İki sahil. - 2017.- 8 noyabr. - ¹ 204. - S. 18-21.

 

Bakı nefti faşizm üzərində qələbənin qazanılmasında həlledici amil oldu

 

1919-1920-ci illərdə dünyanın iri dövlətlərinin beynəlxalq siyasətində neft məsələsi ilk sırada idi. Təsadüfi deyildi ki, 1920-ci ilin aprelində San-Remoda (İtaliya) keçirilmiş konfrans və onun ardınca ABŞ və Böyük Britaniya arasında münasibətlərin gərginləşməsi bütün dünyaya göstərdi ki, neft müharibədən sonra beynəlxalq siyasətdə birinci dərəcəli amildir və  bu baxımdan da  neft mənbələri  iri kapitalist dövlətləri arasında mübarizənin əsas səbəbidir.

XX əsrin əvvəllərində Mərkəzi və Cənubi Amerikada istismar olunan neft yataqlarının üçdə ikisi ingilislərin əlində cəmləşmişdi. San-Remoda Böyük Britaniya ilə Fransa arasında imzalanmış saziş isə İngiltərəyə Şərq yarımkürəsində olan əsas neft hövzələrini də inhisara almaq imkanı verirdi. Sazişin 2-ci bəndində göstərilirdi ki, bu razılaşma Rumıniyaya, Kiçik Asiyaya, Rusiya imperiyasının keçmiş ərazilərinə, yəni Bakıya (bu vaxt Bakı artıq ADR-in paytaxtı idi) və Şimali Qafqaza, Qalisiyaya (indiki Qərbi Ukrayna ərazisi) və Fransanın müstəmləkəsi olan ölkələrə şamil edilir.

Lakin çox keçmir ki,  ingilislərin keçmiş Rusiya ərazisindəki neft yataqları ilə əlaqədar böyük problemləri ortaya çıxır. 1920-ci il aprelin 28-də Bakı bolşeviklərin XI ordusu tərəfindən işğal olundu və  ADR hökumətinin fəaliyyətinə son qoyuldu.

 

Bolşeviklər Bakının işğalından bir gün sonra Azərbaycanda yığılıb qalmış 5 milyon ton nefti Rusiyaya daşımağa başladılar

 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ölkədə yeni iqtisadi siyasət tətbiq edilməyə başlanıldı. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 24 may tarixli dekretinə əsasən Azərbaycan neft sənayesi milliləşdirildi. Sovet hökumətinin fərmanı ilə dövlətə məxsus Azərbaycan Neft Komitəsi “Azneftkom” yaradılır və Aleksandr Pavloviç Serebrovski bu sahəyə  rəhbər təyin olunur. Azərbaycan Neft Komitəsi “Azneftkom” sentyabrın 1-də “Azərneft”- Azərbaycan Dövlət Neft Sənayesi Birliyi (“Trest”) ilə əvəz olunur və A. P. Serebrovski yenidən bu sahəyə rəhbərlik edir .

Bundan əvvəl isə bolşeviklər  Bakının işğalından bir gün sonra, yəni  1920-ci il aprelin 29-dan başlayaraq 40 gün ərzində RSFSR Xalq Komissarları Sovetinin sədri V. Leninin qərarını icra etməklə  I Dünya müharibəsi dövründə Azərbaycanda yığılıb qalmış 5 milyon ton yüksək keyfiyyətli nefti dəmir yolu və dənizlə Rusiyaya daşıdılar. Bu cür soyğunçuluq əməli Bakı neftinin amansızcasına istismarının başlanğıcı idi...

Bu arada  keçmiş Rusiya ərazisindəki neft kapitalını itirmək təhlükəsi ilə üzləşən xarici şirkətlər  sovet rəhbərliyi ilə təcili danışıqlara başlamağa səy göstərirdi. Xüsusən də bu sahədə ən çox fəallığı “Royal-Dutch-Shell” şirkəti göstərirdi. Lakin ABŞ və Böyük Britaniya  arasında sovet nefti uğrunda aparılan mübarizə hər hansı bir nəticənin əldə olunmasına imkan vermədi. Bu illərdə SSRİ-nin neft sənayesi tədricən dirçəlməyə, dünya neft siyasətinin hədəfindən çıxararaq onun ən böyük iştirakçılarından birinə çevrilməyə başladı.

Bununla belə, 1921-ci ildə Bakıda cəmisi 2,4 milyon ton (SSRİ-də isə 3,72 milyon ton) neft hasil edilmişdi ki, bu da çox aşağı göstərici idi. Nəticədə sovet hökuməti neft sənayesinin bərpa edilməsinə və inkişafına dair fəal tədbirlər həyata keçirməyə başladı. Neft istehsalını artırmaq üçün yeni yataqların açılmasına da  böyük ehtiyac var idi. Bu məqsədlə 1920-ci ildə Azərbaycanda Geoloji Kəşfiyyat bürosu təşkil olunmuşdu. Onun işində D. V. Qolubyatnikov, İ. M. Qubkin və başqaları yaxından iştirak edirdilər. Onların fəaliyyəti nəticəsində 1922-ci ildə Balaxanı-Sabunçu rayonunda yeni zəngin neft yatağı aşkar edildi. Burada ilk sovet  neft mədəni yaradıldı. Kəşfiyyat-qazma işlərinin genişlənməsi ilə əlaqədar bir sıra yeni neft yataqları (Qala, Buzovna-Maştağa və b.) da aşkar edilib istismara verildi.

Bununla belə xarici şirkətlərin və mütəxəssislərin köməyinə böyük ehtiyac var idi. “Azərneft” texniki avadanlıq və başqa məhsullar almaq məqsədilə ABŞ-ın “Standard Oil” şirkəti ilə  müqavilə imzaladı. Bütün bunlar neft hasilatında yeni texnologiyalardan istifadə olunmasına imkan vermişdi. Hələ 1920-ci ildən başlayaraq Azərbaycan neft sənayesini öz himayəsində saxlayan İttifaq rəhbərliyi onun inkişafı üçün “Azərneft”ə xarici şirkətlər ilə əlaqə yaratmaq səlahiyyəti vermişdi. Bu da neft sənayesinin yeni texnika ilə təmin olunmasına kömək edirdi. 1921-ci ildə xam nefti və kerosini xaricdə neft avadanlıqlarına, texniki materiallara və ərzaqlara dəyişmək üçün xarici ticarət məsələlərində “Azərneft”ə müəyyən müstəqillik verilmişdi. 1922-ci ildən başlayaraq daha mütərəqqi texnika və texnologiyanın tətbiqi nəticəsində neft hasilatının artırılmasına nail olundu.

1920-25-ci illərdə Azərbaycan neft sənayesinin texniki cəhətdən yenidən qurulması demək olar ki, başa çatdırılmışdı. Bu illərdə neft hasilatında fırlanma (Rotor) qazma üsulunun tətbiqinə başlanıldı. 1923-cü ildə keçmiş SSRİ-də ilk dəfə olaraq L.Şmidt adına (indiki Səttərxan) neft maşınqayırma zavodunda rotorla qazma üsulu üçün dəzgah hazırlandı və mədənlərdə tətbiq edildi. 1924-cü ildə Suraxanıda bakılı mühəndis M.A. Kapelyuşnikovun ixtira etdiyi turbobur vasitəsilə ilk dərin quyu qazıldı və müasir turbin qazmasının əsası qoyuldu. Nəticədə neftçıxarma üçün texniki təchizatın dinamikası yüksəldi. Bununla da Balaxanı-Sabunçu rayonlarında yeni neft yataqlarının aşkar edilməsi, Bibiheybət rayonunun Bayıl buxtasındakı neft mədənlərindən istismara başlanılması Azərbaycanda neft hasilatının artımına imkan yaratdı. Artıq 1925-ci ildə neft hasilatı 1921-ci ilə nisbətən 2 dəfə artmış, mədənlərin elektrikləşdirilməsinə və  texniki cəhətdən təkmilləşdirilməsinə başlanılmışdı. 1925-ci ildən başlayaraq neft yataqlarında qazımanın həcmi kəskin sürətdə, başqa sözlə, 1920-ci illə müqayisədə 3,4 min  metrdən 203 min metrə qədər yüksəlmiş, nəticədə neft hasilatı artaraq ildə 5,5-6,8 milyon tona çatmışdı.

Bu illərdə Bibiheybət buxtasının torpaqla doldurulması işləri sürətləndi. Mühəndis Pavel Nikolayeviç Pototski böyük əzmkarlıq və işgüzarlıq nümayiş etdirərək 1922-ci ildə dənizin daha 27 ha ərazisinin qurudulmasının qeyri-adi layihəsini hazırladı. Buxtada torpaqla tökmə işləri dənizə doğru tədriclə irəlilədikcə, qurudulmuş sahələrdə quyuların qazılması davam etdirilir. Həmin ildə  bu torpaq sahəsində ilk qazıma quyusu qoyuldu və 1923-cü ildə quyunun 460 m dərinliyindən neft fontanı vurdu. Bu quyu Xəzərin dərinliklərindəki dəniz neft yataqlarının mənimsənilməsinin əsasını qoydu. Bundan başqa həmin sahədə daha 4 qazma dəzgahı işə salındı. 1927-ci ildə ümumən 350 ha sahədə Bibiheybət buxtasının qurudulması başa çatdırıldı.

 

1924-cü ildə dünyada ilk dəfə ağac dirəklərdən (payalardan) yaradılmış süni adacığın üzərində qurulmuş quyudan neft hasil edilməsi Xəzər dənizinin müxtəlif sahələrində neft və qaz yataqlarının kəşfiyyatı üçün güclü təkan oldu. Amerikalılar ilk ağac dirəkdən dəniz özülünü 1937-ci ildə Meksika körfəzində quraşdırmışdılar

 

Burada xüsusi qeyd etmək lazımdır ki, 1924-cü ildə dünyada ilk dəfə dənizdə İliç buxtasında (indiki Bayıl limanı) ağac dirəklərdən yaradılmış süni adacığın üzərində qurulmuş quyudan neft hasil edilməsi Xəzər dənizinin müxtəlif sahələrində neft və qaz yataqlarının kəşfiyyatı üçün güclü təkan oldu. İlk belə özül buxtanın qurudulmuş sahəsinin şərqində sahildən 270 m məsafədə açıq dənizin 6 m dərinliyində qoyulmuşdu və onun sahəsi 948 kvadratmetr, uzunluğu isə 55 m idi  (amerikalılar ilk ağac dirəkdən dəniz özülünü yalnız 1937-ci ildə Meksika körfəzində - sahildən 1500 m məsafədə suyun 4 m dərinliyində quraşdırmışdılar). Dəniz quyuları üçün süni adacıqların - özüllərin yaradılması çox zəhmət tələb edən və baha başa gələn iş olmasa da, lakin dəniz şəraiti üçün az səmərəli idi, çünki avadanlığın və yardımçı təsərrüfat qurğularının yerləşdirilməsinə lazım olan böyük sahəyə dirəklərin çox sıx vurulması tələb olunurdu.

1926-1927-ci illərdə buradakı dəniz quyuları 714 min tona yaxın neft verirdi. Sonralar 1932-1933-cü illərdə burada daha iki özül qoyuldu və bir neçə kəşfiyyat quyusu qazıldıqdan sonra məlum oldu ki, neftli sahələrin əhatə dairəsi 1932-ci ildə torpaqla doldurulmuş Bibiheybət buxtasının hüdudlarından kənara çıxır.

XX əsrin 20-ci illərinin sonunda SSRİ-nin sürətlə sənayeləşdirilməsi daha çox neft tələb edirdi. Məsələ burasında idi ki, neft məhsulları yüksək səviyyəli ixrac mallarına çevrilmişdi.

Bu məqsədlə 1931-ci ildə “Azərneft” köhnə və yeni yataqlarda 1000-1500 m dərinliklərdə kəşfiyyat işlərini xeyli genişləndirdi. Balaxanı (“Leninneft”) və Suraxanı (“Orconikidzeneft”) yataqlarında müsbət nəticələr əldə edildi. Aparılmış elmi-texniki axtarışlar nəticəsində Pirallahı adasında dəniz şəraitində qazıma işləri aparmaq üçün metal özüllərdən istifadə olunmağa başlandı. Elə o vaxtdan da dəniz neft yataqlarının istismarı üçün müxtəlif konstruksiyalı metal özüllərin geniş tətbiqinə başlanıldı. Metal özüllərin meydana çıxması, öz aralarında tağ şəbəkəsi şəklində bir-birinə bağlanmış qazma-doldurma dirəklərin yeni nəsillərinin meydana çıxmasına bir təkan oldu. Bu özüllərin köməyi ilə hələ XX əsrin 30-cu illərində dəniz neft yataqlarının istismarı üçün maili istiqamətdə qazıma işləri aparılırdı. 1933-cü ildə İliç buxtasının sahilində SSRİ-də ilk dəfə “Rotor” üsulu ilə maili quyunun qazılmasına başlanıldı.

Bundan 2 il sonra mühəndis N. C. Timofeyev dəniz sahillərində metal boru özüllərin quraşdırılmasını təklif etdi. 1935-1936-cı illərdə Pirallahı adasının şimal-qərbində ilk dəfə dənizdə metal boru  özüllər quraşdırılır və qazma işləri başa çatdıqdan sonra bu sahədən gündə 150-300 ton xammal alınırdı. Lakin qurğular müəyyən istismar həddindən sonra sıradan çıxdıqları üçün, qarşıya, çətin dəniz şəraitində uzun müddət fəaliyyət göstərməyə qadir olan yeni texniki vəsaitlərin yaradılması qoyulmuşdu. 1938-ci ildə mühəndis N.S.Timofeyev fərdi metal özülün layihəsini təqdim etdi və avadanlıqlar hazırlandıqdan sonra Pirallahı adasının şimalında kəşfiyyat-qazma işlərinə başlandı. Mühəndis Timofeyevin metal boru özüllər konstruksiyasının quraşdırılması ilə Xəzər dənizində dəniz özüllərinin hazırlanması texnikasında yeni istiqamət açıldı.

SSRİ-nin əsas neft bazası olan Azərbaycan neft rayonunun inkişafını təmin etmək məqsədilə ÜİK(b)P MK və SSRİ Xalq Komissarları Soveti 1940-cı il yanvarın 24-də “Azərbaycan SSR-də neft hasilatını və emalını gücləndirmək tədbirləri haqqında” xüsusi qərar qəbul etmişdi.

“Türkmənneft” və “Gürcüneft” də daxil olmaqla Bakı neft rayonunda maddi-texniki bazanın möhkəmləndirilməsi, neft hasilatı və emalının inkişafının təmin edilməsi haqqında” ÜİK(b)P MK və SSRİ Xalq Komissarları Sovetinin 1940-cı il 24 dekabr tarixli digər qərarında isə neft sənayesinin daha da sürətlə inkişaf etdirilməsi nəzərdə tutulmuşdu. Bu iki qərar 1940-1941-ci illərdə neft və qaz hasilatında və emalında kəskin yüksəlişə nail olmaq üçün müəyyən şərait yaratmışdı. Bu illərdə Azərbaycanın neft sənayesi kadrlarla gücləndirilir, fasiləsiz maddi-texniki, mədən tikintisi, kəşfiyyat-qazma vasitələri və texnikası ilə təmin olunurdu. Bunun nəticəsində Böyük Vətən müharibəsinin əvvəllərində Azərbaycan neftçiləri nəinki neft hasilatında görünməmiş artıma nail ola bilmiş, həm də ölkəni getdikcə artan həcmdə yanacaq ilə təchiz etməyə imkan verən ehtiyat fondu yaratmışdılar. Bakı neftçilərinin fədakar əməyi sayəsində Azərbaycanda neft hasilatı 1939-cu illə müqayisədə (21547,5 min t)  1940-cı ildə 22175,3 min tona çatdı. Bu da SSRİ üzrə neft hasilatının 75 faizini təşkil edirdi.

Ümumiyyətlə, Azərbaycanın neft sənayesi müharibədən əvvəlki illər beşillik planlar əsasında inkişaf edərək, respublikanın xalq təsərrüfatının aparıcı sahəsinə çevrilmişdi. İstər müharibədən əvvəl, istərsə də müharibə illərində (1941-1945-ci illər) Azərbaycanın neft sənayesinin əsasını Bakı neft mədənləri təşkil edirdi. Lakin 1941-ci ilin iyun ayının 22-də Almaniya Sovet İttifaqına hücum etdi və bununla 1939-cu ilin avqust ayının 1-də başlanan II Dünya müharibəsində yeni cəbhə açıldı. Alman faşizminin dünyaya ağalıq etmə siyasətində neft amili ən mühüm yer tuturdu. Lakin Almaniyanın hərb maşınını neftsiz təsəvvür etmək mümkün deyildi. Bu baxımdan da Almaniya üçün müharibədə qələbə çalmağın ən yaxın yollarından biri də  Qafqazı, o cümlədən Bakını tutmaq idi.

Bakını tutmaqla Adolf Hitler hərb maşınının gücünə güc qatmaqla bərabər sovet ordusunu da  yanacaqdan məhrum etməyi planlaşdırmışdı. Bunu nəzərə alan Azərbaycan hökuməti Bakının havadan bombardman edilməsi və ya işğalı təqdirində mədənlərin ləğvi ilə bərpa işləri sahəsində qabaqcadan tədbirlər hazırlamışdı.  Bu tədbirlərin həyata keçirilməsi üçün Mərkəzi Komissiya yaradılmış, hər bir mədəndə operativ qərargahlar, sex və sahələrdə isə obyekt komissiyaları təşkil edilmişdi. Operativ ləğvetmə qrupları və obyekt komissiyaları quyuların və texnoloji qurğuların sıradan çıxarılması tədbirlərini hazırlamış, quyuların ayrı-ayrı kateqoriyalarının sıradan çıxarılması üçün ciddi növbə müəyyən edilmişdi. Xüsusən də zəngin ehtiyatı olan yataqları ən son məqamda  sıradan çıxarmaq planlaşdırılmışdı ki, axıradək onlardan neft hasil etmək mümkün olsun.

Qeyd edək ki, müharibənin birinci ilində bakılılar cəbhəyə və ölkəyə 23482 min ton “qara qızıl”  vermişdilər ki, bu da respublika neft sənayesinin tarixində ən yüksək göstərici idi. Lakin 1942-ci ilin yayında və payızında çox ağır vəziyyət yaranmışdı. Almanlar Volqa çayına yaxınlaşaraq  Bakıdan cəbhəyə və sənaye mərkəzlərinə neftin və neft məhsullarının daşındığı əsas dəmir yolu magistrallarını və birbaşa su yollarını kəsmişdi.

Bu vaxt Bakı-Batumi neft kəməri sökülmüşdü. Krasnovodsk (indiki Türkmənbaşı) limanı isə böyük həcmdə neft məhsullarının, avadanlığın, yüklərin, habelə, adamların qəbulu üçün zəif hazırlanmışdı. Belə olan halda hasil edilən nefti göndərməyə yer yox idi. Bütün metal çənlər və yeraltı anbarlar ağzınadək dolu idi. Belə olan halda yeni quyuların qazılmasını dayandırmaq, işləyən quyuları konservləşdirmək lazım gəlmişdi. Lakin bu dövrdə ölkəyə  getdikcə daha çox neft lazım idi. Vəziyyətdən çıxmaq üçün qərara alınmışdı ki, neft hasil edilsin və boru kəməri ilə Qara şəhərdəki neftayırma zavodlarına ötürülsün. Orada neftdən yalnız benzin götürülərək, qalıqları yenidən qaytarılsın və laya vurulsun. Bu təklif  qeyri-real görünsə də,  onu müdafiə edənlər tapıldı. Bu məqsədlə xüsusi quyu ayrılmış və onun vasitəsilə bilavasitə neft layında saxlanmaq üçün ona yarım milyon ton benzinsiz neft vurulmuşdu. Müharibədən sonra bu neft yenidən hasil edildi.

Bakıda, eyni zamanda, təxliyyə işlərinə başlanılmışdı. 1942-ci ilin payızına qədər 764 quyu basdırılıb ləğv olunmağa hazırlanmışdı və qazıma avadanlığının 81 dəsti işçilərlə birgə Türkmənistana göndərilmişdi. Bakıdan bir çox neftmaşınqayırma zavodları da Şərqə köçürülmüşdü. Qalan müəssisələr isə hərbi sursat istehsal edirdi. 1943-cü ilədək Azərbaycan neft sənayesi yeni avadanlıq alınmadan işləyirdi. Amma Bakı heç bir çətinliyə baxmayaraq köhnə quyuları bərpa və istismar edərək  cəbhə bölgəsini neft və neft məhsulları ilə təmin edirdi.

Yaranmış hərbi şəraitdə hökumət ölkənin şərqində neft sənayesinin intensiv inkişafına xüsusi əhəmiyyət verərək, son dərəcə qısa bir müddətdə “İkinci Bakı” adı verilmiş rayonlarda - Başqırdıstanda, Kuybışev (Samara) və Perm vilayətlərində, Orta Asiya və Qazaxıstanda yeni neft mədənləri, neftayırma zavodları yaratmaq, Ukrayna və Qafqaz neft rayonlarının hasilatının azalması səbəbindən baş vermiş itkilərin yerini doldurmaq qərarını verdi.

 

Bakı neft rayonunun inkişafına zərərli təsirinə baxmayaraq, “İkinci Bakı”nın neft rayonuna çevrilməsi üçün buraya çox böyük həcmdə qüvvə və vəsait yönəldilmişdi

 

Keçmiş SSRİ-nin ümumi neft hasilatında Şərq rayonlarının rolu hələ müharibədən əvvəl artmağa başlamışdı. Belə ki, hələ 1927-ci ildə  I beşilliyin başlaması ilə ölkənin şərq rayonlarında ehtimal olunan neft yataqlarının istismarına maraq artmışdı. Ural-Volqa hövzəsində asfaltenlərin yer səthinə neftin nişanələri şəklində üzə çıxması çoxdan məlum idi. Bu məqsədlə Tatarıstan, Başqırdıstan və Samara vilayətində neft quyularının qazılmasına cəhdlər olmuş, lakin nəticəsiz qalmışdı. Ancaq 1930-cu ildə İ. M. Qubkinin təşəbbüsü ilə Volqa-Ural hövzəsində böyük bir ərazidə geniş neft axtarış-kəşfiyyat işlərinə başlanıldı və rayon “İkinci Bakı” adlandırıldı. SSRİ-nin əsas neft rayonlarının, xüsusən Bakı neft rayonunun inkişafına zərərli təsirinə baxmayaraq, “İkinci Bakı”nın neft rayonuna çevrilməsi üçün buraya çox böyük həcmdə qüvvə və vəsait yönəldilmişdi. “İkinci Bakı”nın əsas üstünlüyü yalnız ondan ibarət  idi ki, bu ərazi coğrafi-strateji nöqteyi-nəzərdən mühüm mövqedə idi, ölkənin bu bölgədə artmaqda olan sənaye potensialının neft məhsulları ilə təminatını yaxınlaşdıra və bütün Uzaq Şərqin bu məhsullara olan tələbatını təmin edə bilərdi. Lakin müharibə ərəfəsində (1940-cı il) burada hasil edilən neft ümumi hasilatın yalnız 6 faizini (1,9 milyon ton) təşkil edirdi. Beləliklə, müharibədən əvvəlki dövrdə “İkinci Bakı”nın inkişafına yönəldilmiş bütün səylər gözlənilən nəticəni verməmişdi.

 

Uralda, Tatarıstanda, Başqırdıstanda, Kuybışev vilayətində və Türkmənistanda fontan vurmuş ilk quyuların kəşf olunub işlənməsində Bakı geoloqlarının, qazmaçılarının və mühəndislərinin fədakar əməyi danılmazdır

 

Bununla belə, 1942-ci ildə yaranmış vəziyyət bu niyyətləri həyata keçirməyi tələb edirdi. Artıq oktyabr ayında Dövlət Müdafiə Komitəsinin qərarı ilə təxminən 11 min neft üzrə mütəxəssis və böyük miqdarda neft avadanlığı Bakıdan Tatarıstan, Başqırdıstan və  Rusiyanın digər regionlarına göndərilmişdi və  orada Bakı neftçilərinin və avadanlığının köməyi ilə neft hasilatına başlanmışdı. Qeyri-adi sərt hava şəraitində bakılılar burada dərhal maili qazma işlərinə başlayaraq, eyni zamanda, turbobur konstruksiyasını və texnoloji prosesi təkmilləşdirmişdilər. Bu baxımdan da 1944-1945-ci illərdə Uralda, Tatarıstanda, Başqırdıstanda, Kuybışev vilayətində və Türkmənistanda fontan vurmuş ilk quyuların kəşf olunub işlənməsində Bakı geoloqlarının, qazmaçılarının və mühəndislərinin fədakar əməyi danılmazdır.

1943-cü ilin sonu Bakı ətrafında təhlükə sovuşan zaman Bakı neft sənayesinin  bərpası başlandı. Cəbhə xətti getdikcə Bakıdan uzaqlaşırdı. Artıq dekabr ayının ortalarında Dövlət Müdafiə Komitəsi Bakının neft mədənlərində qazma işlərinin bərpası barədə qərar vermişdi. 1943-cü ilin axırlarından etibarən qazma işləri intensivləşməyə başlamış, neft-kəşfiyyat işləri də bərpa edilmişdi.

Lakin görülən bütün tədbirlərə baxmayaraq, avadanlıq və alətlərin çatışmaması üzündən vəziyyəti yaxşılaşdırmaq mümkün olmurdu. Dörd mindən çox ləğv edilmiş və dayandırılmış quyunu bərpa etmək üçün texnikaya ehtiyac var idi.  Bununla belə, 1941-1945-ci illər ərzində Bakı neftçiləri İttifaq fonduna 75 milyon ton xam neft (İttifaq üzrə ümumi hasilatın 75 faizi),  22 milyon ton benzin (İttifaq üzrə ümumi istehsalın 80 faizi) və digər neft məhsulları vermişdi. Başqa sözlə, faşizmə qarşı vuruşan hər 5 sovet texnikasından 4-ü Bakı nefti hesabına hərəkət etmişdi.

 

Bakı nefti olmadan SSRİ-nin, ümumilikdə dünyanın vəziyyətinin necə olacağını

təsəvvür etmək elə də çətin deyildi..

 

Bu arada onu da qeyd etmək lazımdır ki,  sovet təbliğatı hər zaman iddia edirdi ki, II Dünya müharibəsi illərində Bakı neftinin itiriləcəyi təqdirdə, “İkinci Bakı”da yerləşən rayonların yataqları ehtiyat bazası olub. Ancaq İttifaq üzrə neft hasilatı göstəricilərinin təhlili onu deməyə imkan verir ki, almanlar Bakını tutmuş olsaydılar, heç bir halda  “İkinci Bakı” hadisələrə təsir edə bilməzdi. Söhbət ondan gedir ki, 1942-ci ildə Sovet İttifaqında hasil olunmuş 21 900 min ton neftin 15719,5 min tonu  Bakının payına düşürdü ki, bu da həmin il Stalinqrad döyüşündə SSRİ-nin və nəticə etibarilə Avropanın taleyinə aydınlıq gətirdi. Əks halda, nəinki “İkinci Bakı”da, hətta digər ərazilər də daxil olmaqla hasil edilən  neft ilə  ildə təqribən 20 milyon ton neft hasilatına malik Bakının neft quyularının bir qismini belə bərpa edəcək faşist Almaniyası ilə mübarizə aparmaq mümkünsüz olardı.  Bir sözlə, faşistlər Bakını işğal etsə idilər   SSRİ az  miqdarda xam neft və Saratovla  Ufada iki neft emalı zavodu ilə qalardı. Belə olacağı halda nəinki SSRİ-nin, ümumilikdə dünyanın vəziyyətinin necə olacağını təsəvvür etmək elə də çətin deyildi...

Müharibədən sonrakı illər də Azərbaycanın neft sənayesi üçün çətin oldu. Müharibə neft mədənlərinə böyük ziyan vurmuşdu. Neft nəqlinin sisteminin pozulması ilə əlaqədar quyuların xeyli qisminin məcburi surətdə konservləşdirilməsi sonralar işləri xeyli çətinləşdirmiş və onlardan bir çoxunu bərpa etmək mümkün olmamışdı. İstehsal fəaliyyətinin bütün sahələrində ixtisaslı fəhlə və mühəndislərin qıtlığı hiss olunurdu. Bunun nəticəsi idi ki, müharibənin sonlarında neft hasilatı kəskin surətdə azalmış və 1945-ci ildə cəmi 11,5 milyon ton neft hasil edilmişdi.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Bakı neft rayonunun əhəmiyyəti düşməyə başlamışdı. Məsələ burasında idi ki, artıq Volqa boyunda, Tatarıstan və Başqırdıstanda yeni neft yataqları kəşf olunmuşdu. Azərbaycanda isə quruda aşkar olunmuş neft ehtiyatları “soyğunçu” istismar nəticəsində artıq tükənməyə başlamışdı və onu indi dənizdə axtarırdılar. Ona görə də müharibədən sonrakı dövrü Azərbaycan neft sənayesini daha çox dəniz neft yataqlarının geniş kəşfi və işlənməsi ilə səciyyələndirmək olar.

1947-ci ildən etibarən dünyada ilk dəfə olaraq dənizdə metal estakadaların tikintisinə başlanılmışdı. Həmin il ölkədə ilk dəfə olaraq tətbiq olunmuş bir özüldən müxtəlif istiqamətlərə maili quyular qazılması üsulundan sonralar başqa neft yataqlarının (o cümlədən, Qərbi Sibirdə) işlənilməsində də geniş istifadə edilmişdir.

1948-ci ilin dekabrında “Pirallahı” adasından “Transportnik” (“Nəqliyyatçı”) kateri tikinti dəstəsi ilk dəfə “Qara Daşlara” göndərilir və onlar qazma briqadası üçün 14 kvadratmetrlik yaşayış yeri hazırlamağa müvəffəq olurlar və sonra qazıma buruğunun tikintisini həyata keçirməyə başlayırlar. 1949-cu ilin iyununda adada ilk quyunun qazılmasına hazırlıq işlərinə başlanılır. 1949-cu ilin 24 avqustunda   buruq ustası Mixail Kaveroçkinin briqadası tərəfindən  dünyada ilk dəfə  sahildən 60 km uzaqda açıq dənizin ortasında kiçicik bir adada  quyu qazılmasına başlandı. Həmin il noyabrın 7-də dərinliyi 1100 metrə çatan quyudan gündəlik hasilatı 100 ton olan neft fontan vurdu. Qurban Abbasovun briqadasının burada qazdığı ikinci quyu da eyni hasilatla 1950-ci ilin birinci yarısında istifadəyə verildi. “Neft Daşları”ndan neftlə dolu ilk tanker 1951-ci ildə yola salındı. Beləliklə, 1949-cu ildə əfsanəvi “Neft Daşları” yatağı kəşf olundu və bu da nəinki Azərbaycanda, bütün dünyanın neft çıxaran ölkələrində dənizdən neft hasilatının inkişafına böyük təkan verdi.

Yatağın işlənməsinin nadir cəhəti ondan ibarət idi ki, bu yatağın timsalında heç bir yerdə istifadə olunmamış tamamilə təzə üsullar yaranmışdı. Xəzər dənizinin neft yataqlarının kəşfi bir tərəfdən, ölkənin müharibədən sonra enerji balansında yaranmış çatışmazlığı aradan götürməyə, digər tərəfdən isə quruda azalmağa başlamış neft hasilatının dəniz nefti hesabına saxlanılmasına yönəlmişdi. Bir sözlə, Xəzər neftinin fəth olunması və respublikada neft sənayesinin yeni sahəsinin yaranması real zərurətdən yaranmışdı.

1950-1960-cı illərdə dəniz axtarış-kəşfiyyat qazma işlərinin texnika-texnologiyası, hidrotexniki neft qurğularının tikintisi, dəniz neft hasilatının infrastrukturu müvəffəqiyyətlə inkişaf etdirilirdi. Bu illər Xəzər dənizinin əsas neft-qaz strukturları müəyyənləşdirildi. İri bloklu dəniz özüllərin tətbiqi  “Pirallahı”, “Darvin Bankası”, “Gürgan-dəniz”, “Çilov-dəniz”, “Palçıq pilpiləsi”, “Səngəçal-dəniz”, “Duvannı-dəniz”, “Bulla adası”, “Cənub”, “Bahar” və digər yeni neft yataqlarının sənaye istehsalına daxil edilməsinə imkan verdi. Bu strukturların bir çoxunda hələ 1949-1950-ci illərdə kəşfiyyat işləri aparılmışdı. Lakin sənaye əhəmiyyətli neft və qaz alınması mümkün olmamışdı. Yalnız neft-qaz strukturlarının kəşfiyyatının geoloji-geofiziki üsulları düzgün seçildikdən sonra açılmış yataqların birbaşa qiymətləndirilməsinə və istismara verilməsinə imkan yarandı. Kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi sayəsində bu yataqlara xeyli əsaslı kapital qoyuluşu həyata keçirildi, yüksək əmək məhsuldarlığı əldə edildi, hasil edilən neftin maya dəyəri aşağı salındı.

 

Kapital qoyuluşunun kəskin aşağı salınmasına baxmayaraq, 1955-ci ilin neft-qaz planı əvvəlki səviyyədə saxlanıldı

 

1953-cü ildə İ. Stalinin ölümündən sonra SSRİ rəhbərliyində baş verən hərc-mərcliklərdən istifadə edən, İttifaqın rəhbər dairələrində məsul vəzifələr tutan  və Azərbaycan xalqına qarşı qərəzli mövqedə olan bəzi bədxah qüvvələr ölkəmizin neft sənayesinin inkişaf prosesini zəiflətmək üçün bütün səviyyələrdə “fəallıq” nümayiş etdirdilər və buna müəyyən qədər nail də oldular. Nəticədə  1954-cü ilin 9 iyulunda SSRİ Nazirlər Sovetinin “Neft sənayesinin inkişafı ilə bağlı tədbirlər haqqında” verdiyi qərarla 1955-ci ildə Azərbaycan neft sənayesinə yönəldilən əsaslı kapital qoyuluşunun həcmi birdən-birə 2,2 dəfə azaldıldı. Bunun  nəticəsində 1954-cü illə müqayisədə neft hasilatı 2,2 dəfə, kəşfiyyat qazmasının həcmi isə 4,4 dəfə azaldı. Kapital qoyuluşunun kəskin aşağı salınmasına baxmayaraq, 1955-ci ilin neft-qaz planı əvvəlki səviyyədə saxlanıldı ki, bu da onsuz da uzun illər amansız istismar olunan neft yataqlarını daha da pis vəziyyətə salırdı. Bu qərar  təkcə Azərbaycan neft sənayesinə deyil, onun ümumi iqtisadiyyatına və gələcəyinə vurulan ağır zərbə idi. Belə ki, ölkənin iqtisadi potensialının əsas bazası olan ağır sənaye sahələrinin inkişafı birbaşa (neft-qaz çıxarma və onun infrastrukturu, neft emalı, neft kimya, maşınqayırma, energetika və digər sahələr) neft və qaz hasilatının artması ilə bağlı idi və bu cür qərəzli tədbirlərin həyata keçirilməsi respublikanın gələcəkdə sənaye sahəsinin mövcudluğunu sual altında qoyurdu. Lakin bu azmış kimi, ardınca 1956-cı ilin sonunda SSRİ Plan Komitəsinin sədr müavini Mkrtıçyan Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri N. Şvernikə Azərbaycan neft sənayesinin ölkə iqtisadiyyatı üçün səmərəsiz olduğu barədə müraciət məktubu göndərir və əsas dəlil kimi guya Azərbaycan neftinin maya dəyərinin yüksək olmasını göstərir. Əlbəttə ki, bunun heç bir iqtisadi əsası yox idi və təxribat xarakteri daşıyırdı. Ancaq Azərbaycan rəhbərliyinin vaxtında işə qarışması və SSRİ rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirməsi nəticəsində bunun qarşısı alındı.

Bütün bu hərəkətlərə baxmayaraq Azərbaycan neftçiləri sahənin inkişafında yeni uğurlar qazanırdılar. 50-ci illərin sonunda Xəzər dənizinin 10 yatağında kəşfiyyat və istismar qazıması işləri aparmaq üçün 400-dən artıq iri metal özüllər fəaliyyət göstərirdi.

Dənizdə neft hasilatını artırmaq üçün digər üsullar da axtarılırdı. Dənizin sahilə yaxın hissəsində estakadaların və fərdi üzən özüllərin səmərəli olmadığı yerlərdə işləmək üçün Azərbaycan alim və mühəndisləri tərəfindən müasir hidrotexnikanın ən son nailiyyətlərini istifadə etməklə müasir bəndlər (damba) layihələndirildi və ilk dəfə Xəzər dənizinin Qaradağ rayonu ərazisində neft yataqlarının işlənməsində istifadə olundu. 1960-cı ildə bu yolla uzunluğu 6 km-ə çatan 6 bənd hazırlandı və 18 neft quyusu qazıldı. Həmçinin bu illər dəniz qurğularını aşınmadan qorumaq üçün alimlər və mütəxəssislər tərəfindən aşınmaya qarşı çox səmərəli vasitələr hazırlandı və tətbiq olundu.

 

Qaradağ yatağı Azərbaycanda yüksək məhsuldarlı qaz laylarının axtarışı və kəşfiyyatının yeni mərhələsinin başlanğıcı oldu

 

Dənizdə yeni neft və qaz yataqlarının açılması quruda bu işlərə son qoyulması demək deyildi. 1950-1960-cı illər ərzində Azərbaycanın quru sahəsində dərin qazıma üsulu ilə “Kürovdağ”, “Mişovdağ”, “Qarabağlı”, “Qalmaz”, “Qaradağ” və başqa bu kimi bir sıra iri neft və qaz yataqları kəşf edilib istismara verildi. 1955-ci ilin əvvəllərində Bakının Cənub-Qərbində Xəzər dənizinin sahilində yerləşən “Qaradağ” yatağında kəşfiyyat quyusundan güclü qaz fontan vurdu. Qazla bərabər quyudan böyük miqdarda kondensat da aşkar olundu. “Qaradağ”ın açılması (o illərdə SSRİ-də ən iri qaz-kondensat yataqlarından biri) Azərbaycanda yüksək məhsuldarlı qaz laylarının axtarışı və kəşfiyyatının yeni mərhələsinin başlanğıcı oldu. 1957-ci ildə bu böyük qaz-kondensat yatağının işlənilməsinə başlanıldı. Bunun nəticəsində Qaradağ-Bakı, Qaradağ-Kirovabad (Gəncə)-Ağstafa-Tbilisi və Ağstafa-İrəvan magistral qaz boru kəmərləri çəkildi. Qeyd etmək lazımdır ki, hələ 1920-ci illərdə respublikada ayrıca bir sahə kimi qazın hasilatına başlanılmışdı və onun istehsalı ildən-ilə artırdı.

Bu dövrdə qazıma və təqiqatlar zamanı geoloji-kartoqrafik, geofiziki kəşfiyyat, seysmik kəşfiyyat və struktur axtarışı üsulları tətbiq olunurdu. Bundan başqa, dəniz neft mədənlərində “kol” üsulu ilə maili qazıma, iki gövdəli qazıma üsulları və neft hasilatında isə əsasən fontan üsulu tətbiq olunurdu. 1955-1960-cı illərdə dəniz yataqlarından hasil edilən neftin 70 faizi, “Neft Daşları”ndan çıxarılan neftin isə 91 faizi fontan üsulunun payına düşürdü. Sonralar Azərbaycan neftçilərinin Xəzərin ağır şəraitində axtarış və istismar sahəsində tətbiq etdikləri üsullar başqa dəniz sahili yerlərində və Sibirin zəngin neft və qaz yataqlarının cəmləşdiyi bataqlıq  ərazilərdə də geniş tətbiq edilirdi.

 

1968-ci ilin dekabrında “Neft Daşları”nda 2040 metr mailliklə quyu qazıldı ki, bu da o vaxt üçün Avropa rekordu sayılırdı

 

1966-cı ildə SSRİ-də ilk dəfə olaraq iki və habelə, daha çox layın bir quyu ilə, eyni zamanda, ayrı-ayrılıqda istismar edilməsinin texnologiyası işləndi. 1968-ci ilin dekabrında “Neft Daşları”nda 2040 metr mailliklə quyu qazıldı ki, bu da o vaxt üçün Avropa rekordu sayılırdı.

1966-cı ildə Kürsəngidə yeni neft-qaz yatağı kəşf edildi, 1969-cu ildə “Səngəçal-Duvannı”, “Xərə-Zirə” və “Bahar” yataqları istismara verildi.

Nəticədə 1964-1968-ci illərdə respublikada neft hasilatının həcmi ildə orta hesabla 21 milyon tona qədər artırıldı. Bu dövrdə Azərbaycan təbii sərvətlərinin talanması fonunda Cənubi Qafqazın yanacaq bazasına çevrilmişdi. Buradan enerji daşıyıcıları (neft, neft məhsulları, qaz) qonşu dövlətlərə - Ermənistana və Gürcüstana olduqca ucuz qiymətə göndərilirdi.