihin 12 apostolundan biri Müqəddəs Varfolomeyin adını daşıyan taxta kilsə (sovmə) tikilir. Sonradan onu daş sovmə ilə əvəz edirlər. Pravoslav xristianların inandıqları əfsanəyə görə, bütpərəstlər Varfolomeyi miladın 71-ci ilində Qız qalasının yanında edam etmişlər. Qeyd olunan kilsə 1936-cı ildə dinlə mübarizə adı ilə uçurulmuşdur, indi həmin yerdə onun bünövrəsinin qalıqlarını görmək olar. Hər il Müqəddəs Varfolomeyin ölüm günündə – iyunun 24-də Bakının pravoslav icması bura toplaşıb dini ayınləri icra edir.

Sıratağlı dini-memarlıq kompleksində nümayiş olunan “İçərişəhər” tarixi muzeyinin bədii-dekorativ daşyonma sənəti nümunələrinin ekspozisiyası yenidən 2010-cu ilin mart ayında açılmışdır. Burada Avstriya mütəxəssisləri tərəfindən müasir muzey ekspozisiyasının tələblərinə uyğun təmir və tərtibat işləri aparılmışdır.

Ekspozisiyada təqdim olunan abidələr Tunc dövründən başlayaraq geniş bir tarixi dövrü əhatə edir. Bütpərəstlik dövrünün heykəlləri əzəmətliyi ilə fərqlənir. Erkən orta əsrlərə aid çin, ərəb və Orta Asiya mənbələrinin verdiyi məlumata görə, belə daş fiqurlar məşhur döyüşçülər və ordu başçılarının şərəfinə ucaldılır, bu tipli heykəllər müqəddəs hesab olunub onlara sitayiş edilirmiş. VII əsrdə yaşamış Alban tarixçisi Musa Kalankaytuklu bu barədə yazmışdır ki, Qafqaz Albaniyasında məskunlaşmış bəzi tayfalar daşdan heykəllər yonub ona sitayiş edir, qurban kəsirdilər.

Xristian dövrünə aid qəbirüstü abidələrin üzərində alban xaçı təsvirlərinə rast gəlinir. İslam dövrü qəbirüstü abidələrinin formasında olan başdaşı, sənduqə, qoç, at heykəlli məzar daşları geniş təqdim olunur. İslam dövrü abidələri həndəsi və nəbati ornamentlərlə, müxtəlif süjetli kompozisiyalarla bəzədilib, mərhumun cinsi və hansı peşə sahibi olduğunu nümayiş etdirir. Qəbir daşları əsasən nəbati naxışları, mərhumların ölümünə təəssüf bildirən yazıları və məişət əşyaları təsvir edir. Ornamentlərlə yanaşı, abidələrin üzərində kufi, nəsx, süls, nəstəliq xətti ilə yazılmış Quran surələri və şeir nümunələri ümumi kompozisiyanı tamamlayır. Üstündə “Bu dünya bir körpüdür, onu keçin, orada məskunlaşmaya çalışmayın” yazısı olan və Şirvanşah I Xəlilullahın qardaşı oğlu, qoşun başçısı Təhmuraz ibn Şeyx Bəhlulun (ölüm tarixi 1459-cu il) qəbrinin sinədaşı da burada ekspozisiya olunur.

Bütün deyilənlərə yekun olaraq bildirmək olar ki, sıratağlı abidə minilliklər ərzində Azərbaycan ərazisində bir-birini əvəz edən dinlər üçün müqəddəs ibadətgah olmuşdur. İçərişəhərdə aparılan abadlıq-konservasiya işlərinin miqyası genişləndikcə, şəhərin tarixi hissəsinin görkəminə xələl gətirmədən görülən işlər burada yerləşən qədim mədəniyyət abidələrinin əhəmiyyətini daha da artırır.