Xalq cəbhəsi.-2016.-22 noyabr.-¹211.-S.9.

 

Avropada multikulturalizm böhranının yaratdığı sual

 

İdeologiya, yoxsa həyat tərzi?

 

Əli

 

“Multikulturalizm bir anlayış olaraq yeni, həyat tərzi və mahiyyət baxımından isə qədim tarixə malikdir. Tarixin ilk çağlarından müxtəlif sivilizasiya daşıyıcıları eyni məkanda və ya qonşu ərazilərdə yaşayaraq bir-birləri ilə sıx təmasda olmuşlar. Böyük imperiyaların yaranması ilə bu fərqli mədəniyyət təmsilçiləri bir dövlət daxilində olmaqla daha sıx əlaqələr qurdular. Bəşəriyyət bu əlaqələr nəticəsində fərqliliklərin daha da dərinləşməsi ilə bərabər, hər zaman qarşılıqlı bəhrələnmə, təsir və əks-təsirə şahid olmuşdur. Yəni, müxtəlif mədəniyyətlərin bir-birlərinə təsiri və bəhrələnməsi min illərdir davam edən prosesdir. Nəticədə eyni məkanda fərqli mədəniyyət təmsilçiləri öz mövcudluqlarını qoruyub saxlaya bildikləri üçün müasir dünyamız rəngarəng etno-mədəni koloritə sahibdir”. İqtisad elmləri üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəyli qeyd edib. O bildirib ki, multikultural dəyərlər olmasaydı heç böyük bəşər mədəniyyəti də ola bilməzdi: “Çünki müəyyən sərhədlər daxilində təcrid olunmuş və özünə qapanmış hər hansı bir mədəniyyət tənəzzülə məhkumdur. Qloballaşma dövründə isə heç bir ölkə multikulturalizmin təsirindən kənarda qala bilməz. Günümüzdə multikulturalizmin böhranı və ya süqutu ilə bağlı Qərbdə səslənən fikirlər heç də birmənalı qəbul edilmir. Qərbin bir ideologiya olaraq baxdığı multikulturalizm bir çox yerlərdə, o cümlədən Azərbaycanda həyat tərzi olaraq qəbul olunur. İnsanlar minillər boyu yaşadıqları çoxmədəniyyətli həyatı bir zənginlik kimi qəbul edirlər.

Multukultural dəyərləri müxtəlif mədəniyyətlərə, dinlərə, sivilizasiyalara tolerant münasibət şərtləndirir. Yalnız tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, müxtəlif xalqları birləşdirən dəyərlər sisteminin formalaşmasına səbəb olur. Belə olan halda müasir dünyanı düşündürən aktual sual yaranır. Bu gün Avropa multikulturalizmin məğlubiyyətə uğradığını qəbul və bəyan edir. Qərb cəmiyyətində siyasi liderlər və intellektual dairələr tərəfindən multikulturalizm siyasətinin məğlubiyyətə uğraması ilə bağlı səslənən fikirlər nə qədər realdır? Multikulturalizm Qərb ideologiyası kimi yoxsa bir həyat tərzi olaraq özünü doğrultmamışdır? Bu suallara cavab tapmaq üçün multikulturalizmin Qərb dəyərlərini yaxud bəşəri ideyaları əks etdirməsinə aydınlıq gətirmək lazımdır”.

Onun fikrincə, müasir nəzəri yanaşmaya əsasən multikulturalizm demokratiya, insan haqları, tolerantlıq və digər prinsipləri daşımaqla bu gün daha çox Qərbə məxsus dəyər kimi təqdim olunmağa çalışılır: “Hətta bəzi Avropa mütəxəssisləri bir qədər də irəli gedərək multikulturalizmin məhz Qərbdə yarandığını və multikultural cəmiyyətin ilk növbədə Qərbi Avropa və Şimali Amerikanın demokratik ölkələrində mövcud olduğunu iddia edirlər.

Multikulturalizmi bir həyat tərzi olaraq qəbul edərək biz bu ideyalarla razılaşmırıq. Lakin qeyd etməliyik ki, bu mülahizənin yaranmasında Şərq cəmiyyətlərinin daha qapalı xarakterli olması da rol oynamışdır. Tarixdən məlumdur ki, Şərqdə, xüsusən də Çin, Yapon, Koreya kimi cəmiyyətlərdə bir neçə əsr bundan əvvələdək dövlətlərin rəsmi xarici siyasəti "bağlı qapılar” olu. Əcnəbilərin buraxılmadığı yasaq şəhərlər var idi. İslam dünyası ölkələrində də əcnəbilər üçün məhdudiyyətlər tətbiq olunurdu. Əslində müəyyən mənada həmin ənənə bu gün də davam edir. Müasir dövrün ən çoxsaylı miqrant axınını təşkil edən çinlilər əsrlərdir ki, köçüb getdikləri ölkələrdə özlərinə məxsus həyat tərzlərini kompakt yaşayış yerlərində "çaynataun”larda davam etdirirlər. Əvvəllər bu Çin şəhərcikləri Asiyanın müxtəlif ölkələrində daha məşhur idisə, indi Avropa ölkələrində sayları günü-gündən artmaqdadır. Ancaq nədənsə Şərqdə çinlilərin bu həyat tərzinə dözümlü yanaşırlarsa, Qərb cəmiyyətlərində bu daha çox gələcəyə yönəlmiş təhdid kimi qəbul olunur. Eynilə emiqrant müsəlmanların öz mədəni-dini irslərinə sadiq qalmaları, həyat tərzlərini, davranış və əxlaq normalarını qoruyub saxlamaları Qərb dəyərlərinə zidd hesab olunur”.

Ə.Həbibbəylinin fikrincə, əslində Şərqdəki bu tendensiyaya özünütəcrid deyil, mənəvi dəyərlərin qorunması vasitəsi kimi baxmaq daha doğru olar: “Çünki Şərq özü mədəni müxtəliflik baxımından yetərincə rəngarəngdir və bu çoxmədəniyyətlilik əsrlər boyu qonşu sivilizasiyaların təması üzərində qurulub. Yəni, qonşu sivilizasiya daşıyıcıları olaraq Uzaq Şərqdə Çin-Türk, Çin-Yapon, Çin-Hind, Türk-Hind, Yaxın Şərqdə Türk-İran-Ərəb, Afrikada Ərəb-Bərbər və sadalamadığımız daha neçə nümunələrin ortaq mədəni irsləri fərqli mədəniyyətlərə dözümlülük və birgə yaşayış tərzini əks etdirir. Misal üçün, Hindistanın Aqra şəhərində ucaldılan Tac Mahal abidəsi Türk, Hind və İslam mədəniyyətlərinin səciyyəvi xüsusiyyətlərini özündə daşıyır. Avropada bütün bunların multikultural dəyər kimi nəzərə alınmamağının əsas səbəbi Şərq cəmiyyətlərində qonşu mədəniyyətlərin deyil, məhz Qərb dəyərlərinin qəbul edilməməsi olmuşdur. Bunun da obyektiv səbəbləri var və məsələnin mahiyyətini müstəmləkəçilik siyasətində axtarmaq lazımdır.

Beləliklə, Qərb dəyərlərinin dominantlığı üzərində qurulan multikulturalizmdən fərqli olaraq min illərdir yanaşı yaşayan sivilizasiya təmsilçilərinin çoxmədəniyyətli həyat tərzində böhran müşahidə olunmur. Müxtəlif mədəniyyətlərin paralel mövcudiyyətinə tolerant yanaşmanı həyat tərzi olaraq qəbul edənlər üçün multikulturalizm bəşəri ideya kimi qəbul olunur. Bütün bunların fonunda multikulturalizmin yalnız Qərbə məxsus dəyər hesab edilməsi və ona alternativ olaraq özünütəcrid və ya sivilizasiyaların toqquşması ideyasının təqdim edilməsi birmənalı qarşılana bilinməz.

Multikulturalizm hərfi mənada çoxmədəniyyətlilik, faktiki olaraq isə fərqli mədəniyyətlərin yanaşı və ya birgə yaşayış tərzidir. Nəzəri baxımdan bu anlayışa münasibətdə 2 yanaşma müşahidə olunur: çoxmədəniyyətlilik və Qərbsayağı multikulturalizm. Əsas məqam fərqli mədəniyyət daşıyıcılarının yanaşı mövcudiyyəti yoxsa birgə yaşayış tərzidir.

Qərbdə multikulturalizm müxtəlif dövrlərdə fərqli ideoloji məqsəd daşımışdır. Tarixi ardıcıllıqla baxsaq, multikultural dəyərlər Qərbdə birinci mərhələdə xristian dininə və Papalığa xidmət etmək üçün birləşdirici faktor olaraq nəzərdə tutulmuşdur. Məlumdur ki, Roma imperiyası dövründə katolik kilsəsinin əhatə dairəsi Avropanın və hətta imperiyanın hüdudlarını aşsa da fərqli mədəniyyətlərin simbiozuna səbəb ola bilmədi. Bizansın timsalında pravoslavlığın ayrılması isə kilsənin nüfuzuna daha bir zərbə oldu. Lakin Qərbin vahid dəyərlərinin yaradılması üçün kilsə öz səylərini davam etdirirdi. Xüsusən də orta əsrlərdə Avropa dövlətlərinin bir-birinə qarşı amansız müharibəsi zamanı kilsənin üzərinə birləşdirici missiya daha çox düşürdü. Papalıq müxtəlif Avropa xalqlarının birgəyaşayışını təmin etmək üçün müəyyən mənada çökmüş imperiyanın da vəzifələrini yerinə yetirirdi.

Həmin dövrdə anqlo-saks, german, roman mədəniyyət daşıyıcılarının mədəni simbiozu və birgə yaşayış tərzi imkansız görünürdü. Belə olan halda, bir ideologiya altında birləşmək üçün kənarda vahid düşmən və düşmənə qarşı birgə mübarizə Papalığın taktiki gedişi oldu. Səlib müharibələrinin başlıca səbəblərindən biri də bu idi. Düşmən obrazında İslam dini daşıyıcılarının qəbul edilməsinə isə dinlərarası ədavət kimi də baxmaq lazımdır. Kilsənin hamiliyi altında Avropada simbioz təşkil edə bilməyən müxtəlif xalqlar səlib yürüşlərində vahid düşmənə qarşı mübarizədə mədəni yaxınlıq və qarşılıqlı təsir baxımından müəyyən məsafə qət etmiş oldular. Doğrudur, sonrakı hadisələr göstərdi ki, mədəniyyətlərin qarşılıqlı təsiri hələ dinc yanaşı yaşamaq anlamı vermir. Avropada yüzillik müharibə, xristian kilsəsinin parçalanması, Müqəddəs Roma imperiyasının dağılması, dünya müharibələri bu deyilənlərin əyani təsdiqidir. Lakin bütün hallarda multikulturalizmin Qərb modelinin formalaşmasında birinci mərhələni dini birlik kimi xarakterizə etmək olar. Artıq uzun əsrlərdir ki, xristianlıq Qərb sivilizasiyasının əsas mənəvi dəyərinə çevrilmişdir. Eyni zamanda, ola bilsin ki, məhz xristianlıq Qərb sivilizasiyasının nüvəsini təşkil etdiyi üçün bu gün multikulturalizmin Qərb modelini ayrıca fərqləndirməli oluruq”.