Bakı Xəbər.-2017.-26 sentyabr.-¹170.-S.10-11.

 

Tolerantlığın məkanı Azərbaycan - qədim tarixdən müasirliyədək...

 

Vəfa Quliyeva,

Tarix elmləri doktoru

 

Qənirə Pirquliyeva,

Tarix üzrə fəlsəfə doktoru

 

Elxan Məmmədov,

Tarixçi

 

Yaxın Şərqin qapısı sayılan Odlar yurdu - Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşir. Azərbaycan bəşər sivilizasiyasının yarandığı ilk mərkəzlərdən biridir. Bunu arxeoloji qazıntılar zamanı aşkarlanmış çoxsaylı maddi-mədəniyyət nümunələri təsdiqləyir. Tarixən Asiyanı Avropa ilə birləşdirən karvan-ticarət yolları, o cümlədən “İpək” yolu Azərbaycandan keçmişdir.

Tutduğu geostratejı mövqeyə görə Azərbaycan hər zaman dünya maraqlarının toqquşduğu məkan olmuşdur. Tarix boyu bir çox qüdrətli imperiyaların tərkibinə daxil olmaqla yanaşı, Azərbaycan xalqı  müəyyən dövrlərdə müstəqillik əldə etmiş və özünəməxsus mədəniyyətin yaradıcısı kimi millətlər arasında layiqli yerini tutmuşdur.

Bakı əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Burada atəşpərəstlik, xristianlıq, islam mədəniyyətləri öz izini buraxıb, xalqın adət-ənənələrində əks olunub. Bəlkə ona görə Azərbaycan xalqı bütün dinlərə və mədəniyyətlərə açıqdır. Bu gün Azərbaycanda yəhudi də, xristian da, katolik də özünü sərbəst və azad hiss edir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin böyük, danılmaz nailiyyətidir.

Müasir dünyada gedən qloballaşma prosesində qabaqcıl yer tutmaq istəyən ölkə özünün iqtisadi, siyasi gücü ilə yanaşı, tarixi irsi, mədəniyyəti, incəsənəti ilə də tanınmalıdır. Azərbaycan xalqı qədim tarixə və zəngin mədəniyyətə malik olan bir xalqdır. Bu tarixi yaddaş əsrlərdən bəri qorunub saxlanmış memarlıq abidələrində yaşayır, xalqın, millətin mənəviyyatını özündə  əks etdirir. Maddi-mədəniyyət, memarlıq  abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni irs zəngin xəzinəyə çevrilir.

Azərbaycan xalqının mədəni irsinin nadir incisi, hər bir azərbaycanlının qürur duyduğu məkan - İçərişəhər min illik tarixə malik olan Azərbaycan dövlətçiliyinin rəmzi sayılan Şirvanşahlar dövlətinin paytaxtı qədim Bakının tarixi mərkəzidir. Bakının qoynunda, möhtəşəm qala divarları əhatəsində yerləşən, açıq səma altında bir muzey kimi fəaliyyət göstərən İçərişəhər qədim və orta əsrlər dövrünə aid zəngin maddi-mədəniyyət abidələrini əsrlərdən bəri qoruyub saxlayır.

Bakı şəhəri  qədim zamanlardan insanların yaşaması üçün əlverişli məkan olması ilə yanaşı, eyni zamanda müxtəlif dini inancların yarandığı müqəddəs yerlərdən biri olmuşdur. Monoteizm yaranana qədər qədim dünyada zərdüştlük hökmran din olmuşdur. Bakı qalasında müqəddəs sitayiş yerləri, pirlərin qalıqları qalmışdır. Bu faktı ötən əsrdə aparılmış arxeolojı qazıntılar da təsdiqləyir. Bəşəri dinlərin - iudaizmin, xristianlığın və nəhayət islamın meydana gəlməsi ilə bu müqəddəs şəhər bu üç dinin mərkəzinə çevrildi.

Monoteist dini inanclara qədər Bakı atəşpərəstliyin ən mühüm mərkəzlərindən biri idi. Bu fakt, həmçinin, Abşeronda təbii mənşəli odun zənginliyi ilə bağlı idi. XX əsr ərzində Qız qalası ətrafında aparılan arxeolojı qazıntılar, daha dəqiq desək, alimlərin Qız qalası qarşısında dini memarlıq kompleksini və ətrafda od səcdəgahlarını aşkarlaması bir daha burada atəşpərəstliyin mövcud olduğunu sübut edir.

Bakı qalasında Qafqaz Albaniyası dövrünə aid bir neçə erkən xristianlıq kilsələri, erkən islam dövrünə aid məscidlər fəaliyyət göstərirdi. Bu gün onların qalıqlarını möhtəşəm memarlıq və dini abidə hesab olunan Qız Qalasının yanında müşahidə etmək olar. Ərəb xilafəti dövründə bir çox atəşpərəstlik pirlərinin yerində və üzərində bənzərsiz məscidlər, mədrəsələr, minarələr, islam dininə aid bütöv komplekslər inşa olunmuşdur.

Qız Qalasının funksional təyinatı məsələsi hələ də elmi ictimaiyyət arasında mübahisə predmetidir. Lakin əldə etdiyimiz dini xarakterli faktolojı materiallar bizə əsas verir təsdiq edək ki, Qız qalasının ətrafındakı məkan qədim zamanlardan möcüzəli, müqəddəs sitayiş yeri, Qız qalasının özü isə əsas sitayiş abidəsi olmuşdur. Məhz buna görə xristianlığın və islamın qəbulundan sonra da bu abidə toxunulmaz qalmış və bizim günlərə qədər gəlib çatmışdır.

Tarixi nöqteyi-nəzərdən İçərişəhər sirlərlə doludur, bənzərsiz və maraqlı məkandır. Belə abidələrdən biri XX əsrin 80-ci illərinə qədər Qız qalası yaxınlığında yerləşən Zəng gülləsi olan məbəd idi. Köhnə fotoşəkillərdə kilsənin yuxarı örtüyü tam aydın görünür. Memarlar yazır ki, Qız qalasının yanında XIX əsrdə bərpa olunmuş kilsə yerləşirdi. Kilsənin zəng qülləsinin altında cahartağ formasında (dörd tağ) atəşgah yerləşirdi.

Qeyd etmək lazımdır ki, ilk kilsələr atəşpərəstlik məbədlərinin yerində inşa olunmuşdur. Səcdəgahı ucaldarkən şərq tərəfdən, girişi qərbdə yerləşdirməklə atəşpərəstlik məbədini beləliklə xristian kilsəsinə çevirirdilər. Bu, yeni inanca keçid prosesini bir qədər asanlaşdırırdı. Xristian məbəd və monastrlarını adətən əhali məskunlaşan, qala divarları ilə əhatələnmiş məkanlarda inşa edirdilər. Alban xristian mədəniyyəti erkən orta əsr Alban mədəniyyətinin məhəlli variantı deyil, müstəqil mədəniyyət idi. Xristianlıq və onunla bərabər mövcud olan Alban atəşpərəst mədəniyyəti fərqli etnik əlamətlərə malik deyildi. Memarlıq, konstruktiv formasına, inşaat metoduna əsasən bu abidə Azərbaycanın Şəki rayonunda, Kiş kəndində yerləşən alban məbədi ilə eynilik təşkil edir.

Apostol Yelisey tərəfindən ucaldılan Kiş kəndindəki monastır Qafqazda ilk alban apostol monastırı və xristian dünyasında ən qədim monastırdır. B.e.ə. IV əsrdə bünövrəsi qoyulan, III-V, VI-VII əsrlərdə onun üzərində bazilikadan gümbəzi qoyulan məbəd mərhələlərlə ucaldılmışdır. VIII əsrədək alban memarlığının bəzi elementlərinə islam dövrü abidələrində də rast gəlinir.

Antik dövrdən sonrakı dövrdə və erkən orta əsrlərdə Qafqaz Albaniyası ərazisində inşa olunan məbədlər memarlığında xristianlığa qədərki tikililərin xüsusiyyətlərini özündə saxlamışdır. Bir otaq sahəsindən ibarət olan atəşpərəstlik məbədləri xristian dininə uyğunlaşdırılaraq yeni xüsusiyyətlər əldə edirdi. Bu təkcə Albaniya üçün deyil, bütün xristian dünyası üçün xarakterik xüsusiyyət idi.

XIX əsrdə bərpa olunmuş Qız qalasından 20-25 metr qərbdə yerləşən dini abidə, zənnimizcə, monastırın zəng qülləsinin qalıqlarıdır. Abidə memarlıq konstruktiv quruluşuna görə alban monastırları ilə eynilik təşkil edir. Tikilinin günümüzə gəlib çatmış salamat hissəsi tağlı girişdən, kiçik hücrəli uzun P şəklində olan dəhlizdən ibarətdir. Tikilinin bu hissəsi, demək olar ki, tam bərpa olunub. Divar yonulmuş yerli növ əhəng daşından hörülmüşdür. Tikilini memarlıq-konstruktiv quruluşuna və daşının ölçüsünə görə orta əsr dövrünə aid etmək olar. Tikilinin girişində uzunluğu təxminən 2 metr, hündürlüyü 2.10 – 2.30 sm olan divar qalığı abidənin ən qədim hissəsidir. Abidənin divarı 70x40x10; 60x30x5 sm ölçüsündə olan kobud, yonulmamış daşlarla hörülmüşdür. Bərkidici məhlul kimi qum və az miqdarda əhəngdən istifadə olunmuşdur. Daşlar ölçü və formasına görə fərqlənir. Bundan əlavə, uzun müddət yanğına məruz qaldığına görə onun üzəri hislə örtülmüşdür. Ehtimal olunur ki, bu hörgü bizə gəlib çatan tikilinin üst hissəsidir. Yanan alov tikilinin yuxarı hissəsinə daha çox təsir göstərmiş, ona görə də daşlar qaralmışdır. Nəhayət, tamamilə mümükündür ki, XX əsrin 80-ci illərinə qədər fəaliyyət göstərmiş zəng qülləsi XIX əsrdə bərpa olunmuş alban məbədinin bir hissəsi olmuşdur.

Beləliklə, ehtimal etmək olar ki, həmin bu yerdə atəşpərəstlik dövründə (e.ə. VI-IV əsrlərdə) ən qədim tikili ucaldılmış, IV-VIII əsrlərdə Qafqazda xristianlığın yayıldığı dövrlərdə bu yer müəyyən dini mərasimlərin keçirildiyi məkan olmuş,  lakin XIX əsrin birinci yarısında, hələ alban katolikosluğunun (Alban kilsəsi 1836-cı ildə ləğv edilmişdir) fəaliyyət göstərdiyi illərdə burada zəng qülləsi ucaldılmışdır.

Bu alban məbədi Qafqazdakı analojı məbədlər kimi iki əsas tikilidən ibarət olub. Ehtimal ki, XII-XIII əsrlərdə Azərbaycanda islam memarlığının geniş yayıldığı illərdə tikiliyə gümbəz əlavə olunaraq o, məscidə çevrilmişdir. Məşhur fotoqraf Y.İ.Yermakovun Bakı mövzusuna həsr olunmuş şəkillərində zəng qülləsinin bilavasitə yaxınlığında məscidin gümbəzi aydın görünür. Lakin yazılı mənbələrdə bu məscid haqqında məlumat yoxdur. Amma yerli sakinlərin şahidliyinə əsasən, bu yer əsrlərdən bəri üç dinin müqəddəs məkanı adlandırılır. Ötən əsrdə həm məscid, həm də kilsə dağıdılmışdır. Mütəxəssis albanşünasların fikrinə görə, Albaniyada xristianlıq mərkəzləşmiş Alban dövlətinin (1008-ci il) süqutuna qədər dövlət dini statusunu qoruyub saxlamışdır. Xilafət ölkələrində digər dinlərə həmişə dözümlü yanaşılmışdır. Ona görə də təəccüblü deyil ki, bir məkanda üç dinin – atəşpərəstlik, xristianlıq və islamın rəmzləri qorunub saxlanmışdır.

Beləliklə, alban kilsəsi atəşpərəstlik məbədinin üzərində ucaldılmış, islamın yayılması ilə əlaqədar həmin sırada məscid inşa olunmuşdur. Bu faktın özü bir daha dünya elmində qəbul olunmuş fikri təsdiqləyir ki, dəyişən ancaq dinlər olurdu, müqəddəs yerlər dəyişilməz olaraq qalırdı. Azərbaycan ərazisində xristian sitayiş abidələrinin ucaldılması çarizmin Qafqazın xristianlaşdırma imperiya siyasətinə uyğun olaraq aparılırdı. Bu böyük plan idi və xristianların regiona kütləvi şəkildə köçürülməsi bu planın tərkib hissəsi idi.

XIX əsrin ortalarında Qız qalasının qarşısında indiki Varfolomey kilsəsinin qalıqlarının yerləşdiyi məkanda taxtadan bir kiçik xristian sövməsi ucaldılmışdır. Rusiyanın Moskva şəhərində yerləşən Dövlət Hərb Tarixi arxivindən əldə etdiyimiz məlumatlara görə 1824-cü ildən 1834-cü ilə qədər, on il ərzində rus pravoslav kilsəsi bu ərazidə mövcud olan məscid binasının içində fəaliyyət göstərib. Görünür, sonralar məscid sökülüb və yerində qeyd etdiyimiz həmin sövmə tikilmişdir. Bəzi mənbələrdəki məlumatlara görə 1853-cü, digər məlumatlara görə 1857-ci ildə İçərişəhərdə Şamaxı qapılarının yanında Müqəddəs Nikolay pravoslav məbədinin tikintisindən sonra Qız qalasının qarşısındakı bu pravoslav sövməsi fəaliyyətini dayandırır və əsrin axırına tam dağılıb, yararsız vəziyyətə düşür. Məscidin bərpası haqqında məsələ gündəmə gətirilir. Əvvəllər bu yerdə məscid yerləşdiyindən, müsəlmanlar məscidin bərpası xahişi ilə qubernatora müraciət imzalayır. Lakin mitropolit İsidor buna izn vermir. Bu təsadüfi məsələ deyildi.

Çarizm bu tarixi dövrdə müsəlman ruhaniliyinin simasında Cənubi Qafqazda rus mütləqiyyətinə təhlükə yaradan islam ideologiyasının əsas daşıyıcılarını görürdü. Cəmiyyətdə möhkəm mövqeyə, böyük məbləğdə gəlirlər gətirən iri vəqf mülkiyyətinə, güclü sosial bazası olan, xalq arasında böyük nüfuz və təsirə malik olan müsəlman ruhaniləri çarizmi daim qorxu içərisində saxlayırdı. Əgər XIX əsrin birinci yarısında çarizm müsəlman ruhanilərinə güzəştə gedərək ona müəyyən imtiyazlar verirdisə, XIX əsrin ikinci yarısından müsəlman ruhaniləri sıxışdırılıb, tədricən onun tutduğu mövqelərin alınma prosesi aparılır. Bu nöqteyi-nəzərdən, təbii ki, hakimiyyət Qız qalası yaxınlığında məscidin bərpasına razı ola bilməzdi.

1891-ci ildə Gürcüstan ekzarxı Arxiyepiskop Palladinin xeyir-duası ilə qərara alınır ki, burada xristian dininin ilk yayıcısı olan apostol Varfolomeyin xatirəsinə daşdan sövmə ucaldılsın. 14 sentyabr 1892-ci il tarixində müqəddəs Varfolomey sövməsinin açılışı baş tutdu. Səhər Nikolay kilsəsində Bakı qubernatorunun iştirakı ilə liturgiya mərasimi keçiriləndən sonra kilsə nümayəndələri əllərində bayraqlar Qoşa qala qapıları yaxınlığında yerləşən Müqəddəs Nikolay kilsəsindən Qız qalasının qarşısında inşa olunmuş müqəddəs Varfolomey sövməsinə yürüş keçirdilər.

Sövmə rus üslubunda kiçik kilsə olmaqla, gümbəzində güzgülü xaç ucaldılmışdı. Sövmənin içərisində Müqəddəs Varfolomeyin təsviri və digər ikonalar qoyulmuşdu. 1895-ci ildə fotoqraf A.Mişon da həmin məkanda sövmənin yerləşdiyini fotoşəkillərlə təsdiqləyir. Pravoslavlar sövməni ziyarət edirdilər. Protoiyerey Aleksandr İvanoviç Yunitskiy 1906-cı ildə yazdığı “Bakı quberniyasında kilsələrin tarixi və kilsə gəlirləri” kitabında qeyd edirdi: “Ruslar və müsəlmanlar bir-biri ilə mehriban münasibətdə idilər. Pravoslav inanclı insanlar Allahın iradəsinə tabe olaraq, ibadət edərək sakit yaşayır, öz ailə ocağını ciddi şəkildə qoruyurdu”. Varfolomey sövməsi 1930-cu ildə bağlandı və bir müddət boş qaldı. Sövmə binası sovet ateizm siyasətinin qurbanı olaraq 1936-cı ildə dağıdıldı.

2003-cü ildə Müqəddəs Konstantinopol Patriarxı I Varfolomey Bakıya gəlmişdi. O, apostol Varfolomeyin müqəddəs qalıqlarının yerləşdiyi mücrünü gətirmiş və onu Prezident Heydər Əliyevə təqdim etmişdi. İndi həmin mücrü Bakıda yerləşən Müqəddəs Jen-Mironosets kafedral kilsəsində saxlanır.

XX əsrin 60-cı illərində Qız qalasının ətrafında abadlıq işləri aparılarkən sıratağlı dini-memarlıq kompleksi aşkar olundu. 1964-cü ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları Ö.İsmizadə və H.Ciddi tərəfindən həmin ərazidə arxeolojı qazıntı işləri aparıldı. Onlar öz arxeolojı hesabatlarında qeyd edirdilər ki, aşkar olunmuş abidədən başqa onun cənub hissəsində çatma tağlı divar var və əsas giriş qapısı məhz burada yerləşirdi. Tikilinin şərq və qərb divarlarında iki yerdə iki kiçik qapı saxlanılmışdır. Bu qapılar günçıxan və günbatan istiqamətinə açılır. Bu onu sübut edir ki, abidənin yaranma tarixi günəşə sitayiş dövrünə aid olub. Ona görə də məbədə açılan qapı kiçik ölçüdə olub. Məbədə daxil olan insanlar əyilməyə məcbur olaraq, beləliklə günəşə baş əyib, sitayiş edirdilər. Aparılan arxeolojı qazıntılar zamanı 50-dən çox məzar aşkarlanmışdır. Bəzi qəbirlər abidənin bünövrəsinə yaxın, kiçik eyvanlarda dəfn edilmiş, qəbir üstü daş lövhə isə bünövrənin üstündə yerləşirdi. Bəzi qəbirlərin baş hissəsi cənuba doğru yerləşmişdi. Bu faktlar bəzi ehtimalları söyləməyə imkan verir. Kəbəyə tərəf (cənub-qərb) istiqamətlənmiş məzarlar islam dövrünə aiddir. Digər istiqamətdə yerləşən qəbirlərin isə  islama qədərki dövrə aid olduğu ehtimal olunur. Bəzi qəbirlərdə dəfn iki dəfə həyata keçirilmiş, qəbrin bir hissəsində skeletin bir yığın sümükləri yığılmış və orada yeni vəfat edən dəfn edilmişdir. Bəzi qəbirlər bir-birinin üzərində müxtəlif mədəni təbəqələrdə aşkar olunmuşdur. Bu onu sübut edir ki, abidənin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Bu yer bir neçə min illər qədim müqəddəs dəfn yeri olmuşdur. Abidənin şimal divarında dəniz istiqamətinə yönlənmiş kanal aşkar olunmuşdur. Kanal eni 50 sm, uzunluğu 60-70 sm olan dördkünc formada kobud şəkildə yonulmuş daşdan tikilmiş, üstü daş plitə ilə örtülmüşdür. Kanalın bəzi hissələri sonrakı tarixi dövrlərdə qəbir kimi istifadə olunmuşdur. Arxeolojı qazıntı zamanı aşkar olunmuş qəbirüstü plitələr XIV-XV əsrlərə, bir hissəsi isə XVIII əsrə aiddir. Bərpa zamanı abidənin bəzi hissələrində qədim qəbir daşlarından istifadə olunmuşdur. Bu ancaq dini sitayiş abidələrində mümkün olurdu.

Arxeolojı qazıntı zamanı kiçik eyvanda mərkəzdən bir qədər kənarda səkkiz guşəli 1m 31 sm hündürlüyündə, 45 sm diametrində üç pilləli böyük daş sütun aşkar olunmuşdur. Sütunun yuxarı çıxıntı hissəsində od izləri var idi. Böyük ehtimalla, bu abidə atəşpərəstlik dövrünün abidəsidir. Arxeolojı qazıntılar 4,5 m dərinlikdə yerləşən mədəni təbəqədə aparılmışdır. 2,5 metr dərinlikdə XII-XIII əsrlərə aid maddi-mədəniyyət abidələri, məhz Şirvanşahlar dövrünə aid sikkələr aşkar olunmuşdur. Orta əsrlərdə mödcud qaydalara uyğun olaraq belə dəfn mərasimləri Xanəgahda həyata keçirilirdi. Xanəgahlar ticarət-karvan yollarının üzərində yerləşirdi və kompleks abidələrdən ibarət olurdu. Nümunə kimi Pirsaat çayı sahilində günümüzə qədər çatmış Pir Hüseyn Xanəgahını misal göstərə bilərik. Xanəgah kompleksinə rabat, karvansara, türbə, məscid, ovdan, hamam, digər dini və ictimai xarakterli tikililər daxil idi. İçərişəhərdə isə kiçik bir güşədə yuxarıda sadalanan abidələrin mövcudlu müşahidə olunur. Bundan başqa, abidənin bir tərəfində yerləşən məktəb-məscidin gümbəzində vəqfnamənin mətnində məscidin II şah Abbas vaxtında (1646-cı il) onun nökəri İmam Qulu tərəfindən inşa olunduğu haqqında bəhs olunur. Mətndə xüsusi qeyd olunur ki, Şeyx Tahirin ambarı məscidə vəqf olunur və vəqfdən əldə olunan gəlir məscidin ehtiyaclarına sərf olunsun. Yazıda kompleksdə su xəttinin, neft ambarının, dəmir darvazaların olduğu haqqında məlumat verilir və kompleksin daş hasarla əhatə olunması haqqında bəhs olunur. Yazı arxeolojı tapıntıların təsdiqi kimi abidənin dini sitayiş yeri olduğunu bir daha təsdiqləyir.

Beləliklə, belə qənaətə gəlmək olar ki, Bakıda orta əsrlərdə, Qız qalası ilə üzbəüz Şeyx Tahir Xanəgahı fəaliyyət göstərmişdir. İri vəqf mülkiyyətinə, xalq arasında böyük nüfuza malik ruhani şəxs olan Şeyx Tahir və onun Xanəgahı Azərbaycanın orta əsr ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Şeyx Tahirin vəfatından sonra o burada dəfn olunmuş və illər ötdükcə bu məkan fəxri dəfn yerinə çevrilmişdir. Şeyxin məzarı ətrafında onun müridləri (davamçıları) dəfn olunurdu, qəbristanlıq yaranırdı. Azərbaycan ərazisində belə müqəddəs yerlər çoxdur. Bu gün də bu məkanlar ziyarətgahlara çevrilmiş, insanlar tərəfindən ziyarət olunur.

Yuxarıda yazılanları yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, Qız qalasının ətrafı, minilliklər ərzində Azərbaycanda müxtəlif dinlərin biri-birini əvəz etməsinə baxmayaraq, müqəddəs sitayiş yeri olmuşdur. İçərişəhərin memarlıq ansamblında islam dövrü geniş təmsil olunmuşdur. Bu hər şeydən əvvəl Came məscidi, YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olmuş, tam şəkildə bu günümüzə qədər gəlib çatmış – XI əsrin unikal memarlıq abidəsi Məhəmməd məscidi, həmçinin İçərişəhərin 28 məhəlləsinin məhəllə məscidləridir. Xüsusi qeyd etmək lazımdır ki, məscidlərin böyük əksəriyyəti, o cümlədən Came, Məhəmməd, Aşur məscidləri köhnə pir yerlərində - atəşpərəstlik məbədləri üzərində ucaldılmışdır. Əsrlər boyunca Bakı Şərq ilə Qərbin arasında yerləşən müsəlman şəhəri olaraq özündə bir çox mədəniyyətləri ehtiva edib, iudaizmin, xristianlığın, islamın yan-yana yaşaması üçün şərait yaratmışdır.

Məhəmməd (ə.s.) Peyğəmbərə Tanrıdan göndərilən vəhydə deyilir: “ Vahid Allah ideyası altında birləşin. Dində təfriqələrə yol verməyin”. Ulu Tanrının bu vəsiyyəti Azərbaycan torpağında tam həyata keçmişdir. Bu gün tarixin keşməkeşli, əzablı yollarından keçən yaradıcı, zəhmətsevər Azərbaycan xalqı yüksək mənəviyyatı ilə Azərbaycanın dövlət siyasəti səviyyəsində  digər din nümayəndələrinə dözümlü və tolerant münasibət nümayiş etdirir. Bakı unikal tolerantlıq məkanı olmaqla, burada insanlar din, mədəniyyət və dünyagörüşü müxtəlifliyinə hörmətlə yanaşmağı bacarır. Bu gün ictimai-siyasi sabitlik ilk növbədə Azərbaycan xalqının milli və dini mənsubiyyətə olan qarşılıqlı hörmət nəticəsində əldə olunmuşdur. Bakıda unikal tolerantlıq mövcuddur və bu yaranmış multi mədəni mühit daha da inkişaf etdirilir, mədəniyyətlərarası dialoqa, insanların mehriban qonşuluq münasibətlərinin formalaşmasına zəmin yaradır. Göründüyü kimi, Azərbaycan xalqının artıq milli mentalitetinə nüfuz edən tolerantlığın qədim tarixi kökləri var.