“Görkəmli ictimai xadim Əziz Əliyev: həyatı və fəaliyyəti

 

Mehriban Sultan,

NDU-nun Mətbuat şöbəsinin müdiri

 

Naxçıvan Dövlət Universitetində (NDU) görkəmli dövlət xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyi münasibətilə “Görkəmli ictimai və elm xadimi Əziz Əliyev: həyat və fəaliyyəti” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, NDU-nun beynəlxalq münasibətlər fakültəsinin akt zalında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları və Naxçıvan şəhərindəki tibb müəssisələrinin baş həkimləri, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin müəllim və tələbələri, eləcə də “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak edib.

NDU-nun rektoru Saleh Məhərrəmov Azərbaycan səhiyyəsində xüsusi yeri olan Əziz Əliyevin həyat və fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncam alimin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, respublikada səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymətdir. Görkəmli alimin yubileyi ilə əlaqədar muxtar respublikada tədbirlər planı təsdiq edilərək icra olunur.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib. Qeyd olunub ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Nazir görkəmli dövlət xadiminin Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən ətraflı danışıb.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli, “Naxçıvan” Universitetinin prorektoru İbrahim Kazımbəyli və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov görkəmli ictimai və elm xadimi Əziz Əliyevin zəngin ömür yolundan və fəaliyyətindən söhbət açıblar. Vurğulanıb ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində Əziz Əliyevin əvəzsiz xidmətləri olub.

 

İki sahil. - 2017.- 19 yanvar. - ¹ 10. - S. 8.