Azərbaycan.-2017.-26 yanvar.-¹17.-S.7.

 

Əsl bakılı kimdir?

 

Şollar-Bakı su kəmərinin tarixi bu suala nə cavab verir

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

tarix elmləri doktoru, professor

 

Onun başçılığı ilə keçirilən iclaslarda kəmərin haradan çəkilməsi məsələsi, xüsusilə Şollar mənbəyi yenə qızğın mübahisələr doğurur və onun əleyhdarları bu dəfə daha məntiqli görünən bir təklif irəli sürürlər. Şəhərin içməli və sənaye suyuna olan kəskin tələbatını və vəba epidemiyasının nəticələrini əsas götürərək su kəmərinin daha yaxın məsafədən və kiçik zaman ərzində çəkilməsini vacib sayırlar. Beləliklə, Zuğulba su kəməri proyekti ortaya gətirilir.

Əslində, Zuğulbadakı mənbələrdən istifadə edilməsi təşəbbüsü ilk dəfə hələ 1870-ci illərdə irəli sürülmüş, Bakı qubernatoru Kolyubakinin sərəncamı ilə bu mənbə ilə bağlı bütün məsələlər araşdırılmış və hətta kəmərin keçəcəyi ərazi də öyrənilmişdi. Lakin nə o zaman, nə də sonralar bu layihə hər neçə ildən bir ortaya gəlsə də, reallaşmamış qalırdı. Bunun səbəbi bir neçə laborator yoxlamalardan sonra Zuğulbada qayadan çıxaraq Xəzər dənizinə tökülən suyun tərkibində kükürd turşusu və xlorlu duzların həddən artıq olması və onu içməli su kimi yararsız, hətta zərərli etməsi ilə əlaqədar idi. Bakı Duması yaradılan vaxtdan Su təchizatı komissiyasının daimi üzvü Hacı Zeynalabdin Tağıyev hər dəfə erməni deputatları bu layihəni Dumada müzakirəyə çıxaranda onun əleyhinə olmuşdu. Lakin 1902-ci ildə vəba epidemiyası ilə bağlı vəziyyət gərginləşdiyindən, adətən su məsələsində eyni mövqedən çıxış edən azərbaycanlı deputatların bəziləri də Zuğulba mənbəyinə üstünlük verirlər. H.Z.Tağıyevin ciddi etirazı qarşısında Su təchizatı komissiyasının üzvləri, o cümlədən azərbaycanlı deputatlar məsələni yerində araşdırmaq üçün Zuğulbaya yığışırlar. Yerli sakinlərin də iştirak etdiyi bu toplantıda Hacı Zeynalabdin “Mən təəccüb edirəm ki, savadlı adam şirin su əvəzinə Zuğulba suyuna üstünlük verir” - deyə Zuğulba layihəsini dəstəkləyən Fərrux Zeynalovu tənbeh edir. Tağıyev bu suyun xalq arasında “qara su” adlandırıldığını, onun istifadəsinin hətta heyvanlar üçün yararsız, insan səhhəti üçün isə tam zərərli olduğunu bildirir. Tağıyev birmənalı şəkildə Bakıya yalnız bulaq, çeşmə suyundan, yəni Şollardan kəmər çəkilməsində israr edirdi. Lakin şəhərin su təchizatı sahəsində təcili tədbirlər görülməli idi. Yaranmış vəziyyətdən istifadə edən erməni deputatlar, başda Bakının erməni icmasının tanınmış nümayəndələrindən biri, neft sahibkarı, milyonçu Ambarsum Melikov olmaqla 1902-ci ildə Zuğulba su kəmərinin çəkilməsinə Dumanın və Şəhər İdarəsinin razılığını əldə edirlər. A.Melikovun bu işdə xüsusi marağı var idi, belə ki, kiçik miqdar vəsait xərcləməklə o, bu kəmərin özünün Zuğulbadakı bağ sahəsindəki mənbədən çəkilməsinə nail olur və Zuğulba su kəmərinin yeganə mülkiyyətçisinə çevrilir.

Bu, həmin Ambarsum Melikov idi ki, 1918-ci il Bakıda mart qırğınlarında Daşnaksütyun partiyasının və Erməni Milli Komitəsinin qərargahı onun şəhərdəki mülkündə yerləşəcək, Ambarsumun özü isə iki oğlu ilə birlikdə əldə silah Bakı küçələrində şəhərin dinc müsəlman əhalisinə divan tutacaqdılar. Lakin XX əsrin əvvəllərində A.Melikov Bakı əhalisinə başqa bir yolla xəsarət yetirirdi. 1903-cü ildə istifadəyə verilən Zuğulba suyunun bioloji və tibbi baxımdan içməyə qətiyyən yaramadığı elə həmin dövr məlum olsa da, yalnız 5 ildən sonra, artıq fəsadlar üzdə olduğu zaman içmək üçün qadağan edilir və 1908-ci ildə onun yalnız mədən rayonlarında istifadəsinə icazə verilir. Lakin bütün bu illər Zuğulba su kəmərindən külli miqdarda gəlir götürən Ambarsum Melikov hələ 1903-cü ildə Zuğulba su kəmərinin bir xəttini də Ramana-Sabunçu mədənlərinə çəkmiş və bununla da Buzovna və Pirşağı kəndlərini əsas su mənbəyindən məhrum etmişdi. Həmin kəndlərin sakinlərinin bu məsələ ilə bağlı şəhər rəhbərliyi qarşısında, hətta məhkəmələrdə qaldırdığı iddialar və şikayətlər isə rədd edilmişdi.

Burada bir haşiyə çıxaq ki, Bakının mədən rayonlarının sənaye ehtiyacları üçün dəniz suyu təchizatı ilə də ermənilərə məxsus 3 şirkət - “Aramazd” cəmiyyəti, P.Qukasyanın “Kaspi boru kəməri” və Xr.Şahgedanyanın “Bibi-Heybət su kəməri” məşğul olurdu. Erməni burjuaziyası Bakının su təchizatını öz nəzarəti altında saxlamaq üçün 1912-ci ildə daha bir addım atır. Şəhərdə, xüsusilə mədən-zavod rayonlarında yenidən su qıtlığı yarandığı vaxt Duma Su təchizatı komissiyasının fəxri sədri H.Z.Tağıyev bu rayonların əhalisi və sənaye ehtiyacları üçün yenidən Kür suyunun gəmilərlə gətirilməsini təklif edir və buna ilkin maddi vəsait xərcləyir. Hacının bu təklifi dərhal erməni sahibkarları tərəfindən dəstəklənir və tezliklə “Bakı neft sənayeçiləri qurultayı” adlanan bir təşkilatın şurası tərəfindən həyata keçirilməyə başlayır. Bu təşkilata 19 ildən artıq bir müddətdə erməni Qukasov qardaşları başçılıq edirdi. Lakin H.Z.Tağıyevdən fərli olaraq erməni sahibkarları bu məsələyə fəhlə rayonları əhalisinin güzəranını yaxşılaşdırmaq üçün deyil, ən əvvəl öz neft mədənlərini su ilə təmin etmək məqsədilə dəstək verirdilər, əhaliyə isə bu su vedrəsi 2 qəpikdən satılaraq neft sənayeçilərinə külli miqdarda gəlir gətirirdi.

Lakin 1902-ci ildə bütün Bakının su təchizatı təxirəsalınmaz məsələ idi. Erməni sahibkarlarının çevikliyi ilə tikintisinə icazə alınmış Zuğulba su kəmərinin gücü - gündə 25 min vedrədən bir qədər artıq - son dərəcə məhdud olduğundan, şəhərin ehtiyaclarını ödəməyəcəyi hər kəsə aydın idi. Təsadüfi deyil ki, yeni su kəməri məsələsi hələ də gündəmdə qalır, onun Kür, Samur və ya Şollardan çəkilməsi ətrafında mübahisələr kəsilmirdi. Azərbaycanlı deputatların birmənalı olaraq Şollar su kəmərinə üstünlük verməsi qarşısında Dumanın erməni və digər millətlərdən olan üzvləri, eləcə də Şəhər İdarəsinin bəzi əməkdaşları artıq yalnız bu layihəyə deyil, Lindleyin özünə və həmkarlarına qarşı açıq mübarizəyə qalxır, onların işinə hər cür maneələr yaratmağa çalışırlar. Su təchizatı ilə bağlı Dumada bu və ya digər məsələlərə dair müxtəlif komissiyalar yaradılır, saysız iclaslar, uzun-uzadı müzakirələr keçirilirdi. Məhz bu iclasların birində, növbəti müzakirələr zamanı ortaya çıxan bir dialoq “Şollar” su kəmərinin taleyinin onun müəllifinin və tərəfdarlarının şəxsi keyfiyyətlərindən nə dərəcədə asılı olduğunu üzə çıxarır. 1902-ci ildə yeni şəhər rəhbərliyinin iştirakı ilə keçirilən iclasda iştirak edən H.Z.Tağıyev Duma üzvlərinin Lindleyə ünvanlanmış kəskin çıxışlarına diqqətlə qulaq asdıqdan sonra söz alır və üzünü ingilis mühəndisinə tutaraq deyir: “Mən sənin palıd kimi dözümünə həsəd aparıram. Səni sağdan da, soldan da sıxırlar, təhqir edirlər. Lazım olan sənədləri vaxtında vermirlər, sonra da deyirlər ki, öhdənə götürdüyün işi vaxtında yerinə yetirmirsən. Sən bu gün bizim şəhərə çay yox, bulaq suyunu çəkməyi təklif edirsən... Kimlərsə səninlə razılaşır, kimlərsə razılaşmır, səni özlərinə düşmən hesab edir. Nəyə və kimə görə özünə düşmən qazanırsan? Pulunu al, bunların dediyi kimi Kürdən suyu çək. Bütün söz-söhbət də qurtarsın. Bu insanlar yaxşılıq nədir, bilmirlər. Sən bunlara görə niyə özünü oda atırsan? Sən bakılı deyilsən, ancaq Bakıya, bakılılara onlardan çox can yandırırsan. Mən sənin yerinə olsaydım bu yaxşılıq bilməyən insanlara heç nə etməzdim”.

Hacının Azərbaycan dilində söylədiyi bu sözləri, tərcümədə anlasa da, onların arxasındakı incə mənanı tutan Lindley, ayağa qalxaraq özünün Bakıda bəlkə də ən mühüm və səmimi çıxışını edir: “Mən bura gələndən sonra anladım ki, əsl bakılı kimdir. Əgər bakılı camaat arasında bir işi görəcəyinə söz verirsə, nə olursa-olsun, o sözə əməl etməyə çalışır. Mən də bakılılara söz vermişəm, nə olursa-olsun sözümün üstündə duracağam. Bizə qarşı olan bütün təxribatlara, hədə-qorxulara baxmayaraq, şəhərə keyfiyyətli bulaq suyu verəcəyəm... Əleyhimə çıxanlara isə deyirəm. Elə düşünməyin ki, mən sizə görə işləyirəm, sizə yaxşı su verməyə çalışıram. Xeyr, mən şor su içən kasıb bakılılara keyfiyyətli su vermək istəyirəm”.

Beləliklə, 1902-ci ildən başlayaraq Lindley tərəfindən ortaya qoyulan “əsl bakılı” formulu özündə daha geniş mənalar ehtiva etməklə, “Şollar-Bakı su kəmərinin” bütün sonrakı taleyində bir sınaq və hesab nöqtəsinə çevrilir. Dumanın azərbaycanlı deputatlarının təkidi və Bakı şəhərinin yeni rəhbərliyinin dəstəyi ilə Qafqaz Su İnspeksiyası qarşısında Bakının su təchizatı məsələsinə baxılması haqda məsələ qaldırılır və yeni kəmər üçün nəzərdə tutulan su nümunələri hidravlik ekspertizaya göndərilir. 1902-ci ilin dekabrında Qafqaz hidravlika mühəndislər qurultayı bu məsələni müzakirə edərək Bakı su kəməri üçün yeraltı mənbələrin istifadəsinə üstünlük verir. 1903-cü ilin noyabrında Şəhər İdarəsi nəhayət ki, Lindleylə Şollar kəməri üçün layihə tərtib etmək barədə müqavilə bağlayır. 1904-cü ilin əvvəllərində sınaq quyularının qazılması haqda bir fransız qazma şirkəti ilə müqavilə imzalanır. Eyni zamanda layihəyə cəlb edilmiş xarici firmaların işlərinə nəzarət etmək üçün Duma tərəfindən əsasən azərbaycanlı deputatlardan ibarət komissiya yaradılır. Bulaq ərazisində işlər başlayır, ilk sınaq quyuları öyrənilən ərazidə güclü su ehtiyatları olduğunu bir daha təsdiq edir. Güman etmək olardı ki, bununla da Bakının içməli su ilə təchizatı məsələsi tezliklə öz həllini tapacaq. Lakin az sonra texniki və hüquqi sahədə üzə çıxan problemlər bu ümidləri heçə endirir. Qazma dəzgahları ərazidəki çınqıl layları keçə bilmədiyindən nəzərdə tutulan müddətdə və sayda quyuların qazılması mümkün olmur, bu səbəbdən layihələr gecikdirilir, əlavə xərclər isə artırdı. Digər tərəfdən Quba qəzası əhalisi Şollar suyundan istifadə etdiyindən bu bulaqlardan Bakıya kəmər çəkilməsinə icazə vermirdi. Bu məsələ sonralar yalnız Qafqaz canişini knyaz Qolitsın işə qarışdıqdan, Bakı şəhəri hesabına Quba qəzasına Samur çayından suvarma kanalı çəkilməsi şərti ilə həll olunur. Daha bir problem su kəməri çəkilişi üçün əhalidən icarəyə götürülən torpaq haqqı və kəmərin özünün tikintisi üçün tələb olunan vəsaitlə bağlı idi. Qafqaz canişinliyi və Mərkəzi hökumət bu iş üçün hər hansı vəsait ayırmaqdan imtina edirdi, şəhərin özünün isə 4 milyona yaxın maliyyə xərcini çəkməyə gücü çatmırdı.

Bütün bu səbəbləri əsas gətirən Bakı Şəhər İdarəsi Fransız qazma firması ilə müqaviləni pozaraq üstəlik ona 8 mindən artıq cərimə ödəməli olur. Qazma işləri dayandırıldıqdan az sonra Şəhər İdarəsi Lindleylə də müqaviləni pozur. Beləliklə, Duma iclasındakı əlamətdar çıxışında əleyhdarlarının onu “Şollarda başladığı işi yarımçıq qoyaraq çıxıb getməyə məcbur edə bilməyəcəyinə” əminliyini bildirən Lindley Bakını tərk etməli olur. Lakin görünür ki, bakılılar qarşısında verdiyi sözə əməl etmək imkanından məhrum edilməsi əsl “əsilzadələr” nəslinin bu nümayəndəsinə rahatlıq vermir. Varşavadan Bakı Şəhər İdarəsinə göndərdiyi məktubda Lindleyin ürək ağrısıyla vurğuladığı “Su komissiyasında oturan və mühəndislikdən xəbəri olmayan şəxslərin kimlərinsə marağına görə” işə mane olduğu, onun iş planına düzəlişlər edildiyi, texniki işçilərə məhdudiyyət qoyulduğu, qazma işlərinin aparılmasına icazə verilmədiyi və s. kimi məqamlar Şəhər İdarəsinin artıq 20 min rubl xərclədiyinə baxmayaraq, hətta cərimələr ödəməklə tələm-tələsik “Şollar” layihəsinin bağlamasının yalnız “obyektiv” səbəblərdən irəli gəlmədiyini göstərirdi.

Bu “marağı olanların” kimliyi isə məlum idi. Ənənəvi olaraq müxtəlif bəhanələrlə kəmərin əleyhinə yönələn ittihamlar artıq Lindleyin özünə yönəldilmişdi. Erməni mühəndisi Markarov Lindleyi prosesə ayrılan vəsaitin guya düz xərclənmədiyində təqsirləndirərək məsələnin Bakı Dumasında müzakirəsinə və həqiqət aydınlaşana qədər işlərin saxlanmasına nail olmuşdu. Sonradan erməni mühəndisi səhv etdiyini boynuna alsa da, bu fakt kəmərin tikintisinin qarşısının alınmasında, yaxud uzadılmasında maraqlı olan erməni sahibkarlarının öz məqsədləri yolunda heç bir vasitədən, hətta böhtandan belə çəkinmədiyini göstərirdi. Təsadüfi deyil ki, Lindley Bakıdan getdikdən sonra şəhərin su təchizatı yenidən A. Melikovun “Zuğulba” su kəməri, Saruxanovun “Kür suyu”, Adamov qardaşlarının daxil olduğu “Bakı gəmi sahibləri”, dəniz suyunu şirinləşdirən “Artur-Keppel” şirkətlərinin və irili-xırdalı su alverçilərinin əlində cəmlənmişdi. Sonrakı illərdə şəhər rəhbərliyi və Duma su möhtəkirlərinin qarşısını almaq üçün elə bir əməli tədbirlər görmür, suyun 1 vedrəsinin satış qiyməti görünməmiş həddə - 3-4 qəpiyə, sənaye xidməti üçün isə 5-6 qəpiyə çatır.

Burada “şəhər atalarının” diqqətini su məsələsindən yayındıran başqa ciddi səbəblər də var idi. 1905-1907-ci illər Rus inqilabı və dərhal başlanan erməni- müsəlman qırğınları təbii ki, şəhərin təsərrüfat həyatında da əks olunurdu.

Lakin məhz bu inqilabın dalğasında siyasi-ictimai cəhətdən fəallaşmış, milli qırğınların gedişində özünün heç də zəif “əhali qrupu” olmadığını sübut etmiş azərbaycanlı cəmiyyəti şəhər həyatında öz həlledici sözünü deməyə başlayır. İnqilabın gedişində Bakı Dumasına seçkilər qanununu öz xeyrinə dəyişməyə nail olmuş Azərbaycan ziyalıları 1907-ci ildə onun nəticələrini görürlər. Dumaya keçirilən seçkilərdə 80 deputatdan 47-si azərbaycanlı olur. Yeni tərkibdə Azərbaycan “qlasnıları”nın arasında savadlı insanların - həkim, mühəndis, hüquqşünas, müəllimlərin sayı artır. Dumanın su təchizatı üzrə yeni komissiyanın da 17 üzvündən 7-si azərbaycanlı olur və məhz bu tərkib, başda yenə də H.Z.Tağıyev olmaqla “əsl bakılı kimdir” sualına cavab verməyi öz üzərinə götürür. Komissiyanın artıq ilk iclaslarında “Şollar” su kəmərini bərpa etmək məsələsi qaldırılır. 1907-ci ilin yayında Dumanın və Su təchizatı komissiyasının yeni üzvü - Mirzə Əsədullayev (milyonçu Şəmsi Əsədullayevin böyük oğlu) Berlinə gedir və Lindleylə görüşərək Şəhər İdarəsi adından onu yenidən Bakıya dəvət edir. Böyük məmnuniyyətlə Bakıya qayıdan Lindley dərhal işə başlayır və bu dəfə şəhər rəhbərliyi, xüsusən yeni şəhər başçısı Rayevskidən, eləcə də Quba qəzasının yerli məmurlarından hər cür dəstək alır. Məlumat üçün deyək ki, Duma üzvləri 1907-1911-ci illər Bakı şəhər başçısı vəzifəsinə Kursk zemstvo idarəsinin rəisi Rayevskini Hacı Zeynalabdin Tağıyevin təklifi ilə seçmiş və ona çox yüksək maaş təyin etmişdilər. Belə ki, Tiflis şəhər başçısı ildə 4 min, Rusiya hökuməti nazirləri ildə 15 min rubl aldıqları halda, Rayevskiyə 20 min rubl maaş verilirdi.

Bütün bu amillərin “Şollar” su kəmərinin tikintisinə sözsüz ki, təsiri var idi. Təsadüfi deyil ki, Lindley onunla yenidən bağlanan müqavilədə nəzərdə tutulan bütün işləri maneəsiz yerinə yetirə bilir. 1909-cu ilin martında Tiflisdə hidravliklərin IX qurultayında Lindleyin təqdim etdiyi Şollar layihəsi təsdiq olunur. 1909-cu il mayın 5-də Şəhər Duması və Geoloji Komitənin birgə iclasında Şollar su kəmərinin tikintisinə başlamaq haqqında qərar qəbul edilir. Lakin şəhərin bu nəhəng tikinti üçün lazımi qədər vəsaiti yox idi. Bakı su kəməri ilə bağlı əvvəllər də Mərkəzi hökumətə ünvanlanan müraciətlər isə nəticəsiz qalırdı. Lakin bu dəfə işi sona çatdırmağa qərar vermiş Bakı Duması Şəhər İdarəsinə 23,5 milyon rubl məbləğində istiqraz buraxmağı həvalə edir və bu məqsədlə şəhər başçısı Rayevskini Peterburqa göndərir. Paytaxtda hökumət üzvləri, Maliyyə Nazirliyinin rəsmiləri ilə görüşən Rayevski, uzun müzakirələrdən sonra nəhayət ki, məqsədə nail olur. Çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 49 il müddətinə, illik 5 faiz, 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verilir.

Lakin layihənin reallaşması yolunda maneənin biri aradan qaldırıldıqca yeniləri yaranırdı. Bakı neftinin əsas hissəsinə sahib olan xarici və qeyri-müsəlman inhisarçılar, müxtəlif şirkət sahibləri, iri kapitalistlər az qala boykot səviyyəsində Şollar su kəməri üçün buraxılan istiqrazlara maraq göstərmirlər. Vaxtilə özünü “yapışdığından əl çəkməyən ingilis buldoqu” ilə müqayisə etmiş və “Bakıdan əl çəkməyəcəyinə” söz vermiş V.Lindley bu vədinə də əməl edir. Onun səyləri nəticəsində London bankları vasitəsilə istiqrazların nominal dəyərinin 93 faiz miqdarında qiymətlə satışına nail olunur. Bakı Şəhər İdarəsi 1911-ci ildən su satışından əldə edilən gəlir hesabına ona verilən kreditin ödənişinə başlayır.

Lakin maddi vəsait məsələsi həll edildiyi vaxtda daha bir problem yaranır. Bu dəfə kəmərin keçəcəyi torpaqların icarəyə verilmədiyi və ya torpaq sahiblərinin külli miqdarda pul tələbi ortaya çıxır. Böyük çətinliklə bu məsələni də həll etmək mümkün olur: 1912-ci ilin yanvarında çar II Nikolay Şollar su kəmərinin keçəcəyi 770 desyatin (840,84 hektar) torpaq sahəsinin müsadirə edilməsi haqqında fərman verir.

Bütün bu məsələlər həll olunana qədər “Şollar” kəməri ətrafında işlər davam edirdi. Kəmərin tikintisi üzrə tender elan edilmiş, daha səmərəli və ucuz təkliflər etmiş İngiltərənin Qriffits şirkəti ilə müqavilə bağlanmışdı. Müqavilənin şərtlərinə görə işlər 1914-cü ilin mart ayına qədər yekunlaşmalı idi. Lakin bir sıra texniki səbəblər üzündən tikinti uzanır, Şəhər İdarəsinin bu şirkətlə bağladığı müqaviləni pozması məhkəmə araşdırmalarına səbəb olur, kəmərin əleyhdarları bundan istifadə edərək yenidən “Şollar” ətrafında əks-təbliğat kampaniyasını qızışdırırlar. Bu təbliğat artıq elə geniş miqyas alır ki, 1911-ci il seçkilərində Dumanın tərkibinə seçilmiş Məşədi Əzizbəyov bu məsələni Dumada qaldıraraq “Şollar “su kəməri tikintisinə sırf tacir mövqeyindən deyil, şəhərin ehtiyacları nəzərindən yanaşmağı, Dumanın özünün süni şəkildə yaradılan bu əks-təbliğat kampaniyasında iştirakına son qoymağı tələb edir. İxtisasca mühəndis olan Əzizbəyov Su təchizatı komissiyasının ən fəal üzvü kimi kəmərin tikintisinə nəzarət işlərində bilavasitə iştirak edir. Şəhər İdarəsi ingilis şirkəti ilə məhkəmə prosesini böyük çətinliklə udduqdan sonra 1913-cü ilin sonlarında kəmərin tikinti işləri Dumanın Su təchizatı komissiyasına tapşırılır. Bu dövrdən başlayaraq tikintinin 10 müxtəlif sahəyə bölünməsi, fəhlələr üçün Sumqayıt və Dəvəçi yaxınlığında taxta evlərdən ibarət yataqxanalar tikilməsi nəticəsində işlər həqiqətən sürətlənir, onun nəzərdə tutulan vaxt -1914-cü ilin sonları üçün başa çatacağına inam artır.

Lakin 1914-cü ildə I Dünya müharibəsinin başlanması ilə vəziyyət dəyişir. Qafqaz cəbhəsinin yaranması Zaqafqaziya dəmir yolunu iflic vəziyyətinə salır, tikinti işləri üçün yüklərin daşınması xeyli çətinləşir. Tikintidə çalışan təcrübəli mütəxəssislərdən 260 nəfər, o cümlədən mühəndis, texnik, idarə işçiləri, həkim, feldşer müharibəyə çağırılır. Bakının xəstəxanalarında yerləşdirilən yaralı əsgərlərin gətirdiyi yoluxucu xəstəliklər nəticəsində şəhərdə baş qaldıran epidemiya, eləcə də tikinti gedən sahələrdə yayılan malyariya minlərlə işçinin, xüsusilə fəhlələrin həyatına son qoyur. Lakin bütün bunlara baxmayaraq, Lindley və onu dəstəkləyən Duma və Şəhər İdarəsi tikintini başa çatdırmağa qərar verirlər. Yaranmış şəraitdə Lindley layihəyə bəzi dəyişikliklər edir, qazılmış su quyularının məhsuldarlığı çox olduğu üçün onların sayı 13-dən 9-a endirilir. Müharibənin yaratdığı problemlər Almaniyadan 600 at gücündə 3 mühərrikin gətirilməsinə imkan vermədiyindən Vyanadan 200 at gücünə malik 3 dizel mühərrik alınır. Bu, kəmərlə nəql olunacaq suyun sutkalıq həcminin 3 milyon vedrədən 1 milyon vedrəyə düşməsinə səbəb olsa da, tikintini uzatmaq, yaxud saxlamaqdan daha məqbul sayılırdı. Mühərriklər layihənin ən əhəmiyyətli hissələrindən biri - Sumqayıt yaxınlığında tikilən nasos stansiyasında qurulacaqdı. Kəmərin keçdiyi ərazilərin relyefi suyun öz axını ilə gəlməsinə imkan verirdi. Sumqayıt yaxınlığından Bakıya qədər isə təzyiqli çuqun xəttin çəkilməsi və suyun nasoslarla nəqli nəzərdə tutulurdu. Bu işlərlə yanaşı, Şollardan gələn suyun toplanması və şəhərin dayanıqlı olaraq su ilə təmin edilməsi üçün Salyan kazarmasının yaxınlığında tutumu 4,3 milyon vedrə, hərbi lazaretin (indiki Rusiya səfirliyinin) yanında isə tutumu 800 min vedrə olan 2 su anbarının tikintisi də aparılırdı. Bakının özündə də çuqun borularla 163 km uzunluğunda şəhər şəbəkəsi tikilirdi.

Diqqətəlayiqdir ki, Dumanın bəzi erməni üzvləri son nəticədə Şollar kəmərinin çəkilməsinə mane ola bilməsələr də, tikintinin hər mərhələsində layihənin əleyhinə bir bəhanə tapıb işə xələl gətirməyə çalışırdılar. Məsələn, deputat Vaçyans şəhərdaxili şəbəkə üçün sifariş verilmiş boruların böyük və baha olduğunu, bu ölçülü kəmərin Bakıya yalnız 10-20 ildən sonra lazım olacağını bildirərək israrla kiçik diametrli borulardan istifadə olunmasına və bu məsələ ətrafında yeni müzakirələr açılmasına çağırırdı. Lakin layihənin uzun illər perspektivi üçün nəzərdə tutulduğunu əsas gətirən Lindley və onun tərəfdarları belə dəyişikliklər aparılmasına imkan vermirlər.

Müharibənin gedişi ilə bağlı qiymətlərin sürətlə artdığı, pulun isə qiymətdən düşdüyü bir şəraitdə su kəmərinin tikintisinə ayrılan vəsaitin xərclənib qurtarması ortaya yeni problemlər çıxarırdı. 1915-ci il iyulun 2-də Şəhər Dumasının iclasında Şollar su kəmərinin maliyyələşdirilməsi üçün 10 milyon rubl məbləğində əlavə istiqrazların buraxılması haqda qərar qəbul edilir, istiqrazların buraxılmasına qədər isə Mərkəzi Hökumət Bakı Şəhər İdarəsinə Moskva banklarından 8 milyon rubl qısamüddətli kredit götürməyə icazə verir. Bütün bu tədbirlər tikintinin gedişinə müsbət təsirini göstərir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşasında canlanma yaranır. Layihəyə şəhərin əsas küçə və meydanlarında su köşklərinin qoyulması əlavə edilir. Bu köşklərdən mərkəzləşdirilmiş qaydada su ilə təmin olunmayan sakinlərin və sahibkarların istifadə etməsi nəzərdə tutulurdu.

Nəhayət, müharibənin hələ davam etdiyi, bütün ölkənin böyük ictimai-siyasi sarsıntılar ərəfəsində olduğu bir zamanda V.Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının ilk növbədə azərbaycanlı deputatları və Şəhər İdarəsinin rəhbərliyi, tikintidə çalışan minlərlə Azərbaycan kəndlilərinin və Bakı fəhlələrinin möhkəm iradəsi və əzmi, gərgin əməyi və zəhməti hesabına 1916-cı ilin dekabrında “Şollar-Bakı” su kəməri tikintisinin birinci növbəsi başa çatır.

1917-ci il yanvarın 22-də Lindley, Şəhər başçısı Bıç, Dumanın və Şəhər İdarəsinin üzvləri, iş adamları, ziyalılar, mətbuat nümayəndələri şəhərin kənarında, Salyan kazarmasının yaxınlığında tikilmiş anbarın ərazisində Şollar suyunun gəlişini gözləyirlər. Bakının sadə sakinləri də neçə illərdən bəri həsrətində olduqları şirin suyu öz gözləri ilə görmək üçün buraya axışır. Yalnız Hacı Zeynalabdin Tağıyev, Bakıya içməli suyun çəkilməsində xüsusi xidmətləri olan el atası xəstə olduğundan bu mərasimdə iştirak etmirdi. Lindley tez-tez əlindəki saata baxır və suyun bir neçə dəqiqəyə anbara daxil olacağını həyəcanla bildirir. Düz müəyyən olunmuş vaxtda, 187 kilometrlik məsafəni 63 saata qət edən Şollar suyu anbara tökülməyə başlayır. Həmin vaxtdan “Şollar” sözü Bakı əhalisinin dilində şirin su mənasında səslənir.

Sonrakı bir ayda su anbarlarının yuyulması və doldurulması, şəhərdaxili su xətlərinin yoxlanılması kimi işlər görülür. Və nəhayət, 1917-ci il fevralın 18-də “Şollar-Bakı” su kəmərinin açılış mərasimi keçirilir. Əslində, Şəhər İdarəsi bu böyük hadisəni ən təntənəli şəkildə qeyd etmək üçün 40 min rubl ayırmağı qərara almışdı, Qafqaz canişininin bu münasibətlə Bakıya gəlişi gözlənilirdi. Lakin 1917-ci ilin fevralında ölkədə yaranmış qarışıqlıq təmtəraqlı mərasim keçirilməsinə imkan vermir. Bununla belə, “Şollar-Bakı” su kəmərinin rəsmi açılışı şəhərdə əsl bayrama çevrilir. Açılış mərasimində iştirak edən Hacı Zeynalabdin Tağıyev su anbarından şəhərdaxili kəmərlərə gedən ilk kranı açır. V.Lindley mərasimdə çıxış edərək görülən işi belə qiymətləndirir: “Avropanın 35 şəhərində su kəmərlərinin tikintisində əməyim olub, lakin belə möhtəşəm və texniki cəhətdən mürəkkəb bir iş görməmişdim. 187 km uzunluğu olan Şollar kəməri dünyanın ən uzun su kəməridir və Bakı bununla fəxr etməlidir”.

Bakı sakinləri də yüz ildən bəri intizarında olduqları bu hadisəni layiqincə qeyd edirlər, saysız qurbanlar kəsilir, ehsanlar paylanır. Bakı şəhərinin başçıları, Dumanın üzvləri bu layihənin reallaşmasında müstəsna rolu olmuş Lindleyin qarşısında öz borclarını ödəyirlər: ona Bakının fəxri vətəndaşı adı, böyük miqdarda pul mükafatı verilir, Bakı Dumasının salonunda onun portreti asılır, şərəfinə gözəl sözlər söylənilir. Şollar suyunun Zaqafqaziya dəmir yolunda geniş istifadəsi nəzərdə tutulduğundan Lindley bu dəmir yolundan ömürlük pulsuz istifadə hüququna malik olur. Lakin tale Lindleyə layiq olduğu bütün bu şərəfli ad və hüquqlardan istifadə etməyə imkan vermir. 1917-ci ilin sentyabrında Bakını tərk edən ser V.Lindley həmin il dekabrın 30-da Londonda 64 yaşında ürək xəstəliyindən vəfat edir. Bu kədərli xəbər Bakıya yalnız 1918-ci ilin fevralında çatır. “Kaspi” qəzeti özünün 1918-ci il

2 mart tarixli nömrəsində bu münasibətlə dərc etdiyi yazıda vurğulayır ki, “Bakı-Şollar su kəməri kimi nəhəng inşaat Lindley olmadan nə meydana gələ, nə də həyata keçirilə bilərdi”. Martın 3-də Bakı Şəhər Duması öz iclasında onun xatirəsini ayaq üstə yad edir, yas mərasimi keçirir, Şəhər İdarəsinə onun adının əbədiləşdirilməsi tapşırılır. Az sonra Birja (indiki Üzeyir Hacıbəyli) küçəsinə Vilyam Lindleyin adı verilir.

Beləliklə, öz yaradıcısının yalnız bilik və bacarığı deyil, möhkəm iradəsi, inad və prinsipiallığı sayəsində başa gələn “Şollar-Bakı” su kəməri mühəndis V.Lindleyin son və ən möhtəşəm əsəri kimi tarixə düşür. Bu kəmərin tikintisi ilə Lindley həm də bakılılara verdiyi sözə əməl edir və “əsl bakılı” olduğunu sübuta yetirir.

Lindleyin bu meyarı ilə yanaşılarsa, onunla yanaşı, bütün bu illər boyu hər vasitə ilə “Şollar” su kəmərinin çəkilişini dəstəkləmiş Hacı Zeynalabdin Tağıyev başda olmaqla Azərbaycan milli burjuaziyasının görkəmli nümayəndələri - Bakı Dumasının milyonçu üzvləri - Musa Nağıyev, Şəmsi və Mirzə Əsədullayevlər, Ağabala Quliyev, Dumanın tanınmış ziyalı üzvləri - Həsən bəy Zərdabi, Fərrux bəy Vəzirov, Həbib bəy Mahmudbəyov, Kamil bəy Səfərəliyev, Mövsüm bəy Xanlarov, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Məşədi Əzizbəyov və digərləri də “əsl bakılı” olduqlarını bir daha təsdiq edirlər.

Bakı neftindən tutmuş bütün sənaye və şəhərin təsərrüfat sahələrindən külli miqdarda gəlir götürən erməni milli burjuaziyasının və erməni deputatlarının “Şollar” su kəməri tarixindəki mənfi mövqeyi isə onu göstərir ki, özlərini Bakının sahibi saymalarına, “Baku” adı ilə bir neçə qəzet nəşr etmələrinə baxmayaraq, onlar Bakını heç vaxt öz doğma şəhərləri saymamış, ona yalnız varlanmaq mənbəyi kimi baxmış və bununla bir daha özlərinin bu torpağa gəlmə bir əhali qrupu olduqlarını sübut etmişlər.

Burada daha bir məqam da qeyd edilməlidir ki, Şollar su kəmərinin çəkilişinə Rusiya çar hökuməti dövlət xəzinəsindən bir qəpik belə xərcləməmiş, bu kəmər şəhərin öz hesabına, yəni Bakı sakinləri və müəssisələrindən alınan vergilər, eləcə də Hacı Zeynalabdin Tağıyev və digər azərbaycanlı sahibkarların təmənnasız olaraq ayırdıqları vəsait nəticəsində tikilib başa çatmışdır. Çətin və mürəkkəb bir “yol” keçmiş “Şollar-Bakı” su kəməri düz 100 il fasiləsiz olaraq “təmiz su” arzusunda olan bütün tərəfdarlarının ümidini doğrultmuş və bu gün də “əbədi olan Şahdağ qarı və buzlaqları” kimi sabit qalan məhsuldar mənbələrindən milyonlarla insanı ən təmiz, ən şəffaf və ən dadlı su ilə təmin edir.

(Əvvəli ötən sayda)