Xalq qəzeti. -2017.- 25 yanvar.-¹ 16.- S.4.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində Əziz Əliyevin yubileyi qeyd olunub

 

Yanvarın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova alimin yubileyinin keçirilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamı xatırladıb. Vurğulanıb ki, bununla əlaqədar ölkə miqyasında Əziz Əliyevin yubiley mərasimlərinin geniş qeyd olunması məqsədilə xüsusi tədbirlər planı işlənib hazırlanıb.

Diqqətə çatdırılıb ki, görkəmli alim və dövlət xadimi fəaliyyətə başlamazdan əvvəl bütöv bir həyat məktəbi keçib, kifayət qədər təcrübə əldə edib. Rektor deyib: “Əziz Əliyev XX əsrin əvvəllərindən ömrünün sonunadək dövlət quruculuğu işlərində, eləcə də səhiyyə, tibb elmi və təhsili sahələrində əldə etdiyi elmi bilik və bacarıqlarını dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, Azərbaycan səhiyyəsinin təşəkkülünə və inkişafına, milli tibb kadrlarının hazırlanmasına həsr edib. O, Azərbaycanın inkişafında son dərəcə böyük xidmətlər göstərib, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınıb”.

Sonra Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov görkəmli alimin mənalı ömür yolu və ölkəmizdə səhiyyənin inkişafındakı əvəzolunmaz xidmətləri barədə geniş məruzə ilə çıxış edib.

AzMİU-nun ictimai fənlər kafedrasının dosenti İzzət Musayeva Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Əziz Əliyev Böyük Vətən müharibəsi dövründə ordu hərbi şurasının üzvü kimi İrana ezam olunub, 1941-1942-ci illərdə orada sovet qoşun hissələrinin siyasi komissarı vəzifəsində çalışıb. Dövlət xadiminin həyatındakı mühüm dövrlərdən biri də Dağıstana rəhbərlik etdiyi illər olub. Belə ki, 1942-ci ildə Əziz Əliyevin Dağıstan vilayət partiya komitəsinin birinci katibi seçilməsi onun təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də böyük nüfuza malik olduğunu sübut edib. Altı il bu vəzifədə çalışan Əziz Əliyev Dağıstanın həyatının bütün sahələrində böyük irəliləyişə nail olub, Azərbaycan-Dağıstan dostluğunun daha da möhkəmlənməsinə əvəzsiz töhfə verib.

Universitetin ictimai fənlər kafedrasının dosenti Könül Əliyeva Əziz Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü böyük işlərdən, onun İranda və Dağıstanda çalışdığı illərdə milli məsələyə önəm verməsindən, milli kadrların yetişdirilməsindəki xidmətlərindən danışıb.

Məlumat üçün qeyd edək ki, Əziz Əliyevin adının əbədiləşdirilməsi üçün Dağıstanda, Mahaçqalanın mərkəzi küçələrindən birinə onun adı verilib, burada heykəli ucaldılıb. Həmin işlərin görülməsinə memar kimi cəlb olunan Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun kafedra müdiri Elbay Qasımzadə ötən ilin mayında Dağıstanda gördükləri işlərdən danışıb. Bildirilib ki, Əziz Əliyevin adını daşıyan küçədə onun heykəli ucaldılıb. Abidəni görkəmli heykəltəraş Ömər Eldarov hazırlayıb.