Xalq qəzeti.-2017.-7 aprel.-¹71.-S.4.
Prezident İlham Əliyev:
Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik
ki,
İslam aləmi birdir və bizim birliyimiz
gücümüzü artırır
İttifaq MİRZƏBƏYLİ
Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Heç şübhəsiz, bu Oyunlar nəcib əxlaq və əsil dəyərlərlə yanaşı, yarışmaq, dözümlülük və yüksək çalışqanlıq ruhu ilə seçilən müsəlman idmançının düzgün və ideal simasını göstərmək üçün əlverişli fürsətdir. Bunu bütün idmançılar Oyunlar zamanı keçiriləcək müxtəlif yarışlarda Allahın izni ilə gerçəkləşdirməyə can atacaqlar.
Abdullah bin Mosaad bin
Əbdüləziz Əl SƏUD
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti
Təbii ki, ölkəmizin ev sahibliyi etdiyi növbəti möhtəşəm beynəlxalq idman tədbirinin rəsmi açılışında atletlərimizin çoxsaylı uğurlarının şahidi olduqda, təntənəli bağlanış mərasimində və digər məqamlarda sevincimiz çox olacaq. Ancaq bu Oyunların Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediləndən bəri də dəfələrlə fəxr etməli məqamların şahidi olmuşuq. Məsələn, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi barədə qərar qəbul ediləndə ölkəmizin idman ictimaiyyətinin sevincinin həddi-hüdudu görünmürdü.
Həmin il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı adıçəkilən federasiyanın bayrağının Azərbaycana verilməsi zamanı isə təkcə idman ictimaiyyətimiz deyil, bütövlükdə ölkə ictimaiyyəti fəxr və qürur hissi yaşayırdı. Çünki həmin tarixdən cəmi 22-23 il əvvələ qədər dünya xəritəsində müstəqil dövlət kimi təqdim edilməyən Azərbaycan artıq güclü iqtisadiyyata, müstəqil siyasətə malik respublika kimi beynəlxalq idman tədbirlərinin keçirildiyi ünvana çevrilir, bayrağımız bayraqlar yanında daha qətiyyətlə dayanırdı.
Bu Oyunlarla bağlı üçüncü – daha möhtəşəm sevinci isə aprelin 5-də yaşadıq. Bu sevincdən artıq dünyanın hər yerində yaşayan soydaşlarımıza pay düşdü. Çünki həmin gün paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun və digər rəsmi qonaqların da iştirak etdiyi həmin mərasim xalqımız və dövlətimiz üçün bir neçə cəhətdən əlamətdar idi. Daha doğrusu, həmin tədbirin kifayət qədər rəmzi mənası var idi.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilən həmin andan etibarən Azərbaycan bütün dünyanın, xüsusən, İslam aləminin diqqət mərkəzinə çevrilirdi. Tədbirə start verilən məkan – Daş Salnamə Muzeyi ölkəmizin qədimliyinin, İslam Oyunları adıyla məmləkətimizin səyahətinə çıxan su siyasətimizin aydınlığının, duruluğunun, əlindəki ənənəvi su qabı ilə tədbir boyu hamının diqqətini çəkən – onlar Azərbaycanın bütün bölgələrini təmsil edirdilər -- fidan balalar bəşər övladının aydın sabahının, paytaxt səmasını nurlandıran atəşfəşanlıq isə dünyadakı münaqişə, terror, təxribat müəlliflərinə “atəşləri belə məqsədlərlə açın” - sülh mesajının rəmzi kimi qəbul edilirdi. Qeyd edilirdi ki, bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyevin mərasimdəki
çıxışında bu məqamlar daha aydın şəkildə
ifadə edilirdi: “Biz cənab prezident, Sizin və rəhbərlik
etdiyiniz federasiyanın dəstəyini həmişə hiss
etmişik və şadam ki, Siz bizimlə bərabər bugünkü
mərasimdə iştirak edirsiniz. IV İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi bizim üçün
böyük şərəfdir. Biz bunu İslam ölkələrinin
Azərbaycana olan hörmətinin və inamının təzahürü
kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün
böyük məsuliyyətdir və demək olar ki,
bütün hazırlıq işləri başa
çatıb. Biz Oyunları qəbul etmək
üçün tam hazırıq”.
“Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan bir dövlətdir. Bizim mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir. Qədim tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır və ta qədim dövrlərdən bu diyarda yaşayıb, qurub-yaradıb” – deyən dövlət başçımız bu milli tarixilik fonunda mövcud olan başqa bir tarixiliyi də yada saldı: “Azərbaycan qədim müsəlman diyarıdır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir. Bu məscid bir neçə il bundan əvvəl əsaslı bərpa edilmiş və qapılarını Azərbaycan xalqının üzünə açmışdır. Əminəm ki, qonaqlar Bakının və digər bölgələrimizin tarixi yerləri ilə tanış olacaqlar”.
Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox mötəbər tədbirlərin həyata keçirildiyini, İslam mədəniyyətini dünyada təbliğ etmək üçün çoxsaylı tədbirlər, təqdimatlar, sərgilər təşkil edildiyini xatırladan dövlət başçımız əlavə etdi ki, İslam sülh dinidir, mərhəmət dinidir. Bizim qədim mədəniyyətimiz var və biz mədəniyyətimizlə fəxr edirik: “Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək”.
Dövlət başçımız xatırlatdı ki, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun.
Tədbirdə çıxış edən Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud qeyd etdi ki, bu Oyunlar dövlətlərimizin idmançıları arasında həmrəyliyi təşviq etmək, qardaşlıq və dostluq münasibətlərini gücləndirmək üçün İslam dünyasının övladlarını bir yerə toplayacaq: “İslam ölkələrindən olan iştirakçılar və izləyicilər bu Oyunlarla fəxr edirlər”. Qonaq əlavə etdi ki, bu Oyunlar nəcib əxlaq və əsil dəyərlərlə yanaşı, yarışmaq, dözümlülük və yüksək çalışqanlıq ruhu ilə seçilən müsəlman idmançının düzgün və ideal simasını göstərmək üçün əlverişli fürsətdir. Bunu bütün idmançılar Oyunlar zamanı keçiriləcək müxtəlif yarışlarda Allahın izni ilə gerçəkləşdirməyə can atacaqlar.
Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq işləri ilə əlaqədar gördüklərini tam qaneedici adlandıran Federasiya prezidenti Oyunların uğurla keçirilməsi üçün ən yaxşı imkanların təmin edilməsində böyük dəstəyə və diqqətə görə İslam Həmrəyliyi İdman Federasiyası adından Azərbaycan Prezidentinə və Oyunların hazırlanması və təşkilində göstərdiyi böyük səylərə və yüksək rəhbərliyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya təşəkkür etdi.
Xatırladaq ki, ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq. Prezident İlham Əliyevin göndərdiyi Xəzərin suyu ilə yanaşı, götürüləcək digər sular sonradan axşam festivalında təqdim olunacaq. Azərbaycan musiqisi və rəqsləri, möhtəşəm su effektləri və əlvan atəşfəşanlığı ilə zəngin olan bu tədbirdə hər kəs iştirak edə biləcək.
Bütün bunlar bir daha sübut edir ki, İslam sülh, firavanlıq, əmin-amanlıq, aydın səma, ədalətli münasibət, qarşılıqlı ehtirama əsaslanan birgəyaşayış dinidir. İslam Həmrəyliyi Oyunları isə bütün bu dəyərlərin daha da möhkəmləndirilməsinə, təbliğinə və təşviqinə xidmət edəcəkdir.