Azərbaycan. - 2017.- 17 avqust. - ¹ 178. - S. 5.
Strateji səviyyəyə yüksələn əməkdaşlıq
Atamoğlan Məmmədli,
BDU-nun dosenti
İndoneziya dedikdə ilk öncə minlərlə ada ilə yanaşı, əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi yada düşür. Hələ 20-30 il əvvəl Asiya-Sakit okean regionunda sürətlə artan iqtisadiyyata malik “dörd Asiya pələngi”nin (Honq Konq, Sinqapur, Cənubi Koreya və Tayvan) və iqtisadiyyatları yenicə diqqət çəkməyə başlayan “kiçik pələnglər”in (İndoneziya, Malayziya, Tailand və Filippin) adları mətbuat səhifələrində tez-tez çəkilirdi. Təsadüfi deyil ki, 2008-ci ildə başlamış qlobal maliyyə böhranının ağır nəticələri Avropa ölkələrindən fərqli olaraq, Asiya-Sakit okean regionunda o qədər də hiss olunmadı. Çünki Asiyanın maliyyə təsisatlarında bilavasitə ipoteka ilə əlaqədar olan aktivlər az idi. Bankların əksəriyyəti sabit mövqeyə və kapital ehtiyatlarına malik idi. Bu da iqtisadi artım sürətinin kəskin şəkildə aşağı düşməsinin qarşısını aldı.
İndoneziya əhalisinin sayına (270 milyon nəfər) görə Çin, Hindistan və ABŞ-dan sonra dünyada dördüncü yeri tutur. Bu gün İndoneziya dünya iqtisadiyyatı və siyasətinə birbaşa təsir gücünə malik olan G-20 ölkələr qrupuna daxildir və iqtisadi artımının sürətinə görə bu qrupda Çindən sonra ikinci yeri tutur.
Qlobal maliyyə böhranı illərində İndoneziya iqtisadiyyatı ÜDM artımını 4 faizdən yuxarı səviyyədə saxlamağa nail oldu. Böhrana baxmayaraq, ölkə üzrə hətta yeni iş yerləri yaradıldı və xaricə kapital axınının qarşısı alındı. Görülən tədbirlər nəticəsində özəl və dövlət bölmələri arasında balans qorunub saxlandı. Bu isə öz növbəsində ölkənin dünya maliyyə böhranını yüngül, ağrısız keçirməsinə imkan verdi. Üstəlik, 2011-ci ildən etibarən ölkəyə beynəlxalq kapital axını artmağa başladı.
Hazırda ölkə iqtisadiyyatının bir sıra sahələri xarici şirkətlərin diqqətini özünə cəlb edir. İndoneziya daş kömür, palma və kokos yağları, təbii kauçuk istehsal edən ölkələrin ilk üçlüyünə daxildir. Bu ölkədə iri qızıl yataqları, ehtiyatlarının həcminə görə ikinci yerdə qərar tutan mis yataqları yerləşir. Burada həmçinin iri nikel, dəmir, marqanis, qalay, boksit yataqları da var.
Dünya üzrə neft hasilatının təxminən 1 faizi İndoneziyanın payına düşür. Bununla belə, yerli neft hasilatı “qara qızıl”a daxili tələbatı tam ödəmədiyindən ölkə xaricdən, xüsusilə Azərbaycandan neft idxal etməli olur.
İndoneziya kənd təsərrüfatı, emal və dağ-mədən sənayesi, turizm sahələri investisiyalar üçün daha cəlbedicidir. Bu məqsədlə son illər müvafiq xarici şirkətlərin ölkəyə daxil olması prosesi xeyli sadələşdirilmişdir.
Riau əyalətində yaradılmış xüsusi iqtisadi zonada dünyanın müxtəlif ölkələrini təmsil edən 2 mindən çox şirkət fəaliyyət göstərir. Prezident fərmanına uyğun olaraq, həmin şirkətlər idxal rüsumlarından, əlavə dəyər vergisindən, satış vergisindən və bütün gömrük rüsumlarından azad edilmişdir.
Ölkədə iqtisadi artıma təkan verən amil iqtisadi inkişafın ən güclü stimullarından olan daxili istehlakdır. Əvvəllər inkişaf etmiş bazarlardan geri qalan İndoneziya indi Çin və Hindistan ilə bərabər səviyyədə artıma nail olmuşdur. Ölkə əhalisinin əksəriyyəti əmək qabiliyyətinə malik gənclərdən ibarətdir. ÜDM-in 57 faizi daxili istehlakın hesabına yaradılır.
1997-ci il böhranından sonra İndoneziyada keçirilən siyasi və iqtisadi islahatların nəticəsində ölkə Braziliya, Rusiya və Hindistana nisbətən daha yüksək mövqeyə çıxmışdır. Bununla belə, 2008-2009-cu illərin iqtisadi böhranı xammal və əmtəə ehtiyatları ixracatçısı olan ölkələrin valyuta ehtiyatlarını xeyli zəiflətdi. Palma yağı və kauçukun qiymətləri aşağı düşdü. İndoneziya Mərkəzi Bankı milli valyutanın - rupinin kursunu sabitləşdirmək üçün bərk valyuta ehtiyatlarının (57 milyard dollar) 7 milyard dollarını bu məqsədlərə sərf etməli oldu.
İndoneziya ilə Azərbaycan arasında əlaqələr orta əsrlərə gedib çıxır. O zamanlar azərbaycanlı tacirlərlə yanaşı, səyyahlar da bu ölkəyə səfər etmişdilər. Azərbaycanın görkəmli alim və səyyahı Yəhya Bakuvi İndoneziyaya səyahət etmişdir. Onun çoxsaylı qeydləri bu müsəlman xalqının ölkəmizdə daha yaxından tanınmasında mühüm rol oynamışdır.
İndoneziya dövləti Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il sentyabrın 24-də yaradılmışdır. O vaxtdan bəri iki dost ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. Həmçinin belə bir məqam xüsusi vurğulanmalıdır ki, regional və qlobal siyasi məsələlərin həllində İndoneziyanın rolunun getdikcə artması ilə əlaqədar olaraq Azərbaycan bu qüdrətli müsəlman ölkəsi ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verir. Təsadüfi deyil ki, artıq son illər qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycanın İndoneziya ilə əməkdaşlığının əsas sahəsi energetikadır. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq üzrə baza rolunu oynayan birgə bəyannamə imzalanmışdır. Həmçinin iki ölkə arasında iqtisadi və texniki əməkdaşlıq barədə saziş bağlanmışdır. İqtisadi-ticarət əlaqələrini gücləndirmək məqsədilə Bakıda Azərbaycan-İndoneziya biznes forumu keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft ixracını həyata keçirir. Azərbaycanın “SOCAR-Trading” və İndoneziyanın “Pertamina” şirkətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi öz müsbət nəticələrini artıq verir.
Energetikanın dünya siyasətinin əsas istiqamətlərini və ölkələrarası münasibətləri müəyyənləşdirdiyi bir zamanda İndoneziyanın bu sahədə Azərbaycan ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Səudiyyə Ərəbistanından sonra xam neft satışına görə İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır.
İki ölkə arasında ticarət əlaqələri durmadan inkişaf edir. Azərbaycan hər il dost ölkədən 3,2 milyon dollar dəyərində ərzaq məhsulları alır. İndoneziya Azərbaycana əsasən rezin, rezin məhsulları, palma yağı, geyim, musiqi alətləri, müxtəlif bitki mənşəli dərmanların tərkib hissələrini ixrac edir. Ümumilikdə isə İndoneziyanın Azərbaycandan aldığı məhsulların dəyəri 2,4 milyard dollar təşkil edir ki, bunların da arasında əsas yeri neft məhsulları tutur.
Hazırda mədəniyyət və turizm sahəsində əlaqələrə ciddi maraq göstərilir. İndoneziyanın 70-ə yaxın turizm şirkəti ölkəmizin görməli yerləri ilə maraqlanır. Qarşılıqlı surətdə hər iki ölkədə mədəniyyət günlərinin və həftələrinin keçirilməsi, müxtəlif sərgilərin təşkili də əməkdaşlığa təkan verir.
Bu bir danılmaz faktdır ki, İndoneziya islam dünyasında öz siyasi nüfuzuna və sanbalına görə sayılıb-seçilən bir dövlətdir. İndoneziya dəfələrlə bir sıra taleyüklü məsələlərin müzakirəsi zamanı Azərbaycanın yanında olmuşdur. Rəsmi Cakarta həmişə beynəlxalq forumlarda və təşkilatlarda Azərbaycanın milli maraqlarına dəstək vermiş, onun ərazi bütövlüyünü və haqlı mövqeyini qətiyyətlə müdafiə etmişdir. Hər il İndoneziyada Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimləri keçirilir və bu tədbirlər yerli KİV-də geniş işıqlandırılır.
Hazırda ikitərəfli münasibətlər həyatın müxtəlif sahələrində yüksələn xətlə inkişaf edir. Həm də müsbət cəhət ondan ibarətdir ki, hər iki tərəf qarşılıqlı əlaqələri daha da inkişaf etdirib yüksək səviyyəyə çatdırmaq üçün möhkəm iradə nümayiş etdirir. Bu isə bütövlükdə İslam həmrəyliyinin möhkəmləndirilməsi ilə yanaşı, beynəlxalq sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə zəmin yaradır. Ümidvarıq ki, həm İndoneziya, həm də Azərbaycan hər il milli müstəqilliyinin ildönümünü yeni-yeni uğurlarla qeyd edəcək.