Xalq qəzeti.-2017.-19 yanvar.-¹12.-S.4.
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək
Daxil Kərimov,
hüquq üzrə fəlsəfə doktoru, Bakı şəhər 21 saylı notariat kontorunun notariusu
1990-cı il yanvarın 15-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova Moskva şəhərində ezamiyyətdə ikən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun təkidi ilə qəbul edilmiş qərarda Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilmişdir. Bu, bir daha təsdiq edir ki, 20 Yanvar faciəsi qabaqcadan planlaşdırılmış cinayət aktıdır.
Qoşunların şəhərə qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, xeyli adamı yaralamışdılar.
Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı ağır dövləti cinayət idi. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir.
Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan Televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdir. Planlaşdırılmış bu cinayət əməliyyatını həyata keçirmək üçün yüksək rütbəli hərbçilər Bakıya gəlmişdilər.
20 Yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın, mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı mərkəzin, şəxsən Mixail Qorbaçovun qərəzli mövqeyi geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdu. Xalq arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, onun birinci katibi Əbdürrəhman Vəzirovun fəaliyyəti də kəskin etirazlar doğurmuşdu. Azərbaycan rəhbərləri öz yarıtmaz fəaliyyəti ilə xalqla hakimiyyət arasında keçilməz uçurum yaratmışdılar. Məhz həmin dövrdə bir neçə ay Bakıda və respublikamızın digər şəhər və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu. Cəmiyyətdə yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün Azərbaycan SSR-in rəhbərliyi mövcud imkanlardan istifadə etmədi. Bir çox taleyüklü məsələnin həllində Azərbaycan rəhbərliyi aciz olmuş, nəticədə respublikada kəskin hakimiyyət böhranı yaranmışdı.
Keçmiş SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinin və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edilmiş “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı və bu fərmanın artıq fövqəladə vəziyyət tətbiq ediləndən və yüzlərlə insanın qanı axıdılandan sonra elan edilməsi həmin hərbi-siyasi aksiyanın Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri, şəxsən Mixail Qorbaçov tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət və açıq təcavüz olduğunu təsdiq edir.
Respublikamız üçün belə bir faciəli gündə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov xalqa qarşı xəyanətkarlıq yolu tutaraq, öz iş yerində olmaq əvəzinə, yanvarın 21-də yalnız şəxsi təhlükəsizliyini təmin etmək üçün gizli şəkildə hərbi təyyarə ilə Moskvaya qaçmışdır. Öz hakimiyyətini, nəyin bahasına olursa-olsun, qoruyub saxlamaq məqsədi güdən Əbdürrəhman Vəzirov bu ağır cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmuşdur.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Respublika rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdir. Xalqın Sov. İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, kommunistlər kütləvi şəkildə biletlərini ataraq partiya sıralarını tərk etmişlər.
Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişlər. Azərbaycanın həyatında baş vermiş dəhşətli yanvar faciəsi ilə bağlı sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərmişdir. Buna baxmayaraq, sessiya yanvar hadisələrinə qiymət verməyə cəhd göstərmiş, bir sıra sənədlər qəbul etmişdir. Həmin sessiya SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali sovetlərinə, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına, eləcə də Azərbaycan SSR-də yaşayan bütün millət və xalqlara müraciətlər qəbul etmişdir. Elə həmin iclasda da hadisələrə hüquqi qiymət verilməsi məsələsi qaldırılmış və Deputat İstintaq Komissiyası yaradılmışdı. Belə bir ekstremal vəziyyətdə keçirilmiş sessiyanın qəbul etdiyi qərarlar Azərbaycanın siyasi rəhbərliyi tərəfindən yerinə yetirilməmiş, sessiyanın qərarına zidd olaraq, fövqəladə vəziyyət Bakı şəhərində dərhal ləğv edilməmişdir.
Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Sivil dövlətlərin təcrübəsindən fərqli olaraq Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. Xalqın şəhidlər verdiyi faciəli günlərdə ölkə rəhbərliyi bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqa başsağlığı belə verməmişdir.
Lakin imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Əksinə, Kommunist Partiyası xalqın gözündən düşdü. O zaman yalnız umummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək, Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşşəbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı dövləti cinayət olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin Qanlı yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.