Azərbaycan.- 2016.- 25 dekabr.- ¹ 287.- S. 11.
Vətənin fəxri və vüqarı
Əhliman ƏMİRASLANOV,
akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri
Bu il noyabr ayının 18-də Prezident İlham Əliyev görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalamışdır. Bununla əlaqədar ölkə miqyasında, o cümlədən Azərbaycan Respublikasının Səhiyyə, Təhsil və Xarici İşlər nazirliklərinin, həmçinin Milli Məclisin Səhiyyə komitəsi tərəfindən alimin yubiley təntənələrinin geniş surətdə qeyd olunması məqsədilə xüsusi tədbirlər planı işlənib hazırlanmışdır.
Əziz Əliyev XX əsrin əvvəllərindən ömrünün sonuna qədər dövlət quruculuğu işlərində, eləcə də səhiyyə, tibb elmi və təhsili sahələrində əldə etdiyi elmi bilik və bacarıqlarını dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, Azərbaycan səhiyyəsinin təşəkkül tapıb inkişaf etdirilməsinə, milli tibb kadrlarının hazırlanmasına, tibb elmi və təhsilinin tədrisi sistemlərinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə həsr edərək, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda, beynəlxalq aləmdə də tanınaraq xalqımıza nüfuz qazandırmış, bəşərilik rəmzinə çevrilmişdir.
1897-ci il yanvar ayının 1-də İrəvan Quberniyasının Hamamlı kəndində dünyaya göz açan Əziz Əliyev ibtidai və orta təhsilinin bir hissəsini İrəvanda, sonra Çitadakı (Rusiyada) gimnaziyada, bir hissəsini də İrəvandakı kişi gimnaziyasında almışdır. O vaxtlar Əziz Əliyevin bacılarından Göyçək xanım ailəsi ilə birlikdə Çita şəhərində yaşayırdı və o da bir müddət bacısıgildə qaldığından həmin vaxtlar təhsilini orada davam etdirməli olmuşdur. 1914-cü ildə yay tətili günlərində İrəvana gəlmiş, I Dünya müharibəsinin başlanması, gediş-gəlişin çətinləşməsi ilə əlaqədar Çitaya qayıda bilməmiş, məcburən 1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsil almışdır. 1917-ci ildə həmin gimnaziyanı əla qiymətlərlə başa çatdırmışdır. Azərbaycanın görkəmli şəxsiyyətlərindən, elm xadimlərindən Heydər Hüseynov, Mustafa bəy Topçubaşov, Səid Rüstəmov və digərləri kimi tanınmış alimlər, ziyalılar da bu gimnaziyanın məzunları olmuşlar.
Əziz Əliyev
uşaqlıqdan həkim peşəsinin vurğunu olub. 1917-ci
ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin
istedadlı və bacarıqlı Azərbaycan gəncinə göstərdiyi
maddi yardım sayəsində o, Sankt-Peterburqa gedib və orada
dünyanın ən məşhur tibb ocaqlarından sayılan
Hərbi Tibb Akademiyasına qəbul edilib. O, bu ali tibb
təhsili ocağında yüksək səviyyədə
təhsil almaqla yanaşı, dərsdənkənar vaxtlarda
səpgili yatalaq əleyhinə təşkil edilmiş
sanitariya-dezinfeksiya briqadasında işə
düzələrək həm tibbi-təcrübi
vərdişlərə yiyələnib, həm də
aldığı məvaciblə özünün və
ailəsinin minimal xərclərini ödəyə bilib.
Birinci kursu müvəffəqiyyətlə başa vurduqdan
sonra Əziz Əliyev 1918-ci ilin yay tətili
günlərində doğma yurdu İrəvana qayıdır
və orada erməni daşnaklarının
azərbaycanlıların başlarına gətirdikləri
işgəncələr, soyqırımı aktları,
vandalizm, deportasiyalarla üzləşir, erməni
millətçilərinin törətdiyi
vəhşiliklərin canlı şahidi olur. Həmin
illərdə ermənilər Azərbaycan torpağında
azərbaycanlılara qarşı əsl soyqırımı
aktları törədiblər. Tarixi mənbələrə
görə, XIX əsrin sonlarında (1897-ci ildə)
aparılan siyahıyaalma məlumatları göstərir ki,
İrəvan Quberniyasında yaşayan əhalinin 87 faizini
yerli xalq, yəni Azərbaycan türkləri, çox cüzi
bir hissəsini isə ermənilər və digər
millətlərin nümayəndələri təşkil edib.
Daşnaksütyun partiyası yaradıldıqdan sonra 1905-1907
və 1917-1918-ci illərdə bu rəqəm erməni
zorakılıqları nəticəsində 50 faizə
qədər azalıb. Azərbaycan torpaqlarına zorla miqrasiya
etdirilən gəlmə ermənilər tədricən,
mərhələlərlə planlı surətdə havadarlarının
köməyi ilə yerli xalqı - azərbaycanlıları
öz dədə-baba yurdlarında soyqırımına
uğradıblar və salamat qalan əhalinin didərgin
düşməsinə məcburi vəziyyət yaradıblar.
Həmin illərin məcburi köçkün
qurbanlarından biri də gələcəkdə
bəşər tarixinin parlaq simalarından birinə
çevriləcək Əziz Əliyev və onun ailə
üzvləri olub.
Deportasiyadan sonrakı 5 il ərzində gənc Əziz erməni vandalizminə görə Sankt-Peterburqdakı təhsilini bitirməkdən məhrum olub, Naxçıvanın Şərur rayonunda, Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra yenidən Naxçıvanın Şahtaxtı kəndində ağır məcburi köçkünlük həyatı yaşayıb. Bu illər ərzində ən çətin anlarda belə xalqa xidmətini dayandırmayan Əziz Əliyev harada olmasından asılı olmayaraq həkim köməkçisi, əczaçı köməkçisi vəzifələrini yerinə yetirərək, xalqın hörmət və izzətini qazanıb.
Böyük alim 1923-cü ildə ali tibb təhsilini davam etdirə bilmək məqsədilə ailəsini götürüb Naxçıvandan Bakıya köçüb. Həmin andan etibarən onun həyat və yaradıcılığının mühüm bir mərhələsinin təməli qoyulub. O, Bakıya gəldikdən sonra Azərbaycan Xalq Komissarları Şurasında işə düzəlib və ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlib. Orada iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib vəzifələrində çalışaraq özünü mükəmməl təşkilatçı kimi göstərə bilib. Əziz Əliyev 1923-cü ildə həm də qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, 1919-cu ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1927-ci ildə çoxdan bəri arzusunda olduğu ali tibb təhsilini əla qiymətlərlə başa çatdırıb. Elə həmin ildə Xalq Komissarları Şurasının göndərişi əsasında klinikada elmi-pedaqoji işə başlayıb. Əziz Əliyevin fenomen bir şəxsiyyət kimi formalaşdığını təsdiqləyən universitet rəhbərliyi onun tibb fakültəsini bitirdikdən sonra daxili xəstəliklər kafedrasında saxlanılması haqqında qərar qəbul edib. O, bu dövrdə özünü artıq püxtələşmiş, bacarıqlı bir təşkilatçı kimi də göstərə bilmişdi və buna görə də həkimlik fəaliyyəti ilə yanaşı ona ən məsuliyyətli ictimai və dövlət əhəmiyyətli işlər də tapşırılırdı. Gənc həkim tibb fakültəsini bitirdikdən sonra apardığı elmi-pedaqoji işlərlə yanaşı, 1928-1929-cu illərdə Xalq Səhiyyə Komissarlığında işə cəlb olunub və orada müalicə şöbəsinin müdiri vəzifəsini yerinə yetirib.
Görkəmli elm xadimi 1929-cu ildə Azərbaycan Kliniki İnstitutun direktoru vəzifəsinə təyin edilib. Alim 1932-ci ilə qədər bu instituta rəhbərlik edib. 1930-cu il may ayının 9-da Azərbaycan Dövlət Universitetinin tibb fakültəsi nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb. ADTİ-nin təşkili məsələsi çox mürəkkəb bir proses olduğundan mahir təşkilatçı kimi Əziz Əliyev də bu mühüm prosesin icrasına cəlb edilib. O, 1932-ci il iyun ayının 1-dən 1938-ci ilə qədər Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsini böyük bacarıq və uğurla yerinə yetirib.
Görkəmli alim və dövlət xadimi işə başlamazdan əvvəl bütöv bir həyat məktəbi keçmiş, kifayət qədər təcrübə əldə etmişdi. Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin olunarkən o, yəqin etmişdi ki, ölkədə milli həkim, milli elmi işçi kadrlarının yetişdirilməsi üçün ilk növbədə tələbələrə təlim-tərbiyə verməyi bacaran milli kadrlar və ana dilində dəyərli tibb ədəbiyyatı olmalıdır. Ədəbiyyatsız, dərsliklərsiz tibbi fənləri nə tədris etmək, nə də onu lazımınca mənimsəmək mümkün deyil. Ona görə də, Əziz Əliyev tibbin müxtəlif ixtisasları üzrə səriştəsi olan azərbaycanlı alimləri qısa müddətdə səfərbər edərək, onları ana dilində dərsliklər yazmağa sövq edib. Az vaxt içərisində, bilavasitə onun rəhbərliyi altında ana dilində 55 adda dərslik çap edilərək tələbələrin və müəllimlərin ixtiyarına verilib. Əziz Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən biri də onun özünün yazdığı “Klinik analizlər” kitabı olub. Bu təşəbbüsə qoşulan ilk alimlərdən K.Ə.Balakişiyevin “İnsanın normal anatomiyası”, M.Qəniyevin “Mikrobiologiya kursu”, C.Hüseynovun “Patoloji anatomiya”, Y.Qazıyevin “Ağciyər vərəmi”, Ü.Musabəylinin “Göz xəstəlikləri”, Ə.Talışinskinin “Travmatologiya”, Q.Səfərov və Ə.Həsənovun “Bioloji kimya” və digər dərslikləri, eləcə də M.Mirqasımovun, M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının ana dilində çap olunan əsərləri Azərbaycanın tibb təhsili tarixində abidəyə çevrilmiş orijinal nəşrlərdən hesab edilirlər. Bu kitablar indi də dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində böyük alim Əziz Əliyevin müstəsna rolu olub. Görkəmli elm xadiminin adı qısa müddətdə rus dilində olan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsinin də təşəbbüskarı və təşkilatçısı kimi tarixə düşüb. O vaxtlar kitab çap etdirmək üçün texniki təchizat yox dərəcəsində idi. Ümumiyyətlə, ADTİ-nin maddi-texniki bazası çox zəif idi. Bakı Dövlət Universitetinin tibb fakültəsində milli kadrların yetişdirilməsinə bir o qədər də ciddi diqqət göstərilməmişdi və həmin fakültədə təhsil alanların içərisində başqa millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Odur ki, Əziz Əliyev ADTİ-yə rəhbərlik etdiyi ilk illərdə hər işi sıfırdan başlamalı olurdu ki, bu da çox vaxt tələb edirdi.
Heç bir çətinlikdən çəkinməyən Əziz Əliyev möhkəm iradə və dözüm nümayiş etdirərək Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində tibbi kitabxana yaratmaq ideyasını reallaşdırmağa başlayır. Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi altında “Kitabxana komissiyası” yaradılır və komissiya səmərəli fəaliyyət göstərərək, 1936-cı ildə (ATU-da tibbi kitabxananın təməlinin qoyulmasının üçüncü ilində) oxuculara belə bir təlimat göndərir: “Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır”. Bundan sonra tibbi kitabxananın əsasının möhkəmləndirilməsində, inkişafında və formalaşmasında ciddi dönüş yaranmışdır.
Əziz Əliyev institut kollektivinin köməyi ilə 1934-cü ildə “Tibb nəşriyyatı” yaradır. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə “Praktiki və nəzəri tibb jurnalı”nın nəşrinə başlanılır. 1929-cu ildən etibarən o, “Azərbaycan Tibb Jurnalı”nın məsul katibi vəzifəsində çalışır, 1935-ci ildə isə həmin jurnalın baş redaktoru təyin edilir. Bu dövrdə jurnal ADTİ-də yenicə təşkil edilmiş “Tibb nəşriyyatı”nda çap olunurdu. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin çapına başlanılır. Hazırda bu qəzet “Təbib” adı altında Azərbaycan Tibb Universitetində çap olunmaqdadır və həmin qəzet bu ali məktəbin mətbu orqanıdır. 2003-cü ildə ATU-da “Təbib” qəzetinin yaradılmasının 70, 2013-cü ildə isə 80 illik yubileyləri təntənəli surətdə qeyd edildi və bu təntənələrdə qəzetin ilk yaradıcısı Əziz Əliyevin adı bir daha böyük ehtiramla yad olundu. Həmçinin nəzərə çatdırıldı ki, bu təkcə “Təbib” qəzetinin yubileyi deyil, həm də Azərbaycan Tibb Universitetinin Əziz Əliyev mərhələsinin şərəfli yubileyidir.
Görkəmli alim hansı ictimai, inzibati, təşkilati işlərdə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmayıb. Alim 1933-cü il avqustun 4-dən Almaniyada elmi ezamiyyətdə olub. Əziz Əliyev oradan qayıtdıqdan sonra doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycanda ilk dəfə olaraq onun dissertasiya işi 1937-ci ildə Moskvada gənc alimlər müsabiqəsində SSRİ Elmlər Akademiyasının və ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş kimi fərqlənib. Əziz Əliyev 1941-ci il mayın 13-də (Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü olub, 1956-cı ildə professor vəzifəsinə seçilib və həmin ildə də onun professor elmi adı təsdiq edilib.
Böyük alimin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə qələmə alınmış “Klinik analizlər” adlı kitabı tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb və onların stolüstü kitablarından birinə çevrilib. Onun bir neçə elmi əsəri “Azərbaycan Tibb Jurnal”ında çap edilib. Bunların ilk illərdə çap olunanlarına “Həzm zamanı qanın xloridləri” (1928), “Malyariyanın Karno metodu ilə müalicəsi” (1932), “Klinik analizlər üzrə rəhbərlik” (1933) və s. aiddir. Əziz Əliyev uzun müddət eksperimental nefritin öyrənilməsi problemi ilə də məşğul olub, elmi işlərinin əsas məğzini bu istiqamətə yönəldib. Alim məharətlə elmi işlərini pedaqoji sahə ilə uzlaşdıra bilib və fakültə terapiyası kafedrasında müəllimlik fəaliyyətini davam etdirib. Belə ki, o, 1 noyabr 1927-ci ildən BDU-nun tibb fakültəsinin diaqnostika kafedrasında ordinator və aspirant, 17 oktyabr 1930-cu ildən isə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Tibb İnstitutunun birinci terapiya və diyar patologiyası kafedrasında assistent və dosent vəzifələrində çalışıb.
Əziz Əliyev tibb sahəsi üzrə milli kadr hazırlığını daim ön plana çəkib və gənclərin yüksək səviyyəli həkim kimi yetişmələrində müstəsna rol oynayıb. Onun Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi 6 il müddətində 11 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilib ki, onların da əksəriyyəti milli kadrlar olub. O, Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan tələbələrin həyatı ilə yaxından maraqlanıb, gənclərlə bağlı problemlər onu ciddi düşündürüb. 1933-cü ildə Əziz Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin yaxınlığında “Tibb şəhərciyi”nin inşasına başlanılıb. Sonralar həmin “şəhərcik”də tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları tikilib. Son illərdə isə burada dörd unikal klinika inşa edilərək istifadəyə verilib.
Tarixi mənbələrə görə, 1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından tələbələrin güzəranı xeyli ağırlaşıb. Həmin dövrdə Əziz Əliyevin qayğısı sayəsində “Azad qadın” heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilib. Orada tələbələrə gündə 500-600 qram çörəklə bərabər pulsuz yemək verilib və onlar ağır vəziyyətdən çıxa biliblər. Görkəmli alim Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradıb və həmin fondun hesabına ehtiyacı olan tələbələr üçün hər il pal-paltar, ayaqqabı aldırarmış ki, bu da bir növ onları daha yaxşı oxumağa sövq edər və həvəsləndirici stimula çevrilərdi.
Əziz Əliyev hər il
Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs
tələbələrinin ən bacarıqlılarını
Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb
məktəblərinə ezam edər, onlara təcrübə
toplamaları üçün əlverişli şərait
yaradardı. Belə vaxtlarda o, özünü
hərtərəfli xeyriyyəçi kimi aparar,
ölkədən xaricə gedən
tələbələrə yardım edər, onları öz
hesabına geyindirərdi. Həmin tələbələrin
əksəriyyəti sonralar tibbin müxtəlif
sahələrində məşhur alim kimi formalaşaraq
Əziz Əliyevin yolunu davam etdiriblər.
Böyük alimin fəaliyyət dairəsi olduqca
rəngarəng və çoxcəhətli olub. O,
müəyyən müddətdə Azərbaycan Dövlət
Tibb İnstitutunun rektoru olmaqla yanaşı,
Əczaçılıq İnstitutuna da rəhbərlik edib
və 1937-ci ildə eyni zamanda həm ATİ-nin, həm də
Bakı Dövlət Universitetinin rektoru vəzifəsində
çalışıb. Bir müddət Azərbaycan SSR
Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı
İnstitutunun direktoru vəzifəsində fəaliyyət
göstərib.
1934-cü ildə Bakı
şəhər səhiyyəsində böyük
problemlər olduğu bir vaxtda Əziz Əliyev oraya
rəhbər təyin edilib və qısa müddətdə -
8 ay ərzində vəziyyətin köklü
şəkildə dəyişilməsinə nail olub,
Azərbaycanın paytaxtı yoluxucu xəstəliklərin
epidemiyasından xilas edilib. Bundan sonra o, yenidən
ATİ-yə rəhbərliyə qayıdıb. Azərbaycan
səhiyyəsinin böyük inkişaf mərhələsi bu
görkəmli şəxsiyyətin adı ilə bağlı
olub.
Əziz Əliyev 1939-1941-ci illərdə Azərbaycan SSR Xalq
Səhiyyə Komissarı vəzifəsində
çalışdığı dövrdə respublikanın
ən ucqar rayonlarını kəndbəkənd gəzərək
misilsiz xidmətlər göstərmişdir. O dövrdə
Azərbaycanda tüğyan edən son dərəcə
təhlükəli yoluxucu xəstəliklərə
qarşı mübarizə proqramı hazırlanıb və
bu proqram dövlət səviyyəsində Əziz Əliyevin
rəhbərliyi altında həyata keçirilib. Onun
başçılığı ilə ölkədə
xüsusi dispanserlər, şəhər və
kəndlərdə 50 yerlik göz xəstəxanaları
açılıb. Tezliklə traxoma, malyariya və s. kimi
xəstəliklərin qarşısı alınıb və
bir çox ciddi infeksion xəstəliklərin kökü
tamamilə kəsilib. Əziz Əliyevin təcrübəsi o
vaxtlar SSRİ Xalq Səhiyyə Komissarlığında
müzakirə olunub və bu təcrübənin SSRİ
miqyasında yayılması tövsiyə edilib.
Böyük Vətən müharibəsi dövründə Əziz Əliyev Ordu hərbi şurasının üzvü kimi İrana ezam olunub, 1941-1942-ci illərdə orada sovet qoşun hissələrinin siyasi komissarı vəzifəsində çalışıb. Görkəmli dövlət xadiminin həyatındakı mühüm dövrlərdən biri də Dağıstana rəhbərlik etdiyi illərdir. Qonşu muxtar respublikanın ağır vəziyyətində - 1942-ci ildə Əziz Əliyevin Dağıstan vilayət partiya komitəsinin birinci katibi seçilməsi onun təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də böyük nüfuza malik olduğunu sübut edirdi. Altı il bu vəzifədə çalışan Əziz Əliyev Dağıstanın həyatının bütün sahələrində böyük irəliləyişə nail olmuş, Azərbaycan-Dağıstan dostluğunun daha da möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir. Əziz Əliyevin 100 illik yubileyində ulu öndər Heydər Əliyev demişdir: “Əziz Əliyev Azərbaycan və Dağıstan dostluğunun inkişafı sahəsində çox böyük xidmətlər göstərmiş, çoxsahəli fəaliyyəti və humanizmi sayəsində o, Azərbaycan-Dağıstan dostluğunun rəmzinə çevrilmişdir”. Əziz Əliyevin xatirəsi həm Azərbaycanda, həm də Dağıstanda əbədiləşdirilmiş, Bakının və Mahaçqalanın mərkəzi küçələrinin birinə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna, Sumqayıt və Kaspiysk şəhərlərinin tibb məktəblərinə bu böyük şəxsiyyətin adı verilmişdir.
Görkəmli alim və dövlət xadimi I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olub. Böyük şəxsiyyətin vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə “Lenin” ordeni, daha sonra “Qırmızı Əmək Bayrağı”, “I dərəcəli Vətən müharibəsi” ordenləri, “Səhiyyə əlaçısı” döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə “Moskvanın yaranmasının 800 illik” xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı verilib.
Əziz Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışdığı dövrlərdə də respublikada elmin, səhiyyənin, təhsilin inkişafına daim qayğı və kömək göstərmişdir.
Əziz Əliyev
böyük təşkilatçı, görkəmli
dövlət xadimi olmaqla yanaşı, həm də çox
qayğıkeş və gözəl ailə
başçısı olmuşdur. Bu ailədən dünya
şöhrətli oftalmoloq-alim Zərifə xanım
Əliyeva kimi şəxsiyyət
çıxmışdır. O, uzun müddət Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun Göz xəstəlikləri kafedrasına rəhbərlik
etmiş, Azərbaycan SSR Elmlər Akademiyasının
həqiqi üzvü olmuş, SSRİ Tibb Elmləri
Akademiyasının akademik M.İ.Averbax adına
mükafatına layiq görülmüşdür.
Əziz Əliyevin oğlu, əməkdar elm xadimi, professor
Tamerlan Əliyev uzun illər Azərbaycan Tibb Universitetinin
Daxili xəstəliklər kafedrasına rəhbərlik
etmiş, yüksək ixtisaslı həkim kadrlarının
hazırlanmasına böyük əmək sərf etmişdir.
Qızı, əməkdar incəsənət xadimi
Gülarə xanım Əliyevanın Azərbaycan musiqisinin,
incəsənətinin inkişafı və
təbliğində böyük xidmətləri olmuşdur.
Qızlarından Ləzifə Əliyeva uzun illər ATU-nun
Göz xəstəlikləri kafedrasında aparıcı dosent
vəzifəsində çalışıb, gənc tibb
kadrlarının yetişdirilməsində böyük
xidmətlər göstərib, Dilbər xanım isə
adlı-sanlı rabitəçi-mühəndis olub,
“Əməkdar rabitəçi” fəxri adına layiq
görülüb. Digər oğlu, məşhur
cərrah-onkoloq, dünyanın bir çox
ölkələrinin akademiyalarının, o
cümlədən Rusiya Elmlər Akademiyasının,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, keçmiş SSRİ Elmlər
Akademiyasının akademik N.N.Petrov adına mükafatı
və diplomuna, eləcə də Azərbaycanın
“Şöhrət” və “Şərəf” ordenlərinə
layiq görülmüş akademik Cəmil Əliyev hazırda
Azərbaycan Respublikasının Prezidenti yanında Tibb
Xidmətinin rəisi vəzifəsini yerinə
yetirməklə yanaşı, həm də Səhiyyə
Nazirliyinin Milli Onkologiya Mərkəzinə, Əziz Əliyev
adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun
Onkologiya kafedrasına rəhbərlik edir.
Bu gün Əziz Əliyevin nəvə və nəticələri onun yolunu ləyaqətlə davam etdirir, Azərbaycanın hərtərəfli inkişafı və xoşbəxt gələcəyi üçün böyük əmək sərf edirlər. Onların bu istiqamətdə gördükləri işlər yüksək qiymətləndirilir. Bu böyük alimin adını daşıyan və akademik Cəmil Əliyevin oğlu tibb üzrə elmlər doktoru, professor - nəvə Əziz Əliyevin hazırda İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsində böyük müvəffəqiyyətlə fəaliyyət göstərməsi deyilənlərə bariz nümunədir.
Ölkəmizdə elm, mədəniyyət, incəsənət xadimlərinin yubileylərinin keçirilməsi artıq ənənə xarakteri alıb. Bunun təməlini hələ keçən əsrin ikinci yarısında ulu öndər Heydər Əliyev qoyub. Bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu il anadan olmasının 120 illik yubileyini qeyd etdiyimiz Əziz Əliyevin əbədiyyətə qovuşmasından 55 il keçir. İllər bizi bu tarixdən uzaqlaşdırdıqca, bu böyük şəxsiyyət insanların gözündə daha da ucalır. Əziz Əliyev Azərbaycanın inkişafında son dərəcə böyük xidmətlər göstərmiş alim, həkim, dövlət xadimidir və müstəqil Azərbaycan Respublikası belə övladları ilə daim fəxr edir. Çünki ölkənin qüruru, vüqarı məhz belə insanlardır.