Xalq qəzeti.- 2008.- 29 aprel.- ¹ 90.- S. 5.

BÖYÜK ÖMRÜN SALNAMƏSİ

 

Tarixdə elə şəxsiyyətlər olub ki, yalnız öz xalqının deyil, həm də başqa xalqların taleyində böyük rol oynayıblar. Onların xatirəsi ölkəsinin hüdudlarından kənarda da qədirbilən insanların yaddaşında əbədi olaraq yaşayırlar. Belə şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi və ictimai xadim, istedadlı alim Əziz Məmmədkərim oğlu Əliyevdir. Onun işıqlı xatirəsi Azərbaycan və Dağıstan xalqları üçün eyni dərəcədə əziz və unudulmazdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “Əziz Əliyev. Böyük ömrün anları” kitabında əksini tapmışdır.

“Nurlan” nəşriyyatında yüksək poliqrafik icrada işıq üzü görmüş kitab 1988-ci il mayın 14-də Respublika sarayında təntənəli yubiley gecəsində ulu öndər Heydər Əliyevin söylədiyi dərin məzmunlu nitq ilə açılır. Bakıdakı yubiley tədbirlərinə gəlmiş Dağıstan nümayəndə heyətinin Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi barədə material da buraya daxil edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin “Əziz Əliyev Azərbaycan və Dağıstan xalqlarının əbədi dostluğunun simvoludur... Əziz Əliyevin o vaxt gördüyü işlər misilsizdir, tarixi hadisədir və biz dostluğumuzu daha da möhkəmləndirməli, möhkəmləndirməli, möhkəmləndirməliyik” sözləri kitabın əsas leytmotivini təşkil edir.

Kitabı tərtib edən Hidayət əsərə yazdığı “Odlar yurdunun və dağlar diyarının fəxri” adlı geniş giriş məqaləsində bu böyük şəxsiyyətin tariximizdəki yerini dəqiq müəyyənləşdirir: “XX əsrdə xalqımızın üç görkəmli dövlət və ictimai-siyasi xadimi Azərbaycandan kənardakı fəaliyyətləri ilə də tarixin yaddaşına həkk olunub: Nəriman Nərimanov, Əziz Əliyev və Heydər Əliyev”.

İbrətamiz bir ömrün salnaməsi olan bu kitabda görkəmli dövlət xadiminin anadan olmasının 100 və 110 illiyi münasibətilə Bakıda və Dağıstanda keçirilmiş zirvə tədbirlərini əks etdirən materiallar geniş yer almışdır.

Kitabın sonrakı səhifələrində verilmiş materiallar – Əziz Əliyevin 100 illiyi ilə əlaqədar Dağıstan Respublikasında keçirilən yubileydə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyətinin iştirakını əks etdirən məlumatlar, Mahaçqalanın M.Qorki adına Rus Dram Teatrında yubiley yığıncağının materialları, başqa tədbirlər barədə yazılar, həmçinin Bakıda xalqımızın görkəmli oğlunun xatirəsinə həsr edilmiş təntənəli yubiley gecəsində edilmiş məruzə və digər maraqlı çıxışlar bu böyük insanın həyat və fəaliyyəti, nəcib şəxsiyyəti haqqında oxucuda dolğun təsəvvür yaradır.

Görkəmli dövlət xadimi Əziz Əliyevin 110 illiyinə həsr olunmuş materiallar da ayrıca bölmədə verilmişdir.

Kitabın, görkəmli dövlət xadimi Əziz Əliyev haqqında vaxtilə onunla birgə işləmiş, təmasda olmuş insanların canlı xatirələrindən bəhs edən bölməsi olduqca maraqlıdr. Dağıstan Vilayət Partiya Komitəsinin sabiq birinci katibi M.Umaxanovun, general-polkovnik N.Trufanovun, xalq yazıçıları Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Rəsul Həmzətovun, İmran Qasımovun, Əbdülvahab Süleymanovun, akademik Mustafa Topçubaşovun, xalq artisti Həmid Rüstəmovun, Lenin ordenli veteran dəmiryolçu Yusif Qaraxanovun və başqalarının maraqlı xatirələri bu böyük insanın portret cizgilərini daha da zənginləşdirmişdir.

Kitab Əziz Əliyevin həyat və fəaliyyətini əks etdirən nadir tarixi fotoşəkillərlə zəngindir.

İki qonşu xalqların tarixi dostluğuna parlaq işıq tutan bu kitab Əziz Əliyev barədə əvvəllər nəşr olunmuş kitablardan öz əhatə dairəsinə, yeni faktların, maraqlı xatirələrin, nadir tarixi fotoşəkillərin zənginliyinə və yüksək poliqrafik çap mədəniyyətinə görə xeyli dərəcədə fərqlənir, sözün həqiqi mənasında, qiymətli salnamə təsiri bağışlayır.

Bu nəşr Azərbaycanın və Dağıstanın böyük oğlu Əziz Əliyevin unudulmaz xatirəsinin gələcək nəsillərin qəlbində daim yaşaması üçün onlara çox dəyərli töhfədir.