Üç nöqtə.-2016.-12 noyabr-¹ 202.-S.5.
Abidələrimizin hər daşı tarıximizin bir parçasıdır
Qız Qalası özünəməxsusluğu ilə fərqlənir
Nəhayət daşların bizə yadigarı Qız qalası ilə tanış oluruq. O, Bakının simvoludur. Moskva üçün Kreml, Paris üçün Eyfel qülləsi, Nyu-York üçün Azadlıq heykəli, London üçün Biq-Ben simvol olduğu kimi. Qız Qalasının divarında yerləşən daş kitabə ilk baxışdan diqqəti çəkir. Tikilmə çağı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüzildə tikildiyini sübut etməyə çalışanlar da. Burda zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3.000 ildən artıqdır.
Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: “Davudun oğlu Məsudun qülləsi”. Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyi nəzərə alınsa, “Davudun oğlu Məsud”un Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən bir çox alimlərin fikrinə görə Kufi yazılarından X-XII əsrlərdə istifadə olunduğu üçün Qala (üst qatı) həmin əsrlərdə inşa olunub. Lakin, bəzi alimlər bu fikirlərin səhv olduğunu iddia edirlər. Daşların qatışıq məhlulundan – əhəng qarışığından istifadə olunmasından İlyas Babayev, Qara Əhmədov kimi arxeoloqlarımız müəyyən nəticəyə gəliblər. Onlar Qəbələdəki birinci minilliyin ilk əsrlərinə aid edilən abidəni əsas götürüblər. Orada da abidə eynən belə əhəng qarışığı ilə tikildiyindən, Qız Qalasını da antik dövrə aid ediblər. Bu fikri Sara Aşurbəyli də təsdiq edib. Qız qalası muzeyinin əməkdaşları isə onun tikilməsi ilə bağlı bir çox fərziyyələrin olduğunu bildiriblər.Birinci fərziyyəyə görə o, feodal müdafiə qalasıdır. «Qız qalası» adı da görünür qüllənin heç vaxt işğalçılar tərəfindən tutulmaması, yəni bakirəliyi ilə bağlı olub. Belə qənaətə gəlmək olar ki, Qız qalası istər dəniz, istərsə də quru tərəfdən müdafiə qalası olub. Onun hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. O, çox möhkəm və hündür (28 metr) tikildiyindən lazım gəldikdə orada hərbi müşahidələr aparmaq, gözlənilən təhlükəni qonşu qalalara xəbər vermək, qısa müddətli sığınacaq və s. üçün istifadə etmək mümkün idi. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu abidə indi gördüyümüz tikintidən ibarət olmayıb. Onun şimal tərəfdən qazıntı zamanı Şah Abbas darvazasına doğru uzanan qala divarları ilə birləşən divar və yarımbürc qalıqları nəzərə çarpır. Qız qalasının cənub-şərq tərəfindən (ikimərtəbəli ev hündürlükdə) “dayaq divar”da əvvəllər mövcud bina ilə bitişən daşların qalıqları çıxıq şəklində indi də mövcuddur. Məhz bu çıxıqlar olan tərəfdə abidənin 5-6-cı mərtəbələri arasında qapı yeri qalıb. Yəqin ki, bu qala yeri vaxtilə burada qalaya bitişik olan binanın üstü ilə əlaqə saxlamaq üçün istifadə olunub.
Qız qalasının tikinti quruluşunda maraqlı cəhətlərdən biri də onun içərisində qayadan ovulub düzəldilmiş su quyusudur. Diametri 0,7 m olan bu quyu qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılıb. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilmişdir. Quyunun ağız hissəsi Qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 m davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu qala divarı içərisində gizlətmişlər. Onun şimal və cənub divarında enib qalxmaq üçün 10-12 sm dərinlikdə ayaq yerləri vardır. Quyunun 12 m dərinliyində divar genişlənir. Qız qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur. 1982-ci ildə İçəri şəhərin şərq tərəfində aparılan genişmiqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş Multat karvansarasının altından keçərək Qız qalasına doğru gedir. Bu qalanın müdafiə xarakterli olduğunu göstərir.
Qalanın cənub-qərb tərəfdəki divarı daxilində ikinci mərtəbədən başlayaraq yeddinci mərtəbəyə qədər daşdan səliqə ilə hörülmüş, quyu formasında şırım (oyuq) vardır. Hər mərtəbədə həmin şırım olan yerdə yarımdairə şəklində taxça açılmışdır. Şırımın içərisinə uzunluğu 40-45 sm, diametri 25-30 sm, divarının qalınlığı isə 2,2 sm olan saxsı tünklər yuxarıdan aşağıya doğru bir-birinin içərisinə geydirilməklə yerləşdirilmişdir. Tünklərin bir-birinə geydirilmiş hissələri (çöl tərəfi və divarının xarici) əhəng məhlulu ilə möhkəmləndirilmişdir. Birinci mərtəbədən başlayaraq qalanın özül hissəsinə qədər gedən tünkləri 22 x 18 sm ölçüdə dördkünc formalı saxsı novçalar əvəz edir. Həmin novçalar divarın içərisi ilə bayıra yönəlir. Saxsı tünklər və novçalar üzərində dulus çarxının izləri aydın görünür.
Abidənin müdafiə istehkamı olduğu fikrinə qarşı çıxanlar da az deyil. Onların da özlərinə məxsus arqumentləri var. Məsələn, abidənin “mazğal” adlanan aşırımları (kiçik pəncərələri), feodal qalalarındakı mazğallardan tamamilə fərqlənir. Əvvəla, bunlarda yuxarıdan ox atmaq, yanacaq tullamaq üçün maillilik nəzərə alınmayıb. Qız qalasının qapısı üstündə, müdafiəyə daha çox ehtiyacı olan yerdə bir dənə də olsun mazğalın olmaması, abidənin daxili quruluşu da orada davam edə biləcək mühasirəni keçirmək üçün lazımi yaşayışa imkanı vermir. 12 metr hündürlükdən başlayaraq abidənin xarici səthi yuxarıya doğru bir-birini əvəz edən əhəng məhlulu ilə doldurulmuş ağ və qara kəmərlərlə qurşanıb. İndi həmin ağ zolaqlar çox yerdə tamamilə tökülüb və sonra hörülüb, səthi girintili-çıxıntılı şəkil alıb. Müdafiə üçün heç bir əhəmiyyəti olmayan əhəng zolaqlara hədsiz miqdarda əhəng işlənməsi təmamilə məntiqsizdir.
Digər fərziyyəyə görə, Qız qalası atəşpərəst məbədi olub (D. Axundova görə). Qız qalasının atəşpərəst məbədi olması da şübhəlidir. Bildiyimiz kimi, atəşpərəst məbədində daim od yandırılıb. Abidənin üstündə od yandırmaq üçün istifadə olunduğu güman edilən dulus kəməri Qız qalasının yeddinci mərtəbəsinə kimi qalxır. Dulus kəmərinin diametri 20-30 santimetrdir. Bu kəmərlə qalxan qazı tikintinin içərisinə aparmaq və ona yaxınlaşıb od vurmaq güclü partlayışa səbəb olardı. Daha bir fərziyyə var. Ona görə, Qız qalası Zərdüşti daxmasıdır (M. Nəbiyevə görə). Bu fərziyyəyə görə, Qız qalası damında çalağanların didib parçalaması üçün ölülərin qoyulduğu qüllədir. Ordan quşlar meyitin ətini yedikdən sonra sümükləri toplayıb divardakı dulus kəməri ilə aşağı atırlarmış. Həmin sümükləri meyitin sahibləri toplayıb başqa yerdə torpağa basdırmaq məqsədi ilə aparırlarmış. Həmin dövrdə tikilən daxmalar isə quruluş etibarı ilə Bakı Qız qalasından fərqlənir. Onları hündür yerlərdə, həm də bir mərtəbədən artıq olmayaraq tikirdilər. Bildiyimiz kimi Qız qalası səkkiz mərtəbəlidir.
Qız qalasının rəsədxana olduğunu (Q. Əhmədova görə) bildirənlər də var. Bu fərziyyələrin tərəfdarları Qız qalasını rəsədxananın qübbəsi, ona bitişik olmuş tikinti kompleksini isə rəsədxana kimi qəbul edirlər.
Xatırladaq ki, Qız qalası iki hörgü sistemi ilə tikilib. Birinci 12 metr hündürlüyədək olan hamar hissədir. İkinci hörgü sistemi isə 12 metrdən yuxarı hissədə tətbiq edilib. Buradakı yonma daşların növbə ilə batıq və çıxıntı şəklində hörülməsi qalaya əzəmət verir. Diqqət yetirilsə burada 31 (30) çıxıntı zolaqlarını asanlıqla saymaq olar. Güman etmək olar ki, bunlar bir aydakı günlərin sayını göstərir. “Dayaq divarının” cənub və şərq tərəfindən zolaqlar sayılsa onların sayının 24 olduğunu görmək olar. 24 rəqəmi gecə-gündüz ərzində saatların sayıdır. Abidənin cənuba baxan pəncərələrinin 4 olması fəsillərin, mərtəbələrə qalxan pillələrin 12 olması isə ildəki ayların sayını göstərir.
Lakin bu fərziyyələri bir çoxunu inkar edən fakt Qız qalası divarlarının aşağı hissədə 5 metr, yuxarı hissədə isə 4 metr qalınlığında olmasıdır. Bundan başqa, onun çox böyük hündürlüyü sonuncu üç fərziyyəni təkzib edir. Çünki, nə od məbədi, nə daxma, nə də rəsədxana üçün bu qalınlıqda və hündürlükdə divarlara ehtiyac yoxdur. Digər tərəfdən mənbələrdə Bakıda od məbədi, rəsədxana, daxma təyinatlı abidənin adı çəkilmir. Bu fərziyyələr içində həqiqətə yaxın olanı Qız qalasının müdafiə istehkamı olmasıdır. Qazıntılar zamanı aşkar edilən qala divarı bu fikrin doğruluğunu sübut edir. Görünür, Qız qalası XII əsrdə qala içərisində ən möhtəşəm müdafiə istehkamı, Bakı və ətraf ərazilərin müdafiə istehkamları sistemində baş içqala olub. Bu abidə XIX əsrin ortalarındakı təmirdən sonra indiki şəklə salınıb. Ondan gözətçi məntəqəsi və mayak kimi istifadə olunması daha real görünür.
Unutmayaq ki, Qız qalası YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısına salınıb.