İki sahil. - 2017.- 8 noyabr. - ¹ 204. - S. 10-13.

                                                                                                                                          

ABŞ və Rusiyanin neft mübarizəsində Bakının rolu

 

1846-cı ildə Bakının Bibiheybət ərazisində Zaqafqaziya diyarı üzrə Baş idarənin üzvü Vasili Semyonovun təklifi və dağ-mədən mühəndisləri korpusunun Bakı neft mədənləri idarəsinin direktoru mayor Alekseyevin rəhbərliyi ilə kəşfiyyat məqsədi ilə dərinliyi 21 metr olan dünyada mexaniki üsulla ilk neft quyusu qazıldı. (Bundan 13 il sonra - 1859-cu ildə  ABŞ-da (Pensilvaniya)  ilk neft quyusu qazılmışdı.)

Baş katib M. P. Vronçenkoya 8-14 iyul 1847-ci il tarixli rəsmi müraciətində Qafqaz canişini, knyaz Mixail Vorontsov Bibiheybətdə dünyada ilk neft quyusunun qazılması faktını rəsmən təsdiq etmişdi: “Mən Şamaxı Dövlət Palatasına Bakı qəzasında, Xəzər dənizinin sahilində Beybət (Bibiheybət) təbii mərzində torpaq burovlarının köməyi ilə tərəfinizdən 1845-ci ildə bu obyekt üzrə ayrılmış 1000 rubl məbləği sərf etməklə yeni neft kəşfiyyatı işlərini aparmağa icazə verdim. Bunun nəticəsində Bakı və Şirvan mineral yataqları idarəsinin direktorunun vəzifəsini icra edən şəxs Beybətdə neft tapılması haqqında məlumat verdi....”.

Əslində V. N. Semyonovun təklifi heç də təsadüfdən yaranmamışdı. Məhz 1844-cü ildə V. N. Semyonov Qafqaz canişininin adına yazdığı təqdimatda qeyd edirdi ki, neftin satışından əldə olunan mənfəəti bir şərtlə 100 min rubla çatdırmaq olardı ki, bunun üçün iki əsas quyu tikilməsi, bur qurğusunun köməyi ilə digər quyuların dərinliyinin artırılması, Voskoboynik metodu əsasında yeni quyular qazılması, nefti sudan ayırmaq üçün durulducu hovuz tikilməsi və  neft ayrılması üçün müvafiq şərtlərə əməl edilməsi vacib idi.

1848-ci ildə sutkada 110 pud (1 pud=16,38 kq) neft verən yeni quyu qazılsa da, tarixdən məlum olduğu kimi, Semyonovun  nəzərdə tutduqlarının yerinə yetirilməsi üzrə ciddi cəhdlər göstərilmədi. Bir sözlə, knyaz M. Vorontsov yekunda iltizam sisteminin (İltizam - neft quyularının yerləşdiyi torpağın sahibi ilə  onu müəyyən şərtlərlə müvəqqəti istifadəyə götürən icarəçi arasında olan qarşılıqlı öhdəliklər sistemidir)  müdafiə etmişdi.

Bir faktı da qeyd etmək lazımdır ki,  Rusiyada hökumət neft çıxarmaq üçün qazmanın perspektivsiz olmasına dair xarici mütəxəssislərin nəticələrinə riayət edərək 1869-cu ilə qədər neft quyularının qazılmasını qadağan etmişdi. Azərbaycan neft işinin tarixini araşdıran Miryusif Mirbabayev “Azərbaycan neftinin qısa tarixi” kitabında qeyd edib ki, 1866-cı ildə Zaqafqaziya Ticarət Cəmiyyəti hökumət qarşısında qazma işlərinə başlamaq haqqında məsələ qaldırdıqda rədd cavabı almışdı. Məsələ bundadır ki, Qafqazda mexaniki üsulla qazmanın tətbiq olunmasına cəhdlər bundan əvvəl də mövcud idi (60-cı illərin ortalarında Kokorev və Qubonin neft hasilatında qazma mərmilərindən istifadə edirdi). Ancaq hökumət bu üsulun tətbiq edilməsinə qadağa qoymuşdu. Buna səbəb tanınmış alim-geoloq H. V. Abixin hökumətin tapşırığına əsasən, məsələ ilə əlaqədar Abşeronda apardığı araşdırmalardan sonra qazma mərmisinin quyuların qazılmasında səmərəsiz olması barədə çıxardığı nəticə olmuşdu.

Halbuki Bibibeybətdən 13 il sonra 1859-cu ildə ABŞ-da ilk neft quyusunun qazılması və böyük artezian mənbəyinin tapılması ilə bu ölkədə kommersiya xarakterli neft işinə start verildi. Bundan sonra ABŞ-da neft işinin əldə etdiyi uğur əvvəlcə Avropada, sonra isə Qafqazda (Abşeron) neft yataqlarına diqqəti artırmağa məcbur edirdi. Eyni zamanda, neft və onun məhsullarına Rusiyada artan tələbat Bakı neft rayonunda neft istehsalı üsulunun təkmilləşdirilməsini tələb edirdi.

Yalnız 1868-ci ildə neft quyularının yeni üsulla qazılmasına rəsmi icazə verildikdən sonra 1869-cu ildə iltizamçı İ. M. Mirzəyev Balaxanıda dərinliyi 64 m olan neft quyusu qazsa da, bu, uğursuzluqla nəticələndi. Lakin 1871-ci ildə demək olar ki, eyni yerdə, dərinliyi 45 m olan ikinci quyunun qazılması uğurlu oldu və bu quyu sutkada orta hesabla 2 min pud neft əldə etməyə imkan verirdi.

Bununla belə, 1872-ci ilə qədər neft hasilatı gah iltizamçılara, gah da dövlət idarəçiliyinə verilirdi. Həmçinin neft mədənlərində çalışan təhkimçilərin qul əməyi və iltizam sistemi neft işinin inkişafına mane olurdu. Neft quyularını əldə edən iltizamçı neft hasilatı texnikasının təkmilləşdirilməsində maraqlı deyildi. Çünki dörd ildən sonra o başqasının əlinə keçə bilərdi. Bu səbəbdən neft işinin texnikası primitiv səviyyədə qalmışdı. Onu demək kifayətdir ki, Bakı neft rayonunda iltizam sisteminin mövcud olduğu dövrdə bir dənə də olsa, mexaniki emalatxana tikilməmişdi. İltizam sisteminin ləğv olunması isə həm neft sənayesinin, həm də iltizam dövründə az gəlir əldə edən dövlət xəzinəsinin maraqlarına cavab verirdi.

İltizam sisteminin ləğv edildiyi 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək üçün 2 qanun qəbul edildi: “Neft mədənlərindən və neft məhsullarından aksiz vergisinin tutulması barədə” və “İcarədarların əlində olan neftli sahələrin hərrac yolu ilə fiziki şəxslərə satılması barədə”. 1872-ci ilin fevralında təsdiq olunmuş: a) “Neft mədəni və fotogen istehsalına aksiz haqqında”; b) “İltizamda olan Qafqaz və Zaqafqaziya dövlət neft mənbələrinin şəxsi əllərə verilməsi haqqında” Qaydalara əsasən xəzinənin (dövlətin) sərəncamına 322 desyatin (1 desyatin =1,0925 ha) neftli torpaq sahələri verilmİşdi. Hökumət neft sənayeçilərindən yalnız mədənlərin istifadəsinə görə  illik vergi alır və ağ neft  istehsalına aksiz tətbiq edirdi.

Nəticə etibarilə iltizam sisteminin ləğvi və özəl şəxslərə neftli torpaqları icarəyə götürmək hüququnun verilməsi Azərbaycanda və Rusiyada neft sənayesinin intensiv inkişafına səbəb oldu ki, bu da neft firmaları və ticarət cəmiyyətlərinin meydana gəlməsinə səbəb oldu. Nəticədə    Azərbaycanda “H. Z. Tağıyev” (1872), “Bakı Neft Cəmiyyəti” (1874), “Nobel qardaşları” (1879), Rotşildlərin “Xəzər-Qara Dəniz Cəmiyyəti” (1883), “S. M. Şibayev” (1884), “Xəzər yoldaşlığı” (1887), “Nağıyev Musa” (1887), “A. . Mantaşev” (1889), “Əsədullayev Şəmsi” (1893), “Qafqaz” (1896), “İ. A. Haqverdiyev” (1896), “Rus nefti” (1898), “Ortaqlar” (1899), “Abşeron Neft Cəmiyyəti” (1899), “Aleksandr Benkendorf” (1990), “Bibi-Heibat Petroleum Co. Ltd” (1900), “Balakhani Syndicate Ltd” (1900), “Moskva-Qafqaz Neft Cəmiyyəti” (1902), “Sankt Peterburq-Qafqaz Neft Sənayesi və Ticarət Cəmiyyəti” (1911), “Muxtarov Murtuza” (1913) və bir sıra digər firmalar yarandı.

Qafqazda mədən işləri idarəsinin rəisi İ. A. Şteyman ABŞ-da neft mədənlərinin güclü inkişaf etməsinə baxmayaraq, Qafqaz neftinin amerikan nefti ilə rəqabət aparmaq gücünə malik olduğunu qeyd edirdi: “İltizam sisteminin ləğv edilməsi ilə hökumət özəl sənaye üçün geniş meydan açır. Onun üzərinə düşən əsas vəzifə istənilən sahənin inkişafında rastlaşan iqtisadi maneələrin aradan qaldırılmasından ibarət olmalıdır. Yerdə qalanlar özəl şəxslərin işin qulpundan yapışmaq bacarığından və zirəkliyindən asılıdır. Bu mənada okeanın o tayındakı dostlarımızın həsəd oyadan bacarığından heyrətlənmək lazım deyildir.”

1872-ci il Bakı neft rayonunda kəhriz (kankan) üsulu ilə quyuların qazılmasına son qoyulması və buruq üsulu ilə quyuların qazılmasına keçid ili oldu. S. M. Lisiçkinin məlumatına görə əgər fəaliyyət göstərən quyuların ümumi sayı 1873-cü ildə 158-ə bərabər idisə və ondan buruq neft quyularının sayı 9 idisə, 1876-cı ildə kankan quyularının sayı buruq quyularınin sayı ilə eyni idi - 62.

Bununla da köhnə səth neftini çıxarmaq üçün quyuların qazılmasına son qoyuldu və o dövr üçün yeni olan qazma texnikasının köməyi ilə quyuların qazılmasına start verildi. Nəticədə ilk buxar maşınları meydana çıxdı, quyuların dərinliyinə uyğun böyük həcmli jelonkalardan və ya neft çıxarmaq üçün dibi açılan uzun dəmir vedrələrdən istifadə edilirdi. 1873-cü ildə Bakıya gələn mühəndis V. Neruçev qazma quyularından neftin çıxarılmasını belə təsvir edirdi: “...jelonka təqribən 5-8 pud neft qaldırırdı, bunun üçün hərəkətin növünə və quyunun dərinliyinə uyğun olaraq 3/4-dən 3 dəqiqəyə qədər vaxt sərf edirdi. Jelonkanın qalxması və enməsi buxar gücü ilə həyata keçirdisə, quyunun dərinliyi bu halda 30 sajena (1 sajen=2,13 metr) çatırdısa, bu halda jelonkanın bir enmə və qalxması üçün 45 saniyədən çox vaxt tələb edilməyəcəkdir; buxar hərəkətinin əvəzində at gücü istifadə olunarsa, təxminən 1 dəqiqə, insan gücü sərf edilərsə 2-3 dəqiqə vaxt lazım olardı. Neftin bu metodla çıxarılmasına Bakıda “dartaylama” deyilir”.

Məşhur neft kimyaçısı, Sankt-Peterburq Mədən İnstitutunun professoru K. İ. Lisenko hələ 1878-ci ildə qeyd edirdi ki, 1874-cü ildən başlayaraq neft quyularının sayı durmadan artırdı, nasossuz quyuların sayı isə azalırdı, yəni neftin əsas hasilatı qazma quyularının payına düşürdü, nasossuz quyular isə ikinci dərəcəli rol oynayırdılar. 1878-ci ildə Abşeronda 301 neft quyusu var idi, onlardan 251-i Balaxanı, Sabunçu, Ramana və Zabratda yerləşirdi.

Coğrafiyaçı və şərqşünas, təxminən 30 il ərzində Avropanı, Yaxın və Orta Şərqi səyahət edən P. A. Çixaçov “Birləşmiş Ştatlarda və Rusiyada neft” adlı məqaləsində ABŞ və Abşeron neft quyularının debitini müqayisə edərək, Abşeron quyularının amerikan quyuları ilə müqayisədə 3 dəfədən çox neft verdiyini və Bakı neft rayonunda neft fontanlarının hündürlüyünun 84 metrə, ABŞ-da isə 19 metrə çatdığını bildirirdi. Qeyd edək ki, ilk güclü fontan - “Vermişevskiy” Abşeronda 13 iyun 1873-cü ildə “Xələfi” Ticarət Cəmiyyətinin torpaq sahəsində qazılan quyuda müşahidə olunmuşdu və nəticə olaraq 3 ay ərzində 90 milyon puddan artıq neft hasil edilmişdi.

Neft istehsalında yeni eranın başlanması qiymətin də kəskin ucuzlaşmasına gətirib çıxardı. 1874-1875-ci illərdə neft böhranı baş verərkən Rusiyada neftin və neft məhsullarının (ağ neftin) qiyməti kəskin aşağı düşdü. Bakıda və Sankt-Peterburqda neft işinin vəziyyətinə baxılması üçün hökumət komissiyası yaradıldı. Lakin hökumət 1876-cı ildə ağ neftə tətbiq edilən aksizi ləğv etməklə problemi aradan qaldırdı. 1878-ci ildə Bibiheybətdə ilk buruq qoyuldu və həmin ildə də ilk neft fontanı vurdu. Bu dövrdə neft sənayesinə kapital axını xeyli artmışdı. Əgər 1873-cü ildə Bakıda 12 şirkət fəaliyyət göstərirdisə, 1883-cü ildə onların sayı 79-a çatdı. 1878-ci ildə Bakıda 112, 1879-cu ildə 126 şirkət və şəxsi sahibkar var idi. 1879-cu ildə Bakı neft mədənlərində 1,8 min insan çalışırdı.

Maraqlıdır ki, hökumət böyük firmaların yaranmasına və inkişaf etdirilməsinə fəal köməklik edirdi. Belə ki, istehsalat baxımından daha mütəşəkkil olanlar sənayenin maraqlarını daha yaxşı təmsil edirdi. Bundan başqa, Rusiya sahibkarlarının fəaliyyətinin təşkili və əlaqələndirilməsini Bakı neft sənayeçilərinin 1884-cü ildə təsis etdikləri Neft sahibkarlarının toplanma Şurası həyata keçirirdi.  Şuranın əsas məqsədi neft sənayeçilərinin hökumət qarşısında öz ehtiyaclarını, səylərini və arzularını ifadə etmək idi. Şura neft firmalarının kapitallarının birliyi idi ki, burada da hər bir firma səslərin müəyyən hissəsinə malik idi. Müxtəlif hökumət idarələri ilə qarşılıqlı əlaqə yaratmaq, dövlət aparatı ilə sıx əlaqələr təşkil etmək, idarələrarası iclaslarda və komissiyalarda iştirak etmək, bir sözlə, hökumət qarşısında öz firmalarının maraqlarını müdafiə etmək üçün neft sənayeçilərinin nümayəndələri Şuradan istifadə edirdilər. Neft sahibkarlarının toplanma Şurasında xüsusi statistika büroları işləyirdi ki, onların da vəzifələrinə neft işinə aid olan bütün məlumatları yığmaq, işləyib hazırlamaq və hamıya elan etmək daxil idi. 10 yanvar 1899-cu ildən qurultay Şurası iki həftədə 1 dəfə, bu günə qədər də nəşr olunan “Neft işi” qəzet-jurnalını nəşr etməyə başladı (1920-ci ilin may ayından bu nəşr “Azərbaycan neft təsərrüfatı” adlanır).

1880-ci ildən başlayaraq neft sənayesinin yenidən təşkili həyata keçirildi və onun fəaliyyətinə nəzarət mərkəzləşdirildi. Nəticədə, 1882-ci ildə neft hasilatı 50 milyon pud, 1894-cü ildə isə 340 milyon pud həcminədək yüksəldi. Müqayisə üçün deyək ki,  1872-ci ildə çıxarılan neftin həcmi cəmi 1,4 milyon pud olmuşdu.

XIX əsrin 2-ci yarısında Azərbaycan neft işinin uğurlu göstəricilərindən biri Bakı neft sənayeçilərinin müxtəlif  Ümumrusiya və beynəlxalq sərgilərdə iştirak etməsi idi. İri neft sənayeçiləri yeni dünya satış bazarlarının axtarışı məqsədilə beynəlxalq sərgilərdə iştirak edirdilər. Əsasən də, buna Lüdviq Nobel və Viktor Raqozin müvəffəq oldular.

XIX əsrin 80-90-cı illərində ən aktual məsələ Bakıda mədənlər və Qara şəhər arasında neft kəmərlərinin inşası idi ki, bunun da həlli ilə ən fəal firmalar - “Nobel qardaşları”, “H. Z. Tağıyev” və “Bakı Neft Cəmiyyəti” ciddi məşğul olmağa başladı. Artıq 1878-ci ildə Sabunçu mədənləri və Qara şəhərin zavodları arasında Rusiyada ilk neft kəmərinin inşası başa çatmışdı. Artıq 1890-cı ilə qədər Bakının neft rayonunda mədənlərdən zavodlara sutkada 1,5 milyon pud neft ötürən, uzunluğu 286 km-ə qədər olan 25 neft kəməri çəkilmişdi.

 

1881-ci ildə Bakıda orta hesabla quyuların gündəlik debiti 40 ton, A

BŞ-da isə 11,5 ton təşkil edirdi

 

Rusiya imperiyasının neft sənayesinin 1880-1890-cı illərdə əldə etdiyi ən böyük nailiyyət Bakı neftinin dünya bazarına çıxarılması oldu.  Məhz bu  illərdə Bakı nefti ABŞ nefti ilə rəqabət aparır və hətta onu Avropa və Asiya bazarından sıxışdırıb çıxarırdı. Bakıdan aparılan ağ neft Rusiyanın tələblərini tam ödəyir və 1883-cü ildə ABŞ ağ neftinin imperiyaya gətirilməsi demək olar ki, dayandırılır. Rusiyada və ABŞ-da neftçıxarma üzrə müqayisəli məlumatlar göstərirdi ki, 1859-cu ildə ABŞ-da (Pensilvaniya) 82 min barrel, 1889-cu ildə 14 milyon barrel neft çıxarılırdı. Bakıda isə elə 1889-cu ildə 16,7 milyon barrel neft çıxarılmışdı. Burada Pyotr Çixaçovun “Neft Birləşmiş Ştatlarda və Rusiyada” (1885-ci il) məqaləsindən çıxarışı göstərmək yerinə düşərdi ki, burada ABŞ-da, Rusiyada və dünyanın neft çıxaran digər ölkələrində neftçıxarmanın vəziyyəti müzakirə olunur və qeyd edilir ki, bütün dünyadakı neft məhsulunun yarısından çoxu ABŞ və Rusiyanın payına düşür. Çixaçov qeyd edir ki, 1881-ci ildə Bakıda orta hesabla quyuların gündəlik debiti 40 ton, ABŞ-da isə 11,5 ton təşkil edirdi.

Artıq 1885-ci ildə ABŞ-ın ağ nefti əvəzinə Asiya ölkələrinə Batum (Batumi)  vasitəsilə 37 milyon qallon yerli xammal çatdırılırdı. Tanınmış geoloq M. Neymayer özünün “Yerin tarixi” kitabında qeyd edirdi: “1873-cü ildə Rusiya xarici neft məhsullarına görə 10,5 milyon rubldan çox pul verdi, 1890-cı ildə isə göndərdiyi neft və onun məhsullarına görə 27,5 milyon rubldan çox pul aldı”. Müəllif qeyd edir ki, Abşeron nefti İngiltərə, Almaniya, Avstriya-Macarıstan, Türkiyə və digər Avropa ölkələrində geniş tətbiqini tapıb.

1875-ci ildə dünya neft sənayesinin tarixində ilk dəfə V. İ. Raqozin sürtkü yağını tədqiq etdi və bu məqsəd üçün Balaxanıda (Nijeqorod quberniyası) və Konstantinovda (Yaroslavla yaxın) ilk zavodları tikdi. 1878-ci ildə onun tərəfindən xaricə aparılmış Bakı neftindən alınan sürtkü yağı dünya bazarını davamlı şəkildə ələ alır. Beləliklə, sürtkü yağlarının istehsalı üçün xammal kimi istifadə olunan Bakı nefti Rusiyanın iqtisadiyyatında mühüm rol oynadı. Raqozinin Volqada, Nobelin, Tağıyevin, Şibayevin, Nağıyevin, Rotşildin, Əsədullayevin, Aşurbəyovun və digərlərinin Bakıda, Fralovun, Roylsun və Petuxovun Sankt-Peterburqdakı yağ zavodları İngiltərə, Fransa, Belçika, Niderland, Norveç, Danimarka və digər Avropa ölkələrində ABŞ sürtkü yağını sıxışdırıb çıxaran məhsulları Bakı neftindən alırdılar.

Bakı zavodlarında alınan neft məhsulları, həmçinin emal olunmamış xam neftin əsas hissəsi Bakıdan dörd yolla: Xəzər, Zaqafqaziya və Vladiqafqaz (Bakı-Petrovsk) dəmir yolları ilə və çox cüzi hissəsi  isə at-araba nəqliyyatı ilə daşınırdı. Beləliklə, artıq 1897-ci ildə  Rusiya hüdudlarında çıxarılan 478 milyon pud ümumi neftin 458 milyon pudu Bakı neft rayonundan alınırdı. Bakı ağ neftinin iri alıcıları isə Rusiyadan sonra İngiltərə, Türkiyə və Yunanıstan idi. Bununla da 90-cı illərdə Volqa donanmasının əsas yükü Bakı nefti olduğu üçün o sürətlə inkişaf edir.

Hələ XIX əsrin 40-cı illərindən Bakı neftinin nəqlində ən sürətlə inkişaf edən sahə dəniz nəqliyyatı oldu. Lakin neftin və sonralar neft məhsullarının gəmilərlə daşınması yanğın təhlükəsizliyi baxımından xüsusi riskə malik olduğundan bu sahədə böyük problemlər yaranmışdı.

Mendeleyev neft məhsullarının çəlləklərdə deyil, gəmilərin anbarlarına doldurularaq daşınmasını təklif etdi

XIX əsrin 50-ci illərinin sonlarında və 60-cı illərinin əvvəllərində   Xəzərdə Bakı neftinin daşınması üçün buxar gəmilərindən, yəni paraxodlardan daha çox istifadə olunmağa başlandı. Lakin neft məhsulları paraxodlarda az miqdarda daşınırdı. Çətinlik onda idi ki, yüz min pud tezalışan ağ neft yüklənmiş çəllək və yeşiklərlə əhatə olunmuş paraxodların maşın şöbəsində yaranan yüksək hərarəti aşağı salmaq mümkün olmurdu. 1863-cü ildə məşhur alim D. İ. Mendeleyev neft məhsullarının çəlləklərdə deyil, gəmilərin anbarlarına doldurularaq daşınmasını təklif etdi.

Maye daşıyan gəmilər çox əlverişli idilər və hətta fırtınada da axma vermirdilər. Lakin artmaqda olan neft məhsullarının təhlükəsiz daşınması üçün daha müasir  gəmilərin yaradılmasına ehtiyac yaranmışdı. Bu məqsədlə İsveçin “Motala” zavodunda 1877-ci ildə Lüdviq Nobelin sifarişi və ideyası ilə dünyada ilk dəfə “Zoroastr” (Zərdüşt) neftdaşıyan gəmisi düzəldildi. Onun ardınca “Nobel qardaşları” firması tərəfindən “Məhəmməd”, “Spinoza”, “Darvin”, “Nordenşeld”, “Linney”, “Budda”, “Quran”, “Talmud”, “Xilasetmə” və s. neftdaşıyan gəmilərin daxil olduğu donanmalar yaradıldı. Nəhəng neft daşıyan donanmaya və 2 mindən çox vaqon-sisternlərə malik olan “Nobel qardaşları” firması (1881-ci ildə dünyada ilk dəfə olaraq Nobellər dəmiryol sisternlərində neft və neft məhsullarının daşınmasını həyata keçirməyə başladılar) Rusiyanın Nijni Novqorod, Saratov,  Astarxan, Yaroslavl və bir çox şəhərlərinə saysız-hesabsız çənlərlə neft və neft məhsullarını daşıyırdı. Avropaya neft məhsulunun ixracında Varşava, Kiyev və Dvinsk dəmiryol terminalları iştirak edirdi. Zaqafqaziya və Zakaspiysk dəmir yollarının salınması ilə firma Mərkəzi Asiyanın da ağ neftlə təchiz olunmasına ciddi diqqət yetirməyə başladı. Burada ilkin məntəqələr dəniz yolu ilə Krasnovodsk, quru yolu ilə Daşkənd idi. Nəticədə, qardaşların fəaliyyəti Rusiya bazarında Bakı neftindən emal edilən ağ neftin amerikan məhsulunu tam sıxışdırıb çıxararaq, dünya bazarında güclü rəqibə çevrilməsinə şərait yaratdı.

Sonradan Rusiyanın su magistralları ilə digər firmalara da məxsus gəmilər üzürdü. Məsələn, Alfons Rotşild tərəfindən 1898-ci ildə yaradılmış “Mazut” ticarət-nəqliyyat cəmiyyətinin Xəzərdə 13 tankeri və paroxodları var idi. Nəticə etibarilə dənizdə yükdaşımanın həcminin artması və donanmanın genişlənməsi liman təsərrüfatının yaxşılaşdırılmasını və gəmilərin təmir bazasının yaradılmasını tələb edirdi və XIX əsrin 80-ci illərinin sonunda Bakıda ilk gəmiqayırma və gəmi təmiri sənayesinin bünövrəsi qoyuldu. Bu illərdə Bakı ən böyük liman şəhərlərindən birinə çevrildi.

 

Bakı neftinin nailiyyəti:

“Amerika gec-tez öz birinciliyini Rusiyaya verməlidir”

 

XIX əsrin 80-90-cı illərində, eyni zamanda, Bakı neft sənayesinin iri müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi ilə müşahidə olunan inhisarlaşması başlanır. 1884-cü ildə London Neft Assosiasiyasının katibi Boverton Redvud Abşeronda oldu və sonra Kimya Sənayesi Cəmiyyətinin iclasında Rusiyada neft işinin vəziyyəti haqqında ətraflı məruzə ilə çıxış etdi və belə nəticəyə gəldi ki, Bakının neft mənbələri neftlə o qədər zəngindir ki, ruslar bütün dünyanı ağ neftlə təmin etmək və “yağla yağlamaq” gücündədir. “Engineering” ingilis elmi jurnalında (1885) Bakı neft işinin uğurları haqqında, 1864-cü ildən bəri vəziyyətinin analiz olunduğu geniş məqalə çap olunmuşdu və burada belə fərziyyələr irəli sürülmüşdü ki, Rusiya 2-3 il ərzində Şimali Avropa bazarları üzərində nəzarət qoya bilər, yaxın gələcəkdə isə, hələ Uzaq Şərq və Hindistan haqqında deməsək, Qara dəniz və Aralıq dənizinə bitişik ölkələrdə amerikalılar üçün böyük rəqib olacaq. İki dövlətin rəqabət mübarizəsinin nəticələri haqqında tanınmış jurnalist Çarlz Marvin də eyni nəticəyə gəlir və 1886-cı ildə özünün “Rus neftinin gələcək axını” kitabçasında yazırdı: “Amerika gec-tez öz birinciliyini Rusiyaya verməlidir”. Sonra o qeyd edirdi: “Rus neft işi elə cəlbedicidir ki, İngiltərə onu barmaqları arasından buraxa bilməz”.

 

Zəngin neft resursları və ucuz işçi qüvvəsinin yaratdığı böyük mənfəət Rusiyanın neft sənayesinə xarici valyuta axınını sürətləndirirdi

 

Ç. Marvinin məcazi mənada işlətdiyi bu fikir XIX əsrin sonu-XX əsrin əvvəllərində özünü həqiqi mənada doğrultmağa başladı. Belə ki, bu dövrdə Azərbaycanda neft hasilatının sürətli inkişafı Rusiyanın neft sənayesinə böyük həcmdə xarici kapitalın daxil olmasına şərait yaratmışdı. Zəngin neft resursları və ucuz işçi qüvvəsinin yaratdığı böyük mənfəət  Rusiyanın neft sənayesinə xarici valyuta axınını sürətləndirirdi. Əslində buna Bakı neft rayonu çərçivəsində neft mədənlərinə əcnəbilərin buraxılması haqqında məsələ üzrə xüsusi müşavirənin hələ 1880-ci il 1 may tarixli qərarı imkan verirdi. Eyni zamanda, 6 iyul 1898-ci ildə  Rusiya hökumətinin xüsusi fərmanına əsasən dövlət torpaqlarında  ruslarla yanaşı xaricilər də sərbəst neft axtarışı aparmaq, onun çıxarılması üçün torpaq sahələri almaq, həmçinin neftvermə qabiliyyəti olan sahələrin icarəyə verilməsi üzrə sövdələşmələrdə iştirak etmək imkanı əldə etdilər. Bu da artıq XX əsrin əvvəlində xarici kapitalın neft sənayesini tam inhisara almasına şərait yaratdı. Vəziyyət o həddə çatmışdı ki, xarici kapital rus və yerli sahibkarları neft hasilatı sənayesi ilə bərabər neft məhsulları ticarətindən də sıxışdırıb çıxarırdı. XIX əsrin axırlarında Abşeronda neft sənayesində 78 səhmdar cəmiyyət var idi. 1890-1900-cü illərdə şirkətlərin 9,5 faizi Bakı neftinin 69 faizini hasil edirdi.

Bu məsələdə ingilis firmaları daha fəal idilər. Hələ 1893-cü ildən başlayaraq 10 il ərzində ingilis sahibkarlar neftçıxarmaya və  mədənlərin genişləndirilməsinə 60 milyon rubl xərcləmişdilər. Lakin onların Bakı neftinə olan marağı daha əvvələ təsadüf edirdi. Belə ki,  1886-cı ildə Londonun ticarət palatasının nümayəndəsi Stüart və Batumidəki ingilis vitse-konsulu Pikok Bakı neft sənayeçilərinin III qurultayında iştirak etmiş və  hesabatında Stüart ingilislər tərəfindən ağ neft zavodlarının alınmasına qarşı çıxmışdı. O hesab edirdi ki, Böyük Britaniya neft məhsullarının ticarətində maraqlı olmalıdır.

 

İngilislər H. Z. Tağıyevin mədənlərini 5 milyon rubla alır və artıq iki il yarımdan sonra
buradan 7,5 milyon rubl xalis mənfəət əldə edirlər

 

Ceyms Vişau başda olmaqla bir neçə ingilis maliyyə maqnatı Bibiheybətdə neft mədənləri və Qara şəhərdə isə S. Şibayevin zavodlarını alaraq burada üç şirkət yaratdılar. 1897-ci ildə ingilislər H. Z. Tağıyevin mədənlərini 5 milyon rubla alır və artıq iki il yarımdan sonra bu mədənlərdən çıxarılan neftdən 7,5 milyon rubl xalis mənfəət əldə edirlər.

Xarici kapitalın Rusiyanın neft işinə cəlb olunmasının qızğın tərəfdarları Qafqazda mülki hissənin baş rəisi, knyaz M. Qolisın və Rusiya maliyyə naziri S.Y. Vitte idi. M. Qolisın yazırdı: “Sərbəst kapitalın olmamağı, zavod və fabrik sənayesinin ibtidai vəziyyəti, kənd təsərrüfatının aşağı səviyyəsi, texniki biliklərin çatışmazlığı və yerli əhalinin zəif təşəbbüskarlığı diyarın iqtisadi vəziyyətini hələ uzun müddət ləngidəcək. Belə vəziyyətdə Qafqazın iqtisadi həyatında xaricilərin iştirakından imtina etmək lazım gəlmir. Daşınmaz əmlakın əldə olunmasına şərtsiz qadağa qoyulması, təsərrüfat maraqlarının ziyanına olaraq bu diyara xarici kapitalın axınını dayandırmağa gətirib çıxara bilərdi.”. Qraf S. Y. Vitte (1892-1906-cı illərdə maliyyə naziri) isə  neft işləri üzrə xüsusi müşavirələrdə həmişə qeyd edirdi: “Neft məhsullarımızın dünya bazarında rəqabət aparması  xariciləri, əsasən də ingilis sahibkarlarını və onların kapitallarını cəlb etmədən mümkün deyil”.

Maraqlısı isə budur ki, Vittenin xələfi Qraf V. N. Kokovçov (1906-1914-cü illərdə maliyyə naziri, 1911-ci ildən isə nazirlər Şurasının nümayəndəsi) da onlarla eyni fikirdə idi. Ancaq məsələ burasında idi ki, böyük həcmdə xarici kapitalın axını da neft işi texnikasındakı  primitivliyi aradan qaldırmamışdı. Düzdür, Bakı neft mədənlərində 1873-cü ildən istifadə edilən buxar maşınlarının sayı XIX əsrin 80-90-cı illərində sürətlə artmağa başladı. Neft hasilatının kəskin artdığı 1883-1899-cu illər ərzində Bakı mədənlərində buxar maşınlarının sayı 11 dəfə, ümumi gücü isə 55 dəfə artmışdı. Əgər 1872-ci ildən 1883-cü ilədək istismarda olan neft quyularının dərinliyi 25-30-dan 50-60 sajenə qədər artmışdısa, XIX əsrin sonunda bu dərinlik 200-250 sajenə çatmış oldu, yəni otuz il ərzində 10 dəfəyəcən artmış oldu. Lakin ümumən neft quyularının qazılması və istismarı çox aşağı texniki səviyyədə idi və hasilat həddən artıq baha başa gəlirdi.

 

1901-ci ildə Bakıda 667,1 milyon pud neft hasil olundu ki, bu da Rusiya neftinin 95 faizi, dünya neftinin isə yarıdan çoxu idi

 

Bununla belə, XIX əsrin ikinci yarısından başlayaraq Bakıda neft sənayesinin inkişafı  Rusiyanın dünyanın irəlidə gedən kapitalist ölkələri sırasında qərarlaşmasına imkan verirdi. XIX əsrin sonundan başlayaraq neft istehsalında birincilik ABŞ-dan Bakıya keçdi. 1882-ci ildən 1900-cü ilədək Bakıda neft hasilatı 12 dəfə artdı - 50 milyon puddan 600,3 milyon puda çatdı. 1885-ci ildə Bakıda 115 milyon pud, ABŞ-da isə 169 milyon pud, 1890-cı ildə uyğun olaraq 240,4 və 355 milyon pud neft hasil olunduğu halda, 1895-ci ildə bu həcmlər 426 və 400 milyon pud olmuşdular. 1901-ci ildə Bakıda 667,1 milyon pud neft hasil olundu ki, bu da Rusiya neftinin 95 faizi, dünya neftinin isə yarıdan çoxu idi.