Bakı xəbər.- 2014.-9 iyul.- ¹ 118.- S. 10.

 

Arxeoloji mədəniyyət abidələrimiz xalqımızın milli tarixini və maddi-mənəvi irsini əks etdirir

 

İradə Sarıyeva

 

İçəri Şəhər - yaddaşımızın daş abidəsi...

 

Azərbaycan ərazisində hələ qədimlərdən tikinti-quruculuq işlərinə böyük önəm verilib, burada yerli memarların əlilə yüzlərlə qala, istehkam inşa edilib. Milli memarlıq üslubunda gözəl şəhərlər, kəndlər salınıb. Hazırda Şimali Azərbaycanda yüzlərlə abidə saymaq olar ki, onların varlığı bizə qürur gətirir. Məlumatlara görə, bu abidələrdən bir neçə qat artığı Cənubi Azərbaycandadır. Onlar xalqımızın memar övladları tərəfindən yaradılaraq günümüzə əmanət edilib. Təbiətin özü və memarlar tərəfindən yaradılan tarixi əhəmiyyət daşıyan abidələr hər bir xalqın formalaşmasına müsbət təsir göstərir, milli-ideoloji təkamül prosesinin gedişini sürətləndirir. Azərbaycan torpağında keçən nəsillərdən yadigar qalan hər bir abidə, şəhər, heykəl, qayaüstü rəsm, folklor və etnoqrafiya örnəkləri azərbaycançılıq ideologiyasına xidmət edir. Böyük Azərbaycan şairi Səməd Vurğun yazırdı:

Hər saxsı parçası, hər məzar daşı

Tarixdən-tarixə bir yadigardır.

Qədirbilənliklə səslənən bu ifadə özündə minilliklərin sorağını gizlədir. Azərbaycan abidələr diyarıdır. Bunu məmləkətimizə qonaq gələnlər də təsdiqləyir. Yalnız Bakıda böyük tarixi çəkisi olan 50-yə yaxın abidə var. Bakının mərkəzində yerləşən İçəri Şəhər Tarix Memarlıq Qoruğu belə abidələrdəndir. Bu abidə həm də öz qucağında bir neçə tarixi abidəni mühafizə edir. Milli tariximizin canlı səhifəsidir İçəri Şəhər. Mədəni irsimizin pərvəriş tapıb yüksəldiyi yerlərdən biridir. İçəri Şəhər öz milliliyi, tarixi yeri, əhəmiyyətilə bizi keçmişə bağlayır, bu ulu sevgini qoruyan bir ünvandır. Heç kəsin buna şübhəsi yoxdur. Təsadüfi deyil ki, tarixin bir çox dönəmlərində şəhərimizə gələn qonaqlar yolunu birmənalı olaraq şəhərsalma və milli memarlığımızın beşiklərindən olan İçəri Şəhərdən salıb.  Abidələr məkanıdır bura. Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir.

Tanınan rəssam, İçəri Şəhər təəssübkeşi Mir Teymur Məmmədovun fikrincə, bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. O hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksi kimi öz varlığını qoruyur: "İçəri Şəhər tarixi böyük olan yaşayış ünvanıdır. Burada zaman-zaman mədəniyyət inkişaf edib və buradan dünyaya yayılıb. Xalqımızın mənəvi sərvəti olan İçəri Şəhər bir neçə ildir ki, YUNESKO-nun tərtib etdiyi Dünyanın Mədəni İrs Siyahısına salınıb və bu çox əhəmiyyətlidir. Ona görə ki, bu mötəbər təşkilat bu şəhərin qorunmasına yardım edəcək. Digər tərəfdən, gələcək nəsillər görəcək ki, İçəri Şəhər unikal bir abidədir və onu sevəcək. Vətənin daşını, torpağını, abidələrini sevə bilmirsənsə, milli məfkurəyə də bağlı ola bilməzsən". 

Qeyd edək ki, İçəri Şəhər kompleksi Xəzər dənizinin sahilində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunub. Sahəsi 22 hektar olan ərazidə yerləşir. İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, bu ərazidə insanlar hələ tunc dövründə məskunlaşıb. Bura XIX əsrədək bir neçə minlik məhəllədən ibarət olub və elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız Qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir. Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300 ailə yaşayır. İçəri Şəhər tarixən ümumi əlamətlərlə birləşən bu məhəllələrdən ibarətdir: Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və s. Şəhərə Şamaxı (XII əsr) və Salyan darvazalarından daxil olmaq olardı. XIX əsrin axırlarında daha bir neçə darvaza tikildi. Müxtəlif vaxtlarda inşaatçılar və arxeoloqlar yeraltı keçidlər aşkar edib. İçəri Şəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb, 2000-ci ilin dekabrında Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına salınıb. Azərbaycanda YUNESKO-nun Dünya Mədəni İrs Siyahına Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri Şəhər və Qobustan qayaüstü incəsənət nümunəsi salınıb. Xatırladaq ki, Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə YUNESKO-ya üzv qəbul edilib, 1996-cı ildə isə YUNESKO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bakı şəhərinin tarixi mərkəzi olan İçəri Şəhər memarlıq kompleksinin 2000-ci ilin dekabr ayında Dünya Mədəni İrs Siyahısına salındığı məlumdur. Qobustan Dövlət Tarix və Bədii Qoruğu isə 2007-ci ilin yazında Dünya Mədəni İrs Siyahısına düşüb.

Məlumdur ki, İçəri Şəhərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun Muzeyi, Azərbaycan Milli Ensiklopediyasının Ensiklopedik Mərkəzi yerləşir. Məhəllədə məhsulları oradakı sərgi salonunda nümayiş etdirilən xalça sexi də yerləşir. İçəri Şəhər son illər restavrasiya edilərək xalqımızın ixtiyarına verilib. Burada xoşagələn hallardan biri qədimlərdən miras qalan bir sıra sənət növünün yaşaması üçün yaradılan şəraitdir. İçəri Şəhərə daxil olanda elə bilirsən ki, sehrli bir aləmə düşübsən, burada qədimliklə müasirlik vəhdət təşkil edir. Azərbaycan mədəniyyətinin, məişətinin, xalq sənəti nümunələrinin satıldığı çoxlu dükan və köşklər də var İçəri Şəhərdə. İçəri Şəhər mədəniyyət məbədi olmaqla yanaşı, həm də tarixin yaşadığı bir məkandır. Burada ilk arxeoloji tədqiqatların başlanması xalqımızın mədəniyyəti, arxeologiyası üçün sirr qalan çox faktların üstünü açdı. Arxeoloqlar bildirir ki, 1970-ci ildə İçəri Şəhərin şimal tərəfində (Kiçik qala küçəsi) ev uçurulub və evin yerində 80 kvadratmetr sahədə aparılan arxeoloji qazıntı işləri zamanı 2 metr dərinlikdə qədim Bakının XII-XIII əsrlərə aid bir neçə təsərrüfat tikilisindən və kiçik həyətin daş divarlarından ibarət yaşayış evinin qalıqları üzə çıxarılıb. Həyətdə təndirlər, ətrafında daş döşənmiş quyular, bir neçə saxsı borudan ibarət novdan aşkar edilib. Mədəni təbəqədə şirsiz və şirli keramika, saxsı qab qırıqlarına, taxta darvazaları bəzəyən, yastı mis çax-çax parçalarına, mavi saxsı muncuqlara, Şirvanşahların kəsdirdiyi mis sikkə dəfinələrinə rast gəlinir. Bundan başqa, Şirvanşahlar Sarayının şərq tərəfində 16x8 m sahədə də arxeoloji qazıntılar aparılıb. Buradan həmçinin çoxlu dəyirman daşı, habelə Şirvanşahların kəsdirdiyi mis pullar tapılıb. Şirvanşahlar Sarayının şərq tərəfində 16x8 m sahədə aparılan qazıntılar torpaqaltı təbəqəyə qədər (təqribən 6 m dərinlikdə) çatdırılıb. Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su və təsərrüfat quyuları, təndirlər üzə çıxarılıb. Arxeoloqların bununla bağlı çap etdirdiyi ədəbiyyatda bildirilir ki, tədqiqat zamanı çoxlu miqdarda adi və şirli qablar və onların qırıntıları tapılıb: " Üst təbəqədən tapılmış şirli keramikada anqob və manqanla işlənmiş naxışlarla, oymalarla və müxtəlif rəsmlərlə bəzədilmiş polixrom qablar üstünlük təşkil edir. Alt təbəqədəki keramikada isə monoxrom naxışlı qablar çoxdur. Tapılmış qablar arasında cam, kasa, boşqab, bardaq var. Kasaların dibinə qabarıq möhürlər vurulub. Adi saxsı qablar dar və genboğaz bardaqlardan, qazanlardan, kasa və çıraqlardan ibarətdir. Çoxlu daş kirkirə aşkara çıxarılıb. Şirvanşah adından zərb edilmiş mis sikkələr, mis və dəmir əşyalar, şüşə və fayans məmulatları və s. tapılıb. 1971-ci ildə Bakı yüksəkliyinin cənub-şərq yamacında qazıntı işləri aparılmağa başladı. 168 kvadratmetr sahədə aparılan qazıntı işləri torpaqaltı qata - sal qayaya qədər çatdırıldı. İki metrə yaxın alt mədəni təbəqə VIII-XIII əsrlərə aiddir. Yaşayış kompleksləri qazıntı sahəsinin cənub-şərq hissəsini tutur. Alt təbəqədə təsərrüfat və su quyuları, təndirlər, otlaqlar aşkar edilib. Çoxlu miqdarda keramika məmulatı, fayans, metal və şüşə əşyalar, mis sikkələr tapılıb. Nəbati və həndəsi səciyyəli qabarıq basmaqəlib naxış vurulmuş sarı gil qablar seçilir. IX-X əsrlərə aid şirli qablar - anqob və manqanla işlənmiş və yaşıl rəngli şir çəkilmiş monoxrom kasalar aşkar edilib, bəzilərinə dulusçu ustaların möhürü basılıb".

Arxeoloqlar deyir ki, XI-XIII əsrlərə məxsus şirli qablar polixrom olub, oyma naxışlarla bəzədilib. Arxeoloq Sevda Mübarəkqızı bildirir ki, İçəri Şəhərin əhəmiyyətli bir abidə olmasını şərtləndirən amillərdən biri buradan çox zəngin bir mənəvi xəzinənin tapılmasıdır: "Buradan çoxlu nümunlər, təndir qalıqları, kasalar, qablar tapılıb. Şirli kasaların bəzilərinin dibində dulusçu ustanın qabarıq möhürü olub. Tapılmış mis, dəmir, bürünc və şüşə məmulatları orta əsrlər Bakısında metal emalı, şüşəüfürmə, zərgərlik və digər sənətlərin inkişaf etdiyini göstərir. Şirvanşahlara, Eldəgizlərə və Cəlairilərə məxsus mis sikkələrin tapılması Bakının Azərbaycanın digər şəhərləri və qonşu ölkələrlə geniş ticarət əlaqələri saxladığını təsdiq edir. İçəri Şəhərdə keçmiş aexeoloji tədqiqat sahələrindən biri qədim məbəd yeridir. 1973-cü ildə qazıntı işləri şəhərin qala hissəsinin şimal tərəfində qövsşəkilli bürcləri olan şəhər divarlarının yaxınlığında aparılıb. Arxeoloji tədqiqatlar göstərdi ki, köhnə Bakının sənətkarlıq emalatxanalarının əksəriyyəti burada olub. Şəhərin bu hissəsində tikili qalıqlarına az təsadüf edilir. Keramika tapıntıları alt təbəqənin IX-X əsrlərə aidliyini göstərir. Şirli qablar (adi bardaqlar və çömçələr) anqob və manqanla işlənib. Alt təbəqədə, həmçinin, çoxlu miqdarda şüşə qablar - nazik divarlı rəngli kiçik qab qırıqları, qara və yaşıl qolbaqlar, müxtəlif formalı muncuqlar aşkar edilib. Metal məişət əşyaları və sikkələr tapılıb".

 

Bunu tariximiz üçün böyük nailiyyət sayan arxeoloqlar hesab edir ki, bu gün də tədqiqatlar aparılsa, çox şey tapılar. Azərbaycan qızının şərəfinə tikildiyi bildirilən Qız Qalasının əslində  milli təhlükəsizlik və o vaxtkı dövləti qorumaq baxımından tikildiyini deyən arxeoloq bildirir ki, xalqımızın bu abidəsi yadellilərin həmləsinin qarşısını almaq üçün inşa etdirilib. İçəri Şəhər xalqımızın tarixinin, mədəniyyətinin, mənəviyyatının, xalq tətbiqi sənətinin, arxeologiyamızın yaşadığı bir yerdir. Bu abidənin varlığı yalnız bizim üçün əziz deyil, artıq bütün dünyanın sevdiyi, qorumaq istədiyi şəhərlərdən biridir. Bu kiçik məkanda xalqımızın nəfəsi yaşayır. Vaxtilə burada yaşayan söz-sənət adamları, musiqiçilər azərbaycançılığı, bu ideologiyanı yayıb. Bu gün də milli məfkurə yolçuları burada təbliğatını davam etdirir. İçəri Şəhərin milli simasının qorunmasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Bu Fondun səyi nəticəsində İçəri Şəhər dünyanın qədim şəhərlərindən biri kimi YUNESKO-nun siyahısına salınıb.

Onun mühafizəsi, günü-gündən çiçəklənməsi və daha çox turist cəlb etməsi üçün böyük işlər həyata keçirilir. Azərbaycanı tanıdan bir yerüstü xəzinədir İçəri Şəhərimiz. Arzu edərdim ki, İçəri Şəhərə münasibətimiz il-ildən daha da artsın. Onsuz da dövlətimiz bura qayğı göstərir. İctimaiyyətin də ona qayğısı hiss olunmalıdır. İçəri Şəhər həm də ona görə unikaldır ki, burada İçəri Şəhərin qədim tayfalarının nümayəndələri yaşayır.