Yeni Azərbaycan.-2009.-30 dekabr.-¹245.-S.3.

 

XALQIN ƏZİZ OĞLU

 

1 yanvar – Əziz Əliyevin doğum günüdür

 

Reyhan Mirzəzadə,

Publisist-politoloq

 

İnsan həyata bir dəfə gəlir. Yalnız bircə dəfə. Kimisi sakit və sadə, kimisi təlatümlü və qayğılı, kimisi mənalı, kimisi mənasız, kimisi dəyərli, kimisi dəyərsiz, kimisi işıqlı, kimisi də qaranlıq bir ömür yaşayır. Elə insanlar da var ki, bir ömürdə sanki yüzlərlə, minlərlə adamın mənalı, dəyərli, parlaq, zəhmət və xidmət dolu taleyini yaşayır. Bu insanlar artıq bioloji varlıqdan zamanın heç də tez-tez yetişdirmədiyi şəxsiyyətə, dühaya, fenomenə çevrilir. Öz ağlı, zəkası, istedadı, bacarığı, təcrübəsi, insanpərvərliyi, əməksevərliyi, yurdsevərliyi ilə. Belə şəxsiyyət, düha və fenomenlərimizdən  biri də xalqımızın unudulmaz övladı Əziz  Məmmədkərim oğlu Əliyevdir.

Əziz Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. Bu kənd İrəvan xanlığının Abaran mahalında ta qədimdən azərbaycanlıların yaşadığı məkan idi. Hamamlı Abaran çayı sahilində, yamyaşıl, çox səfalı, füsunkar mənzərəli bir bölgədə yerləşirdi. Əziz Əliyevin atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu dövrünün ziyalı düşüncəli, müdrik, uzaqgörən, el arasında böyük ehtirama malik olan ağsaqqalı idi. Anası Zəhra xanım isə İrəvan mahalının ən hörmətli insanlarından biri olan İbrahim bəy Süleymanbəyovun qızı idi. Əzizin əmisi övladlarından biri, vaxtilə İrəvan quberniyasının Əştərək rayonundakı Uşi kəndində yaşayan Oruc kişinin söylədiklərinə görə, Məmmədkərim kişinin Hamamlıda 20 hektardan artıq torpaq sahəsi, İrəvanın Dəlmə bağları adlanan yerində üzüm, tut, ərik bağları var idi.

Ailə 1905-ci ildə İrəvan şəhərinə köçür. 1918-ci ildə Əzizin atası vəfat edir. Nəinki Rusiyanın, hətta dünyanın ən mötəbər təhsil ocaqlarının birində – Peterburq Hərbi Tibb Akademiyasında təhsil alan Əziz Əliyev İrəvana gələndə burada dəhşətli hadisələrin şahidi olur. Ermənilər azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı soyqırım siyasəti həyata keçirir. Həmin il Əziz Əliyevin özü və ailəsi də soyqırıma, deportasiyaya məruz qalır. Belə bir şəraitdə daşnakların qırğınından qurtarmaq üçün o, ailəsini İrəvan şəhərindən Naxçıvanın Şərur rayonuna, bir müddət sonra isə Şahtaxtı kəndinə köçürür.

Sonralar Bakıya köçən Əziz Əliyev, burada yarımçıq qalmış Peterburq təhsilini davam etdirir. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirir və çoxdan arzuladığı həkim ixtisasına yiyələnir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti tibb fakültəsinin bazasında Tibb İnstitutu yaradılır və bu təhsil ocağına rəhbərlik etmək Əziz Məmmədkərim oğluna etibar olunur. İnstituta rəhbərlik etdiyi üç il ərzində Azərbaycan dilində 45 dərslik nəşr edilir. Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına diqqət artırılır. 1934-cü ildə Bakı şəhər Səhiyyə Şöbəsinin müdiri təyin olunan Əziz Əliyev yenidən Tibb İnstitutuna rektor vəzifəsinə qaytarılır.

Ədalət yer üzündə Allahın tərəzisidir

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi, tibb elmləri doktoru, professor Nurəddin Hümbətov söhbətində Əziz müəllimi ehtiramla, səmimi duyğularla, bir az da kövrək hisslərlə yad edib dedi ki, bu gözəl şəxsiyyətin, böyük alimin, nüfuzlu dövlət xadiminin xatirəsi minlərlə insan kimi, mənim üçün də əvəzolunmaz və unudulmazdır. Aspiranturaya qəbulum zamanı Əziz Əliyevin mənə göstərdiyi mənəvi dəstəyi, qayğını ömrüm boyu yadımdan çıxarmayacağam:

- O zaman Əziz Əliyev institutun rektoru idi. Çox alicənab, səmimi və təvazökar bir adam idi. Onu da deyim ki, mən sadə bir zəhmətkeş ailədə böyüyüb tərbiyə almışdım. Bakıya gəlib tibb təhsili almağım heç də asan başa gəlməmişdi. Sənədlərimi aspiranturaya təqdim edəndə, məndən başqa beş nəfər də var idi, altı nəfər sənəd vermişdik. “Daxili xəstəliklər” bölməsinə bir yer ayrılmışdı, müsabiqə ciddi idi. Mən isə gecə-gündüz oxuyur, çalışır, imtahanlara həvəslə hazırlaşırdım. İmtahanlara 4-5 gün qalmış kadrlar şöbəsinin müdiri məni yanına çağırdı. Soruşdu ki, sən Gəncədən gəlmisən? Dedim, bəli. Şöbə müdiri cavabında “sənədlərini götür get, vaxtını boş yerə burda keçirmə. Çünki sən keçməyəcəksən” – dedi. Mən narahatlıqla maraqlandım ki, niyə keçməyəcəyəm? Bildirdi ki, həmin yerə bir nazirin bacısı oğlu sənəd verib, o keçəcək. Çox pərişan oldum. Fikirləşdim ki, nə edim? Düşünüb, dərdimi rektora deməyi qərara aldım. Əziz Əliyev gəldi və məni qəbul etdi. Sənədlərimi geri götürmək istədiyimi deyəndə səbəbini soruşdu. Hansısa nazirin bacısı oğlunun imtahanlardan keçiriləcəyinin öncədən mənə deyildiyini və buna görə də imtahanlara girməkdən imtina edib Gəncəyə qayıtmaq istədiyimi ona bildirdim. Əziz Əliyev cavab verdi ki, sən heç kimə qulaq asma, get, imtahanlara yaxşı hazırlaş, yüksək bilik nümayiş etdirsən keçəcəksən. İmtahanlara heç bir nazir – filan təsir göstərə bilməz. Mən əvvəlki imtahanlardan “5″ qiymət aldım. Bir az ehtiyat etdiyim fənn fəlsəfə idi. Bilet çəkib oturdum. Suallar ətrafında düşünür, onları cavablandırmağa hazırlaşırdım. Birdən imtahanın gedişinə nəzarət etmək üçün Əziz Əliyev içəri daxil oldu. İmtahan komissiyasının sədrinə sənədlər verib geri dönərkən təsadüfən gözləri mənə sataşdı. Üzünü müəllimlərə tutub “Bu gəncəli balası yaxşı oğlana oxşayır” – deyib getdi. Biletin suallarına cavab verdikdən sonra müəllimlər əlavə suallar vermədən mənə “5″ yazdılar. Nazir qohumunun imtahanlarda zəif cavab verib “3″ qiymət aldığını görəndə bir daha anladım ki, doğrudan da Əziz Əliyevin rəhbərlik etdiyi institutda ən yüksək meyar bilik, düzgünlük, saflıq, zəhmət və ədalətdir.

İstər II Dünya müharibəsindən əvvəl, istərsə də müharibədən sonrakı illərdə Əziz Əliyev milli tibb elmimizin, səhiyyəmizin inkişafında misilsiz xidmətlər göstərib. İnsanların, xalqın sağlamlığının qayğısına qalıb. Minlərlə vətəndaşı sağaldıb, onları yenidən işıqlı həyata qaytarıb. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının müavini, Xalq Səhiyyə Komissarı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışarkən məmləkətimizi qarış-qarış, rayonbarayon, kəndbəkənd gəzib, səhiyyəmizin problemlərinin aradan qaldırılması ilə yaxından məşğul olub.

Akademik Mustafa bəy Topçubaşov Əziz Əliyevin fədakar əməyi ilə bağlı xatirələrinin birində yazır: “Səhiyyə Komissarlığının növbəti kollegiyası keçirilirdi. Qoyulan məsələlərdən biri ucqar kənd rayonlarında işləyən bir cərrah barəsində idi. Həmin cərrahın apardığı tibbi əməliyyat zamanı artıq qan itirən hamilə qadın vəfat etmişdi. Cərrah qadının ölümünün əsas səbəbini xəstəxanada qanəvəzedicisinin olmaması ilə izah edirdi. Əziz Əliyev etiraf etdi ki, doğrudan da respublikada bir çox dərmanlar və o cümlədən, qanəvəzedicisi çatışmır. Birdən o, cərrahdan soruşdu: “Bəs, özünüz necə, qanınız normaldır?” Cərrah cavab verdi ki, deyə bilmərəm, ancaq narazı deyiləm. Əziz Əliyev bildirdi ki, mənsə narazıyam. “Narazısınız?” – deyə cərrah soruşdu. Əziz Əliyevin “Bəli. Deyin görüm, indiyə qədər qanköçürmə məntəqəsinə nə qədər qan vermisiniz?” sualına “Nə qədər qan vermişəm?…” – deyə cərrah duruxdu, söz tapmadı. Əziz Əliyev dilləndi: “Siz də soruşa bilərsiniz mən nə qədər qan vermişəm? İndi gedərik mərkəzə, öyrənərsiniz…” Kollegiya qurtarandan sonra qanköçürmə mərkəzinə getdik. Əziz mərkəzin girəcəyində bizi qarşılaşdığı ağxalatlı adama göstərib dedi:

- Sizə bir qrup donor gətirmişəm. Əməliyyata başlayın!..

Özü isə bizdən 100 qram artıq qan verdi. Öyrəndik ki, həqiqətən, o, donor idi. İldə azı 1 litr qan verirdi. Bunu isə mən də bilmirdim…”

Görkəmli alimin tibb elmimizə bəxş etdiyi böyük nailiyyətlər bu gün də öz səmərəsini verməkdədir. Əziz Əliyev bütövlükdə 87 elmi əsərin müəllifi olub ki, onlardan 70-i təbabətin müxtəlif sahələrinə, 17-si isə tarixi və siyasi məsələlərə həsr edilib.

Zəfərin böyüklüyü mübarizənin çətinliyi ilə ölçülür

Tarixçi alim Zakir Sərdarov yazır ki, 1941-ci ilin avqustunda Zaqafqaziya Hərbi Dairəsinin qoşun hissəsi Sovet – İran razılığına əsasən İranda faşist agenturasının qarşısını almaq və özünümüdafiə məqsədi ilə İran sərhədini keçib Təbrizə daxil olur. Ordu Hərbi Şurasının üzvü polkovnik Əziz Əliyev orduya siyasi rəhbər təyin olunur.

İranda almanların təsiri güclü idi. Görüləsi tədbirlərdən biri faşistlərin təsiri altında olan doqquz min nəfərlik kürd qoşunlarının sovet ordusuna olan mənfi münasibətini dəyişdirib, onları zərərsizləşdirmək idi. Bu məsələ Əziz Əliyevə həvalə olunmuşdu. O, məlumat alır ki, yaxın vaxtlarda kürd qoşun başçısının qardaşının toyu olacaq. Toyun vaxtını, yerini dəqiq öyrənən Əziz Əliyev, bəy və gəlinə, onların kişi və qadın qohumlarının yaşına, kürd xalqının milli adət-ənənə, qayda-qanunlarına uyğun hədiyyələr hazırlatdırır. Hədiyyələri toyun, mərasimin hansı prosesində, necə təqdim etmək lazım olduğunu müəyyənləşdirir. El şənliyində iştirak edərək, bütün şərtlərə dəqiq və vaxtına uyğun əməl edir. Əziz Əliyevin düşünülmüş, ağıllı hərəkəti böyük siyasi səmərə verir. Kürd qoşununun sovet ordusuna qarşı münasibəti yaxşılaşır.

1942-ci ilin sentyabr ayında Dövlət Müdafiə Komitəsinin sədri İ.Stalinin əmri ilə Əziz Əliyev Dağıstan Vilayət Partiya Komitəsinin Birinci katibi təyin olunur. Həmin vaxt faşist qoşunları Sovet İttifaqına hücuma keçdikdən sonra qısa bir vaxtda xeyli irəliləmiş, bütün Şimali Qafqazı işğal etmişdilər. Onlar Bakıya can atır, Bakı neftini ələ keçirmək istəyirdilər. Yeganə maneə isə Dağıstan idi. Neft Bakısına yol məhz Dağıstandan keçirdi.

Əziz Əliyev Dağıstanın, Azərbaycanın faşist işğalçılarından qorunması üçün misilsiz işlər gördü. Gecəni gündüzə qataraq iki mindən çox kəndə gedib insanlarla görüşdü, onlarla söhbətlər apardı, dağlara, meşələrə çəkilən gənclərin yaşayış yerlərinə qayıtmasına, onların ön və arxa cəbhədə şücaətlər nümayiş etdirməsinə nail oldu. Tez-tez əsgər istehkamlarına baş çəkdi, əsgərlərlə birlikdə gecələdi. Dəfələrlə qara-çovğuna düşdü, qara yapıncısına bürünərək gecələri maşında keçirdi. Beləliklə, böyük qəhrəmanlıqlar hesabına Dağıstan və Azərbaycan işğalçı faşist qoşunlarından mərdliklə qorundu. Bu anlarda Dağıstanın xalq şairi Rəsul Həmzətovun sözləri yada düşür: “Mənim Dağıstanımın və mənim Azərbaycanımın şərəfli oğluna ömrüm boyu minnətdaram”.

Böyük insanların böyüklüyü onların adi insanlarla rəftarından bəlli olur

Dağıstanlı sadə bir əmək adamı gördüyü hadisəni təsvir edib danışır ki, Mahaçqaladan xeyli aralı olan bir kəndə piyada gedirdik. Xalam və uşaqları yanımda idi. Yolda bizi qəflətən bərk yağış tutdu. Uşaqları birtəhər qucağımıza alıb güclü yağışdan qorunmağa çalışırdıq. Bir qədər keçməmiş bir maşın gəlib yanımızda saxladı. Sürücü bizdən soruşdu:

- Hara gedirsiniz?

Mən getdiyimiz kəndin adını dedim. Maşından bir kişi düşüb “Gəlin oturun maşına” – dedi. Sonra sürücüyə tapşırdı: “Apar bunları o kəndə qoy, qayıt”.

Yolda mən soruşdum ki, bu kişi kim idi? Sürücü cavab verdi: “Dağıstan Vilayət Partiya Komitəsinin Birinci katibi Əziz Əliyev”.

Müharibə illərində Müdafiə Fonduna və hərbi texnika üçün vəsait toplanışındakı xidmətlərinə görə SSRİ Ali Baş Komandanlığı tərəfindən Dağıstan rəhbərliyinə 75 dəfə təşəkkürnamə göndərilir. Əsgəri xidmətdə olanların ailələrinə nümunəvi qayğı göstərdiyinə görə Dağıstan təkcə 1944-cü ildə Ali Baş Komandanlıq tərəfindən 25 dəfə təşəkkür alır.

Dağıstan həyatından sonra Əziz Əliyevin parlaq ömür salnaməsi Moskvada davam edir. 1949-1950-ci illərdə o, Moskvada İctimai Elmlər Akademiyasında təhsil almaqla bərabər, Ümumittifaq Kommunist Partiyasının Mərkəzi Komitəsində işləyir. 1950-ci ildə Əziz Məmmədkərim oğlu Əliyev Bakıya dəvət olunur və Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilir.

Taleyi Azərbaycan KP MK-nın Birinci katibi mənfur Mircəfər Bağırov və onun əqidəsiz məsləkdaşı L.Beriyanın həsəd, paxıllıq və böhtanlarına tuş gələn nüfuzlu Əziz Əliyev vəzifəsindən uzaqlaşdırılaraq sonralar Sabunçu xəstəxanasına işə göndərilir.

Bir dəfə növbəti iş günü qapıda dayananlarla salamlaşıb otağına keçəndə qoca bir kişi həyəcanla Əziz Əliyevə yaxınlaşıb deyir: “Doxtur, başına dönüm, səni deyib gəlmişəm…”

Doktor Əziz qocanın yanındakı yeniyetməyə nəzər salanda, onun vəziyyətini bir baxışla qiymətləndirir. Şöbə müdirini yanına çağırmaq istəyəndə, qoca onun əllərindən tutur: “Məni ora-bura salma, qadan alım. Mən kimin yanına gəldiyimi yaxşı bilirəm”.

Daha dillənməyən Əziz doktor xəstəni müayinə edib palataya yerləşdirir. Axşama yaxın oğlanın vəziyyəti xeyli yaxşılaşanda, doktor bir də onun yanına gəlir. Üz-gözü sevinc içində olan qoca, həkimi görüb irəli yeriyir: – Səni bura atan küləklərə qurban olum, a doxtur, balamı sən qaytardın mənə…

Əziz həkimin belə ürəkdən güldüyünü Sabunçu xəstəxanasında hələ görən olmamışdı…

Zəngin və parlaq, vicdanlı və sədaqətli, zəhmət və xidmət dolu bir ömür yolu keçən Əziz Əliyevin müqəddəs xatirəsi bax beləcə hər zaman ürəklərdə yaşayacaq.