Xalq qəzeti.-2017.-14 iyun.-¹127.-S.10.
“İslam Həmrəyliyi
ili” Azərbaycanı müsəlman dünyası
ilə daha möhkəm tellərlə bağlayacaq
M. Mükərrəmoğlu
2017-ci ilin ölkəmizdə ”İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyildiyi kimi, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub: "Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda ənənələr yaşadılıb. Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2 mini ötüb keçib. 300-dən çox məscid tarixi-mədəni abidə kimi qorunur".
Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır. Ölkəmizin multikulturalizm ənənələri, digər dini konfessiyalara yanaşma tərzi təkcə İslam ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb edir. İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir. Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana dəstək veriblər.
Akademik Kamal Abdullayevin sözləri ilə desək, “2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini “Multikulturalizm ili”nin məntiqi davamı hesab etmək olar. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu il həmin ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır”.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Həmin Tədbirlər Planında islamdaxili həmrəylik, İslam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edir.
Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində mühüm addım kimi dəyərləndirilir.
İslam həmrəyliyi dedikdə, təkcə İslam daxilindəki məzhəblərin həmrəyliyi nəzərdə tutulmur. Burada sivilizasiyaların yaxınlaşması ideyası başlıca məsələdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bununla bağlı bildirmişdir ki, ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunması hansısa başqa dinlərə qarşı təşəbbüs deyil. Bu, həm İslam daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir. İslamda həmrəylik deyəndə, ilk növbədə, İslamın daxilində müxtəlif məzhəblər arasında həmrəylik yada düşür. Düzdür, bu da önəmlidir. Lakin cənab Prezidentin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etməsi yalnız İslam daxilindəki dini məzhəb həmrəyliyi məsələsini qarşıya qoymur. Burada başqa ciddi vəzifələr, qlobal əhəmiyyət kəsb edən məsələlər var. Çünki bu gün dünyada İslama qarşı iqtisadi, psixoloji, ideoloji və digər bu kimi müəyyən təzyiqlər mövcuddur. Bu təzyiqlərdə məqsəd müsəlman ölkələrinə mənsub olan yerüstü-yeraltı sərvətlər üzərində başqa dairələrin hegemonluğunu təmin etməkdir.
İndi Azərbaycan İslam ölkələri ilə daha yaxın əlaqələr qurur, İslam dünyasını birləşdirən ISESCO ilə mühüm layihələr reallaşdırır. Ölkəmizdə İslam dövlətlərinin mədəniyyət günləri, kino həftələri keçirilib. Bakı “İslam mədəniyyətinin paytaxtı” elan olunduğu 2009-cu ildə keçirilən tədbirlər bu həmrəyliyə ən yaxşı nümunə idi. İslam ölkələrində Azərbaycan mədəniyyəti geniş təbliğ olunur. Baxmayaraq ki, Azərbaycan dünyəvi dövlətdir, İslami dəyərlər bizim mənəvi dəyərlərimiz arasında mühüm yer tutur. “İslam Həmrəyliyi ili” bizi bu dəyərlərə daha da yaxınlaşdıracaq.