Xalq qəzeti.- 2007.- 9 iyun.- ¹ 125.- S. 2.
Görkəmli dövlət xadimi və alim Əziz Əliyevin anadan olmasının 110-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir
AZƏRTAC xəbər verir ki, iyunun 7-də Maksim Qorki adına Mahaçqala Rus Dram Teatrında Azərbaycanın və Dağıstanın görkəmli dövlət və ictimai xadimi, alim, səhiyyə təşkilatçısı Əziz Əliyevin anadan olmasının 110-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
Dağıstan Prezidenti Muxu Əliyev giriş sözü ilə çıxış edərək bildirmişdir ki, taleyin hökmü ilə Əziz Məmmədkərim oğlu Əliyev Böyük Vətən müharibəsinin ən ağır illərində həyatını Dağıstanla bağlamış və respublikada təxminən altı illik fəaliyyəti ərzində insanların qəlbində və xatirəsində silinməz iz qoymuşdur. Dağıstan xalqları Əziz Əliyevin respublikada iqtisadiyyatın, mədəniyyətin, elmin və təhsilin inkişafına töhfəsini minnətdarlıqla xatırlayırlar. O, Mahaçqalada sonradan bazasında SSRİ Elmlər Akademiyasının Dağıstan filialının (indiki REA Dağıstan Elmi Mərkəzi) yaradıldığı Mahaçqala Akademik Mərkəzinin təşkil olunması üçün də çox səy göstərmişdir.
Prezident vurğulamışdır ki, bu təntənəli tədbir təkcə Əziz Əliyevin şəxsiyyətinə ehtiramın əlaməti deyildir, həm də Dağıstan və Azərbaycan xalqlarının tarixi talelərinin ümumiliyini xatırladır, iki xalq arasındakı mehriban qonşuluq münasibətlərini təsdiq edir. O demişdir: “Bizim ümumi tariximiz, mədəniyyətimiz var. Buna görə həyatın özü bizi respublikalarımız arasında mehriban qonşuluq münasibətlərini bundan sonra da möhkəmləndirməyə və inkişaf etdirməyə çağırır”.
Sonra Dağıstan Respublikası hökumətinin sədri Şamil Zeynalov Əziz Əliyevin həyat və fəaliyyəti barədə məruzə etmişdir.
Təntənəli yığıncaqda Azərbaycanın Baş naziri Artur Rasizadə çıxış etmişdir. O, iki xalqın oğlu Əziz Əliyevin xatirəsinə ehtirama görə Prezident Muxu Əliyevə və bütün dağıstanlılara təşəkkürünü bildirmiş, Dağıstan rəhbərliyinə və xalqına Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını və minnətdarlığını çatdırmışdır.
Azərbaycanın Baş naziri demişdir: “Sizin görkəmli dövlət xadimi və siyasi xadim, böyük alim, Dağıstanın tarixində silinməz iz qoymuş Azərbaycan xalqının şanlı oğlu Əziz Əliyevin xatirəsinə münasibətiniz bizim üçün çox qiymətlidir”. Azərbaycan və Dağıstan xalqları arasında çoxəsrlik dostluqdan danışan A.Rasizadə vurğulamışdır ki, bu dostluq Əziz Əliyev kimi nadir şəxsiyyətlərin əməyi sayəsində yaradılan ümumi keçmişimizin misilsiz irsidir. Əziz Əliyevin bütün həyatı Azərbaycan və Dağıstan xalqlarının dostluğunun rəmzlərindən biridir, bizim qardaşlığımızın rəmzidir.
Azərbaycan xalqının görkəmli oğlunun parlaq ömür yolundan, o cümlədən Böyük Vətən müharibəsi illərində Dağıstanın rəhbəri vəzifəsində fəaliyyətindən danışan A.Rasizadə bildirmişdir ki, Əziz Əliyevin təşkilatçılıq istedadı məhz bu çətin taleyüklü günlərdə özünü parlaq şəkildə büruzə vermişdir. Baş nazir demişdir: “O, bu çoxmillətli diyarın xalqlarını birləşdirərək, Dağıstanın qəhrəmanlıq və cəsurluq nümunəsi göstərmiş şanlı oğul və qızları ilə birlikdə bütün səyləri cəbhəyə yardım işinə, diyarın və bütün Cənubi Qafqazın müdafiəsinə səfərbər etmişdir”. O vurğulamışdır ki, Əziz Əliyev yüksək humanizm və insansevərlik, qayğıkeşlik, insanlara mehriban münasibət kimi keyfiyyətləri sayəsində dağıstanlıların məhəbbət və hörmətini qazanmışdır. Azərbaycan və Dağıstan xalqları dərin köklərə malik dostluq ənənələrini qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər.
Azərbaycan-Rusiya münasibətlərindən danışan Baş nazir demişdir ki, Azərbaycan Dağıstanın coğrafi mövqeyini və ölkəmizə xüsusi yaxınlığını nəzərə alaraq, bu münasibətlərdə ona mühüm yer ayırır. Biz Dağıstan Respublikası və onun xalqı ilə əlaqələrimizi nə qədər çox möhkəmləndirsək, Rusiya Federasiyası ilə əməkdaşlığımız da bir o qədər sıx və səmərəli olacaqdır.
A.Rasizadə çıxışında ölkəmizin iqtisadi inkişafından da danışmışdır. O demişdir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin strateji, siyasi və sosial-iqtisadi xətti Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində uğurla həyata keçirilir. Ölkənin iqtisadi potensialının, müdafiə qabiliyyətinin, sosial sahənin və infrastrukturun inkişafı, enerji təhlükəsizliyinin təmin olunması, respublika əhalisinin həyat səviyyəsinin və rifahının yüksəldilməsi, orta əmək haqqının, pensiyaların və təminatların artırılması üçün ardıcıl surətdə kompleks tədbirlər görülür. Son üç ildə ümumi daxili məhsul iki dəfə artmışdır. Respublika regionlarının iqtisadi inkişafına xüsusi diqqət yetirilir, yeni istehsal sahələri yaradılır. 2003-cü ilin oktyabrından bəri 520 min yeni iş yeri açılmışdır.
A.Rasizadə çıxışında ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuşdur. O bildirmişdir ki, Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 15 ildən bəri aparılan danışıqlar hələlik heç bir nəticə verməmişdir.
Azərbaycanın Baş naziri sonda Əziz Əliyevin misilsiz xidmətlərindən danışaraq demişdir: “Son illər biz tarixə müraciət edərək bir daha əmin oluruq ki, tarixi şəxsiyyətlərin fəaliyyətinə layiqli qiymət verilməsi hazırda bizim üçün çox vacibdir. Buna görə görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyəti, onun dövlət quruculuğu, xalqlarımız arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin qurulması sahəsində gördüyü işlər əsl örnəkdir”.
Yığıncaqda çıxış edən Əziz Əliyevin oğlu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Cəmil Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə Dağıstan xalqına təşəkkürünü bildirərək demişdir: “O, Dağıstanı və onun mehriban, qonaqpərvər xalqını çox sevirdi. Bu gün mən əmin oldum ki, burada onu da beləcə sevirlər”.
Rəsmi hissədən sonra Azərbaycan və Dağıstan incəsənət ustalarının iştirakı ilə böyük konsert olmuşdur.