Respublika.- 2010.- 14 sentyabr.- ¹ 197.- S. 4.

 

MİLLİ TƏƏSSÜBKEŞ, QAYĞIKEŞ REKTOR

 

Nağdəli Zamanov,

Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər və reanimatologiya

kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru.

 

Bu il ölkəmizdə iri təhsil ocaqlarından biri hesab olunan Azərbaycan Tibb Universitetinin 80 yaşı tamam olur. 1919-cu ildə təsis edilmiş Bakı Dövlət Universiteti tibb fakültəsinin varisi hesab olunan Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika, pediatriya, tibbi-profilaktika, tibbi-biologiya, əczaçılıq və hərbi-tibb fakültələrində 7 mindən çox tələbə təhsil alır.

Bu gün 78 kafedra və 4 tədris kursunda 138 elmlər doktoru, 810 elmlər namizədi, 3 Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 26 əməkdar elm xadimi, 30 əməkdar hakim, 5 əməkdar ali məktəb işçisi, keçmiş SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatlarının çalışdığı Tibb Universitetinin tarixini XX əsrin 30-cu illərində (1932-1938), müdhiş repressiya illərində ona başçılıq etmiş professor Əziz Məmmədkərim oğlu Əliyevsiz təsəvvür etmək mümkünsüzdür. Əziz Əliyev şəxsiyyəti barəsində yazılar çap etmək, onun həyat fəaliyyətini lazımınca işıqlandıra bilmək yüksək məsuliyyət, ciddi tarixi araşdırmalar tələb edir. Əziz Əliyevin rektorluq fəaliyyətindən danışmazdan öncə, onun Azərbaycan həyatındakı çoxcəhətli fəaliyyətinə nəzər yetirək.

Əziz Əliyev Azərbaycan SSR Xalq Komissarları Sovetində müxtəlif vəzifələrdən Azərbaycan SSR Ali Sovetinin katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Dağıstan Vilayət Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavininədək şərəfli və məsul bir yol keçən görkəmli siyasi, dövlət xadimidir.

Əziz Əliyev həkim köməkçisindən Azərbaycan SSR Səhiyyə Komissarlığında (Nazirliyində) müalicə şöbəsinin müdiri, Dövlət Klinik İnstitutunun direktoru, Azərbaycan Dövlət Tibb institutunun direktoru (rektoru), Azərbaycan SSR səhiyyə komissarı (naziri), Ortopediya və Bərpa Cərrahiyyəsi institutunun direktoru, Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifələrinədək yüksələn bacarıqlı səhiyyə təşkilatçısıdır.

Əziz Əliyev İrəvan gimnaziyasını qızıl medalla bitirib Petroqrad (indiki Sankt-Peterburq) Hərbi-Tibbi Akademiyasına daxil olan tələbədən Azərbaycan Dövlət Universiteti tibb fakültəsinin terapiya kafedrasında assistent və dosent vəzifələrini tutan, “Eksperimental nefrit” adlı doktorluq dissertasiyasına görə SSRİ Elmlər Akademiyasının mükafatını alan, müəllifi olduğu “Klinik analizlər” kitabı alim və tələbələrin stolüstü dərs və tədris vəsaitinə çevrilən, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Elmi Şurasının üzvü seçilən, elmi araşdırmalarla ciddi məşğul olan yenilikçi alimdir.

Əziz Əliyev — XIX əsr rus inqilabçı sosial-demokratların fəlsəfı düşüncə sistemini tədqiq edən (A.İ. Gertsen təhkimçilik hüququ və mütləqiyyətin əleyhdarı kimi; N.Q. Çernışevski XIX əsrin ortalarında Rusiyada inqilabi-demokratik hərəkatın rəhbəri kimi; N.A. Dobrolyubov inqilabi-demokratik hərəkatın rəhbəri və ideoloqudur); XX əsrin 50-ci illərində repressiyanın səngimədiyi (1949-cu il) dövrdə iti qələmi ilə çıxış edən, öz ölkəsini demokratik təsisatlara söykənən parlament tipli azad respublika kimi görmək istəyən tarixçi-filosofdur.

Əziz Əliyev öz dövründə respublika mətbuatında səhiyyə və təhsilimizin problemlərini yerindəcə işıqlandıran (16 oktyabr 1940-cı il, “Kommunist” qəzeti, “Azərbaycan Dövlət Tibb İnstitutunda qəbul imtahanları nə göstərdi”; 26 oktyabr 1940-cı il, “Bakı” qəzeti, “Kənd tibb məntəqələrinin möhkəmləndirilməsi uğrunda”), problemlərin həlli yolunu dəqiq göstərən kəsərli məqalələrin müəllifi kimi tanınan publisistdir.

Əziz Əliyev ən ümdəsi, İrəvandan Bakıya, Təbrizdən (1941-1942-ci illər sovet qoşunlarının tərkibində Hərbi Şuranın üzvü kimi Təbrizdə ezamiyyətdə olmuşdur) Dərbəndədək insanların sevgi dolu “doktor Əziz” müraciətinə sahib, türk-islam dəyərlərinə malik böyük bir ailə başçısı, sevgili Allah adamıdır.

Görkəmli dövlət xadimi kimi Əziz Əliyevin xidmətlərini ulu öndərimiz Heydər Əliyev 1998-ci il may ayında Əziz Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində belə qeyd etmişdir: “Bu gün Azərbaycan müstəqil respublikadır. Bu gün biz azadıq. Ağır repressiya və müharibə illərində insanlarımız çalışaraq elm, təhsil, səhiyyə, iqtisadi potensial, sənaye yaratmaqla bugünkü müstəqil Azərbaycanın əsasını yaratmışlar. Biz onları unuda bilmərik, biz onları həmişə xatırlayaraq onların əməyini layiqincə qiymətləndirməliyik. Î insanların arasında Əziz Əliyev də var".

Türk dünyasının tanınmış ədəbi-siyasi xadimlərindən Nazim Hikmət 1958-ci ildə Bakıda çıxışlarının birində demişdir: “1937-1938-ci illərdə Azərbaycanda on minlərlə insan repressiyalara məruz qalmış, həbsə atılmış, sürgünə göndərilmiş, güllələnmişlər. Amma ən az tibbi heyət repressiyaya məruz qalmışdır ki, burada Əziz Əliyevin xidmətləri danılmazdır.

Yeri gəlmişkən, 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Əziz Əliyevə anti-sovet ruhlu insanlara qarşı apardığı zəif mübarizəyə görə partiya cəzası elan olunmuşdur”.

Onun bir qayğıkeş rektor kimi əvəzsiz qiymətini Azərbaycan Tibb Universitetinin rektoru, əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Əhliman Əmiraslanov “Azərbaycan Tibb Jurnalı”nin 2006-ci il 04 saylı nömrəsində dərc olunan “Əziz Əliyev və Azərbaycan tibb elmi, tibb təhsili sistemi” məqaləsində belə vermişdir: “Əziz Əliyev rektorluq fəaliyyəti illərində tibb tələbələrinə əsl ataliq qayğısı göstərirdi. Bu haqda Əziz müəllimin Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə təhsil almış tələbələrinin, müasirlərinin, iş yoldaşlarının 1983-cü ildə “Yazıçı” nəşriyyatı tərəfindən çap olunmuş xatirələrini oxuduqca, adamın qəlbi riqqətə gəlir, onun xeyirxahlığı, insanpərvərliyi, qayğıkeşliyi, xeyriyyəçiliyi, şəfqətliliyi bütün aydınlığı ilə gözlərimiz önündə canlanır”.

Xəstəliklərin kökündə sosial problemlərin durduğunu, sosial problemləri çözmədən xalqın sağlamlıq durumunu yaxşılaşdırmağın mümkün olmadığını darindan analiz edən Nəriman Nərimanov, Əziz Əliyev kimi milli vətənpərvər ziyalılarımız ictimai-siyasi həyata təsadüfən daxil olmamışlar.

Niyyətim Əziz Əliyev şəxsiyyətinin universitetimizə başçılıq etdiyi î ağır illərdəki fəaliyyətini oxucularla bölüşməkdir. Təsis edildiyi 1930-cu ildən Azərbaycan Tibb İnstitutuna M. Qədirli və N. Məmmədli başçılıq etmiş, 1932-1938-ci illərdə isə bu vəzifəni yerinə yetirmək Ə. Əliyeva tapşırılmışdır. Qeyd edək ki, bu vəzifəyədək î Dövlət Klinik İnstitutunun direktoru idi.

Rektor təyin olunandan keçən qısa müddət ərzində Əziz Əliyevin göstərişi ilə institutun gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdi. Onun Tibb İnstitutunun rektoru olduğu dövr fəaliyyəti akademik Ə. Əmiraslanov tərəfindən səliscəsinə təsvir olunmuşdur: “1932-1935-ci illərdə Tibb İnstitutunun əməkdaşlarının səyi nəticəsində qırx beş adda latın qrafikası ilə dərslik və dərs vəsaiti yazılmışdır. Bu î dövrün texniki imkanlarına görə çox böyük rəqəm idi. Bu dövrdə Əziz Əliyevin təşəbbüsü və tələbkarlığı sayəsində mühüm əhəmiyyətli kitablar işıq üzü gördü.

Ə. Əliyevin “Klinik analizlər”, K. Balakişiyevin “İnsanın normal anatomiyası” M. Qəniyevin “Mikrobiologiya kursu”, C. Hüseynovun “Patoloji anatomiya”, Y. Qazıyevin “Ağ ciyər vərəmi”, U. Musabəylinin “Göz xəstəlikləri”, A. Talışinskinin “Travmatologiya”, H. Səfərovun “Bioloji kimya”, eləcə də M. Mirqasımovun, M. Mirsəlimovun, M. Əfəndiyevin, Z. Məmmədovun və başqalarının əsərləri bu gün də öz qiymətini itirməmişdir. Qısa müddət ərzində Əziz Əliyev azərbaycanca analoqu olmayan digər xarici dillərdə yazılmış dərsliklərin tərcüməsinə nail oldu. İ. Berberinin “Qulaq, burun, boğaz xəstəlikləri”, A. Qoltıçının “Uşaq xəstəlikləri”, V. Skvortsovin “Farmakologiya”, E. Freyzeldin “Histologiya” kitabları bu qəbildəndir”.

Professor Ə. Əliyev Tibb İnstitutunun əsaslı kitabxanasının yaradıcısıdır. 30-cu illərin iqtisadi çətinlikləri zamanında Əziz Əliyev institutda kitabxana yaratmağı, dünya tibb elminin qiymətli əsərlərini ora yığmağı əsas məqsəd kimi qarşıya qoydu. Bu məqsədlə institutun inzibati korpusunda yer ayrıldı, professor P. Rostovun başçılığı altında kitabxana komissiyası yaradıldı. Qısa zaman kəsiyində çoxsaylı kitab, jurnal, tibbi ədəbiyyat toplamağa nail olundu.

Beləliklə, ölkədə Tibb İnstitutunun müəllim-tələbə heyəti ilə yanaşı, respublika hakimlərinin də istifadəsinə verilmiş tibbi kitabxana yaradıldı. Əziz Əliyevin yaratdığı kitabxana komissiyası 1936-cı ildə oxucularına belə bir informasiya yaydı: “Plana uyğun olaraq kitabxana SSRİ-də çap olunan bütün yeni kitabları, î cümlədən dövri olaraq tibbi-bioloji ədəbiyyatı alır. Bundan əlavə, kitabxana 231 sovet, 87 xarici elmi təşkilatlarla kitab mübadiləsi həyata keçirir”.

Rektor işlədiyi müddətdə Əziz Əliyevin əsas fəaliyyəti tibbi nəşriyyat yaratmaq, onu inkişaf etdirmək və təkmilləşdirmək idi. Nəhayət, o, öz ideyasını həyata keçirməyə müvəffəq oldu. Əziz Əliyevin təşəbbüsü sayəsində “Təcrübi və nəzəri təbabət jurnalı”nın nəşrində əsaslı təkmilləşmə başladı. Müəyyən müddət Əziz Əliyev “Azərbaycan Tibb Jurnalı”nda məsul katib işləmiş, 1935-ci ildən isə jurnalın baş redaktoru olmuşdur. 1933-cü ildən yenə də Əziz Əliyevin təşəbbüsü ilə çoxtirajlı “Tibb kadrları uğrunda” Tibb İnstitutunun qəzeti nəşr olunur. Əziz Əliyevin rektor olduğu dövr milli kadrların institut həyatında rollarının artması ilə xarakterizə olunur. Həmin dövrdə 11 doktorluq, 30-dan çox namizədlik dissertasiyası yerinə yetirilmişdir. İnstitutda yaradılmış aspirantura milli alim kadrların yetişməsində öz bəhrəsini verdi. Namizədlik dissertasiyası yerinə yetirən 30 nəfərin 19-u azərbaycanlı idi. Tibbdə milli kadrların yetişməsi professor Ə. Əliyev üçün ən vacib məsələlərdən biri idi. Əziz Əliyev həmişə Tibb İnstitutunun tələbələrinin keçmişi, indisi və gələcəyi ilə yaxından maraqlanırdı. Məhz onun təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə indiki 1 saylı şəhər xəstəxanası yaxınlığında “Tələbə şəhərciyi”nin tikintisinə başlandı.

Tibb İnstitutuna başçılıq etdiyi dövrdə Əziz Əliyevin başlıca xidmətlərindən biri də azərbaycanlıların xeyrinə olan abituriyent qəbulunu həyata keçirməsidir. O, rektor kimi kənd yerlərindən olan abituriyentlər üçün dövlətdən güzəştlər alınmasına nail oldu. Bu, çox incəliklə düşünülmüş milli siyasət idi. Elə həmin dövrdə Tibb İnstitutuna kənd rayonlarından yaxşı mənada axın başladı.

Bu dövrdə institut təkcə Azərbaycanda yox, bütün İttifaqda aparıcı tibb təhsil ocağına çevrilir. İnstitutun məzunları İttifaqın hər tərəfində çalışırlar. Çoxlu aspirant Moskva, Leninqrad, Kiyev şəhərlərinə ezam olunur. Mühazirələr oxumaq üçün ümumittifaq şöhrətli alimlər dəvət olunur. Başlıcası isə, milli dəyərlərə söykənən pedaqoji və tibbi kadrlar yetişir.

Î dövrün tələbələrindən professor Abdulla Quliyev xatirələrində yazırdı: “1933-1934-cü illərdə dəhşətli quraqlıq baş vermişdi. Əhalinin çörəklə təminatı ağır idi. Həmin ağır günlərdə tələbə yeməkxanası yaradıldı. Hər bir tələbə 500-600 qram çörəklə təmin olundu. Bizim rektor, demək olar ki, tələbələrin əksəriyyətini şəxsən ad və soyadı ilə tanıyırdı, hər birimizə həssaslıqla yanaşmaqla bərabər, atalıq tələbkarlığını da həyata keçirirdi.

Î illərdə bir çox tələbə yayda ağ rəngli “brezent” ayaqqabılar geyinirdilər ki, qışda onları qara rəngləyirdilər. Bunu bilən Əziz Mamedoviç direktor fondundan bizə yaxşı ayaqqabı almaq üçün pul ayrılmasına göstəriş verdi. Belə şəraitdə bizə yalnız “yaxşı” və “əla” oxumaq qalırdı”.

Əziz Əliyev haqqında xatirələrində əməkdar elm xadimi, professor Həsən Musa oğlu İsazadə yazırdı: “1936-cı il fevral ayında rektorumuz Əziz Əliyevin təşəbbüsü ilə 32 nəfərdən ibarət bir qrup tələbə Moskva və Leninqradın qabaqcıl klinikalarına təcrübə mübadiləsinə göndərildik. Ezamiyyətdən 1-2 gün öncə məlum oldu ki, bəzi tələbələrin əyin-başlarında çatışmazlıqlar mövcuddur. Bunu bilən kimi Əziz müəllim dərhal göstəriş verdi, problem yerindəcə həllini tapdı. Tələbələr qəşəng kostyum və ayaqqabılarla təmin olundular. Tələbələrin Əziz Əliyevə olan sevgisi professor Abdulla Quliyevin aşağıdakı xatirəsində öz əksini necə də tapır: “Əziz müəllimi Azərbaycan SSR səhiyyə komissarı (naziri) vəzifəsinə təyin edəndə Tibb İnstitutunun tələbələri, necə deyərlər, “qiyam” edərək öz “hamilərini” itirmək istəmirdilər. Ona olan sevgimizdən biz anlamırdıq ki, bizim “hami” səhiyyə naziri olaraq respublikamızda tibb elminin inkişafı və tibbi kadrların hazırlanması işində nə qədər fayda verə bilər”. Ən başlıcası isə, Əziz Əliyev səhiyyə naziri vəzifəsində olarkən Tibb İnstitutunun qayğıları ilə yaxından tanış olur, institutun üzləşdiyi çətinlikləri yerindəcə həll edirdi.

Müstəqil ölkəmizin səhiyyə sistemində çalışan hər birimiz bugünkü nailiyyətlərimiz üçün Əziz Əliyev kimi şəxsiyyətlərə borcluyuq. Əziz Əliyevin həyatı bu gün səhiyyə sistemində təhsil alan tələbədən tutmuş səhiyyə rəhbərlərinədək hamımıza nümunədir. Əziz Əliyev həyatı öyrənilməyə, tətbiq olunmağa layiq həyatdır. Əziz Əliyev həyatı milli təəssübkeşlik, milli vətənpərvərlik baxımından örnək bir həyatdır.

Əziz Əliyevin müqəddəs ruhu şaddır, sakitdir, rahatdır, əminlikdədir. Belə ki:

Arzusunda olduğu demokratik təsisatlara söykənən müstəqil Azərbaycanın dövlətçilik sükanı etibarlı əllərdədir. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bölgədə və bütünlüklə dünyada səbatla, qətiyyətlə ərazi məsələlərində dönməz siyasət aparır.

Doğma balaları — əbədiyyətə qovuşan akademik Zərifə Əziz qızı Əliyeva və professor, əməkdar elm xadimi Tamerlan Əziz oğlu Əliyev, - bu gün Azərbaycan səhiyyəsinin aparıcı simalarından hesab olunan akademik Cəmil Əziz oğlu Əliyev və onlarca digər Əliyevlər şəcərəsinə mənsub səhiyyə işçiləri Azərbaycan xalqı, Azərbaycan səhiyyəsi qarşısında Əziz Əliyev irsini səmalara yüksəltmişlər.

Rektorumuz akademik Əhliman Əmiraslanov və indi Əziz Əliyevin mənəvi övladları hesab olunan Azərbaycan Tibb Universitetinin kollektivi Əziz Əliyev yolunu şərəflə davam etdirir, universitetin beynəlxalq aləmdəki nüfuzunu ildən-ilə gücləndirir.

Böyük zəhmətlər hesabına Tibb İnstitutunda təşkil etdiyi “Körpə fidanlar” — kafedralar bu gün müstəqil səviyyəli elmi bazalara çevrilmişdir.

Əminik ki, Tibb Universitetinin kollektivi Azərbaycan xalqının müstəqilliyi, işıqlı gələcəyi, dünya sivilizasiyasına qovuşması yolunda ömrünü şam kimi əridən fədakar insan, görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, yenilikçi alim Əziz Əliyevin irsinin davam etdirilməsi yolunda əzmlə çalışacaqdır.