İki sahil. - 2017.- 8 noyabr. - ¹ 204. - S. 7-9.

 

Azərbaycan neftinin tarixi çox qədim dövrlərə gedib çıxır

 

Neft qədim əsrlərdən bizə məlumdur. Hələ qədim İranda bütpərəst kahinlər müqəddəs od yandırmaq məqsədi ilə nefti quyulardan çıxarırdılar. Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. VIII əsrdən başlayaraq, Qafqazda (Abşeronda) olmuş məşhur səyyahlar və alimlər: ərəblər - İstəxri İsxak (VIII əsr), Əhməd Əl-Bəlazuri (IX əsrin ortaları), Məsudi Əbdül Hüseyn (X əsrin birinci yarısı), Əbu Dulaf (942-ci il), Amin Əhməd ər-Razi (1601-ci il), venesiyalı Marko Polo (XIV əsrin birinci yarısı), alman Adam Oleraiy (1636-cı il); türk Övliya Çələbi (1647-ci il), İsveç Eqelbert Kempfer (1683-cü il) və başqaları göstərmişlər ki, bu regionda siyasi və iqtisadi həyat qədimdən neftlə bağlı olmuşdur.

Belə ki, A. Balazurinin qismən ingilis dilində nəşr edilmiş “Ölkələrin istila edilməsi” kitabında Ərəb Xilafəti xalqlarının iqtisadiyyatı, ictimai əlaqələri və mədəniyyəti haqqında çox mühüm məlumatlar var idi.  XIII əsrin əvvəlində Abşerona səyahət etmiş ərəb tarixçisi Məhəmməd Bekran yazdığı kitabda Balaxanıda neftin quyudan çıxarılmasından bəhs etmişdi. Yəni quyular Abşeronun ilk neft mədənləri yataqları sayılırdı. Abşeron yarımadasında yanar qazlı neft mənbələrindən Zərdüştün ardıcılları dini ayini icra etmək üçün istifadə edirdilər. Hələ VI əsrdə Abşeronda atəşpərəstlərin məbədləri vardı ki, burada yerin altından çıxan sönməyən müqəddəs od yanırdı.

 

Hazırda Suraxanıda atəşpərəstlərin məbədi

Bakının ən baxımlı yerlərindən biridir

 

“Azərbaycan neftinin qısa tarixi” kitabında Miryusif Mirbabayev qeyd edir ki, Makedoniyalı İsgəndərin yürüşlərini təsvir edən qədim yunan tarixçisi Plutarxın məlumatına görə, hələ eramızdan əvvəl IV əsrdə onun hərbçiləri işıqlandırma məqsədi ilə Abşeron yarımadasından çıxarılmış neftdən istifadə edirdilər, nefti tuluq və gil qablarda daşıyırdılar. Hələ X əsrdə ərəb coğrafiyaçısı Məsudi öz qeydlərində ağ Suraxanı neftindən bəhs edirdi və Suraxanıdakı “əbədi alov”dan söz açırdı. Suraxanıdakı atəşpərəstlərin “Atəşgah” məbədi və neftin və qazın çıxdığı yerdə inşa edilmiş buna bənzər digər məbədlər (Şağanda, Pirallahıda) Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı (eramızdan əvvəl 356-323-cü illər), daha sonra Bizans imperatoru İrakli tərəfindən eramızın 624-cü ilində dağıdılmışdı. Məbəd yerli və İrandan qovulmuş atəşpərəstlər tərəfindən bərpa edilmişdi. Üçüncü dəfə məbəd dağıdıldı və 643-cü ildə ərəblər Azərbaycanı işğal etdikdən sonra uzun müddət unuduldu. Yalnız 10 əsr keçdikdən sonra, yəni XVII əsrdə məbəd yenidən Suraxanıda yaşayan hindistanlı tacirin vəsaiti hesabına bərpa edildi, məbədin daş plitəsində aşkar edilmiş və Hind alimlərinin oxuduğu qədim Hind dilindəki yazı bunu təsdiq edir. Suraxanı haqqında “1832-ci ildə Bakı əyalətinin kəndlərinin kameral təsviri”ndə belə bir qeyd var: “kənd hindlilərin təzimə gəlib bir neçə il yaşadıqları od püskürən yerdə yerləşir...- buradaca içində ağ neft olan quyular var.”

Tarixi mənbələrdə qeyd olunur ki, Suraxanı məbədi haqqında 1770-ci ildə Sankt-Peterburq Elmlər Akademiyasının tapşırığı ilə Bakıya gələn rus alimi Qmelin Samuil Qotlib çox maraqlı qeydlər etmişdir: “Yerli atəşpərəstlər İranda İslam bərqərar olduqdan sonra qədim gerblərin sağ qalan nəslindəndirlər (Zərdüşt dininin ardıcılları). Onlar sönməyən oda son dərəcə müqəddəs şey kimi baxır və onda ilahiliyin əlamətini görürdülər... Hindistandan ehtiramlı şəxslər xilas naminə Bakıya gəlirdilər... Bu məbədlərdən biri hələ də Suraxanıda qalır.” Suraxanı adının özü sanskrit dilindəki “Surkaşanı” sözündəndir, bu da “müqəddəs yer”, “sitayiş yeri” anlamını verir. Hazırda Suraxanıda atəşpərəstlərin məbədi memarlıq abidəsidir və Bakının ən baxımlı yerlərindən biridir.

 

Tarixi mənbə:

Bakılılar qazdan yemək bişirmək, su qaynatmaq

məqsədi ilə artıq çoxdan istifadə edirdilər

 

Məsudi yazılı şəkildə Abşeronda iki qara və ağ neft mənbələrinin olmasını təsdiqləyirdi. A. Morko Polo Abşeronda neftdən tibbi və işıqlandırma məqsədi ilə istifadə edildiyini, o cümlədən neftin Bakıdan Yaxın Şərq ölkələrinə daşınması haqqında xəbər verirdi. Əmin Əhməd ar-Razinin məlumatına görə, XVII əsrin əvvəllərində Abşeronda qara və ağ neftin çıxarıldığı 500-ə qədər quyu mövcud olmuşdur. Burada qeyd etmək lazımdır ki, XV-XVII əsrlərdə bir çox Avropa və Şimali Amerika ölkələrində nefti primitiv üsulla çıxarırdılar. Müxtəlif parçaları çox da dərin olmayan quyulara və göllərin dibinə sallayır, sonra onları qabların içinə sıxırdılar.

Abşeron sakinləri isə bu dövrdə artıq dərinliyi 10 sajinə (1 sajin = 2,13 metr) çatan neft quyularını və şaxtaları qaza bilirdilər və nefti at dartısı ilə çıxarırdılar. Bu faktı daha sonralar Abşerona (Bakı) gəlmiş məşhur şəxslər də təsdiq edirdilər.

“Azərbaycan neftinin qısa tarixi” kitabında qeyd olunur ki, ingilis İoanas Hanvey (1741-ci il) və rus İoann Lerx (1733-cü il), Samuil Qmelin (1770-ci il), A.Yartsev (1812-ci il), Eduard Eyxvald (1825-ci il) və başqaları özlərindən sonra neftin, neft quyularının və əbədi odun təfərrüatlı təsvirini qoyub getmişdilər. Alman diplomatı və səyyahı Adam Elşleqer Bakı neft quyularını belə təsvir etmişdir: “Demək olar ki, hamısı bir tüfəng atəşi məsafəsində yerləşən 30-a qədər müxtəlif çalalardır. Bu çalalardan neft çeşmə kimi qaynayır. Onların arasında 3 güclü quyu var ki, təxminən 2 sajin dərinliyə enmək tələb edilirdi, buna görə quyunun içinə bir neçə əlavə tir yerləşdirilmişdi, onlardan quyuya enərkən nərdivan kimi istifadə etmək olardı... Burada həm qara, həm də ağ neftin olmasını qeyd etmək lazımdır, ancaq birincisi ikincisindən daha çox idi.”

Qeyd edək ki, həm Məsudi (X əsr), həm də ondan bir az sonra A.Elşleqer (XVII əsr) Abşeronda ağ neftin mövcudluğunu təsdiq edirdilər, bu neft hələ o dövrdə çox qiymətli məhsul sayılırdı və İran, İraq və Hindistan bazarlarına daşınırdı. Bu faktı Bakıya A.Elşleqerdən 100 il sonra gəlmiş ingilis-rus ticarət şirkətinin direktorlarından biri İ.Qanvey də təsdiq etmişdir. O, “Xəzər dənizində ingilis ticarətinin xülasəsi haqqında” kitabında (1754-cü il) qeyd edirdi ki, bakılılar qazdan yemək bişirmək, su qaynatmaq məqsədi ilə artıq çoxdan istifadə edirdilər.” Suraxanı ağ nefti isə çox nadir hadisə sayılırdı və müxtəlif ölkələrə daşınırdı. Ondan daş xəstəliyinə, sinə ağrıları və qıcolmalara qarşı müalicə vasitəsi kimi istifadə edirdilər. Türk səyyahı Övliya Çələbinin Bakı nefti haqqında qeydləri səciyyəvidir: “...Neft çıxarmaqla məşğul olan insanlar quyulara düşürlər, gündüz və gecə neft çıxarır və çıxarılan nefti keçi dərisindən tikilmiş tuluqlara tökürdülər. Sonra tacirlər onu alır və müxtəlif ölkələrə daşıyırdılar. Neftin səkkiz rəngi olur, ancaq onların arasında ən yaxşısı sarı neftdir. Qara neft şahın mülkiyyəti hesab edilir..., onu Özbəkistan, İran, Kürdüstan, Gürcüstan, Dağıstanla sərhəd olan qalalara göndərir və ondan həmin yerlərdə işıqlandırma məqsədləri üçün istifadə edirdilər. O, şəhərlərin və qalaların müdafiə edilməsi üçün hərbi xəbərdarlıq kimi çox əhəmiyyətlidir...”

 

Sakinlər üzərində “Xələfi” quyusunun 200 il qabaq inşa

edilməsi haqqında yazı olan daş tapdılar

 

6-8 yanvar 1683-cü ildə Bakıya gəlmiş İranda İsveç səfirinin katibi E. Kempfer “Bakı yarımadasının yeddi möcüzəsi” kitabında qeyd edirdi: “Əbədi alovdan şimal-qərbə tərəf min addımlıqda başqa bir qəribə şey - məhz ağ neft mənbələri yerləşir, ancaq elə bir ucqar yerdə ki, heç kim bu mənbələrin burada yerləşməsini təxmin edə bilməzdi, qabaqcadan bilməsəydi ki... Ağ neft yataqlarından qərbə tərəf iki saatlıq yolda... çirkli, demək olar qara rəngdə qara neft istehsal edən qəribə məntəqə yerləşir... Neft çıxarmaq üçün çoxsaylı şaquli quyular qazılmışdı, onların bir çoxunda neft axını bol və daimidir... Möhkəm gilli torpaq divarları möhkəmləndirmədən, yerqazanları təhlükə ilə üzləşdirmədən istənilən dərinliyə enməyə imkan verir. Quyulardan neftin çıxarılması mexaniki üsulla, dəri vedrələrdə və ya kiçik boğazlarla həyata keçirilir... Neftin qaldırılması bir-birinin ardınca dövrə vuran iki atla hərəkətə gətirilən xüsusi mexanizmlə həyata keçirilirdi. Gecə vaxtı bir neçə saatı istisna etməklə, burada iş dayanmırdı... Neft dörd təkərli arabalarda tuluqlarla Şamaxı və Bakı şəhərlərinə daşınırdı. Birinci məntəqədən neft dəvələrin belində ölkənin daxilinə, ikinci məntəqədən isə dənizlə Qirkaniya, Özbəkistan və Çərkəs vilayətinə və Dağıstana aparılırdı...” E. Kempfer isə Suraxanıdakı “əbədi alov”u belə təsvir edirdi: “Çoxsaylı quyulardan Suraxanı kəndinə sarı alov burulub-qalxırdı. Kəndin sakinləri daş parçaları ilə əhəng yandırırdılar...” İranda rus səfirliyinin əməkdaşı, doktor İ. Lerx Bakı neft rayonuna gəldikdən sonra yazırdı: “30 iyunda mən “əbədi alov”dan Balaxanıya qədər, qara neft quyularına doğru beş verst gəldim. Həmin quyular fars şahının vaxtından məlumdur - dərinliyi 50 sajinə qədər olan quyulardan biri çox güclü çağlayır və oradan hər gün 500 batman (1 batman = 8.2 kq) neft çıxarılır... Quyulardan çıxarılan nefti böyük və dərin çalalara tökür, burdan isə böyük dəri kisələrlə arabada Bakıya aparır, qalıqları 3 çalaya tökür və Gilanda, Şamaxıda və digər yerlərdə satırlar, yerdə qalanından isə şəhərdə istifadə edirdilər.”

M. Mirbabayev qeyd edir ki, 1739-cu ildə akademik İ. V. Veytberxtin qeydləri əsasında çap edilmiş və Abşeron nefti haqqında maksimum məlumatı əks etdirən ilk “Neft haqqında” əsəri işıq üzü görüb. Bu “Neft haqqında” traktatı məşhur hidroqraf, daha sonralar dövlət xadimi olmuş F.İ.Saymonovun səhih məlumatlarına əsaslanırdı, adı çəkilən alim apardığı tədqiqatların məlumatlarını hələ 1728-ci ildə Rusiya Elmlər Akademiyasına göndərmişdi. O, bir neçə dəfə Azərbaycanda (Abşeronda) olmuş, oradakı neft quyularını təfsilatı ilə təsvir etmiş və neft qazları yataqlarının planını təqdim etmişdi. 1719-cu ildən 1722-ci ilə qədər Xəzər dənizini tədqiq etmiş F.İ.Saymonovun ümumi rəhbərliyi altında 1731-ci ildə Xəzər dənizinin ilk atlası mətnlə bərabər çap edilir. Abşeronun neft mənbələri haqqında mötəbər məlumatlara 1770-ci ildə Bakıda olmuş akademik S.Q.Qmelinin qeydlərində də rast gəlmək olar. Alim özünün hesabatında (1771-ci il) qeyd edirdi: “...Quyunun ağzı daşla bağlanmışdır, onların arasına bir paça gil qoyulmuş və üzərində Bakı xanının adı yazılmışdı, bu o deməkdir ki, buraya Bakı xanının qoyduğu qoruqçu quyunun ağzını açmazsa, buradan başqa heç kəs neft götürə bilməz. Bakı xanının duzdan və neftdən əldə etdiyi gəlir yerli sakinlərin məlumatlarına görə 35-40 manat təşkil edirdi. Duzun pudu 7-8 qəpiyə, yandırma məqsədinə sərf edilən 15 funt-batmanlıq qara neft isə 5 qəpiyə satılırdı.” Qmelinin qeydləri başqa bir məşhur səyyah, Azərbaycanın Rusiya tərkibinə qatılmasına qədər Bakıda olmuş A.Yartsevin məlumatları ilə təsdiqlənir. A.Yartsev 1812-ci ildə yazırdı: “...Bir Bakı knyazı ölkənin bütün mədən yağını sata bilərdi. Balaxanıda tacirlər bu məmulatı aldıqdan sonra yerdə qalanı Bakı şəhərinə daşınır. Burada ehtiyat dükanlar olmasa da; şəhər kənarında ən möhkəm gips daşlarına çatana qədər 15 quyu qazılmış və daşla döşənmişdir. Burada quyulara ehtiyat yağ tökülür və satıcılar tərəfindən aparılana qədər saxlanılır.” 1796-cı ildə Bakıda olmuş marşal fon Biberşteynin qeydləri maraq doğurur: “Abşeron yarımadasında tükənməz neft ehtiyatı var... Bu neftin əsas bazarı Gilandır, çünki bu əyalətdə ipək qurdu böyüdən şəxslər ya təcrübəyə görə, ya da sadəcə hamıya hakim kəsilən xürafata görə əmindirlər ki, neft ipək qurdunun yetişdirildiyi evləri işıqlandırmaq üçün həşəratlara ziyan vermədən yanan yeganə maddədir.”

Alman təbiətşünası Biperşteyn Fridrixin əsərləri təsdiq edir ki, ən qədim neft quyuları Abşeronun Balaxanı, Suraxanı, Bibiheybət, Binəqədi, Sabunçu, Ramana və Şubanı kəndlərində yerləşirdi. Quyuların əksəriyyəti Balaxanıda yerləşmişdi. Hazırda Abşeronda ilk neft mənbəyi dərinliyi 35 m olan, Balaxanıda Allahyar Məmmədəli Nur oğlunun 1594-cü ildə tikdiyi quyu sayılır. 1803-cü ildə isə Bakı sakini Hacı Qasımbəy Mənsurbəyov ilk dəfə olaraq Bibi-heybət buxtasının sahilindən 18 və 30 metr məsafədə yerləşmiş iki quyudan dənizin dibindən neft çıxarılmasına başlanmışdır. Burada Qara dəniz Qazax ordusu tərəfindən Kubana dəvət edilmiş, çarın fərmanı ilə 1833-cü ildə “Əməyə və quyuların açılması və inşasında göstərdikləri şücaətə görə” gümüş medalla təltif edilmiş bakılı Kərbəlayi Yusif Əmirbəy oğlu və Hacı Nəbi Səfi oğlunun adlarını qeyd etmək yerinə düşər. Balaxanıda 1823-cü ildə yerli sakinlər üzərində “Xələfi” quyusunun 200 il qabaq inşa edilməsi haqqında yazı olan daş tapdılar. Digər qədim quyular isə XVIII əsrdə inşa edilmiş “Çambu”, “Hacı Zurabi”, “Dostakov”, “Sapahi”, “Urusi”, “Qazı”, “Şah Səfi”, “Ağayi”, “Əli Bəyi”, “Xanəli”, “İrzaqulu” və başqaları Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından xeyli qabaq bərpa edilmişdilər.

 

Abşerondan başqa neft Quba və Şirvan qəzalarında da çıxarılırdı

 

Tarixi mənbələrdən də aydın görünür ki, Azərbaycan Çar Rusiyası tərəfindən işğal edildikdən sonra (1813-cü il və 1828-ci il) neft quyuları onun dövlət mülkiyyətinə keçdi. Rəsmi olaraq iltizam sistemi (otkup üsulu) tətbiq edildi, bu sistemə uyğun olaraq, neft quyuları dövlət tərəfindən otkupa verilirdi və ya birbaşa dövlətə tabe olurdu. Bu mənada Qafqaz xəttində və Gürcüstandakı rus qoşunlarının baş komandanı, general Nikolay Fyodroviç Rtişevin 30 iyul 1813-cü il tarixli raportu səciyyəvidir. Bu raportda dövlətin neft quyularından və digər mənbələrdən əldə etdiyi gəlirlərdən bəhs edilərkən göstərilirdi ki, “bu mənbə, o cümlədən digər çox böyük əhəmiyyət daşımayan mənbələrlə birlikdə ilk 4 il ərzində 450 min rubl otkup məbləğində mənfəət gətirmişdi.” Burada qeyd etmək lazımdır ki, Abşerondan başqa neft cüzi miqdarda Quba və Şirvan qəzalarında da çıxarılırdı, bu qəzalardakı neft quyuları onların Rusiya tərkibinə qatılmasından sonra dövlətə tabe edilmişdi və otkupa verilmişdi. Məsələn, bu quyuları otkupa verən Quba şəhər komendantı “quyuların sayının ifrat dərəcədə artırılması yolu ilə neftin çıxarılmasının nəzarətsiz artmasına” diqqət yetirməli idi, çünki əks halda dövlət üçün Quba ilə müqayisədə daha böyük əhəmiyyət kəsb edən Bakı neft sənayesinin qüdrəti sarsıla bilərdi. Abşeron neft quyuları 1806-cı ilin sonundan 1824-cü ilə qədər, 1826-cı ildən 1834-cü ilə qədər və 1850-ci ildən 1872-ci ilə qədər müxtəlif otkup sahiblərinə məxsus idilər, bu illər arasında isə birbaşa dövlətə tabe idilər. 1806-cı ildən etibarən 18 il ərzində Bakı quyularının birinci əsas otkup sahibi quberniya katibi M. M. Tarumov, 1806-cı ildən etibarən otkup sisteminin ləğv edilməsinə qədər isə (1872-ci il) İ. M. Mirzoyev idi. Çar hökuməti, otkup sahiblərinin hərəkətlərini nəzarət altında saxlamaqla, onların inhisar hüquqları və maraqlarını qoruyurdu və bu zaman otkup sahiblərindən başqa digər şəxslərə neftin satışı ilə məşğul olmaq qadağan edilirdi.

 

1842-ci il üzrə məlumatlara əsasən, Abşeronda 136 quyudan hər il 3,8 min tona qədər neft çıxarılırdı

 

Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq Bakı neft-mədənləri 1825-ci ilin 1 yanvar tarixində çar xəzinəsinin birbaşa idarəçiliyinə keçirildi. Elə bu zamandan dağ-mədən ekspedisiyasının göstərişinə əsasən, çox istedadlı mədən mühəndisi N. İ. Voskoboynikov (1801-1860) Bakıya ezam edildi, bu ezamiyyətin məqsədi Bakı komendantının ezam etdiyi praporşik Talalayevlə birlikdə mövcud quyulara baxış keçirmək və otkup sahibi Tarumovdan Balaxanı, Binəqədi, Suraxanı və Bakıda yerləşən ağ və qara neft quyularını dövlət idarəçiliyinə qəbul etmək və mövcud quyuların və neft anbarlarının sayı, onların vəziyyəti, hər bir anbarda nə qədər satılmamış neftin olması, burada hansı avadanlıqların otkup sahibinə və dövlətə məxsus olması, o cümlədən Masazır və Zığda nə qədər satılmamış və ehtiyat neftin olması, münasib yerdə yerləşdirilməsi və sair haqqında təfərrüatlı siyahı tutmaqdan ibarət idi. Tapşırığı uğurla yerinə yetirən N. İ. Voskoboynikov 12 yanvar 1825-ci ildə mədən ekspedisiyasına Abşeronun neft və duz yataqlarının vəziyyəti haqqında təfərrüatlı hesabatını göndərir. Onun təqdim etdiyi materiallar bu gün də otkup sistemində və xəzinə idarəçiliyinə keçid dövründə Abşeron dövlət və özəl neft quyularının vəziyyətini təsvir edən yeganə etibarlı mənbə sayılır.

Belə ki, Voskoboynikovun təqdim etdiyi məlumatlara uyğun olaraq, 1 yanvar 1825-ci il tarixinə Bibiheybət ətrafında Tarumova otkupa verilmiş 17 quyu və 1 özəl quyu var idi. Balaxanıda isə dövlətə məxsus olan 82 qara neft quyusu mövcud idi. Voskoboynikov qeyd edirdi ki, Bakının özündə, şimal qala divarlarına qədər 16 daş anbar inşa edilmişdi, buraya nefti Abşeronun demək olar bütün neft quyularından arabada gətirirdilər (bu anbarların yerində hazırda Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası “İsmailiyyə” və M. Ə. Sabir adına bağ yerləşir). “Mədən” jurnalında (1827) qeyd edilirdi: “Abşeron yarımadası demək olar meşəsiz və məhsul verməyən torpaqlardan ibarətdir... Ancaq təbiət ölkənin çatışmazlıqlarını əvəz etmiş, onun təkini sonsuz neft və duz ehtiyatları ilə zənginləşdirmiş, bu məhsullar təkcə əhalinin ehtiyaclarını ödəməklə qalmır, həm də onların zəngin olmalarına səbəb olur... Qara neft isə qara qatrandır. O, əsasən torpağın təkində yatır, ancaq müxtəlif səviyyələrdə torpağın və hətta dənizin üzünə çıxır.”

Daha sonralar, N. İ. Voskoboynikov bir neçə dəfə Bakı neft və duz mədənlərinin direktoru vəzifəsini tutmuşdu (1825-ci ildə və 1834-1838-ci illərdə), bu da Azərbaycan neft işinin inkişafına müsbət təsir göstərmişdir. Onun əsas xidmətləri sırasına neftin çıxarılması, kəşfiyyatı, saxlanılması, daşınması və satılması sahəsində geniş işçi planının işlənib hazırlanmasını aid etmək olar. Quyuların dövlət idarəçiliyinə verilməsinə hər cür vasitə ilə maneçilik törədən dövlətin yolu üzərinə müxtəlif maneələr qoyduğu Voskoboynikov Abşeronda kompleks tədbirlər planını həyata keçirdi ki, bunlar da son nəticədə Azərbaycanda neft sənayesinin yaradılması və inkişaf etməsinə səbəb oldu. Məhz neft anbarlarının dibinə beton vurulması, Suraxanı neftini distillə etməklə işıqlanma məqsədi daşıyan ağ neftin alınması üçün qurğu, neft anbarlarında uçotun aparılması, skipidar, qatran və balıq yağı ilə birlikdə evlərin, küçə lampalarının və mayakların işıqlandırılması üçün ağ və qara neftin tətbiqini göstərmək olar.

“Azərbaycan neftinin qısa tarixi” kitabında qeyd olunur ki, 1837-ci ildə Voskoboynikovun təşəbbüsü ilə bütün Qafqazda neft istehlakı haqqında məlumatları toplamaqla məşğul olan Sənaye və ticarətə dəstək Cəmiyyəti yaradıldı. Bu Cəmiyyətin fəaliyyəti Azərbaycanda və bütün Qafqazda neft satışına stimul verdi. Balaxanıda 1837-ci ildə Abşeronda Voskoboynikovun ilk neftayırma zavodu fəaliyyətə başladı, bu zavod distillə üçün xüsusi aparat və dəmir baklar təşkil etdi. 1846-cı ildə Voskoboynikov təqaüdə çıxdı və Abşeronu birdəfəlik tərk etdi. Dövlət Əmlak Nazirliyinin Xəzər dövlət əmlakı palatasının 1842-ci il üzrə məlumatlarına əsasən, Abşeronda 136 quyu mövcud idi ki, hər il bu quyular 3,8 min tona qədər neft verirdilər. Çıxarılan neft böyük miqdarda İrana daşınırdı. Quyuların maksimum dərinliyi 14 sajinə çatırdı.