Azərbaycan.-2016.-6 sentyabr-¹ 195.-S.11.
İçərişəhərdə yeraltı yollar
Kamil İbrahimov
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bölmə müdiri, tarix elmləri doktoru,
professor
Qədim tarixə və zəngin mədəniyyətə, həmçinin mükəmməl yeraltı infrastruktura malik olan İçərişəhər Azərbaycan xalqının milli sərvətidir. Bu tarixi məkan və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar saray kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər arxeoloji-memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur.
Azərbaycanın orta əsr şəhər və qalalarında ehtiyat üçün tikilmiş yeraltı gizli yolların olması haqqında xeyli məlumata təsadüf etmək olur. Xalq yaradıcılığında yeraltı gizli yollar haqqında çox danışılır. Şəhər və qalaların yeraltı yolları xüsusi marağa səbəb olmaqla yanaşı, onların təsadüfdən yaranmadığı və real həyatla bağlı olduğu aydındır. Orta əsrlərdə torpağın altı xəlvəti yer olduğu üçün insanların başqasının əlinə keçməsini istəmədiyi var-dövlət, gizli-saxlı əşyalar, sərvətlər, hətta dövlət xəzinələri belə, adətən, yer altında gizlədilirdi.
Orta əsr şəhər və qalaları düşmən mühasirəsinə düşdüyü zaman su, ərzaq, silah əldə etmək, son anda xilas olmaq üçün yeraltı yolların varlığı böyük əhəmiyyət kəsb edirdi. Belə gizli yollar bəzi orta əsr qalalarında son vaxtlara qədər qalmışdır. Şirvanşahların paytaxtı Şamaxı yaxınlığında strateji cəhətdən böyük əhəmiyyəti olan hündür bir dağın zirvəsində tikilmiş Gülüstan qalasında, İsmayıllıda Qız qalasında, İncəçay kənarında tikilmiş Gülüstan qalasında, Gürcüstanın bəzi şəhər və qalalarındakı yeraltı gizli yollar buna nümunədir.
Qədim Bakıda yeraltı gizli yolların varlığı haqqında yerli əhali və Bakının qocaman sakinlərinin də ətraflı məlumatları var. Belə yollardan birinin Şirvanşahlar sarayından başlandığını söyləyirlər. Güya şəhərin düşmən əlinə keçdiyi zaman şah, əyan və mühafizəçilərin yeraltı yolla Qız qalasına müdafiə mövqeyinə çəkilmələri, düşmən güc gəldikdə qalanın təslimolma qorxusu yarananda isə yeraltı yolla şəhəri tərk etmələri haqqında maraqlı söhbətlər vardır.
Şərq xalqları qurultayının Bakıda keçiriləcəyi qərara alındığı üçün 1920-ci ilin avqust ayında Nəriman Nərimanovun xüsusi tapşırığı ilə Xan sarayı və Qız qalası təmizlənib qaydaya salındı. Şəhərin Narınqala hissəsində ilk arxeoloji kəşfiyyat işlərinə də məhz o ilin avqust ayında başlanılmışdı. Həmin tədqiqat işləri elə o il dövlət tərəfindən təşkil edilən Abidələrin siyahıyaalınması və qorunması komissiyasının bilavasitə nəzarəti altında aparılmışdı. Saraydakı təmizləmə-kəşfiyyat işləri zamanı müəyyən edilmişdi ki, üst təbəqə əsasən son dövrlərə aid tullantı qalıqlarından ibarətdir. Burada aparılan arxeoloji qazıntıların hesabatında göstərilir ki, Şirvanşahlar sarayının ərazisində, əsasən də yaşayış binasında xeyli quyu var və onların bir neçəsindən yeraltı yollar başlanır.
1920-ci ildən etibarən arxeoloji kəşfiyyat işləri ilə yanaşı, sarayın çoxəsrlik tullantı qatlarından təmizlənməsi və cüzi təmiri də başlandı. Kəşfiyyat və bərpa işləri, təsərrüfat tullantılarından təmizləmə, həmçinin yeraltı yolların açılması 1923-1924-1925-ci illərdə davam etdirilmişdi. Bu işlər Azərbaycan Dövlət Muzeyi nəzdində fəaliyyət göstərən Tarixi abidələrin mühafizəsi üzrə komissiyanın sədri Y.A. Paxomovun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılırdı. 1945-ci ildə Şirvanşahlar saray kompleksinin ayrı-ayrı abidələri elmi əsaslarla bərpa edilməyə başlandı. Lakin çox təəssüf ki, aşkar olunmuş yeraltı yolların təmizlənməsi və bərpası üçün heç bir iş görülmədi.
Bakı şəhərində müdafiə istehkamları tikilərkən qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini asanlaşdırmaq məqsədilə möhtəşəm bürclər və qala divarı boyu yeraltı yollar da qala divarının ayrılmaz hissəsi kimi inşa olunmuşdur. İçərişəhərdə məhz bu məqsədlə şimal qala divarlarının daxili hissəsində əsgərlərin rahat hərəkəti üçün nəzərdə tutulmuş və Qoşa qala qapılarınadək uzanan yeraltı yol inşa edilmişdir. Yeraltı yol qala divarı bürclərindən biri olan dördkünc qala-bürcə (cəbbəxana və ya donjon) qərb və şərq tərəfdən birləşirdi. Qala-bürcün belə yerləşməsi əsgərlərin silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib-çıxa bilmək məqsədi daşıyırdı.
Bu yeraltı yol hələ də öz strateji və memarlıq əhəmiyyətini qoruyub saxlayır. Qala divarı boyunca “İçərişəhər” metro stansiyasının İçərişəhərə giriş qapısından Qoşa qala qapılarına qədər uzanan yeraltı yol müxtəlif illərdə və bəzi yerlərdə İçərişəhərə giriş qapıları açılması ilə əlaqədar bağlanmışdır. Qeyd edək ki, şərq istiqamətində uzanan bu yolun divarları yaxşı yonulmuş hamar daşlardan qayanın üstündə səliqə ilə hörülmüşdür. Həmin yeraltı tikilinin içərisində yerləşən bir neçə otaqdan ibarət su anbarı da hal-hazırda qalmaqdadır.
2007-ci ildə keçmiş Qubernator bağında (Filarmoniya parkı) bərpa və yenidənqurma işlərinin gedişi zamanı XIX əsrin 70-80-ci illərində inşa olunmuş yeraltı tikili aşkar edilmişdir. Yeraltı abidəni araşdırdıqdan sonra belə nəticəyə gəlmək olar kı, bu yeraltı tuneli həmin illərdə Bakının hərbi qubernatoru olmuş Foven Qubernator bağını salarkən qala divarlarından kənarda yerləşən və hasar boyu uzanan xəndəkdə inşa etdirmişdir. Tunelin inşa olunmasının əsas səbəbi relyefə görə forştadın yüksək yerində toplanan yeraltı və yerüstü suları bir yerə toplayıb dənizə yönəltmək idi. Yeraltı keçid kiçik kamera otağı ilə başlayır, daha sonra hündürlüyü 1,5, eni 1 metr ölçüdə olan tunellə davam edir. Tunel mükəmməl kommunikasiya xətti olub, hamar daşlardan səliqə ilə hörülmüş və üstü iri daşlarla örtülmüşdür. Tunel 250 metr dənizə doğru uzandıqdan sonra daralır və Azneft meydanı tərəfdən Xəzərə birləşir.
İçərişəhərin şərq tərəfində, köhnə zərgərlik fabrikinin yerində 1982-ci ildə aparılan genişmiqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol böyük maraq doğurur. Həmin yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş “Multan” karvansarasının altından keçərək Qız qalasına doğru gedir. Gizli yol dördbucaq formalı olub təbii qayanı simmetrik şəkildə kəsib oymaq üsulu ilə çəkilmişdir. Onun üst hissəsi düzbucaqlı hamar daş tavalarla səliqəli şəkildə sıx döşənmişdir.
İçərişəhərdə son 20 ildə aparılan arxeoloji qazıntılar nəticəsində ilk təsadüfdür ki, orijinal quruluşa malik yeraltı yolun qalığı üzə çıxarılmış və 27 metrə qədər hissəsi öyrənilmişdir. Yolun eni 0,8 m, dərinliyi isə 1,25 metrdir. Ölçülərindən göründüyü kimi, yolun içərisi ilə bir qədər əyildikdə yerimək mümkündür. Cənuba doğru gedən yol 9 metr izləndikdən sonra havasız və tam qaranlıq şərait onun ardını öyrənməyə imkan vermədi.
Bu ərazidə yeraltı yol 1924-cü ildə Qız qalasının yanında aparılan arxeoloji qazıntılar nəticəsində də aşkar edilmişdir. Tədqiqatçı V.M. Sısoyev tərəfindən aparılan qazıntı nəticəsində şimal tərəfə şəhərin içərilərinə doğru gedən yeraltı yolun qalıqları üzə çıxarılmışdı. Məhz həmin istiqamət aşkar etdiyimiz yeraltı yola tamamilə uyğun gəlir və bunun yeraltı gizli yol oldugunu bir daha təsdiqləyir. Şübhəsiz ki, Qız qalasından başlanan həmin yolun şəhərin şimal hissəsində müəyyən bir çıxış yeri olmuşdu.
Uzun müddət aparılan müşahidələr belə bir nəticəyə gəlməyə əsas verir ki, Bakıda bu nəhəng qurğudan əsasən iki böyük məqsəd üçün istifadə olunması nəzərdə tutulmuşdur. Əvvəla ondan şəhərin şərq və cənub-şərq tərəfində yaşayan əhalini su ilə təchiz etmək, ikincisi isə nadir hallarda, lazım gəldikdə qalanı tərk etmək üçün yeraltı gizli yol kimi istifadə etmək məqsədi daşımışdır.
Bu fikri araşdırmaq baxımından yeraltı yolun müqayisəli tədqiqi ilə əlaqədar diqqəti cəlb edən bir məsələ şimal-qərb və cənub istiqamətindəki ana xətdən şərqə doğru ayrılan daha bir su yolunun olmasıdır. Belə ki, ana xəttin şərq divarını təşkil edən qaya divarı tağvarı şəkildə kəsilərək şərqə doğru uzanan kəmərə yol açılmışdı. Qeyd edək ki, şərq istiqamətində uzanan bu yolun divarları yaxşı yonulmuş hamar daşlardan qayanın üstündə səliqə ilə hörülmüşdür. Bir növ, qaya kanalın döşəməsini təşkil edir. Baş xətdən fərqli olaraq, bu yolun ölçüləri də xeyli kiçikdir (eni 0,6, dərinliyi isə 0,8 metrdir). Döşəmənin mərkəz hissəsində, qayanın üstündə 15×15 sm ölçüdə kiçik (dar) kanal qazılmışdır.
Şimal tərəfdən magistral xətdən gələn su bəhs etdiyimiz şərq yolu vasitəsilə indi də axıb gedir. Görünür, qala divarından kənara axıb gedən həmin su orta əsrlərdə şəhərin şərq qala divarının xaricində fəaliyyət göstərən Sənətkarlar məhəlləsində işlədilmək məqsədilə çəkilmişdi. İndi də su axan bu yeraltı yol vaxtilə fəaliyyətdə olan böyük su kəmərinin qalığıdır. Həmin suyun nümunəsi aydınlaşdırılmaq üçün analizə verilmişdi.
Azərbaycan MEA Geologiya İnstitutunun Hidrogeologiya və hidrokimya laboratoriyasında K. İsmayılovun rəhbərliyilə aparılan analizin nəticələri bu suyun içmək üçün yararlı olduğunu təsdiq etmiş, hətta suyun tərkibində müxtəlif minerallar da müəyyənləşdirilmişdi.
Bəs həmin kəmərlə gələn su öz mənşəyini haradan götürür? Məlum olduğu kimi, müasir Bakının qərbdən dağlıq hissəsi amfiteatr formasında olub, ərazisi şərq və cənub-şərqə doğru getdikcə maili şəkil alaraq dəniz səviyyəsinə qədər enir. Belə geoloji quruluş hələ orta əsrlərdə Bakıya dağlıq hissədən su çəkilməsinə əlverişli şərait yaratmışdı. Uzun müddət aparılan müşahidələr belə bir nəticəyə gəlməyə əsas verir ki, Bakıda bu nəhəng qurğudan əsasən iki böyük məqsəd üçün istifadə olunması nəzərdə tutulmuşdu. Əvvəla, ondan şəhərin şərq və cənub-şərq tərəflərində yaşayan əhalini su ilə təchiz etmək, ikincisi isə, nadir hallarda qalanı tərk etmək lazım gəldikdə yeraltı gizli yoldan istifadə məqsədi daşımışdı. Burada qayada oyulmuş su yollarından həm də yeraltı gizli yol kimi istifadə edilməsi çox maraqlıdır. Həmin yeraltı yolun müəyyən hissəsi “Qədim bağ” adlı kompleksdə (arxeopark) konservasiya olunmuşdur.
Yeraltı süxur və yağıntı sularını toplamaq üçün şəhərin yüksək dağlıq hissəsində dərin quyular – kəhrizlər qazılmış, ovdanlar tikilmişdir. Məhz haqqında danışdığımız kəmər də, ola bilsin ki, öz başlanğıcını şəhərin şimal-qərbindəki müasir Salyan kazarmaları, Nərimanov, İnşaatçılar prospekti ərazisindəki su mənbələrindən götürmüşdür. Maraqlıdır ki, metro tikintisi ilə əlaqədar Nərimanov və İnşaatçılar prospektlərində dərin quyulardan aşkar olunmuş suların kimyəvi analizi arxeoloji qazıntılar zamanı tapılan su kəmərlərindəki suyun tərkibi ilə eyniyyət təşkil edir. Bu isə İçərişəhərə suyun bəhs etdiyimiz kəmərlə həmin ərazidən çəkildiyini bir daha təsdiqləyir.
Qədim Bakının yeraltı yolları haqqında Şeblıkinin 1941-ci ildə çəkdiyi “Bakı XII əsrdə” adlı qrafik rəsmində, alman səyyahı E. Kempferin 1684-cü ildə çəkdiyi Bakının qrafik rəsmində, 1796-cı ildə hidroqraf mühəndis-polkovnik Kovalerov Xristian Truzson tərəfindən tərtib edilən xəritədə, 1858-1866-cı illərdə hidroqraf kapitan-leytenant A.F. Ulskiu tərəfindən işlənmiş Bakının xəritəsində az da olsa informasiya verilir. Ehtimal etmək olar ki, “İçərişəhər” metro stansiyasının arxasındakı yeraltı tikilidən Qoşa qala qapılarınadək uzanan yeraltı yol da məhz 1436-cı ildə Şirvanşah I Xəlilullahın kiçik qardaşı, Bakı hakimi Qəzənfər şahın inşa etdirdiyi dördbucaqlı qala-bürcün altından keçir. Təbii ki, belə mövqedə olan qəsrdən əsgərlər rahat silah-sursat daşıya bilərdilər. Qalanı Şirvanşahlar sarayı və ya Qız qalası ilə birləşdirən yeraltı yollar barədəki ehtimallara əsasən deyə bilərik ki, bu tikili hökmdar ailəsinin və yaxın çevrəsinin təhlükəsizliyinə də xidmət edirmiş.
Orta əsrlərdə əsas və müstəqil sənət sahələrindən biri də kankanlıq idi. Bütün sənət növləri kimi, kankanlıq da irsi xarakter daşıdığından və ailədə yaşlı nəsil tərəfindən gənc nəslə ötürüldüyündən bəzən bir nəsil, hətta bir məhəllə belə bu sənətkarlıq sahəsinin adı ilə adlanırdı. Orta əsrlər Bakısında da Kankanlar məhəlləsinin olması barədə xalq etimologiyası dilində məlumatlar vardır. Orta əsr qaynaqlarının qul kankanlar haqqında verdiyi məlumatlar və faktlar o dövrdə qul əməyindən istifadə olunması, onların gündəlik iş norması, görülən iş müqabilində əməkhaqlarının ödənilməsi və s. bu məsələlər haqda fikir yürütməyə imkan verir.
Ümumiyyətlə, hər zaman torpaqla təmasda olan və ağır fiziki qüvvə ilə çalışan bu sənət sahibləri həm də dövlət əhəmiyyətli strateji məqsədə qulluq edirdilər. Bəhs etdiyimiz kimi, kankanlıq sənəti əsas üç istiqamətdə inkişaf etmişdi. Su quyularının qazılması, su-kəhriz sisteminin çəkilməsi, həm də yeraltı gizli yollar üçün lağım atmaq çox çətin və ağır bir iş idi.
Qədim Bakının yeraltı yolları onun su təchizatı və kəhriz sistemi ilə bilavasitə əlaqədardır. İçərişəhərdə dərin su quyularının aşkar edilməsi şəhər əhalisinin su kəməri çəkilənə qədər quyu suyu işlətdiyini təsdiqləyir. Bakıda qala divarlarının çəkilişinə kimi əhalinin su tələbatı əsasən qayada oyulmuş su quyularından istifadə etməklə ödənilirdi. İçərişəhərdə aparılan arxeoloji qazıntılar nəticəsində yüzlərlə su quyusu aşkar olunmuşdur. Bunlardan 52 ədədi təmizlənmiş, bərpa və konservasiya olunmuşdur.
Qayada oyulmuş su yollarından həm də yeraltı gizli yol kimi istifadə edilməsi çox maraqlıdır. Ümumiyyətlə, şəhərin su təchizatı və yeraltı gizli yolları strateji əhəmiyyət daşıdığından dövlət nəzarəti altında idi. Bu işdə çalışan kankanlarla xüsusi müsahibə aparılır, gördükləri işin gizli qalması üçün onlara təlimat verilirdi. Yeraltı gizli yolun öncə başlanğıc quyusu qazılırdı. Qazılan quyunun istiqaməti və məsafəsi təyin olunurdu. İstiqamət elə götürülməli idi ki, 200-300 metr məsafədən sonra əvvəlcədən müəyyən olunmuş şəxsi evin həyətinə yönəlmiş ikinci quyu ilə birləşsin. Daha sonra qala divarlarından kənara çıxana kimi daha bir neçə belə quyu qazılırdı və bu quyulardan yeraltı yola enmək mümkün idi. Quyuların bu cür yerləşmə taktikası bir neçə məsələnin həllinə imkan verirdi. Əvvəla, yeraltı yol bu vasitə ilə havalanırdı. Daha sonra torpaq altında olan heyvanlar bir yerdə qalmır, yeraltı yoldan istifadə zamanı maneə törətmirdilər. Və əlbəttə ki, quyular vasitəsilə yeraltı yol istənilən tərəfə səmtləndirilirdi. Qala divarından kənarda quyular arasındakı məsafə artıq 500-600 metr və daha çox olur, yeraltı yoldan çıxış isə əsasən ovdanlar vasitəsilə həyata keçirilirdi.
Xalq etimologiyasında İçərişəhər ərazisində olan yeraltı gizli yollar haqqında xeyli maraqlı söhbətlər gəzir. İçərişəhərin yaşlı sakinləri Şirvanşahlar sarayında yeraltı gizli yolun olması barədə danışırlar. 1989-cu ildə Şirvanşahlar sarayına gələn bir yaşlı qadın uşaqlığından danışarkən saraydakı yeraltı gizli yol sərgüzəştlərindən də söhbət açmışdı. XX əsrin 30-cu illərində Şirvanşahlar sarayı baxımsız olduğundan içərişəhərli uşaqlar bu ərazidə oynayırlarmış. Onların sarayın Divanxanasından başlayan qaranlıq yeraltı yolun olduğundan xəbərləri var imiş. Bir neçə nəfər qızlı-oğlanlı cəsur yeniyetmə günlərin bir günü neft lampası, ərzaq və su götürərək bu yolla getməyi qərara alırlar. Lakin bir müddət getdikdən sonra geriyə yolu itirib azırlar. Qorxuya düşən uşaqlar xilasolma çarəsini yalnız irəli getməkdə görürlər. Belə ki, onlar bu yolla sürətlə irəliləyir, yalnız bir neçə gündən sonra Bakıdan 60 kilometr şimalda yerləşən Mərəzə adlı yerdə üzə çıxırlar. Maraqlıdır ki, bu macəranı yaşayan qadının söhbətindən məlum olur ki, uşaqlar yeraltı gizli yol boyu havasızlıqdan şikayət etməmişlər.
Hüseynqulu Sarabski “Köhnə Bakı” kitabında yazır ki, “XX əsrin əvvəllərində İçərişəhərdə alçaqboylu, arada gəzib dolaşan, işi, evi, ailəsi olmayan, qarayanız, zirək, fədakar, hər kəsin sevdiyi Kəkilli Ağamalı adlı bir adam yaşayırdı. Millətin hər cür işinə yarayan Ağamalı alçaq boylu və cılız olduğu üçün “Cümrü” adını almışdı. O, həyət süpürər, yaxın qonşular üçün bazara gedər, xeyirdə və şərdə can-başla iştirak edər, toylarda oynar, beləliklə, savab işlər görər və bunun müqabilində hər kəs ona bacardığı kimi kömək edərdi. Əslində, o həm də əsl kankan idi. Tutulmuş su kəhriz yollarını açar, quyular qazar, boş vaxtlarında gizli yeraltı yolları təmizləyər – xəzinə axtarardı. Bu xidmətlərinə görə ona “həzar peşə, kəm maya”, yəni “mayası yox, peşəsi çox” ləqəbi də verilmişdi”.
İçərişəhərin yeraltı yolları böyük bir tədqiqat obyektidir. İçərişəhər ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar olunmuş torpaqaltı infrastruktur və yeraltı yollar milli dövlətçilik tariximizin gizli sirlərinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.