Xalq qəzeti.- 2007.- 22 iyun.- № 135.- S. 5.
Əziz Əliyev şəxsiyyəti
Vaqif ARZUMANU,
filologiya elmləri doktoru, professor
Mahaçqala - Bakı
Bəşər tarixində insanlığı bəzəyən, əbədiyyətə qovuşan, görkəmli və tanınmış elm, mədəniyyət və dövlət xadimləri az olmayıb. Onlar təkcə mənsub olduqları xalqın, ölkənin deyil, eyni zamanda, bütün mütərəqqi və sivil dünyanın, humanist və demokratik qurum və təbəqənin sevimlisi, fəxri olublar. Belə şəxsiyyətlər bütün dövrlərdə yetişsələr də, onların da ən seçilmişləri, xeyirxah əməlləri və fədakar fəaliyyətləri ilə unudulmayanları olur. Həmin şəxsiyyətlər, fəaliyyət sahələrindən asılı olmayaraq, həmişəyaşar olmaq hüququ qazanırlar, tarixə düşürlər. Onlar həm həyatda, həm də tarixdə silinməz və bənzərsiz izlər qoyub gedirlər. Görkəmli elm və dövlət xadimi, təşəbbüskar səhiyyə təşkilatçısı, istedadlı hərbçi, bacarıqlı həkim, tanınmış ictimai xadim Əziz Əliyev məhz belə insanlardan, belə şəxsiyyətlərdəndir.
Əziz Məmmədkərim oğlu Əliyev (1897-1962) Azərbaycanın qədim İrəvan şəhərində dünyaya göz açmış, qiymətli və ibrətamiz bir həyat yolu keçmişdir. Harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq, o təkcə vəzifə borcunu yerinə yetirməklə kifayətlənməmiş, həmişə işgüzarlığı, təşəbbüskarlığı, qayğıkeşliyi, uzaqgörənliyi ilə fərqlənmişdir.
Elə yeniyetmə və gənclik illərindən başlayaraq təhsilə, elmə böyük maraq göstərən Ə. Əliyev iyirmi yaşında İrəvan gimnaziyasını qızıl medalla bitirir. İstedadı və bacarığı o dövrün görkəmli adamlarının diqqətini cəlb edir. Daha doğrusu, gənc Əziz dövrün tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə 1917-ci ildə Peterburqdakı Hərbi-Tibb Akademiyasına oxumağa göndərilir. Bir illik təhsildən sonra yay tətilinə gələn Ə. Əliyev İrəvanda soydaşlarımıza qarşı başlanmış milli qırğın və deportasiya ilə bağlı Peterburqa qayıda bilmir və təhsilini yarımçıq qoymağa məcbur olur. Naxçıvanın Şahtaxtı kəndinə köçməyə məcbur olmuş ailəsini (anasını və kiçik qardaşını) dolandırmaq məqsədilə İrəvanda və Naxçıvanda bir neçə il çalışan Ə. Əliyev 1923-cü ildə Bakıya gəlir. Burada Azərbaycan SSR Xalq Komissarları Sovetində işə düzələn Ə. Əliyev eyni zamanda Bakı Universitetinin tibb fakültəsində (axşam şöbəsində) təhsilini davam etdirir. 1927-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Respublikasının səhiyyə orqanlarında bir sıra məsul vəzifələrdə çalışan Ə. Əliyev 1929-1938-ci illərdə Azərbaycan SSR Klinik İnstitutunun direktoru, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun, Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrində işləyir. 1929-cu ildə namizədlik, 1937-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmiş Ə. Əliyev respublikamızda həm tibb, həm də digər strateji sahələrdə gənc və istedadlı kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərir. Onun tibb elmləri doktoru kimi hazırladığı elmi əsəri — dissertasiya işi o vaxtlar həm SSRİ Elmlər Akademiyası, həm də Ümumittifaq Komsomol Təşkilatının Mərkəzi Komitəsi tərəfindən yüksək mükafatlara layiq görülmüşdür.
1938-1941-ci illərdə əvvəlcə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, sonra isə Azərbaycan SSR Xalq Səhiyyə Komissarı işləyən Ə. Əliyev respublikamızın ictimai, elmi və mədəni quruculuq həyatında çox geniş fəaliyyət göstərən, hərtərəfli çalışan ziyalılarımızdan, ictimai və dövlət xadimlərimizdən biri olub. İkinci Dünya müharibəsinin başlanması, alman qoşunlarının SSRİ ərazilərinə təcavüzü tanınmış elm və dövlət xadiminin həyatında yeni səhifələr açmağa başlayır. Vəziyyət elə gətirir ki, 1941-ci ilin avqust ayında sovet qoşunları İranın şimalından, ingilis qoşunları isə cənubdan ölkəyə daxil olurlar. Məhz belə çətin və gərgin dövrdə Ə. Əliyevə çox böyük etimad göstərilərək, ona məsul vəzifə tapşırılır: İrandakı sovet qoşunları kontingentinin Siyasi şöbəsinin rəisi vəzifəsi. Bu, həm o dövrkü Azərbaycan Respublikası rəhbərliyinin səyi və təşəbbüsünün, həm də SSRİ dövlətinin Ə. Əliyevə etimadının, inamının, etibarının nəticəsi idi... Zaqafqaziya Cəbhəsinin komandanı general-leytenant D. Kozlovun əmrinə əsasən Ə. Əliyev həm də Təbriz şəhərində yerləşən sovet qoşun hissələrinin 47-ci Ordusunun Hərbi Şurasına üzv seçilir.
Tarixi sənədlər sübut edir ki, 1941-ci ilin sentyabr ayında Güney Azərbaycana gedən qruplarla görüşlər zamanı və şəxsən Ə. Əliyevlə söhbət edən o zamankı respublika rəhbəri M.C. Bağırov xeyli tövsiyələr vermişdir. Ə. Əliyev 1941-ci ildə M.C. Bağırovun ona dediyi bu sözləri − "...Biz heç vaxt razı ola bilmərik ki, gözümüzün qarşısında Cənubi Azərbaycan torpağında yüzlərlə adam acından həlak olsun. Biz azərbaycanlılar, əgər bizdə bir damcı belə Azərbaycan qanı varsa, gərək gec-tez orada olan Azərbaycan xalqını vaxtilə məcburən ayrılmış doğma Sovet Azərbaycanı xalqı ilə birləşdirək... Buna bizim qüvvəmiz və bacarığımız var... Bunu bizim qeyrətimiz, namusumuz, insafımız və sədaqətimiz məcbur edir. ...Siz bu şərəfli vəzifəni yerinə yetirməklə Azərbaycan xalqının qarşısında çox böyük xidmət göstərmiş olacaqsınız. Siz bu şərəfli vəzifəni yerinə yetirməklə 100 illərlə ikiyə bölünmüş qardaşların arzusunu yerinə yetirmiş olacaqsınız... Bu namus, qeyrət, sədaqət və məhəbbət məsələsidir" - bütün həyatı boyu öz qəlbində, işində, əməllərində yaşatmışdır. Hansı vəzifələrdə çalışırsa-çalışsın 1941-ci ildə eşitdiyi bu qiymətli və tarixi fikirlər Ə. Əliyevin ictimai və dövlət xadimi kimi həyat və fəaliyyət kredosuna çevrilmişdir. Təxminən bir il Azərbaycan KP MK-nın katibi işləyən Ə. Əliyev 1942-ci ilin sentyabr ayında Dağıstan Muxtar Sovet Sosialist Respublikası Vilayət Komitəsinin birinci katibi seçilmişdir. Eyni zamanda, Mahaçqala Müdafiə Komitəsinin sədri təyin olunan Ə. Əliyev yeddi il ərzində Dağıstan Respublikasının ictimai-siyasi, sosial-mədəni həyatında çox mühüm rol oynayıb, əvəzsiz xidmətlər göstərib. Ə. Əliyevin Dağıstan Respublikasına rəhbərlik etdiyi illərdə gördüyü işlər, göstərdiyi fəaliyyət bir yox, bir neçə kitabın səhifələrini bəzəyə bilər...
1949-1950-ci illərdə ÜİK (b) P MK-nın inspektoru işləyən Ə. Əliyev elə 1950-ci ilin ortalarından Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini təyin olunur. İki ildən sonra Ə. Əliyev sırf elmi işlə məşğul olmağa başlayır. O, 1952-1956-cı illərdə Bakıdakı Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, 1956-cı ildən ömrünün sonuna qədər Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (hazırda həmin institut Ə. Əliyevin adını daşıyır) direktoru işləmişdir.
Ə. Əliyev 1962-ci ildə 65 yaşında dünyasını dəyişmişdir. Hökumət və dövlət qarşısındakı xidmətlərinə görə Ə. Əliyev SSRİ Ali Sovetinin (1-3-cü çağırış), Azərbaycan SSRİ Ali Sovetinin (1-3-cü çağırış), Dağıstan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni və bir sıra medallarla təltif olunmuşdur.
Ə. Əliyev həm də gözəl və qayğıkeş ailə başçısı olmuşdur. Onun övladları Azərbaycan elminin, mədəniyyətinin və səhiyyəsinin inkişafında böyük xidmətlər göstərmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, istedadlı bəstəkar və pianoçu Gülarə xanım Əliyeva, tanınmış onkoloq alim, akademik Cəmil Əliyev məhz Ə. Əliyev ocağının yetirmələridir.
Bütün mənalı ömrünü, bilik və bacarığını insanlara həsr etmiş Əziz Əliyevin bu il yubiley ilidir. İyun ayının əvvəllərində görkəmli dövlət xadimi və ictimai xadim Ə. Əliyevin anadan olmasının 110-cu ildönümü münasibətilə Dağıstan Respublikasında yubiley təntənələri keçirilmişdir. Bu tədbirlərdə baş nazir Artur Rasizadənin rəhbərliyi ilə respublikamızın geniş tərkibli (hökumət və dövlət rəhbərləri, alimlər, elm, mədəniyyət və incəsənət xadimləri) nümayəndə heyəti iştirak etmişdir. Bu sətirlərin müəllifinin də iştirak etdiyi yubiley tədbirləri çox zəngin və rəngarəng idi. İki gün ərzində istər Kaspiysk şəhərindəki Ə. Əliyev adına tibb məktəbinin binasında və Mahaçqala şəhərinin mərkəzindəki Ə. Əliyev küçəsində xatirə lövhələrinin açılışları zamanı, istər respublika paytaxtının mərkəzi meydanında mitinq və yubileyə həsr olunmuş təntənəli yığıncaq zamanı, istərsə də Dağıstan Respublikası Elm Mərkəzində yubileyə həsr edilmiş Beynəlxalq Elmi konfrans zamanı bir daha şahidi olduq ki, çoxmillətli Dağıstan ictimaiyyəti, bütün Dağıstan xalqları Ə. Əliyevə necə böyük ehtiram bəsləyirlər və onu nə qədər çox sevirlər.
Yubiley təntənələri zamanı dönə-dönə qeyd olundu ki, Ə. Əliyev kimi, şəxsiyyətlər, çox az-az yetişir Bu həqiqətən belədir. Belə şəxsiyyətlərdən, belə insanlardan ibrət götürüləsi çox şeylər var.