Bakı Xəbər.-2016.-30 yanvar.-¹ 18.-S.15.
Azərbaycançılıq ideyası dövlətçilik ideologiyası kimi…
İradə Sarıyeva
Azərbaycançılıq ideyasının, ideologiyasının bir neçə cəhətinin mövcud olduğu bəllidir. Müasir dövrdə azərbaycançılıq ideyasının bir ideologiya kimi elmin, mədəniyyətin, dövlətçiliyin, milli müxtəlifliyin ruhuna köçməsi müşahidə edilir. Mövzumuzla bağlı Nizami Cəfərovun, Vüqar Sərdarovun, Altay Cəfərovun birgə hazırladığı məqaləyə nəzər salaq. Yazıda qeyd edilir ki, hər bir xalq tarix səhnəsinə çıxa-çıxa öz milli ideologiyasının etnoqrafik əsaslarını da yaradır, bunu şah əsərləri olan eposlarında, dahi mütəfəkkirlərinin yaradıcılığında, böyük qəhrəmanlarının, xüsusilə dövlət xadimlərinin fəaliyyətində əks etdirir:
“Azərbaycançılıq Azərbaycan xalqının əvvəla dərin etnoqrafik kökləri olan, ikincisi, müəyyən tarixi dövrdə-XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşan və ya formulə olunan, nəhayət, kifayət qədər mürəkkəb və zəngin bir təkamül tarixi keçən milli ideologiyasıdır. Bu ideologiya türkçülük, islamçılıq və müasirlik kimi üç üzvi tərkib hissədən ibarətdir. Azərbaycançılıq ideologiyası geniş mənada tarixən təşəkkül tapıb, XIX əsrin sonu-XX əsrin əvvəllərində ilkin formalaşdıqdan sonra dövrümüzədək mürəkkəb, ziddiyyətli, lakin mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən, ardıcıl, davamlı bir təkamül yolu keçib. Fikrimizcə, onun aşağıdakı mərhələləri mövcuddur: XX əsrin 20-ci illərinin əvvəlləri-30-cu illərin sonları; 30-cu illərin sonları-70-ci illərin əvvəlləri; 70-ci illərin əvvəlləri-80-ci illərin sonları; 80-ci illərin sonları-XXI əsrin 10-cu illərinin əvvəlləri; son illər.
Hər hansı milli ideologiya o zaman mükəmməl hesab oluna bilər ki, o, xalqın ruhundan, mentalitetindən, tarixi “tərcümeyi-hal”ından irəli gəlsin. Azərbaycançılıq ideologiyası məhz bu baxımdan, həqiqətən, müasir dünyanın ən mükəmməl ideologiyalarından biridir. Bu ideologiyanın min illərlə ölçülən çox dərin etnoqrafik köklərilə yanaşı, kifayət qədər əsaslı və mütəşəkkil metafizikası da mövcuddur. Belə ki, azərbaycançılıq ideologiyasının mahiyyətində, fəlsəfəsində üç tamamilə humanist və insan cəmiyyətinin təbii şəkildə, “müdaxiləsiz” yaratdığı dəyərlər komponenti və ya kompleksi ifadə olunur: etnik mənsubiyyət; dini mənsubiyyət; dünyəvi mənsubiyyət. Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Yalnız o var ki, Azərbaycan xalqı da digər normal xalqlar kimi, müəyyən bir etnik mənşəyə, dini dünyagörüşünə mənsubdur və müasir dünyanın üzvi tərkib hissəsidir. Azərbaycançılıq ideologiyasının tarixi məzmununu, fəlsəfəsini aydın dərk və ya ən azından, təsəvvür etmək üçün, fikrimizcə, üç mühüm məqama diqqət yetirmək lazım gəlir: birincisi, etnoqrafik qaynaqlar; ikincisi, təşəkkül dövrü; üçüncüsü, təkamül mərhələləri. Azərbaycançılıq ideologiyasının təkamülü baxımından ən mühüm hadisə ondan ibarətdir ki, XX əsrdə “Azərbaycan” anlayışı həm siyasi, həm də intellektual-mədəni baxımdan kütləviləşib. Təhsilin, maarifin təşviq edilməsi, yayılması bunda böyük rol oynayıb. Lakin sovet dövründə kommunist ideologiyası ilk iki mərhələdə: türkçülüyə qarşı mübarizə mövqeyindən antitürkçülük səviyyəsinə qalxıb; ateizm hərəkatı gücləndiyindən, müsəlmançılıq “dindarlıq” səviyyəsində inkar olunub; müasirlik dedikdə “yeni”-sosialist həyat tərzi başa düşülüb. Azərbaycançılıq ideologiyasının təkamül tarixində nəzəri-praktik baxımdan önəmli olan üçüncü mərhələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayır, 80-ci illərinin sonlarında başa çatır. Bu, Heydər Əliyev mərhələsidir. Öz rəhbərlik fəaliyyəti və mübarizələri ilə Azərbaycan xalqının lideri səviyyəsinə yüksələn Heydər Əliyev “mərkəz”in bütün gözəgörünən və görünməyən yasaqlarına baxmayaraq, İttifaq miqyasında “yumşalma” dövründən gələn inersiyanı Azərbaycanda milli özünüdərk və özünütəsdiq prosesinin daha da güclənməsinə istiqamətləndirib. O, həqiqi milli lider olaraq, xalqın gələcək müstəqilliyi üçün hər cür-iqtisadi, siyasi, mədəni-mənəvi potensialın yaranmasını təmin edib”.
Tədqiqatçılar qeyd edir ki, azərbaycançılıq ideologiyasının təkamül tarixinin dördüncü mərhələsinin əvvəllərində Sovetlər Birliyinin dağılması, ümumən dünyada gedən qlobal ictimai-siyasi proseslər Azərbaycanı müstəqillik yollarına çıxardı. İlk illərdə-80-ci illərin sonu-90-cı illərin əvvəllərində ölkədə böyük faciələr, dağıntılar baş versə də, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsilə respublika, sözün geniş mənasında, bəlalardan xilas oldu: “Azərbaycan xalqının ümummilli lideri azərbaycançılıq ideologiyasının təkamül tarixinin üçüncü mərhələsində başladığı işləri dördüncü mərhələdə – müstəqillik illərində daha inamla davam etdirdi. Ən mühüm tarixi hadisə o oldu ki, ulu öndər azərbaycançılığı müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyasına çevirdi. Ümumiyyətlə isə, müstəqil dövlətimizin memarı və qurucusu azərbaycançılıq ideologiyasının həm həyata keçirilməsi, həm də zənginləşməsi üçün qlobal perspektivlər müəyyənləşdirdi. Azərbaycançılıq ideologiyasının təkamül tarixində beşinci mərhələ öz başlanğıcını XXI əsrin ikinci onilliyinin əvvəllərindən alır. Bizim günlərdə xüsusi inam və böyük enerji ilə davam edən həmin mərhələ İlham Əliyev mərhələsidir. Müşahidələr və araşdırmalar göstərir ki, müasir mərhələdə azərbaycançılıq ideologiyasının İlham Əliyev mərhələsinin təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir. Bunlar əsasən aşağıdakılardır:
Birinci əlamət həmin ideologiyanın tarixinin bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş bir şəkildə artmasıdır. Bu gün ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni şərait imkan verir ki, azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında, necə varsa, o cür araşdırılıb öyrənilsin. Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də mühacirətdə biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərib. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılıb, hətta tamamilə unutdurulması üçün hər cür cəhdlər edilib, az-çox təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə, məsələn, liberal vətənpərvərliyə yönəldilməklə amorflaşdırılıb və ya simasızlaşdırılıb. Mühacirətdə isə sosial bazası olmayan romantik xəyallara çevrilib. Bütün hallarda, Azərbaycan xalqının milli ideallarının qarşısını həm adminstrativ-aqressiv, həm diplomatik-aldatma, həm də ekspressiv-şirnikləndirmə yolları ilə məhz sovet-sosialist ideologiyası kəsib. Lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq, yaddaşlardan silmək mümkün olmayıb.
İkinci əlamət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla, intellektual-analitik həssaslıqla yanaşılmasıdır. Bu ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan iki təkamül mərhələsinin müəllifi və lideri olmaqla yanaşı, bu gün davam edən beşinci mərhələsinin perspektivlərini də müəyyənləşdirib. Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması azərbaycançılıq ideologiyasının, milli ideallarımızın təntənəsi deməkdir. Heç də təsadüfi deyil ki, bugünkü siyasi leksikonda “heydər Əliyevçilik” anlayışı “azərbaycançılıq” anlayışının yeni tarixi şəraitdəki məzmununu və mahiyyətini ifadə edir.
İstər sovet dövrünün məlum və mürəkkəb şərtləri daxilində, istərsə də müstəqillik dövrünün ondan da mürəkkəb və ziddiyyətli illərində ümummilli lider Azərbaycanı-Azərbaycan və Azərbaycan xalqını-Azərbaycan xalqı edəcək bütün milli-mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi üçün zəruri tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə və qürurla “bizim siyasətimiz – bizim işimizdir” deməsinə əsas verə bildi.
Üçüncü əlamət, heç şübhəsiz, azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata keçirilməsidir. Bu məsələ ona görə çox əhəmiyyətlidir ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə gah türkçülüyə, gah müsəlmançılığa, gah da müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olub. Bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyanın, mütəşəkkilliyin süni olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazıb. Prezident İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir.
İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. İlham Əliyevin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.
Eyni zamanda, bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır. Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün Azərbaycanda klassik formulunda və tipologiyasında tətbiq edilməklə qalmayıb, mərhələnin və dövrün tələblərinə uyğun olaraq yaradıcılıqla yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, humanist və uzaqgörən, mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli siyasətin nəticəsidir. Dördüncü əlamət müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm hesab oluna bilər. Nə üçün? Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də gələcək (perspektiv) çox müxtəlif – biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz. Azərbaycan xalqı və dövlətçiliyi azərbaycançılıq ideologiyasının tətbiqini, müdafiəsini və inkişaf etdirilib təkmilləşdirilməsini dünya miqyasında qaynar ideoloji proseslər kontekstində gerçəkləşdirir. Bu proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, təsdiq də edə bilməz. Beşinci əlamət Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılmasıdır ki, bunun müsbət nəticələrini görməmək mümkün deyil. Tarixi tale elə gətirib ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən-biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən-dördü öz tarixi Vətənində min illərlə necə məskun olmuşdursa, bu gün də elə yaşayır”.
Tədqiqatçıların yazdığına görə, azərbaycançılıq ideologiyasının təkamülünün İlham Əliyev mərhələsi həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan-Dünya dialoqunun zəngin təcrübəsinin qazanılmasıdır. Bu isə, ilk növbədə, o deməkdir ki, azərbaycançılıq ideologiyası və Azərbaycan xalqının milli idealları, bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb “özümüz deyib, özümüz eşidək” prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan və dünya təfəkkürü mövqeyindən görünüb etiraf olunur. Tarixi və cari rəqibləri açıq mübarizəyə çəkir, onların hansısa gizli “laboratoriyalar”da hazırlanmış məkrli planlarını alt-üst edir: “Beynəlxalq “dialoq”lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir. Səkkizinci əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli özünüifadə və özünütəsdiq metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir. Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasını gənc nəslin bu qədər kütləvi və intellektual səviyyədə mənimsəməsi heç bir mərhələdə mümkün olmayıb.
Doqquzuncu əlamət Azərbaycanın regionda, ümumən beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyukturluluğu ilə tanınan dünyanın “haqq-hesab”ından kənarda qalıb təcrid olunmaması kimi məsələləri əhatə edir. Bu əlamətin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara yiyələnib, hər hansı “gözlənilməz” ideoloji hücumlara qarşı müqavimət (hətta əks-hücum) “immunitetlər”i qazanıb. Onuncu əlamət, nəhayət, azərbaycançılıq ideologiyasının təkamülünün İlham Əliyev mərhələsində həmin məfkurənin inkişafı üçün geniş perspektivlərin təmin edilməsidir. Bu isə milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Azərbaycançılığın qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyuktur müdaxilə yoxdur.
Azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.