Azərbaycan.- 2016.- 9 dekabr.- ¹ 273.- S. 11.
Divanxana - Şirvanşahların saray köşkü
Cəfər Qiyasi,
AMEA-nın müxbir üzvü
Şirvanşahlar saray kompleksi orta əsrlərin şəhərsalma tələblərinə uyğun olaraq qədim Bakı - indiki İçərişəhər relyefinin ən hündür yerində - içqalada yerləşir. Kompleksin əsas tikililəri olan saray binası və Divanxana Bakı təpəsinin tam zirvəsində ucaldılmışdır. Şirvanşahlar sarayından bəhs edən səyyahlar, yaxud da onun memarlıq təhlilini verən mütəxəssislər, bir qayda olaraq, kompleksin tərkibindəki Divanxana binasına üstünlük vermişlər. Gerçəkdən də Şirvanşahlar saray kompleksi yuxarıda Bakı qalasının tacı kimi yüksəlirdisə, Divanxana bu tacın ən dəyərli daş-qaşı idi.
Divanxana binasında onun tikilmə tarixini, təyinatını, sifarişçisinin və memarının adını bildirən kitabələr qalmamışdır. Bu da təbii olaraq araşdırıcılarda bir sıra suallar doğurmuşdur.
Üzərində təyinatını bildirən kitabə qalmadığından, eləcə də haqqında çox əfsanə və uydurmalar dolaşdığından rus şərqşünasları Divanxana adını ruscaya "Sudilişe" - məhkəmə yeri (məhkəmə binası) şəklində çevirmişlər. Əlbəttə, iri saray kompleksinin memarlıq həlli baxımından ən gözəgəlimli binasının məhkəmə işləri üçün tikildiyi fikri inanılmazdır. Bu təntənəli, iri eyvanlı binada kanselyariya - dəftərxana yerləşməsi iddiası da təbii etiraz doğurur.
Azərbaycanın orta əsr memarlığının görkəmli araşdırıcısı L.S.Bretanitski 1956-cı ildə nəşr etdirdiyi bir məqaləsində Divanxana adı ilə tanınmış binanın xatirə tikilisi - türbə olduğu hipotezini ilk dəfə irəli sürmüşdür. Onun ehtimalına görə, XV əsrin sonlarında "Fərrux Yasar özü üçün nəzərdə tutulmuş bu türbəni tikdirmişdir". Sonralar tarixçi S.Aşurbəyli və epiqrafçı M.Nemət ciddi araşdırmalar aparmadan L.Bretanitskinin bu yanlış hipotezini dəstəkləmişlər.
Memarlıq araşdırıcıları akademik Ə.Salamzadə və professor N.Rzayev Divanxana ilə bağlı irəli sürülmüş türbə versiyasını yanlış hesab etmişlər. N.Rzayev bildirmişdir ki, girişi cənuba yönəldiyindən "pavilyonun zirzəmisini sərdaba adlandırmaq olmaz". N.Rzayevin araşdırmalarına görə, "Azərbaycanda türbələrin, özəlliklə sərdabaların girişi orta əsrlərin dini adətlərinə görə heç vaxt cənub - Məkkə tərəfdə quraşdırılmamışdır".
İlk baxışda kürsülüyün içərisində olan yerləşgə türbə sərdabasına bənzəyir. Ancaq məşhur tarixçi-arxeoloq Y.A.Paxomov keçən əsrin 20-ci illərində həmin yerləşgənin içərisini təmizlətdirib ilk kəşfiyyat işləri aparan zaman onun döşəməsinin sal qaya üzərində olduğunu aşkarlamışdır. Orada heç bir məzar çalasının olmamasını L.Bretanitski və bu məsələdə onu dəstəkləyənlər Divanxanada tikintinin başa çatdırılmaması amili ilə izah etməyə çalışmışlar. Ancaq bu kürsülük qatının döşəməsinin tamamilə yaxşı yonulmuş daş tavalarla üzlənməsi onun içərisində hər hansısa bir dəfnin nəzərdə tutulmadığını və sərdaba olmadığını sübut edir.
Böyük ehtimalla Divanxana binasının çox qalın divarları olan qapalı kürsülük qatı Şirvanşahların çox gizli saxlanc yeri olub, kiçik xəzinə üçün nəzərdə tutulmuşdur və saray adamlarının çoxunun belə bir yerləşgənin varlığından və onun gizli qapısından xəbəri olmamışdır.
Divanxananın təyinatını aydınlaşdırmaq üçün araşdırıcıların tez-tez üz tutduqları ayrıntılardan biri mərkəzi salona giriş qapısının üstündəki daşda yonulmuş kitabədir. Gözəl nəsx xətti ilə yazılmış həmin kitabədə Quranın 10-cu surəsinin 25 və 26-cı ayələri həkk edilmişdir: "Allah dinclik evinə çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı davrananlara yaxşısı və daha üstünü verilir; onların üzlərini nə bir toz, nə də zillət bürüyər. Onlar cənnət əhlidirlər, orada həmişəlik qalacaqlar. Allah doğru buyurur". Bu mətnə əsaslanaraq bəzi müəlliflər (İ.Berezin, A.Jukovski) Divanxananın mərkəzi salonunda məhkəmə istintaqlarının getdiyini söyləmişlər. V.Leviatova görə, yalnız "kitabənin məzmunundan irəli gələrək bina Divanxana, yaxud Xan məhkəməsi (sudilişe) adlanır".
Kitabənin mətninə L.Bretanitski başqa sayaq yanaşmışdır. Onun yazdığına görə, "Salonun baş giriş qapısının üstündə həkk olunmuş yazının məzmunu (Quranın onuncu surəsinin "Allah məhkəməsi" haqqında olan ayəsi) abidənin memorial təyinatına şahidlik edir". Bu sözlərlə L.Bretanitski kitabənin mətnini irəli sürdüyü hipotezə uyğunlaşdırmağa çalışmışdır. Son vaxtlar L.Bretanitskinin hipotezini təsdiqləmək üçün belə bir tezis irəli sürülmüşdür ki, guya "hər bir memarlıq abidəsinin üzərində onun təyinatına uyğun Qurandan ayələr yazılıb" və Divanxana kitabəsində axirət dünyasından, günahların bağışlanmasından, cənnətdən bəhs edildiyinə görə, ehtimal olunur ki, Şirvanşah Fərrux Yasar bu binanı özü üçün xatirə türbəsi kimi tikdirmişdir.
Kitabənin məzmunu ilə bağlı irəli sürülmüş hər iki iddia (məhkəmə binası və türbə) gerçəklikdən uzaqdır.
Bütün memarlıq abidələrində olduğu kimi, Divanxananın da təyinatı onun adında əks olunmuşdur. XVII yüzildən bəri avropalı və rus mütəxəssislər bu nadir abidəni "Divanxana", ya da "Şah divanxanası" adı ilə tanıtmaqdadırlar. Ancaq onu araşdıranların bir qismi bu adın mənasını tam bilməmiş, bəziləri isə bilmək istəməmişlər.
Divanxana adında elə bir gizlilik, anlaşılmazlıq yoxdur. İslam sənəti və memarlığının məşhur araşdırıcısı Anri Stirlenin kitabında verilmiş sözlüyə görə, "Divan - fars sözü olub, öncə rəsmi idarəni, sonra inzibati xidmətləri, sonda dövlət şurasını bildirmişdir. Sarayda rəsmi qəbullar üçün divani-salonu, şəxsi qəbullar üçün divani-salonu olmuşdur". Rəsmi saray törənlərində, kütləvi qəbullarda, bayramlarda, fəxri təyinatlarda, mükafatlar veriləndə, dost və vassal hakimlərin və diplomatların qəbulunda divani-amın geniş salonundan istifadə edilirdi. Divani-xasın salonu kiçik olub nazirlərlə, dövlət elitasının görkəmli üzvləri və çox nüfuzlu qonaqlar ilə qeyri-rəsmi və özəl görüşlər üçün nəzərdə tutulurdu. Orada çox yığcam heyətlə qanunlar işlənir və gizli qərarlar qəbul edilirdi.
Türbə təyinatında israr edənlər Divanxana salonunun kiçikliyini də başlıca arqumentlərdən biri sayırlar. L.Bretanitskinin fikrincə, "Salonun özü hər hansı rəsmi mərasim üçün kiçikdir (16 m2) və uyğun deyil". Salonun sahəsi 16 deyil, 23 kvadratmetrdir. O qədər də iri olmayan Şirvanşahlar dövlətinin məhdud siyasi və iqtisadi gücü, Bakının Şamaxıdan sonra ikinci, həm də qısa müddətdə paytaxt olması və Divanxananın funksional baxımdan dar çərçivəsi saray binasının ölçülərinə birbaşa təsir göstərmişdir. Həm də Avropadan fərqli olaraq, İslam dünyasının saraylarında ölçü böyüklüyünə meyil nisbətən az olmuşdur.
Divanxananın saray köşkü olduğunu adından daha çox memarlıq-məkan həlli aydınlaşdıra bilər.
Divanxananın saray binası olduğunun göstəricisi hər şeydən öncə onun təpənin tam zirvəsində - bütün şəhərə hakim olan yüksəklikdə, saray kompleksinin baş həyətinə bitişik yerdə tikilməsidir. Divanxana ikibölümlü quruluşda olub həyət və köşkdən ibarətdir.
Köşk binası həyətin tam ortasında deyil, cənub divarına və şərq qalereyasına yaxın - asimmetrik yerləşdirilmişdir. Belə yerləşməyə görə baş qapıdan həyətə daxil olanlar köşkün əsas - şimal və qərb fasadlarını daha geniş bucaq altında görmək imkanı qazanırlar. Köşkün plan biçimi klassik kamilliyi və gözəlliyi ilə diqqət çəkir. Cənubdan şimala uzanan düzgün olmayan altıbucaqlı - ox simmetriyalı quruluşu olan planda səkkizbucaqlı salon mərkəzi mövqe tutur. Salonu beş tərəfdən sütunlu eyvan, cənub tərəfdən astana, cənub-qərb tərəfdən baştağın dərin tağçası və cənub-şərq tərəfdən kiçik bir otaq dövrələyir.
Səkkizüzlü biçimi olan salonun yalnız iki üzü (cənub-şərq və cənub-qərb) qapalı tağça şəklindədir. Qalan altı üzün hər birində sivri tağlı qapı açırımları qoyulmuşdur. Şah üçün nəzərdə tutulan baş qapı astanaya, qalan beş qapı isə çoxüzlü eyvana açılır. Baş giriş qapısının yanlarındakı qapalı tağçaların önündə şah və fəxri qonaq üz-üzə otururdu. Salonun iç məkanı elə işlənmişdir ki, onun içərisində olan insanların heç biri arxası cənuba - Məkkəyə tərəf otura bilməzdi.
Qapıların çoxluğu Divanxana binasının saray köşkü, həm də yay köşkü olduğunun parlaq göstəricisidir. Son dərəcə açıq, sərbəst və fəzalı kompozisiyası olan Divanxana bütün görkəmi ilə dünyəvi xarakterli binadır. Bu özəlliyi ilə o, qapalı quruluşlu, kütləsəl, dini və xatirə tikililərindən kəskin fərqlənir. Azərbaycanın orta əsr memarlığında sütunlu eyvanı olan yığcam quruluşlu saray binaları Elxanlılar dönəmindən (1256-1353) bəllidir. Arxeoloqlar bu tip saray binasının plan quruluşunu Cənubi Azərbaycanın Təxti-Süleyman şəhər yerində üzə çıxarmışlar. Arqun xanın (1284-1291) tikdirdiyi həmin saray binası dördsütunlu dərin eyvanı ilə şəhər mərkəzindəki təbii gölə yönəlmişdir.
Səfəvilər dönəmində bu ənənə inkişaf etdirilərək saray salonlarının önündə daha iri eyvanlar qurulmuşdur. II Şah Abbasın (1642-1666) İsfahanda tikdirdiyi Çehel sütun sarayının dörd-cərgəli 20 sütunlu əzəmətli eyvanı var. İsfahanın Həşt Behişt sarayının üç dərin eyvanının hər birində iki sütun ucalır. Ancaq İsfahan saraylarında, Bakı və İstanbul saraylarından fərqli olaraq, sütunlar daşdan deyil, ağacdan düzəldilmiş və yuxarıda sivri tağlarla deyil, üfüqi ağac tirlərlə birləşdirilmişdir.
Hindistanın Moğol memarlığında da daş sütunlar və sıratağlardan yığılmış iri eyvanlar önəmli yer tutmuşdur. Bakının Divanxana köşkü çox geniş məkanı və zamanı əhatə etmiş bu zəngin saray ənənəsinin nisbətən kiçik ölçülü, ancaq bənzərsiz memarlığı olan nadir örnəklərindən biridir. Memarlıq kompozisiyasının heyrətləndirici mükəmməlliyinə və daş işçiliyinin çox yüksək keyfiyyətlərinə görə İ.Berezin Divanxana köşkünü müsəlman memarlığının ən yaxşı əsərlərindən biri hesab etmişdir. Bu rus şərqşünasının naturada gördüklərindən gəldiyi nəticəyə görə, "Saraylarının hamısı xırda kərpicdən tikilən bütün İranda belə bina mövcud deyil, o, böyüklüyünə görə İsfahanın, ya da Tehranın saraylarından xeyli geri qalsa da, işin incəliyi və sanballığı ilə Bakı binası onlardan üstündür".
Divanxana binasının saray köşkü olduğunu təsdiqləyən özəlliklərdən biri onun eyvanında vaxtilə yaşayış evləri üçün səciyyəvi olan məhəccərlərin qurulması faktıdır.
Saray kompleksinin başqa binalarına görə Divanxana daha zəngin proqrama və daha yüksək bədii-estetik görünüşə malikdir. Sütunlu geniş eyvan və uca baştağla iç həyətə yönələn köşkün görkəminə aydın duyulan bir şahanəlik hakimdir. Divanxananın yüksək arxitektonikliyi və məkan quruluşundakı şahanəlikdə gözəl biçimli birtipli sütunlar da çox önəmli rol oynayır.
İnşaat kitabəsi qalmadığından, eləcə də yazılı qaynaqlarda heç bir bilgi əldə edilmədiyindən Divanxananın dəqiq tikilmə tarixi bəlli deyil. Köşkün eyvana açılan qapılarından birinin üstündə kiminsə bilərəkdən qaşıyıb pozuq şəklə saldığı bir sətirlik kitabə qalmışdır. Keçən əsrin 20-ci illərində tarixçi B.M.Sısoyev həmin yazı qalıqlarında Şirvanşah Xəlilullahın adını və 832-ci il hicri tarixini (miladi 1428-29-cu il) ayırd edə bildiyini israr etmişdir. Epiqrafçı M.Nemət isə həmin kitabənin başlanğıcında "Bu imarəti tikməyi əmr etmişdir..." sözlərinin çətinliklə oxunduğunu bildirmişdir. Bu iki araşdırıcının açıqlamalarını birləşdirəndə ənənəvi inşaat kitabəsinin mətni alınır: "Bu imarəti tikməyi (Şirvanşah Sultan) Xəlilullah əmr etmişdir. İl səkkiz yüz otuz iki". Müqayisə üçün bildirək ki, saray kompleksindəki Şah türbəsi "Əl-mərqəd əl-münir", yəni "İşıqlı türbə" şəklində verilmişdir. Kitabəsində "imarət" adı ilə tanıdılması da Divanxana köşkünün türbə olmadığının daha bir göstəricisidir.
B.Sısoyevin oxunuşunun nə qədər dəqiq olduğunu indiki halda aydınlaşdırmaq olmur. Ancaq Divanxananın I Xəlilullahın göstərişi ilə tikildiyi az şübhə doğurur. Çünki I Axsitandan sonra I Xəlilullah Bakını ikinci paytaxt seçmiş, oradakı saray kompleksinin əsas binaları onun hakimiyyəti illərində ya tikilmiş, ya da tikintisi tamamlanmışdır.
Fərrux Yasarın Şirvanşahlar sarayı kompleksində tikinti işləri aparması haqqında əldə heç bir məlumat yoxdur. Onun atası Xəlillulahın isə Bakı və çevrəsində geniş tikinti fəaliyyəti göstərdiyi çoxsaylı kitabələr və qaynaqların məlumatları ilə təsdiqlənir.
Sultan Xəlilullah Şirvan şahlarının ən qüdrətlisi olmuşdur. Misirli tarixçi Əbdurrəhman Suyuti (1445-1505) öz əsradaşını belə təqdim etmişdir: "Şirvan hökmdarı Xəlil ibn Məhəmməd əd-Dərbəndi Şamaxının hakimidir. O, hökmdarlardan ən möhtərəmi və ən mömini, ləyaqətlisi və ədalətlisidir. O, böyük müsəlman hökmdarlarından axırıncısıdır. Şirvan dövləti və Şamaxını o, əlli ilə yaxın idarə etmişdir. O, 869-cu ildə ölmüşdür və onun yüz ilə, yaxud buna yaxın yaşı olmuşdur". Miladi tarixlə 1465-ci ildə dünyadan köçmüş Xəlilullahın hakimiyyətdə olduğu illər orta əsr Bakısının inkişaf mərhələlərinin zirvəsi sayıla bilər. Həmin quruculuq illərində Bakıda sanballı şəhərsalma və memarlığın inkişafı baş vermişdir. Saray kompleksi və Divanxana bu inkişafın canlı şahidləridir.
Hakimiyyətinin ilk illərində I Xəlilullah Qaraqoyunlu İskəndərlə (1420-1435) ağır savaşlar aparmışdır. Bu savaşlarda İskəndər iki dəfə - 1427-ci və 1433-cü illərdə Şirvanşahların paytaxtı Şamaxını amansızlıqla talan edib dağıtmışdır. Görünür, Xəlilullahın paytaxtı Bakıya köçürməsində və Bakıda sanballı saray kompleksi tikidirməsində bu hadisələrin yönəldici təsiri olmuşdur. Həmin illərdə Bakını Xəlilullahın qardaşı Şahzadə Qəzənfər (1398-1443) idarə etmişdir.
Şair Bədr Şirvaninin yazdığına görə, yaxşı səsi olan, musiqi çalan, şeir yazan şahzadə çox bacarıqlı döyüşçü olmuşdur. Bədrin "kamillik və bilik sahibi" adlandırdığı Qəzənfər o zaman Bakıda aparılan irimiqyaslı tikinti və yenidənqurma işlərinə də başçılıq etmişdir. Şair onun XV yüzilliyin birinci yarısında Bakının tanıdılmasında necə böyük rol oynadığını "Sənin gəlişinlə şəhri-kuh elə məşhurlaşdı ki!" misrasında əks etdirmişdir.
Şairin verdiyi məlumatlara görə, Qəzənfər 1428-ci ildə "Qəzənfər qalası"nı və 1431-ci ildə əzəmətli "Aslan görkəmli qala"nı tikmiş, ölümü ərəfəsində "Qəzənfəriyyə bürcünü göylərə ucaltmışdır". Bu işlər ağır hərbi-siyasi durumda Şirvanşahların sığındığı Bakı şəhərinin möhkəmliyini xeyli artırmışdır. Qəzənfər 1428-ci ildə çeşmə - indiki Şah kəhrizini çəkdirməklə Bakının su təchizatı sistemini yaxşılaşdırmış, 1438-ci ildə "gözəl və xoş bir hamam" - indiki Şah hamamını tikdimişdir. Şairin yazdığına görə, Qəzənfər "Dünyanın işlərindən baş çıxaran bilik dəryası, sənəti bilən və sənətkarlara himayə göstərən", eləcə də "şücaətli" şəxs olmuşdur.
XIX əsrədək əski Bakını - indiki İçərişəhəri xalq "Qala" adlandırırdı. Bədr Şirvani bu qala-şəhərdəki saray kompleksinin formalaşmasında da şahzadə Qəzənfərin missiyasını şairanə dillə vermişdir:
Sənin gəlişinlə ucalıq tapan Qaladakı
Uca saray yüksək səmaya bərabər oldu.
Bu misralarda Qəzənfərin Bakıdakı Şirvanşahlar sarayı kompleksinin tikintisinə başçılıq etməsinə işarə vurulmuşdur. Kompleksdəki Şah türbəsi, Şah məscidinin minarəsi, eləcə də Şah Divanxanası I Xəlilullahın əmri ilə ucaldılsa da, onların tikintisi Qəzənfərin nəzarəti altında aparılmışdır. Ola bilsin ki, Divanxana köşkündəki kiçik yarımçıqlıqlar Qəzənfərin erkən - 45 yaşında ölməsi ilə bağlıdır. Bütövlükdə şahzadə Qəzənfər Bakı memarlığının paytaxt statusuna uyğun yüksək səviyyəyə qaldırılmasında çox önəmli rol oynamışdır.
Şübhə yoxdur ki, Divanxana köşkünün, özəlliklə onun salonunun interyerləri də çox təntənəli bəzədilmişdi və onların tərtibatında çoxrəngli kaşı mozaiki önəmli rol oynamışdır. Şirvanşahlar saray ansamblının hər baxımdan zirvəsində olan Divanxana düzgün olaraq orta əsr Azərbaycan memarlığının şah əsərlərindən biri sayılır. Bədr Şirvani şah imarətini təsvir edərkən bu sənət möcüzəsini yaradan memarın - bənnanın da əməyini dəyərləndirməyi unutmamışdır. Şairə görə:
Bənna bu binada qoyduğu hər kərpicin, daşın müqabilində
Mükafatdan başqa hədsiz savab da qazanar.
Şirvanşahlar dövlətinin böyük hökmdarı Sultan Xəlilullahın "nişanəsi" olan Divanxana saray köşkü öz şahanə gözəlliyi ilə yüzillərdir ki, adı bəlli olmayan dahi bir memarın tükənməz savabını nəsillərdən-nəsillərə daşıyır.
İndi Şirvanşahlar saray kompleksində Divanxana həyətinə giriş qapısının önündə abidəni tanıdan lövhə qoyulmuşdur. Həmin lövhədə abidə "Divanxana/Şah türbəsi" adları ilə təqdim edilir və bildirilir ki, "Tikili... dövlət şurasının iclaslarının keçirilməsi üçün istifadə oluna bilərdi. Bəzi alimlər onun Şirvanşah Fərrux Yasar tərəfindən Şah türbəsi kimi tikildiyinə inanır". Belə təqdimat adi turistləri o qədər də maraqlandırmaz. Ancaq İslam ölkələri memarlığını az-çox bilənlər, ya da daha məntiqli düşünənlər üçün bir abidənin həm saray binası, həm də türbə kimi tanıdılması çox absurd görünər.
Gerçəkdə Divanxananın xatirə memarlığı ilə heç bir əlaqəsi yoxdur. Həm də Fərrux Yasarın Bakıda yaşaması və sarayda tikinti işləri aparması haqqında tarixi məlumat yoxdur. O, Səfəvilərlə döyüşdə məğlub olub öldürüləndən sonra Şamaxının Cabani kəndində dəfn edilmişdir. Divanxananı onun atası I Xəlilullah tikdirmişdir. Bu nadir abidəni XVII-XIX əslərdə görüb təsvir etmiş əcnəbi səyyahlar, şərqşünaslar, memarlar, eləcə də onu yerində araşdırmış memar akademiklər - S.Dadaşov, M.Hüseynov, Ə.Salamzadə və professor N.Rzayev Divanxananın Şirvanşahların saray pavilyonu olduğunu qəbul etmişlər. Şirvanşahların ailə üzvlərinin dəfn edildiyi Şah türbəsi isə kompleksin aşağı həyətində yerləşir.
Xalq yaddaşında Divanxana adı ilə qalan və Azərbaycanın orta əsr saray memarlığının ən parlaq əsərlərindən biri olan çox dəyərli tarixi abidənin adının və təyinatının hər hansı bir araşdırıcının qeyri-elmi fərziyyəsi əsasında dəyişdirilməsi yolverilməzdir.