Azərbaycan.- 2007.- 14 fevral.- ¹ 32.- S. 5.
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinə həsr olunmuş
tədbir keçirilmişdir
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Salonda professor Ə.Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil edilmişdi.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2006-cı il 5 dekabr tarixli Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Görkəmli dövlət və elm xadimi Ə.Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, qazandığı nailiyyətlərdən danışan rektor, onun nurlu xatirəsinin ürəklərdə daim yaşayacağını bildirmişdir.
Sonra Azərbaycan Tibb Universitetinin prorektoru Sabir Əliyevin “Professor Əziz Əliyevin həyat və fəaliyyəti” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzəçi bildirmişdir ki, Əziz Əliyev 1941-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1942-ci ildən 1948-ci ilədək isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmış, idarəçilik baçarığı, vətənpərvərliyi və insanpərvərliyi ilə hamının rəğbətini qazanmışdır.
Təhsil nazirinin müavini Elmar Qasımov, professor Cəfər Cəfərov və digər natiqlər böyük alim və səhiyyə təşkilatçısı Ə.Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutunun (ADTİ) yaradılmasındakı xidmətlərini də diqqətə çatdırmışlar.
Ə.Əliyev tibb elmimizə dəyərli töhfələr vermiş, yüksəkixtisaslı həkim kadrların hazırlanmasında onun əvəzsiz rolu olmuşdur. O, ADTİ-nin rektoru olduğu zaman 11 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Professor Əziz Əliyevin nəcib insani keyfiyyətlərindən bəhs edən natiqlər onun mənalı ömür yolunun nəsillərə layiqli örnək olduğunu vurğulamışlar.