Bakı xəbər.-2016.-15 noyabr.-№206.-S.15.
Almanlar Azərbaycanda - tolerantlığın daha bir təzahürü...
İradə SARIYEVA
Tolerantlıq, multikulturalizm ünvanı kimi özünə şöhrət qazanan Azərbaycan Respublikasında müxtəlif millətlərin, dinlərin nümayəndələri yaşayır. İki əsrdir ölkəmizdə yaşayan almanlar buranı özlərinə doğma ana qucağı bilir.
Azərbaycan xalqı ilə qardaşlıq, dostluq şəraitində yaşayan almanlar İkinci Dünya Müharibəsinin başlanması nəticəsində Azərbaycandan kənara sürgün edilib. Onlar özlərindən sonra ölkəmizin müxtəlif yerlərində dərin izlər qoyub. Məlum olduğu kimi, 2016-cı il Prezident İlham Əliyevin Sərəncamı ilə respublikamızda "Multikulturalizm ili" elan edilib. Multikulturalizm ili çərçivəsində ölkəmizin ayrı-ayrı bölgələrində geniş tədbirlər keçirilir.
30 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərəncam imzalayıb.
Sənəddə qeyd edilir: "Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır. Məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya Müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlamışdır. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları isə Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermişlər.
2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi təqdirəlayiqdir".
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə müxtəlif qurumlara göstəriş verib. Sənəddə tədbirlər planının geniş və əhatəli hazırlanması Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına həvalə edilib. Multikulturalizmi dövlət siyasətinə çevirən Azərbaycan dövləti müxtəlif xalqların rifahına da çalışır. Almanlar Azərbaycan ərazisində tarixi binalar inşa edib və abidələr onların izlərini əks etdirir.
Tədqiqatçılar yazır ki, almanlar Qafqaz bölgəsində məskunlaşan bir subetnik qrupdur. Onlar əsasən XVIII-XIX əsrlərdə indiki Şimali Qafqaz, Gürcüstan, Azərbaycan, Ermənistan və Qars (Türkiyə) ərazisinə köçüb gəliblər.
Mənbələrin yazdığına görə, Şimali Qafqazın ilk alman sakinləri Rusiyanın Volqaboyu bölgəsindən köçənlər idi. Çar hakimiyyəti 1774-cü ildə Osmanlı imperiyasından alınan və əhalisi olduqca az olan Kubana mümkün qədər çox Rusiya vətəndaşı yerləşdirməyə çalışırdı. Lakin bölgənin iqlimi, inkişaf etməyən infrastrukturu və yerli hərbi hissələrin qeyri-ruslara qarşı mənfi münasibəti alman mühacirətinə mane olurdu. XIX əsrin ikinci yarısında, Rusiyanın kapitalist sisteminə addımlaması dövründə Şimali Qafqazda almanların sayı olduqca artdı. Əsasən kənd təsərrüfatı ilə məşğul olan bu mühacirlər nəinki Volqaboyudan, habelə Qara dəniz sahillərindən və hətta Almaniyanın özündən köçüb gəlirdilər. 1917-ci ildə burada 200-dən artıq alman koloniyası mövcud idi. Sürgün zamanı Şimali Qafqaz almanlarının sayı 160 mindən çox idi.
Məlumata görə, Cənubi Qafqaza gəlincə, buranın ilk alman koloniyası bugünkü Gürcüstan ərazisində salınıb. 1818-ci il sentyabrın 21-də çar I Aleksandrın dəvətilə Qafqaza köçən Vürtemberq kəndçiləri və münşəqləri Tiflis yaxınlığında Marienbaum adında şəhərcik saldılar. Növbəti il ərzində Avropadan köçən almanlar daha 5 koloniya qurur: Elizabettal, Yeni Tiflis, Aleksandrdorf, Petersdorf və Katarinenfeld (indiki Bolnisi).
Məlumatlara görə, Tiflis və onun ətrafları Cənubi Qafqaz almanlarının qeyri-rəsmi mədəni mərkəzi idi. 1906-1922-ci illərdə burada alman dilidə buraxılan "Kaukasische Post" qəzeti çap edilirdi. Bu, Qafqazın yeganə alman ruznaməsi idi. Mənbələr yazır ki, 1918-ci ildə Gürcüstanda alman kəndlərinin sayı 20-dən yuxarı idi. 1941-ci ildə sovet hakimiyyəti buradan 20.423 etnik alman sürgün edib.
Azərbaycan almanları haqqında yazan tədqiqatçılar vurğulayır ki, 1819-cu ilin yayında Tiflisdən Yelizavetpola (Gəncəyə) köçən 194 alman ailəsi Şamxor (Şəmkir) yaxınlığında Helenendorf və Annenfeld adlı iki koloniya saldı (almanların sürgünündən sonra Helenendorf inqilabçı Xanlar Səfərəliyevin şərəfinə Xanlar adlandırılacaq, Annenfeld isə Şəmkirlə birləşəcək). Sonralar Gəncə və Qazax qəzalarında salınan koloniyalar Georqsfeld (1888, indi Şəmkir rayonunun Çinarlı qəsəbəsi), Alekseyevka (1902), Qrünfeld (1906, indi Ağstafa rayonunun Həsənsu kəndi), Ayxenfeld (1906, indi Şəmkir rayonunun İrmaşlı kəndi), Traubenfeld (1912, indi Tovuz şəhəri), Yelizavetinka (1914, indi Ağstafa şəhəri) və Marksovka (1920-ci illər, sonralar Ağstafa ilə birləşib) idi. Onların əhalisi ilk koloniyalar sakinlərinin nəslindən ibarət idi. Helenendorfda yerləşən almanlardan bir neçə ailə Goranboy rayonunun Todan kəndi yaxınlığında məskunlaşdılar. Hazırda da almanların yerləşdiyi həmin yerlər yerli əhali tərəfindən "Lemsə bağı", "Lemsə bulağı" kimi tanınır. Tədqiqatçılar yazır ki, 1918-ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı cəmi 6 min nəfər idi. Onların əsas peşəsi əvvəllər əkinçilik, sonralar isə şərabçılıq idi. Təkcə helenendorflu Forer və Hummel qardaşları tərəfindən buraxılan çaxır bütün Qafqaz bölgəsində buraxılan çaxırın 58 %-ni təşkil edirdi.
XIX əsrin sonu-XX əsrin əvvəli Cənubi Qafqaz almanlarının əksəriyyəti etirazçılığa (protestantlığa) etiqad edirdi. Azərbaycanın ilk etirazçı kilsəsi məhz Helenendorfda 1857-ci ildə tikilib. Sonralar lüteran kilsələr Gədəbəydə (1868), Şamaxıda (1869), Bakıda (1897) və Annenfelddə (1911) də tikilib.
Azərbaycan Demokratik Respublikası dövründə yerli almanlar ilk koloniyanın salınmasının 100 illiyini təntənə ilə qeyd etdilər. 1941-ci ildə sovet hakimiyyətinin əmrilə 22.841 alman Azərbaycandan çıxarılaraq SSRİ-nin Asiya bölgələrinə sürgün edilib. Vurğulayaq ki, Şimali Qafqaz və Gürcüstandakı kimi, bütün alman mənşəli şəhər və kənd adları rus və Azərbaycan adları ilə əvəz edilib.
Tədqiqatçılar yazır ki, Azərbaycan və Gürcüstandan fərqli olaraq, alman mühacirləri indiki Ermənistan ərazisində yaşayış məntəqəsi qurmayıb. Əsasən sovet dövründə İrəvanda məskunlaşıblar. Tarix boyu bu ölkədə onların sayı 500-dən artıq olmayıb. 1941-ci ildə buradan 212 alman köçürülüb.
Qeyd edək ki, 1878-1918-ci illərdə Rusiya tərkibində olan Qarsda aktiv mühacirət prosesləri baş verirdi. Mühacirlərin əksəriyyəti isə bölgəni tərk etmiş müsəlmanların yerini alan və hakimiyyət dəstəyi ilə məskən salan məsihilər: ermənilər, ruslar, aysorlar, yunanlar, polyaklar və almanlar idi. 1891-ci ildə burada Petrovka adlı ilk alman kəndi yaranıb. Birinci Dünya Müharibəsindən bir az əvvəl daha iki kənd (Vladikars və Estonka) salınıb. Burada baş verən hərbi əməliyyatlardan və təhlükədən canını qurtaran almanlar müharibənin sonundan öncə Azərbaycana qaçıb, oradakı Ayxenfeld koloniyasında məskunlaşıb.
Məlumatlara görə, almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olmuşlar. Azərbaycan Demokratik Respublikası parlamentinin milli azlıqlar fraksiyasının 4 üzvündən biri əslən alman olan Lorens Kun idi. Lorens Kun 1884-cü ildə Yelenendorf şəhərində anadan olub və bir müddət burada fəaliyyət göstərib. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kun da parlamentə qoşulub. O, Azərbaycan almanlarını təmsil edirdi.
Azərbaycanda yaşayan almanlara ölkəmizdə hər zaman böyük qayğı, diqqət göstərilib.
Bilirik ki, respublikamızın ərazisində alman mədəniyyətinin inciləri yaşayır. Bura Alman Lüteran Kilsəsi abidələrini aid etmək olar. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran Kilsəsi ilə tanış olub. Mərasimdə məlumat verilib ki, kilsədə bərpa işlərinə 2012-ci ilin mayında başlanıb və 2013-cü il iyun ayının sonunda başa çatdırılıb.
Məlumatlara görə, 1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə uzun illərdən sonra yenidən bərpa olunub, ərazisi abadlaşdırılıb və park salınıb. Parkda rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb, uşaq attraksionları quraşdırılıb. Binada müxtəlif dini ayinlərin təşkili üçün zal da var. Lüteran Kilsəsinin bərpası və əsaslı təmiri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib. Kilsənin ərazisi 10 hektardır.
Bildirilib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində aparılan yenidənqurma işləri tarixi keçmişimizə və dini-mənəvi dəyərlərimizə himayədarlıq missiyasının daha bir əyani nümunəsidir. Şəmkirdə əsaslı bərpa olunan Alman Lüteran Kilsəsi bu amala xidmət edir.
Bakıda yerləşən Kirxa kimi tanınan Xilaskar kilsəsinin memarı 24 yaşlı alman Adolf Eyxler olub. Neoqotika üslubunda tikilən bina o dövrdə Bakının ən nadir memarlıq incilərindən sayılırdı. Sovet dönəmində bir çox dini ibadət ocaqları kimi, bu kilsənin də fəaliyyəti dayandırılıb, hətta bəzi hallarda bina sökülmək təhlükəsi ilə üzləşib. Müstəqillik illərində isə kilsə Nazirlər Kabinetinin qərarı ilə "Kamera və orqan musiqisi zalı" adlandırılaraq, Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilib. Məlumatlara görə, baxımsızlıq üzündən binanın tavanı, demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa işləri aparılıb. Hazırda əvvəlki əzəmətinə qaytarılan kilsədə XIX əsrin əvvəllərində Azərbaycanda məskunlaşdırılan alman ailələrinin varisləri və lüteranlıq inancına sahib insanlar dini ayinlərini sərbəst şəkildə yerinə yetirir.
Xilaskar kilsəsinə təkcə dini ibadət üçün deyil, eyni zamanda orqan ifasını dinləmək üçün də gələnlər olur. 1900-cü ildə burada quraşdırılan orqan kilsənin təmiri zamanı Avropadan dəvət olunan mütəxəssislər tərəfindən bərpa edilib. Əbəs yerə deyil ki, kilsə hazırda Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalı kimi fəaliyyətini davam etdirir.
Göygöl rayonunda Alman Lüteran Kilsəsi mövcuddur. Tarixi memarlıq abidəsi kimi tanınan kilsə dövlət tərəfindən mühafizə olunur. Tədqiqatçılar yazır ki, Lüteran Kilsəsi 1854-cü ildə almanlar tərəfindən tikilib, 1857-ci ildə istifadəyə verilib. O dövrdən 1941-45-ci illərdəki müharibəyədək kilsə kimi fəaliyyət göstərib. Almanlar buradan sürgün olunandan sonra müxtəlif məqsədlər üçün istifadə edilib. Hərbi hospital və idman məktəbi kimi fəaliyyət göstərib. 2005-ci ildən isə Göygöl Rayon Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyətdədir.
2008-ci ildə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən əsaslı şəkildə təmir edilən kilsənin təmiri üçün 250 min avro xərclənib. Göygöl rayonunda almanların dini mərkəzləri olan, hazırda Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən Müqəddəs Yelena Kilsəsi Göygölün tarixi rəmzinə çevrilib.
XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanların əksəriyyəti protestantlığa etiqad edirdi. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə məhz Helenendorfda (Göygöl ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi.
Şəmkirdə yerləşən kilsənin 100 ildən çox yaşı var. Abidənin dam örtüyü yenilənib. Bunun üçün qırmızı keramitdən istifadə olunub. Bu kilsə XIX əsrdə Şəmkir şəhərində məskunlaşmış almanlar tərəfindən 1909-cu ildə inşa edilib. Sonradan almanlar Şəmkiri tərk etdiyindən, kilsədən müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün istifadə olunub. Burada Azərbaycanda çox nadir rast gəlinən musiqi aləti - orqan da var.
Gəncə Alman Lüteran Kilsəsi Azərbaycandakı tarixi abidələrdən biridir. Məlumata görə, bu kilsə XIX əsr tarix-memarlıq abidəsidir. Bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilib. Belə ki, 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Gəncə vilayətinə almanlar köçürülüb. 1818-ci ildə Gəncəyə gətirilən almanların bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad xana məxsus, 1813-cü ildə müsadirə edilən 4498 desyatin torpaq sahəsi verilib. Gəncədə almanlar 1941-ci ilin avqustuna kimi yaşayıb. 1897-ci il məlumatına görə, Gəncə qəzasında 3086, şəhərdə isə 103 nəfər alman yaşayırdı. Təbii ki, uzun müddət Gəncədə yaşayan almanlar burada öz dini ibadət ocaqlarını inşa etmişlər. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina pravoslavların istifadəsinə verilib. Tikintidə əsasən tuf daşından istifadə olunub. Binanın ümumi sahəsi 650 m-dir, 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilən bu binada hazırda Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.
Almanlar Azərbaycana, azərbaycançılığa, multikulturalizmə böyük töhfələr verib. Onlar ölkəmizdə sevgi, sayğı ilə əhatə olunub. Azərbaycan almanlarının tariximizdə qoyduğu izlər çox dəyərlidir və bu, dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir.