Azərbaycan.- 2014.- 20 aprel.- ą 80.- S. 5.
İçərişəhər: dünya mədəni irsinin nadir incisi
Kamil İbrahimov,
tarix elmləri doktoru, professor
Azərbaycan tarixinin qədim köklərə bağlılığını, onun yüksək mədəniyyət diyarı olmasını sübut edən xeyli abidələrimiz var ki, onlar qorunaraq nəsillərdən-nəsillərə ötürülmüşdür. Bunlardan biri də tarixi yaddaşımızın canlı şahidi olan İçərişəhərdir.
Bakının qoynunda, möhtəşəm qala divarları əhatəsində yerləşən, açıq səma altında muzey kimi fəaliyyət göstərən İçərişəhər qədim və orta əsrlər dövrünə aid zəngin maddi və mənəvi mədəniyyət abidələrini əsrlərdən bəri qoruyub saxlayır. Əslində iki yüz il bundan əvvəl İçərişəhər - Bakı, İçərişəhərin ətrafı - müasir Bakı isə Bayırşəhər adlanırdı. Orta əsrlərdə Bayırşəhər qala hasarından kənarda olan hissəyə deyilirdi. Burada sənətkar məhəllələri vardı. Bəzi sənətkarlar elə oradaca ev tikib yaşayırdılar.
Neft gəlirlərindən zənginləşən Bakı milyonçuları XX əsrin əvvəllərində bir-birinin bəhsinə qala divarlarından kənarda gözəl binaların inşasına başlamışdılar. Bu tikinti işləri Qala divarlarının birinci cərgəsinin sökülməsi və daşların satılmasından sonra daha böyük vüsət aldı. Bundan sonra qədim Bakının görünüşü də dəyişdi. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Bayırşəhərdə barokko, qotik, klassik, neoklassik memarlıq üslublarını əks etdirən bir cox avropasayağı gözəl binalar tikildi. Müasir Bakı böyüməyə başladı.
Əlverişli iqlim şəraitinə, təbii ehtiyatlara və güclü iqtisadiyyata malik olan Bakı yüzillər ərzində ticarət və sənətkarlığını inkişaf etdirərək genişləndi. İçərişəhər isə onun qəlbində keçmişi əks etdirən mədəni irsimizin yadigarı kimi qaldı.
İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Onun ərazisinin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı tarixi həkk olunmuşdur. İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur.
Bu məkan bəşər sivilizasiyasının ən qədim yaşayış məskənlərindən, ibadət ocaqlarından biridir. Qız qalası ətrafında aparılan arxeoloji qazıntılar zamanı tapılan və mütəxəssislər tərəfindən mezolit və neolit dövrünə, eramızdan 12-8 min il əvvələ aid edilən ərsin və bıçaq (çaxmaqdaşı parçası) əcdadlarımızdan qalan piktoqrafik artefaktlardır.
Bakı Abşeron yarımadasında xüsusi mövqeyə malik bir ərazidə yerləşdiyindən burada məskunlaşma qədim zamanlardan - e.ə. II-I minilliklərdə başlamışdır. Bir tərəfdən Bakı buxtası ilə qonşuluqdakı Qobustan abidələri, digər tərəfdən Abşeron yarımadasındakı türkmənşəli tayfalara məxsus tunc, ilk dəmir dövrü yaşayış yerləri, kurqanları, eləcə də ilk orta əsr abidələri belə bir fikir doğurur ki, İçərişəhərdə və ətraf ərazilərdə də qədimdə - antik dövrdə yaşayış olmuşdur.
Bakının qədim mənşəli olmasını atəşpərəstlikdən öncəki arxaik dəlillər də sübut edir. Həmin dəlillərdən biri 1898-ci ildə Aleksandr Nevski kilsəsinin bünövrəsində aparılan qazıntılar zamanı islamdanöncəki dövrə aid olan qəbiristanlığın aşkarlanmasıdır. Bu, əsrlərin dərinliklərindən bizə çatmış, ibtidai icma quruluşu dövrünə aid bir qəbilə qəbri idi.
Şirvanşahlar sarayının yuxarı həyətində 1945-ci ildə B.N.Leviatovun başçılıq etdiyi arxeoloji qazıntı zamanı boğazı Yaloylutəpə mədəniyyətinə aid e.ə. III-I əsrlərə aid edilən küpə aşkar olunmuşdu. Bu tip küpələr 2009-cu ildə İçərişəhərin cənub-qərb hissəsində “Dörd mövsüm” hotelinin inşası ilə əlaqədar torpaq-inşaat işləri aparılarkən xilasedici arxeoloji kəşfiyyat zamanı da tapılmışdır.
Məhəmməd məscidində 1988-ci ildə təmir işlərinin başlanması ilə əlaqədar birinci mərtəbənin aşkar olunması və onun içərisində aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid saxsı məmulatı, Əhəmənilər dövrünə aid sikkə vahidi (mütəxəssislərin təyinatına görə, Seyda satraplığına aid bu mis sikkə Xaşayar şah (I Daranın oğlu) dövründə I İstraton və ya Filhelnin adından zərb olunmuşdur), ox və cida ucluğu, həmçinin metal silah nümunələrinin tapılması böyük maraq doğurur.
Şəhərin qədim yaşayış yeri ilə bağlı arxeoloji tapıntılardan biri də 1964-cü ildə Qız qalasının yanından arxeoloji qazıntı zamanı 2,2 metr dərinlikdən tapılan və mütəxəssislər tərəfindən bizim eramızdan əvvəl I əsrə aid edilən tuncdan düzəldilmiş fantastik balıq fiqurudur. İçərişəhərdə 1989-cu ildə tikinti-bərpa işləri zamanı aşkar edilən gil qadın heykəli (b.e. əvvəl I əsr) də xalqın qədim maddi və mənəvi mədəniyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Ölkənin sosial-iqtisadi və siyasi həyatında mühüm rol oynayan, karvan yollarının qovşağında yerləşən Bakı Azərbaycanın və qonşu ölkələrin şəhərləri ilə sıx iqtisadi-ticarət əlaqələri saxlayırdı. Xəzər sahilindəki buxtada yerləşən bu qədim şəhər fırtınalı küləklərdən qorunan yaxşı təchiz edilmiş liman tikililərinə malik idi ki, bu da şəhərin bir sıra ölkələr arasında tranzit ticarətə cəlb olunmasını təmin edirdi. Ölkədə müxtəlif təsərrüfat, sənaye və məişət sahələrinin intensiv inkişafı nəticəsində Bakı şəhər tipli yaşayış məskənindən Şimali Azərbaycan ərazisində IX əsrdə yaranmış Şirvanşahlar dövlətinin mühüm iqtisadi mədəni və strateji mərkəzinə çevrilmişdi.
Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunmuşdu. İkiqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi, Qala divarı içində olan bütün binalar (şəhristan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı. Şəhərin plan quruluşu hərbi üstünlük və döyüş taktikası düşünülərək sanki əsl labirinti xatırladırdı. İri meydan və enli küçələrin şəhərin içərilərinə doğru getdikcə geometrik planda kiçilib sıxlaşması şəhər əhalisinin də bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verir.
Bakının müqəddəs odlar diyarı kimi tanınması onun həyatında mühüm rol oynamışdır. Bəllidir ki, ərəb istilasına qədər Azərbaycanın müxtəlif vilayətlərində xristian, bütpərəstlik, atəşpərəstlik dinləri yayılmış və onların dini ibadət yerləri - mərkəzləri mövcud olmuşdur. Atəşpərəstlik dininin əsas ocaqlarından biri də qədim Bakı idi.
Eramızdan əvvəl 285-282-ci illərdə sərkərdə və dənizçi-səyyah Patroklun öz gəmisi ilə Abşeron yarımadasına, qədim Bakının sahillərinə qədər üzərək gəlməsi və Xəzər dənizinin dünya okeanı ilə əlaqəsindən bəhs etməsi, miladdan öncə Eratosfenin (e.ə. 276-194) hazırladığı dünya xəritəsində Xəzər dənizinin göstərilməsi qürur doğuran faktlardır.
Bakı özünün yeraltı və yerüstü təbii sərvətləri ilə xüsusilə şöhrət tapmışdı. Abşeron torpağının dərinliklərindən çıxarılan neft və göllərdən yığılan duz ixracın əsas hissəsini təşkil edirdi. Bunları almaq üçün yaxın və uzaq ölkələrdən buraya ticarət karvanları gəlirdi. IX-XIII əsr ərəb alim və səyyahları burada neft istehsalı haqqında məlumat verərək yazırdılar ki, “Bakıda ağ və digər növ neft mənbələri var. Allah yaxşı bilir ki, dünyada, buradan başqa, heç yerdə ağ neft yoxdur, bura isə Şirvan şahlığının sahilidir. Bu neftli yerlərdə fasiləsiz olaraq daim özündən alov verən atəş püskürür”.
İçərişəhərin memarlıq abidələri içərisində xeyli orta əsr hamamı vardır. Bakı sakinləri hamamda istirahət etməyi sevirdilər. Xalq etimologiyasında bəzi hamamların “Şirin hamam” adı alması burada çay ilə bərabər şirniyyatın da verilməsi ilə əlaqədardır. Bunların sırasına XV əsrə aid Qız qalasının yaxınlığında yerləşən Hacı Bani hamamı, Kiçik qala küçəsindəki XVI əsrə aid Hacı Mikayıl hamamı və Salyan qapıları yaxınlığındakı XVII əsrə aid Qasımbəy hamamı daxildir.
İçərişəhərin mədəni həyatı da zəngin idi. Sakinlər şeir məclislərinə və muğam axşamlarına getməyi sevirdilər. Bakılılar kasıblara yardım etmək ənənəsini heç zaman unutmurdular. Müsəlman dini bayramları və matəmləri zamanı varlılar kasıblar üçün ehsan və ya yemək süfrələri təşkil edirdilər.
Bəşər mədəniyyətinin dəyərlərindən biri olan qonaqpərvərlik içərişəhərlilərin fəaliyyətini, eyni zamanda əldə etdiyi uğurları əbədiləşdirən ədəb xəzinəsidir. Milli xarakter, özünüdərk və digər mənəvi dəyərlərin məcmusu bu ədəb xəzinəsində çox aydın əks olunmuşdur.
Keçmişdən bəri bakılılarda belə bir ənənə hökm sürür ki, yoldan ötən, tamamilə yad bir adam belə qonaq olduğunu bildirsə, ev sahibi ona canla-başla qulluq göstərməlidir. Ailə üzvlərinin hamısı qəfil gələ biləcək qonağın qarşılanmasına həmişə hazır olurdu. Yüksək səviyyəli qonaqların qarşılanması üçün atlı dəstəsi göndərilirdi. Xüsusi diqqət mərkəzində olan xarici müsafirləri qonaq düşdükləri yerin bütün şan-şöhrət sahibi olan adamları görməyə gələr və onu təkidlə öz evlərinə dəvət etməyə çalışardılar. Həyatı təhlükədə olub imdad diləyən qonağın sağlığının keşiyində durmaq üçün ev yiyəsi gözətçi belə qoyurdu. Qonağı evin bütün sakinləri yola salırdı. Ev sahibi hörmət əlaməti olaraq nəzərləri ilə yola düşən qonağı gözdən itincəyədək müşayiət edirdi.
Orta əsr səyahətçisi Əbdürrəşid Bakuvinin Bakının şəhərətrafı təsərrüfatı, əhalinin məşğuliyyəti, yaşayış tərzi haqqında verdiyi məlumatlar bu baxımdan əvəzsizdir.
Bu gün İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Azərbaycan memarlığının, Azərbaycan tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox gözəl bir töhfəsidir.
İçərişəhərin Qoşa Qala qapısı meydanında mövsümi olaraq hər bazar günləri “Meydan bazarı” adlı mədəni-kütləvi tədbir keçirilir. Tədbirin məqsədi Azərbaycan xalqının qədim sənətkarlıq ənənələrinin təbliği ilə yanaşı, Bakı sakinlərinin və paytaxt qonaqlarının öz istirahət gününün İçərişəhərdə keçirilməsinin stimullaşdırılmasıdır. Bundan başqa, mədəniyyətlərarası dialoq çərçivəsində ildə bir dəfə “Qız qalası” Beynəlxalq incəsənət festivalı təşkil olunur. Bu isə sirlərlə dolu dünya əhəmiyyətli abidələrdən olan Qız qalasının təbliği üçün böyük önəm daşıyır.
İçərişəhər açıq səma altında bir muzey olmaqla yanaşı, dunya sivilizasiya ocaqlarındandır. Bu şəhər içində qala divarları ilə əhatə olunmuş unikal bir abidədir və özünün infrastrukturu və yaşayış massivləri ilə canlı orqanizm təşkil edir. 4000-ə (1300 ailə) yaxın əhalisi olan İçərişəhərdə 18 hotel, bir neçə muzey, 100-dən artıq ictimai iaşə və ticarət obyektləri fəaliyyət göstərir.
Eyni zamanda, məqsəd İçərişəhərdə olan abidələrin qorunub saxlanılması, burada yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılması, fəaliyyət göstərən turizm infrastrukturunun - hotellərin, restoranların, muzeylərin, qalereyaların, digər elmi, mədəni mərkəzlərin fəaliyyətini ən yüksək səviyyədə təşkil etməkdir.
İçərişəhərin unikallığı, dünyadakı digər bu cür abidələrdən fərqi ondadır ki, o, səhər açılıb, axşam bağlanan muzey deyil, canlı bir şəhərdir. Aydındır ki, hər bir canlı şəhər inkişaf edir, dəyişir. Buranın sakinləri hər zaman yeni arzularla yaşayırlar. Hətta bəzən bu insanlar unudurlar ki, tarixi məkandadırlar və hər gün də XII, XV, XVII əsrlərin abidələri ilə ünsiyyətdə olurlar.
İki əsr bundan öncə qədim Bakı olan, indi İçərişəhər adlandırdığımız tarixi məkan hazırda müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq idarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər konservasiya edilir, yeni görkəm alaraq turist marşrutlarına salınır, məhz turizm məqsədləri üçün istifadə edilir. Buna misal olaraq orta əsr karvan ticarət yolu olan - indiki A.Zeynallı küçəsi boyu yerləşən, orta əsr ab-havasına uyğun yeni görkəm almış tarixi-memarlıq abidələrini, Məhəmməd məscidini, məktəb-məscidi, Sıratağlı dini-memarlıq kompleksini, o cümlədən Qədim bağ kompleksini, Çin məscidini və digər rekreasiya zonalarını qeyd etmək olar.
Dünyanın bir çox ölkəsində su mühiti ilə əlaqəli turizm obyektləri vardır. Məsələn, dənizkənarı bulvarlar, çimərliklər, turizm məqsədləri üçün dəyərləndirilən kiçik adalar və s. Bu baxımdan Xəzər dənizində, İçərişəhər yaxınlığında kiçik bir adada yerləşmiş, orta əsrlərdə Bayıl qəsri adlandırılmış bir abidənin öyrənilməsi, bərpa və konservasiya edilməsi, yaxın gələcəkdə turizm məqsədləri üçün istifadəsi də böyük əhəmiyyətə malikdir.
Axır vaxtlar İçərişəhərdə gedən torpaq-təmizlik işləri zamanı çoxlu sayda su kəhriz quyuları aşkar olunmuşdur. Bilavasitə su mühiti ilə bağlı olan bu mühəndis texniki qurğuların əksəriyyəti konservasiya olunur, tarixi araşdırılır, texniki pasportu işlənilir, içərisi işıqlandırılır, üzəri orqanik şüşə ilə örtülür və turizm məqsədləri üçün istifadə edilir.
Son illərdə İçərişəhərin konservasiyası üzrə master plana uyğun olaraq bu qədim məkanda gedən yenidənqurma və muzey konservasiyası işləri ilə bərabər qədim bağ kompleksində arxeoparkın yaradılması turizm infrastrukturunun təkmilləşməsi yolunda atılmış daha bir addımdır. “Turizm ili”ndə istifadəyə verilən arxeoloji turizmə töhfə olan abadlaşdırılmış arxeoparkın açılışı məhz bu sahənin inkişafına zəmin yaradır.
İçərişəhər kompleksinə daxil olan dünya əhəmiyyətli 3, ölkə əhəmiyyətli 28 memarlıq, konservasiya olmuş 8 arxeoloji və 600-dən çox yerli əhəmiyyətli abidə xalqımızın zəngin mədəniyyətindən xəbər verir. Qoruq ərazisindəki XVIII-XIX əsrlər memarlığına aid elmi, tarixi və mədəni cəhətdən yüksək dəyərə malik onlarla bənzərsiz yaşayış binası və orta əsrlərdə tikilmiş memarlıq abidələri dövlət tərəfindən qorunur.
İçərişəhərdə keçən əsrin əvvəllərindən 60-cı illərə kimi qısamüddətli, 1961-cı ildən etibarən isə stasionar arxeoloji qazıntılar aparılaraq üç mədəni təbəqənin olduğu müəyyən edilmişdir.
I mədəni təbəqə antik dövrdən IX əsrədək olan dövrü, II mədəni təbəqə IX-XIII əsrləri, III mədəni təbəqə XIII-XVII əsrləri əhatə edir. Arxeoloji kəşfiyyat və nəzarət işləri nəticəsində aşkar olunan qədim Bakının tarixini əks etdirən arxeoloji artefaktlar və son 30 il ərzində arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş antik dövr maddi-mədəniyyət nümunələri, habelə İçərişəhərin sahilə yaxın hissəsinin təhlili, analizi və təsnifatı belə bir fikir söyləməyə əsas verir ki, şəhərin qədim yaşayış yeri konkret olaraq sahilə yaxın, məhz ən qədim yazılı memarlıq abidəsi olan Məhəmməd məscidi və Qız qalası yerləşən ərazi və Bakı buxtası olmuşdur. Xəzər dənizi suyunun səviyyəsinin tarixən artıb-azalması ilə bağlı elmi araşdırmalar və İçərişəhərdən yeni aşkar olunmuş qədim şəhərimizin tarixini əks etdirən maddi-mədəniyyət nümunələrinin təsnifatı Bakının yaşının təyin olunmasında əvəzsiz rol oynayır.
İçərişəhər bu gün dövlətin yüksək qayğısı nəticəsində tarixi simasını özünə qaytarır. Abidə-şəhərin ərazisində tarixi araşdırmalar və mütəmadi olaraq aparılan qazıntı işləri nəticəsində əldə olunmuş arxeoloji materialların zənginliyi göstərir ki, İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin açılmamış səhifələri haqqında, zəngin maddi və mənəvi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir.