Üç nöqtə.-2016.-15 noyabr-¹ 203.-S.5.
Abidələrimiz tariximizin bir parçasıdır
Cümə məscidinin minarəsi XIV əsrin görkəmli abidəsi kimi böyük maraq doğurur
Qız qalasından Cümə məscidinə doğru getdikdə isə diqqəti. bazar meydanı və Ləzgi məscidi çəkir. İçəri Şəhərin qədim abidələrindən olan Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki daş eksponatlar, yəni daş kitabələr, heyvan heykəlləri tariximizin qədimliyini göstərir. Ləzgi məscidi də İçərişəhərdə tikilmiş (XII əsr) qədim abidələrdən biridir. Yolboyu isə xalça mağazaları yerləşib. Tarixçi Heydər Ramazanovla Cümə məscidinin qarşısında dayanırıq. O, qədim atəşpərəstlik məbədi yerində tikilib. Azərbaycanda İslam dini qəbul oldunqdan sonra isə məscid kimi fəaliyyət göstərib. Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: “709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir”. Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: “Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. “məlik əl-üməra və l-əkabir” (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir. Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilibdir. O sonrakı dövrlərdə də təmir edilib. Məscid hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilib. Bakı Cümə məscidi 1899–cu ildə uçurulub[ və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilib. Bu şəxs məşhur aktyor Ağasadıq Gəraybəylinin həyat yoldaşı Bibixanımın atası olub. Bibixanım sağlığında bizimlə görüşündə atasının məscidin həyətində dəfn edildiyini demişdi. Lakin məscid həyətində indi qəbir nəzərə çarpmır.
2008-ci ildə tikinti mütəxəssisləri, memarlar və rəssamlar tərəfindən məscid tam bərpa olunub, müasir istilik və işıqlandırma sistemləri quraşdırııb. Məscidin divarlarında naqqaşlar əl ilə ornamentlər işləyib, Qurani-Kərimdən surələr və İslamda müqəddəs olan 5 Əhli-beyt üzvünün adının ərəbcələrini yazıblar.
Qeyd edək ki, məscidin kiçik diametrli günbəzini, mərkəz hissəsində dörd sütunla saxlayan kvadrat formalı ibadət zalı tamamlayır. Binanın memarlığında Şərq və Avropa klassik motivlərindən istifadə olunub. Girişin portalında Azərbaycan memarlığının əsas prinsipləri əks olunub: daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. Bir qədər mürəkkəb biçimli planı Bakı Cümə məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub. Məscidin özəyi və ən əski bölümü ibadət salonudur. İbadət salonu planda kvadrat biçimli olub quruluşuna görə Səlcuqlar dövrünün köşk tipli məscidlərinə bənzəyir. Onun örtüyü də arxaik biçimli idi. İçəridə iri daş lövhələrin üst-üstə kəsişərək yuxarıya doğru daralması yolu ilə yığılan və qaradam tipli yaşayış evlərinin örtü konstruksiyasına bənzəyən günbəz bayırdan konus biçimli olubdur. Bayır biçiminə görə bu günbəz XII yüzildə ucaldılan Marağa-Naxçıvan memarlıq məktəbi türbələrinin çadır örtükləri növündəndir. Günbəzin üst bölümünü örtən torvari bəzək motivinə Səlcuqlu dövrü memarlıq abidələrində sıx-sıx tuş gəlinir. Günbəzin bəzəyində kaşının az işlədilməsi də həmin dövrün əlamətlərindəndir. Bu özümlüklərinə görə, eləcə də minarəsinin kürsülüyünə hörülmüş tikinti kitabələrinin ən əskisinin XII yüzilə aid edilməsini nəzərə alan tanınmış alim Cəfər Qiyasi Bakı Cümə məscidinin əski günbəzli salonunun həmin əsrdə tikildiyi qənaətinə gəlib. Otaqları çoxbölməli, düzgün olmayan altıbucaq formalı məscidin qeyri-adi planı, eləcə də kvadrata daxil edilib və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı, binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. Son orta əsrlərdə əsasən məscid mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə Came məscidin qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. A. Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir.
Qeyd edək ki, 1437-ci ildə ibadət zalının oxu üzrə, məscidin şimal divarında, müsəlmanları namaza çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, minarə tikilib. Minarənin şaquliliyi və ibadət zalının kaşılı günbəzinin konus forması, memarlıq sənətinin inkişafını göstərir və məscidin ümumi kompozisiyasına novatorluq elementi, gətirir. Bu Şirvanşahlar saray kompleksi abidələrində də öz əksini tapmış stilistik istiqamət olub. Minarənin tarixi Cümə məscidinin inşasından daha əvvəlki dövrə aiddir. Minarənin, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş bünövrə daşındaki kitabədə Elxanilər dövlətinin başaşçısı sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunub. Minarə XIV əsrin görkəmli abidəsi kimi böyük maraq doğurur. Minarə Məhəmməd məscidinin minarəsindən fərqli olaraq, XI əsrdən XIV əsrədək Şirvan memarlığında baş verən dəyişiklikləri aşkar etmək üçün qiymətli material rolu oynayır. Sınıq qala minarəsindən fərqli olaraq bu minarə daha zərif və incədir. Bu minarədə demək olar ki, müdafiə qülləsi olan Sınıq qala minarəsinə məxsus əlamətlər yoxa çıxmışdır. Bununla yanaşı, onlar arasında müəyyən oxşar cəhətlər də var. Minarənin şərəfəsinin alt hissəsində daş üzərində kitabə həkk edilmişdir. Həmçinin, minarədən şərəfəyə keçid hissə də üçqat stalaktitlə həyata keçirilir. Şərəfənin kənarları isə həndəsi fiqurlarla işlənibdir.
Dəfələrlə bərpa və inşa işləri aparılmış əski Bakı Cümə məscidi kompleksindən dövrümüzə yalnız İçərişəhərin bu ən uca minarəsi qalibdır. 2016-cı ildən minarədə İçərişəhər DTMQİ tərəfindən təmir-bərpa işləri aparılır. Məscid Sovet dövründə xalça muzeyi olaraq fəaliyyət göstəribdir.1990-cı illərdən məscid olaraq fəaliyyətini bərpa edən Cümə məscidi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 2008-ci ildə əsaslı təmir və bərpa edilib
Bir az aralıda isə Məhəmməd məscidi yerləşib. Onun qarşısında tikilmiş təmtəraqlı bina məscidin dənizdən görünməsinin qarşısını alır. Halbuki, keçmişdə məscidin minarəsi dənizdən görünürdü. Bu məscid İçərişəhərdə Baba Kuhi məscidi aşkara çıxarılanadək üstündə dəqiq tikilmə tarixi olan ən qədim abidə hesab olunurdu. Daş kitabə də bunu təsdiq edir. Orada qazıntı işləri aparılarkən bir neçə mədəniyyət qatı aşkar edilib. Bu, Bakının qədim yaşayış məskəni olduğunun göstəricisidir. Məhəmməd məscidi sonradan «Sınıqqala» adı ilə də məşhurlaşıb. Qədim və möhtəşəm abidə I Pyotrın Bakıya kəşfiyyat üçün göndərdiyi rus donanmasının admiralı Matyuşkinin göstərişi ilə şəhərin dənizdən top atəşinə tutulması nəticəsində zərər görüb. Məscidin minarəsinin yuxarı tərəfi dağıdılıb. Bundan sonra abidə «Sınıqqala» kimi tanınmağa başlanılıb.
Həmin gün ruslar şəhərə 94 mərmi atıblar. Lakin istəklərinə nail ola bilməyiblər.
Məhəmməd məscidi İçərişəhərdə baş çəkdiyim sonuncu abidə oldu. İçərişəhər isə abidələrlə zəngindir. Onun hər qarışı, hər daşı keçmişimizdən, tariximizdən xəbər verir, gələcəyimizə körpü rolunu oynayır. Bunu unutmamalıyıq. Bulvara doğru gedərkən isə məndə az da olsa maarifləndirmə istiqamətində bir iş gördüyümə inam hissi vardı.