Səs.-2017.-26 yanvar-¹ 14.-S.10.

 

Şollar suyu: Bakıya nəfəs verən 100 ilin həyat mənbəyi!

 

Təbiətin ən böyük və nadir maddi nemətlərindən olan su, qədim bəşər tarixi yaranandan insan həyatının ayrılmaz hissəsi olub. Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadə tarixin bütün dövrlərində aktuallığını saxlayıb. Bu problem özünü daha çox şirin su ehtiyatlarının məhdud olduğu Abşeron yarımadasında büruzə verib. Abşeron yarımadasında içməli su problemini həll etmək üçün bir əsr əvvəl Şollar-Bakı Su Kəməri çəkilib.

"Şollar suyu!" Bir çox Azərbaycan vətəndaşının yaddaşında, gündəlik sosial həyatında bu altı hərfdən ibarət olan ifadə təkcə içməli su ilə bağlı olan xatırlama deyil artıq. Bu ifadə həm də demək olar ki, neçə onilliklərdir ki, Azərbaycanın tarix gündəliyində də öz yerini almış məhfuma çevrilib. Ən keyfiyyətli içməli su, eyni zamanda, Azərbaycan paytaxtı Bakıya, həm də yol boyu keçdiyi ərazilərə müasir dövrün deyimi ilə desək, brend su olaraq firavan həyat bəxş edən Şollar suyu, həm də maraqlı tarixi ilə fərqlənir. Şollar suyu, həm Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi olaraq yenicə diqqətləri öz üzərinə cəlb edən Bakı şəhəri üçün də nicat, xilas missiyasına çevrildi. Bu, sözün əsl mənasında, doğrudan da, belə idi.

 

Tağıyev və Həsən bəy Zərdabinin narahatçılığı, Bakını bürüyən vəba xəstəliyi...

 

Çünki hələ 1890-cı ildə şəhər dumasının üzvü Hacı Zeynalabdin Tağıyev və böyük maarifçi-ziyalı Həsən bəy Zərdabi şəhər əhalisinin su təchizatının yaxşılaşdırılması ilə bağlı səylər göstərirdilər. Həmin dövrdə Bakını vəba xəstəliyi bürüyürdü. Bu fakt, o zamankı Bakı üçün ən böyük həyəcan siqnalı idi. Səbəblərdən biri də Kürdən gələn suyun həddən artıq çirkli olması idi. Hacı Zeynalabdin Tağıyev çıxışlarından birində deyirdi: "Bir halda ki, Tiflisdə çaya kanalizasiya suyu axıdılır, onu xalqa vermək olmaz".

1898-ci ildə Hacı öz vəsaitindən 3 min manat qızıl pul ayırır və şəhər idarəsinin işçisi İbad Əliyevi Odessaya ezamiyyətə göndərir. Orada hidravliklərin beynəlxalq qurultayı keçirilirdi. Mühəndis orada müsabiqə elan edir. Bakıya ən sərfəli su kəməri təklif edənə 3 min manat veriləcəyini bildirir. Qurultayda iştirak edən milliyyətcə isveç, ingilis təbəəsi, Almaniyanın Frankfurt-Mayn şəhərində çalışan məşhur hidravlik mühəndis L. Lindley bu təklifi qəbul edir, Azərbaycanda içməli su mənbələri axtarır və Şollar bulaqlarını bəyənir. Şəhərə təmiz su daşıyıb satan erməni Adamyan-Babayan qardaşları və Saruxanyan kəmərin çəkilişinin əleyhinə kampaniyalara başlayırlar.

 

Bakıya Şollar gəlir...

 

Lakin Hacı, buna baxmayaraq, işə başlayır. 1904-cü ildə Şollar-Bakı Su Kəmərinin çəkilişinə başlanılır və 1916-cı ildə ilk dəfə Bakıya tər-təmiz içməli Şollar suyu verilir. Lakin gəlin Şollar suyunun Bakıya çəkilməsi, erməni qardaşlarının bu ideyaya qarşı müqaviməti və bu su kəmərinin reallaşması ilə bağlı tarixə xronoloji səyahət edək.

 

Şollar kəmərinə qədər Bakının su təchizatı necə idi?

 

1892-ci ilə qədər, əsasən, quyu sularından istifadə edilirdi. Suvarmaq məqsədilə bir çox quyulardan istifadə edilsə də, içmək üçün yalnız 61 quyunun suyuna şəhər sanitar idarəsi tərəfindən icazə verilmişdi. Qeydiyyatdan keçmiş 121 nəfər su satan var idi ki, onlar da dövlətin vergisini ödəyirdilər. Xolyera xəstəliyi meydana gələndən sonra bir çox quyular bağlandı.

Varlı təbəqə içməli suyu bulaqlardan da çəkirdi. Qala divarları çəkiləndən sonra su üç qapı tərəfdən çəkilib şəhərə verilmişdi. O zaman su, əsasən, saxsı borularda çəkilirdi və ya yonulmuş daşlardan istifadə edilirdi. Həmin su şəhərin içərisinə gəlir, kəhrizlərə tökülürdü. Əhali də suyu qablarla ordan daşıyırdı. Tarixi mənbələrə istinad etsək, Bakıda XIX əsrdə üç su kəməri olub: Şah Kəməri, Məmmədqulu xan Kəməri və Hüseynqulu xan Kəməri. Rus imperiyası Bakını işğal edəndən - 1806-cı ildən sonra şəhərdə su qıtlığı yaranır. Belə ki, rus ordusu şəhərin içində və kənarlarında yerləşdirilir və əhalinin istifadə etdiyi suya onlar da şərik çıxırlar. Həmçinin, şəhər əhalisinin sayının artması, istehsalatın inkişafı su qıtlığını daha kəskin hiss etdirir.

Bakıya ilk su kəməri çəkilməzdən əvvəl, əhali içmək üçün aşağı keyfiyyətli quyu suyundan, daha sonralar - XIX əsrin əvvəllərində isə, duzsuzlaşdırılmış dəniz suyundan istifadə edib. XIX əsrin sonlarında, daha dəqiqi, 1889-cu ildə məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakının içməli su təminatının ödənilməsi məqsədi ilə xaricdən mütəxəssislər dəvət edib.

1889-cu ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələn ingilis mühəndisi Uilyam Lindley Şahdağın ətəyində, indiki Xaçmaz rayonunun Şollar kəndi ərazisində böyük ehtiyata malik içməli su mənbələri aşkar edib. Nəhayət, Bakının içməli su mənbələri üçün təklif olunan variantlar müzakirəyə çıxarılıb. Həmin müzakirələrdə dəniz suyunun təmizləyiciləri olmadığından, birinci variant qəbul edilməyib.

Kür suyunun Bakıya gətirilməsi xərclərinin baha, Zabrat quyularında isə yodlaşmanın normadan artıq olması üzündən bu variantlar da məqbul sayılmayıb.

Beləliklə, sonuncu - "Şahdağ"ın ətəyindən təmiz bulaq suyunun borular vasitəsilə Bakıya gətirilməsi yeganə variant kimi bir neçə dəfə müzakirə olunub. Uilyam Lindley Bakı Dumasının iclasında növbəti dəfə Şollar suyunun Bakıya gətirilməsinin real olduğunu əsaslandıraraq, bu işə başlamağı təklif edib. Hətta Hacı Zeynalabdinin köməyi ilə Sankt-Peterburqdan Nabran zonasının yeraltı sularının xəritəsi də gətirilir. İngilis mütəxəssisin bu təşəbbüsünü hamı bəyənsə də, onun reallaşması barədə qərar çıxarılmayıb.

 Yalnız bir ildən sonra, Hacı Zeynalabdin bu məsələni yenidən Bakı Şəhər Dumasında müzakirəyə çıxarıb və bu dəfə məsələ müsbət həll olunub.

Tarixi mənbələrə əsasən, bir neçə illik hazırlıq tədbirlərindən sonra - 1904-cü ilin fevralında Şollar kəndindən Bakıya su kəmərin çəkilişinə başlanıb. Lakin 1905-ci ildə Rusiyada baş verən inqilab bu layihənin icrasını əngəlləyib. 1909-cu ilin mayında isə Bakı Duması Şollar Su Kəmərinin tikintisini davam etdirmək üçün Bakının su təchizatına dair bütün layihələr yenidən müzakirəyə çıxarılıb. Bu layihələr içərisində yenə də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə ingilis Lindleyin hazırladığı layihə bəyənilib.

Bundan sonra Şəhər Duması həmin layihə üzrə tikinti xərclərini ödəmək üçün 27 milyon rubl məbləğində 5 faizli istiqrazların buraxılması barədə qərar qəbul edib. Layihəyə əsasən, Almaniyadan Kertinq, Zelser daxiliyanma mühərrikləri, elektrik avadanlıqları, İngiltərədən Bukkers firmasının istehsal etdiyi su nasosları, Rusiyadan yüksək təzyiqli çuqun borular, betondan konstruksiya formasında hazırlanmış su kəməri boruları sifariş edilir.

 

Buz kimi Şollar suyu Bakıda!

 

Nəhayət, 1917-ci ilin yanvarında Bakı əhalisi təmiz bulaq suyu olan Şollardan istifadə etməyə başlayıb. Həmin il fevralın 18-i isə tarixə "Bakı-Şollar" Su Kəmərinin açılışı günü kimi düşür. "Naxır bulağı" deyilən yerdə keçirilən rəsmi mərasimdə neft milyonçuları, kəmərin layihələndirilməsində və icrasında əməyi olan xarici qonaqlar, ruhanilər iştirak edib. Qazı Məhəmməd Kərim əlində "Quran" bu işdə əməyə olan hər kəsə, o cümlədən, Hacı Zeynalabdin Tağıyevə minnətdarlığını bildirərək, dualar oxuyur. Elə su kəmərinin kranını açmaq da Hacı Zeynalabdinə həvalə edir.

 

Ulu Öndərin memarı olduğu əsas su layihəsi...

 

SSRİ dönəmində yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemləri mərhələlərlə həll edilib. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra içməli su təsərrüfatında ciddi dönüş yaranıb.

Heydər Əliyevin memarı olduğu əsas su layihəsi isə Kür su kəmərləri sistemidir. 1969-cu ilin ikinci yarısında Ulu Öndər həm sutəmizləyici qurğuların, həm də Kür-Bakı magistral su kəmərinin tikintisinin qısa müddətdə başa çatdırılması üçün Moskva qarşısında məsələ qaldırdı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə layihənin ümumxalq tikintisinə çevrilməsi, ölkənin əksər tikinti və sənaye müəssisələrinin bu işə cəlb olunması nəticəsində Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə 30 aya görülməli işlər cəmi 4 aya başa çatdırıldı. 1970-ci ilin sentyabrında Bakı Kür suyunu qəbul etdi.

Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib. Paytaxt Bakının tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan "Böyük kanalizasiya" layihəsinin işlənib hazırlanması və reallaşdırılması 1970-80-ci illərə təsadüf edir. Ulu Öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük tullantı sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin, bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında arteriya rolunu oynayan "Sənaye zonası", "Şəhərkənarı" və "Sahil" kollektorları inşa edilib.

2003-cü ilin oktyabrında Prezident İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə başçısı əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. 2004-cü ilin iyununda su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında imzalanmış Sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti yaradıldı. İdeya müəllifi Ulu Öndər Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı Su Kəmərinin tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2010-cu ilin dekabrında istismara verilən bu kəmərin, eləcə də, digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 80 faizə yaxını fasiləsiz içməli su ilə təmin edilir.

 

2035-ci ili hədəfləyən Master Plan!

 

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və dövlət proqramlarının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. Sənədə uyğun olaraq 550 km magistral, 8100 km paylayıcı su xətlərinin, 150 km-i tunel tipli olmaqla, 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi və yenidən qurulması nəzərdə tutulub.

Bax beləcə, Şollar suyundan başlanan yol, bu gün də davam edir. İndi ölkəmizdə insanların keyfiyyətli içməli su ilə təmin olunması üçün dövlətimiz gözəl işlər görür. Yəqin ki, keçən əsrin əvvəllərində su üçün çəkdiyimiz bəlaları, gələcək nəsillər ancaq tarix kitablarında oxuyacaqlar. Şollar suyunu Bakıya gətirən tarixi kimi....