Azərbaycan.-2017.-18 noyabr.-¹254.-S.7.
Sirlərlə dolu İçərişəhər
Vəfa Quliyeva,
tarix üzrə elmlər doktoru
Qənirə Pirquliyeva,
tarix üzrə fəlsəfə doktoru
Bakı əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Burada atəşpərəstlik, xristianlıq, islam mədəniyyətləri öz izini qoyub, xalqın adət-ənənələrində əks olunub. Ona görə də xalqımız bütün dinlərə və mədəniyyətlərə açıqdır. Hazırda ölkəmizdə yəhudi də, xristian da, katolik də özünü sərbəst və azad hiss edir. Bu, bizim böyük və danılmaz nailiyyətimizdir.
Hər bir azərbaycanlının qürur duyduğu məkan İçərişəhər isə qədim Bakının tarixi mərkəzidir. Möhtəşəm qala divarları əhatəsində yerləşən, açıq səma altında bir muzey kimi fəaliyyət göstərən İçərişəhər qədim və orta əsrlər dövrünə aid zəngin maddi-mədəniyyət abidələrini əsrlərdən bəri qoruyub saxlayır.
Bakı şəhəri qədim zamanlardan insanların yaşaması üçün əlverişli məkan olması ilə yanaşı, eyni zamanda, müxtəlif dini inancların yarandığı müqəddəs yerlərdən biri idi. Monoteizm yaranana qədər qədim dünyada zoroastrizm hökmran din olmuşdur. Bakı qalasında müqəddəs sitayiş yerləri, pirlərin qalıqları qalmışdır. Bu faktı ötən əsrdə aparılmış arxeoloji qazıntılar da təsdiqləyir. Bəşəri dinlərin – iudaizmin, xristianlığın və nəhayət, islamın meydana gəlməsi ilə bu müqəddəs şəhər həmin üç dinin mərkəzinə çevrilmişdi.
Monoteist dini inanclara qədər Bakı atəşpərəstliyin ən mühüm mərkəzlərindən biri idi. Bu fakt həmçinin Abşeronda təbii mənşəli odun zənginliyi ilə bağlı idi.
Bakı qalasında Qafqaz Albaniyası dövrünə aid bir neçə erkən xristianlıq kilsələri, erkən islam dövrünə aid məscidlər fəaliyyət göstərirdi. Bu gün onların qalıqlarını möhtəşəm memarlıq və dini abidə hesab olunan Qız qalasının yanında müşahidə etmək olar. Ərəb xilafəti dövründə bir çox atəşpərəstlik pirlərinin yerində və üzərində bənzərsiz məscidlər, mədrəsələr, minarələr, islama aid bütöv komplekslər inşa olunmuşdur.
Qız qalasının funksional təyinatı məsələsi hələ də elmi ictimaiyyət arasında mübahisə predmetidir. Lakin bizim əldə etdiyimiz dini xarakterli faktoloji materiallar əsas verir təsdiq edək ki, Qız qalasının ətrafındakı məkan qədim zamanlardan möcüzəli, müqəddəs sitayiş yeri, Qız qalasının özü isə əsas sitayiş abidəsi olmuşdur. Məhz buna görə xristianlığın və islamın qəbulundan sonra da bu abidə toxunulmaz qalmış və bizim günlərə qədər gəlib çatmışdır.
Tarixi nöqteyi-nəzərdən İçərişəhər sirlərlə doludur, bənzərsiz və maraqlı məkandır. Belə abidələrdən biri XX əsrin 80-ci illərinə qədər Qız qalası yaxınlığında yerləşən Zəng qülləsi olan məbəd idi. Köhnə fotoşəkillərdə kilsənin yuxarı örtüyü tam aydın görünür. Memarlar yazırlar ki, Qız qalasının yanında XIX əsrdə bərpa olunmuş kilsə yerləşirdi. Kilsənin zəng qülləsinin altında cahartağ formasında (dörd tağ) atəşgah vardı.
İlk kilsələr atəşpərəstlik məbədlərinin yerində inşa olunmuşdur. Səcdəgahı ucaldarkən şərq tərəfdən, girişi qərbdə yerləşdirməklə atəşpərəstlik məbədini xristian kilsəsinə çevirirdilər. Bu yeni inanca keçid prosesini bir qədər asanlaşdırırdı. Xristian məbəd və monastırlarını adətən, əhali məskunlaşan, qala divarları ilə əhatələnmiş məkanlarda inşa edirdilər. Alban xristian mədəniyyəti erkən orta əsr alban mədəniyyətinin məhəlli variantı deyil, müstəqil mədəniyyət idi. Xristianlıq və onunla birgə mövcud olan Alban atəşpərəst mədəniyyəti fərqli etnik əlamətlərə malik deyildi.
Memarlıq, konstruktiv formasına, inşaat metoduna əsasən bu abidə Azərbaycanın Şəki rayonunun Kiş kəndində yerləşən Alban məbədi ilə eynilik təşkil edir.
Apostol Yelisey tərəfindən ucaldılan Kiş kəndindəki monastır Qafqazda ilk Alban apostol monastırı və xristian dünyasında ən qədim monastırdır. Eramızdan əvvəl IV əsrdə bünövrəsi qoyulan, III-V, VI-VII əsrlərdə onun üzərində bazilikadan günbəzi qoyulan məbəd mərhələlərlə ucaldılmışdır. VIII əsrədək Alban memarlığının bəzi elementlərinə islam dövrü abidələrində də rast gəlinir.
XIX əsrdə bərpa olunmuş Qız qalasından 20-25 metr qərbdə yerləşən dini abidə, zənnimizcə, monastırın Zəng qülləsinin qalıqlarıdır. Abidə memarlıq-konstruktiv quruluşuna görə Alban monastırları ilə eynilik təşkil edir.
Tikilinin günümüzə gəlib çatmış salamat hissəsi tağlı girişdən, kiçik hücrəli uzun P şəklində olan dəhlizdən ibarətdir. Onun həmin hissəsi demək olar ki, tam bərpa olunub. Divar yonulmuş yerli növ əhəng daşından hörülmüşdür. Tikilini memarlıq-konstruktiv quruluşuna və daşının ölçüsünə görə orta əsr dövrünə aid etmək olar.
Binanın girişində uzunluğu təxminən 2 metr, hündürlüyü 2.10 – 2.30 sm olan divar qalığı abidənin ən qədim hissəsidir. Abidənin divarı 70x40x10; 60x30x5 sm ölçüsündə olan kobud, yonulmamış daşlarla hörülmüşdür. Bərkidici məhlul kimi qum və az miqdarda əhəngdən istifadə olunmuşdur. Daşlar ölçü və formasına görə fərqlənir. Bundan əlavə, uzun müddət yanğına məruz qaldığına görə onun üzəri hislə örtülmüşdür. Ehtimal olunur ki, bu hörgü bizə gəlib çatan tikilinin üst hissəsidir. Yanan alov tikilinin yuxarı hissəsinə daha çox təsir göstərmiş, ona görə də daşlar qaralmışdır.
Nəhayət, tamamilə mümkündür ki, XX əsrin 80-ci illərinə qədər fəaliyyət göstərmiş Zəng qülləsi XIX əsrdə bərpa olunmuş Alban məbədinin bir hissəsi olmuşdur.
Beləliklə, ehtimal etmək olar ki, həmin bu yerdə atəşpərəstlik dövründə (e.ə. VI-IV əsrlərdə) ən qədim tikili ucaldılmış, IV-VIII əsrlərdə Qafqazda xristianlığın yayıldığı dövrlərdə bu yer müəyyən dini mərasimlərin keçirildiyi məkan olmuş, lakin XIX əsrin birinci yarısında, hələ Alban katalikosatlığının (Alban kilsəsi 1836-cı ildə ləğv edilmişdir) fəaliyyət göstərdiyi illərdə burada Zəng qülləsi ucaldılmışdır.
Bu Alban məbədi Qafqazdakı analoji məbədlər kimi iki əsas tikilidən ibarət olub. Ehtimal ki, XII-XIII əsrlərdə Azərbaycanda islam memarlığının geniş yayıldığı illərdə, tikiliyə günbəz əlavə olunaraq məscidə çevrilmişdir. Məşhur fotoqraf Y.İ.Yermakovun Bakı mövzusuna həsr olunmuş şəkillərində Zəng qülləsinin bilavasitə yaxınlığında məscidin günbəzi aydın görünür. Lakin yazılı mənbələrdə bu məscid haqqında məlumat yoxdur. Amma yerli sakinlərin şahidliyinə əsasən, bu yer əsrlərdən bəri üç dinin müqəddəs məkanı adlandırılır. Ötən əsrdə həm məscid, həm də kilsə dağıdılmışdır.
Azərbaycan ərazisində xristian sitayiş abidələrinin ucaldılması çarizmin Qafqazın xristianlaşdırma imperiya siyasətinə uyğun olaraq aparılırdı. Bu, böyük plan idi və xristianların regiona kütləvi şəkildə köçürülməsi həmin planın tərkib hissəsini təşkil edirdi.
XIX əsrin ortalarında Qız qalasının qarşısında indiki Varfolomey kilsəsinin qalıqlarının yerləşdiyi məkanda taxtadan bir kiçik xristian sövməsi ucaldılmışdır. Rusiyanın Moskva şəhərində yerləşdiyi Dövlət Hərb Tarixi arxivindən əldə etdiyimiz məlumatlara görə, 1824-cü ildən 1834-cü ilə qədər on il ərzində rus pravoslav kilsəsi bu ərazidə mövcud olan məscid binasının içində fəaliyyət göstərib. Görünür, sonralar məscid sökülüb yerində qeyd etdiyimiz həmən sövmə tikilmişdir. Bəzi mənbələrdəki məlumatlara görə 1853-cü il, digər məlumatlara görə 1857-ci ildə İçərişəhərdə Şamaxı qapılarının yanında Müqəddəs Nikolay pravoslav məbədinin tikintisindən sonra Qız qalasının qarşısındakı bu pravoslav sövməsi fəaliyyətini dayandırır və əsrin axırına tam dağılıb, yararsız vəziyyətə düşür. Məscidin bərpası haqqında məsələ gündəmə gətirilir. Əvvəllər bu yerdə məscid yerləşdiyindən müsəlmanlar məscidin bərpası xahişi ilə qubernatora müraciət imzalayırlar. Lakin mitropolit İsidor izn vermir. Bu, təsadüfi məsələ deyildi.
Çarizm bu tarixi dövrdə müsəlman ruhaniliyinin simasında Cənubi Qafqazda rus mütləqiyyətinə təhlükə yaradan islam ideologiyasının əsas daşıyıcılarını görürdü. Cəmiyyətdə möhkəm mövqeyə, böyük məbləğdə gəlirlər gətirən iri vəqf mülkiyyətinə, güclü sosial bazaya xalq arasında böyük nüfuz və təsirə malik müsəlman ruhaniləri çarizmi daim qorxu içərisində saxlayırdı. Əgər XIX əsrin birinci yarısında çarizm müsəlman ruhanilərinə güzəştə gedərək, ona müəyyən imtiyazlar verirdisə, XIX əsrin ikinci yarısından müsəlman ruhaniləri sıxışdırılıb, tədricən onların tutduqları mövqelərin alınma prosesini aparırdı. Bu nöqteyi-nəzərdən, təbii ki, hakimiyyət Qız qalası yaxınlığında məscidin bərpasına razı ola bilməzdi.
1891-ci ildə Gürcüstan ekzarxı Arxiyepiskop Palladinin xeyir-duası ilə qərara alınır ki, burada xristian dininin ilk yayıcısı olan Apostol Varfolomeyin xatirəsinə daşdan sövmə ucaldılsın. 14 sentyabr 1892-ci ildə Müqəddəs Varfolomey sövməsinin açılışı baş tutur. Səhər Nikolay kilsəsində Bakı qubernatorunun iştirakı ilə liturgiya mərasimi keçiriləndən sonra kilsə nümayəndələri əllərində bayraqlar Qoşa qala qapıları yaxınlığında yerləşən Müqəddəs Nikolay kilsəsindən Qız qalasının qarşısında inşa olunmuş Müqəddəs Varfolomey sövməsinə yürüş keçirirlər.
Sövmə rus üslubunda kiçik kilsə olmaqla, onun günbəzində güzgülü xaç ucaldılmışdı. Sövmənin içərisində Müqəddəs Varfolomeyin təsviri və digər ikonalar qoyulmuşdur. 1895-ci ildə fotoqraf A.Mişon da həmin məkanda sövmənin yerləşdiyini fotoşəkillərlə təsdiqləyir. Pravoslavlar sövməni ziyarət edirdilər. Protoiyerey Aleksandr İvanoviç Yunitski 1906-cı ildə yazdığı “Bakı quberniyasında kilsələrin tarixi və kilsə gəlirləri” kitabında qeyd edirdi: “Ruslar və müsəlmanlar bir-biri ilə mehriban münasibətdə idilər. Pravoslav inanclı insanlar Allahın iradəsinə tabe olaraq, ibadət edərək sakit və amiranə yaşayır, öz ailə ocağını ciddi şəkildə qoruyurdu”.
Varfolomey sövməsi 1930-cu ildə bağlandı və bir müddət boş qaldı. Sövmə binası sovet ateizm siyasətinin qurbanı olaraq 1936-cı ildə dağıdıldı.
2003-cü ildə Müqəddəs Konstantinopol Patriarxı I Varfolomey Bakıya gəlmişdi. O, Apostol Varfolomeyin müqəddəs qalıqlarının yerləşdiyi mücrünü gətirmiş və onu Prezident Heydər Əliyevə təqdim etmişdi. İndi həmin mücrü Bakıda yerləşən Müqəddəs Jen-Mironosets kafedral kilsəsində saxlanılır.
XX əsrin 60-cı illərində Qız qalasının ətrafında abadlıq işləri aparılarkən sıratağlı dini-memarlıq kompleksi aşkar olundu.
Tikilinin şərq və qərb divarlarında iki yerdə iki kiçik qapı saxlanılmışdır. Bu qapılar günçıxan və günbatan istiqamətinə açılır. Bu, abidənin yaranma tarixinin Günəşə sitayiş dövrünə aid olunduğunu ehtimal edir. Ona görə də məbədə açılan qapı kiçik ölçüdə olmuşdur. Bura daxil olan insanlar əyilməyə məcbur olaraq bir növ Günəşə baş əyib, sitayiş edirdilər.
Aparılan arxeoloji qazıntılar zamanı 50-dən çox məzar aşkarlanmışdır. Bəzi qəbirlər abidənin bünövrəsinə yaxın, kiçik eyvanlarda dəfn edilmiş, qəbirüstü daş lövhə isə bünövrənin üstündə yerləşirdi. Bəzi qəbirlərin baş hissəsi cənuba doğru yerləşmişdi. Bu faktlar bəzi ehtimalları söyləməyə imkan verir. Kəbəyə tərəf (cənub-qərb) istiqamətlənmiş məzarlar islam dövrünə aiddir. Digər istiqamətdə yerləşən qəbirlərin islamaqədərki dövrə aid edildiyi ehtimal olunur.
Arxeoloji qazıntı zamanı kiçik eyvanda mərkəzdən bir qədər kənarda səkkizguşəli 1m 31 sm hündürlüyündə, 45 sm diametrində üçpilləli böyük daş sütun aşkar olunmuşdur. Sütunun yuxarı çıxıntı hissəsində od izləri var idi. Bu da atəşpərəstlik dövrünün abidəsi olduğuna dəlalət edir.
Arxeoloji qazıntılar 4,5 m dərinlikdə yerləşən mədəni təbəqədə aparılmışdır. 2,5 metr dərinlikdə XII-XIII əsrlərə aid maddi-mədəniyyət abidələri, məhz Şirvanşahlar dövrünə aid sikkələr aşkar olunmuşdur.
Orta əsrlərdə mövcud qaydalara uyğun olaraq belə dəfn mərasimləri Xanəgahda həyata keçirilirdi. Xanəgahlar ticarət-karvan yollarının üzərində yerləşirdi və kompleks abidələrdən ibarət olurdu.
Abidənin bir tərəfində yerləşən məktəb-məscidin günbəzində vəqfnamənin mətnində məscidin II şah Abbas vaxtında (1646-cı il) onun nökəri İmam Qulu tərəfindən inşa edildiyi haqqında bəhs olunur. Mətndə vurğulanır ki, Şeyx Tahirin anbarı məscidə vəqf olunur və vəqfdən əldə edilən gəlir onun ehtiyaclarına yönəldilsin. Yazıda kompleksdə su xəttinin, neft anbarının, dəmir darvazaların olduğu haqqında məlumat verilir və kompleksin daş hasarla əhatəsi barədə də bəhs olunur. Yazı arxeoloji tapıntıların təsdiqi kimi abidənin dini sitayiş yeri olduğunu bir daha göstərir.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Qız qalasının ətrafı minilliklər ərzində, Azərbaycanda müxtəlif dinlərin bir-birini əvəz etməsinə baxmayaraq, müqəddəs sitayiş yeri olmuşdur.
İçərişəhərin memarlıq ansamblında islam dövrü geniş təmsil olunmuşdur. Bu, hər şeydən əvvəl, Came məscidi, UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş, tam şəkildə bu günümüzə qədər gəlib çatmış – XI əsrin unikal memarlıq abidəsi Məhəmməd məscidi, həmçinin İçərişəhərin 28 məhəllə məscidləridir. Xüsusi qeyd etmək lazımdır ki, məscidlərin böyük əksəriyyəti, o cümlədən Came, Məhəmməd, Aşur məscidləri köhnə pir yerlərində – atəşpərəstlik məbədləri üzərində ucaldılmışdır.
Əsrlər boyu Bakı Şərq ilə Qərbin arasında yerləşən müsəlman şəhəri olaraq özündə bir çox mədəniyyətləri ehtiva edib, iudaizmin, xristianlığın, islamın yan-yana yaşaması üçün şərait yaratmışdır.
Məhəmməd (ə.s.) Peyğəmbərə Tanrıdan göndərilən vəhydə deyilir: “ Vahid Allah ideyası altında birləşin. Dində təfriqələrə yol verməyin”.
Ulu Tanrının bu deyimi Azərbaycan torpağında tam həyata keçmişdir. Bu gün tarixin keşməkeşli, əzablı yollarından keçən yaradıcı, zəhmətsevər xalqımız yüksək mənəviyyatı ilə Azərbaycanın dövlət siyasəti səviyyəsində digər din nümayəndələrinə dözümlü və tolerant münasibət nümayiş etdirir.
Bakı unikal tolerantlıq məkanı olmaqla burada insanlar din, mədəniyyət və dünyagörüşü müxtəlifliyinə hörmətlə yanaşmağı bacarırlar. Bu gün ictimai-siyasi sabitlik ilk növbədə, Azərbaycan xalqının milli və dini mənsubiyyətə olan qarşılıqlı hörməti nəticəsində əldə olunmuşdur. Bakıda unikal tolerantlıq mövcuddur və bu yaranmış multimədəni mühit daha da inkişaf etdirilir, mədəniyyətlərarası dialoqa, insanların mehriban qonşuluq münasibətlərinin formalaşmasına zəmin yaradır. Göründüyü kimi, Azərbaycan xalqının artıq milli mentalitetinə nüfuz edən tolerantlığın qədim tarixi kökləri var.