İki sahil.-2016.- 9 noyabr-¹ 206.-S.12.
Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi - Azərbaycan bayrağı
Hamı bu bayraq altında birləşməlidir
Ramiz Qasimov
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi
Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar, heysiyyətində qürrəlik hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox, insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikası Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.
Azərbaycan Xalq Cümhuriyyətinin qaldırdığı müstəqillik rəmzi...
Üçrəngli Dövlət Bayrağımız ilk dəfə Şərqdə parlamentli, demokratik respublika kimi şöhrətlənən Azərbaycan Xalq Cümhuriyyəti zamanında qaldırılıb. Üstündə ay-ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklük, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng İslam sivilizasiyasına məxsusluq anlamı daşıyır. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə qayıdan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib.
Naxçıvanda qaldırılan və əbədiyyətə qovuşan bayraq...
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız da endirildi. Bir də 72 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başlayır. Düz 72 il sonra dahi lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq, məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması, eləcə də varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Məhz dahi, uzaqgörən dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həyata keçirdiyi tədbirlər və aldığı qərarlar sonralar müstəqil Azərbaycanın milli dövlətçilik fəaliyyətinin təməlini təşkil etmiş, milli dövlət quruculuğunun əsasında dayanmışdır.
Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycanın dövlətçilik yoluna çevrilib. Üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başladılan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSRİ Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən, üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.
Ən uca, ən ali dəyər...
Dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın qeyri-daimi üzvü olan, sülhməramlı tədbirlərdə iştirak edən dövlətimiz üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın milli simvolu kimi yaddaşları fəth edir, əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər üfüqlərini özündə təcəlla etdirir. Yüksələn, dalğalanan hər ölkədə bayrağımız siyasi qələbəmizin təntənəsi kimi hər birimizə qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik, birlik rəmzi kimi dalğalanır. Ulu öndərimiz demişdir: "Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun”.
Ən doğru yol, zirvə yolu – Heydər Əliyev yolu
Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kurs və dövlətçilik fəlsəfəsidir. Bu baxımdan, ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalaması da Dövlət Bayrağına hörmət və ehtiramın yüksək ifadəsidir. 2010-cu ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət hisslərini daha da alovlandırır. Meydandakı bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Bütün bunlar isə qüdrətli dövlətin və müstəqilliyinə hakim bir gücün təzahürü olaraq, Azərbaycan vətəndaşına iftixar gətirir. Azərbaycanın dövlət başçısının həmin meydandakı çıxışı isə bütün azərbaycanlılarda gələcəyə böyük inam və qələbə ümidi yaradır. Ölkəmizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Bu bayraq bizim milli dəyərimizdir. ...Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev dəst-xəttinə uyğun olaraq dövlət rəmzlərinin təbliğ olunması, hörmət və ehtiramla qarşılanması həmişə diqqət mərkəzində saxlanılıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin dövlətçilik təlimi uğurla davam və inkişaf etdirilir. Dövlət atributlarının təbliği də başlıca yerdə dayanır. Naxçıvan Muxtar Respublikasında Bayraq Meydanının yaradılması istiqamətində aparılmış işlər də razılıq doğurur. Belə ki, "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 avqust 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin ən hündür və gözəl yerində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır.
Naxçıvan şəhərində inşa edilmiş Bayraq Meydanının mərkəzindəki bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunmuşdur. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilmişdir.
Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən Milli Qəhrəman və şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.