Bakı xəbər.-2014.-2 oktyabr.-¹ 175.-S.15. 

 

Tariximizin memarlıq abidələri – qalalar

 

İradə Sarıyeva

 

Qala memarlığı

 

“Vikipediya”da qala belə təsvir edilir”: Qala divarlarına qalxmaq üçün divarın sol tərəfində iki pilləkən var. Onlardan biri ilə burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş pilləkən isə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxıb kəndi seyr etmək mümkündür.

Ramana kəndindəki qəsr, Mərdəkandakı qəsrdən fərqli olaraq, başqa təbii şəraitdə – qayalıqda yerləşir. Divarların xarici çərçivəsinin düzgün olmayan çoxbucaqlı şəklində olması relyefin yuxarı meydançasının konturu ilə müəyyən edilib. Möhkəm qala divarları sanki qayalı yamacların təbii davamıdır. Yalnız nisbətən asanlıqla yaxınlaşmaq mümkün olan şərq hissəsindəki divar müstəvilərində oxvari açırımla çapılmış baş tağ qabarıq şəkildə görünür”.

Qeyd olunur ki, qəsrin divarları üzərində bucaqları Mərdəkan qəsrinin donjonunda olduğu kimi, üççərəkli qülləciklərlə gücləndirilmiş donjonun düzbucaqlı planlı həcmi ucalır. Qəsrə və donjona aparan qarşı-qarşıya qoyulmuş girişlər müdafiə üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edirdi. Lakin Abşeronun digər qəsrlərindən fərqli olaraq, bu qəsrdə divarlardakı dolama pilləkənlərə giriş hündürdə deyil, döşəmə səviyyəsində yerləşdirilib. Donjonun daxili yerləşgələri Mərdəkan qəsrininki ilə eynidir. Yarusların bütün divarlarında nişangahlar açılıb.

Plan və memarlıq həlli üsullarına görə Ramana qəsri digər Abşeron qəsrləri ilə olduqca oxşardır. Lakin o özünün memarlıq kütləsinin daha mənzərəli kompozisiyası ilə onlardan fərqlənir. Bu onun yerləşdiyi relyefin xüsusiyyətlərindən irəli gəlir. Qəsr dekorativ tərtibatdan məhrumdur və üslub əlamətlərinə əsasən XIV əsrin ortalarına aid edilir.

 

Nardaran qalası

 

Nardaran kəndi Bakının ən qədim kəndlərindən biridir. Hazırda qəsəbə statusuna malik olan Nardaran Bakıdan 25 kilometr şimalda yerləşir. Burada yerləşən Nardaran qalası 14-cü əsrə aid ağ daşdan tikilmiş dəyirmi qaladır. Hülakilər dövrünün yadigarı, 1301-ci ildə Qazan xan tərəfindən inşa edilmiş qədim Nardaran qalasının memarı Mahmud Səd oğludur. Qalanın hündürlüyü 12,5 metrdir. Qalanın üstündəki kitabədən onun 1301-ci ildə tikildiyi aydın olur.

 

Şağan qalası

 

Qalanın bir hissəsi uçsa da, bir hissəsi dövrümüzə qədər gəlib çatıb. XII-XIII əsrlərə aid edilən və müdafiə məqsədilə inşa olunan Şağan qalası Abşerondakı digər qalalar kimi ağ daşdan tikilib.

 

Bakı qalası

 

Bakı qalası-Bakı şəhəri (orta əsrlərdə), İçəri şəhər (müasir dövrdə) – Abşeron qalalarının ən böyüyü və mükəmməlidir. Qala ikiqatlı divardan ibarət olub. Birinci divar Şirvanşah III Mənuçöhr, ikinci divar isə Şirvanşah I Axsitanın zamanında tikilib. Lakin ikinci qala divarları Azərbaycanda rus çarizminin hakimiyyəti dövründə uçurularaq məhv edilib. Birinci qala divarı isə hələ də qalmaqdadır. Bakı qalasının iki qapısı olub. Onlardan biri Xəzər dənizinə, digəri isə quruya açılırmış. Bakı qalasının mifik müdafiəçisi də olub. Xalq arasında yayılan əfsanəyə görə, Bakı qalasını əfsanəvi nəhəng buğanın müsbət aurası qoruyurmuş. Bu buğanı isə iki böyük şir müdafiə edirmiş. Bakı qalası bir çox tarixi hadisələrə şahid olub, uzun müddət Şirvanşahlar dövlətinin və Bakı xanlığının paytaxtını müdafiə edib.

 

Bilgəh qalası

 

Bəzi hissələri dövrümüzə çatmış Bilgəh qalasının Şirvanşahlar dövləti dövründə tikildiyi güman olunur. Tədqiqatçılar ağ daşdan tikilən bu qalanı XIII-XIV əsrə aid edirlər. Tikili Abşeronun Bilgəh qəsəbəsində yerləşir.

Abşeron qalaları haqda geniş məlumat verməklə oxucuların yaddaşında böyük bir tarixi həqiqəti canlandırmış olduq. Xalqımızın mübarizə əzmini əks etdirən, eyni zamanda da qiymətli memarlıq incilərindən sayılan tarixi istehkamlar, qalalar özlərində Azərbaycan dövlətçilik ənənələrinin, milli mədəniyyətinin, tarixinin canlı əks-sədasını, canlı obrazını yaşadır.

 

Durnalara yol göstərən Çıraqqala

 

Abşeron qalalarından sonra ona yaxınlığı ilə seçilən məşhur Çıraqqala haqda danışmaq istəyirəm. Hər bir Azərbaycan vətəndaşı bu qalanın möhtəşəmliyi, əzəməti ilə öyünməlidir. Çıraqqala xalqımız üçün zaman-zaman dayaq rolunu oynayıb. Hətta deyirlər ki, Çıraqqaladan baxanda tariximizdə özünəməxsus yer tutan yaralı Dərbənd qalası görünür. El arasında belə bir əfsanə də var: deyirlər ki, qədim çağlarda gecələr Çıraq qalada tonqal yandırarmışlar ki, gecə vaxtı burdan keçən durnalar qansız-xatasız uçub getsin. Bəzi mənbələr isə Çıraq qalada gecələr durna çıraqlarının yandırıldığını xəbər verir. Adından da göründüyü kimi, bu qala nurlu qala olub, bura gözlərə işıq paylayıb, gecələrin qatı qaranlığını işığa çevirib. Əfsanələr əksər hallarda həqiqətin daşıyıcısı olur.

Çıraqqalanın tarixinə gəlincə, “Vikipediya” yazır ki, Şabran rayonundan təqribən 20-25 km, Bakıdan isə 150 km aralıda yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə qərar tutub. Alimlərə görə, Çıraqqala əsasən istehkam, qarovulxana məqsədilə Sasani hökmdarı tərəfindən IV-V əsrdə tikilib. Gilgiləçay səddinin baş qarovulxanası olub. Tarixçilər yazır ki, buradan geniş bir ərazini nəzarətdə saxlamaq mümkündür. Düşmənin gəldiyini görüb tez ətrafa məlumat vermək olurdu. Sonra elə bu məqsədlə həmin qayanın başında möhkəm qala tikilib və onun indiyə qədər salamat qalan bürcündə tonqal qalanırmış.

Bu qala müdafiə rolunu da oynayıb və Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri olub vaxtilə. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılıb, Çıraqqala isə öz əzəməti, varlığı ilə hələ də insanları heyran etməkdədir. Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Böyük mütəfəkkir, tarixçi-şair Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəm” əsərində bu qalanın adını Çıraqqala kimi göstərib və bu adla da tanınmağa başlayıb. Yerli əhali bu gün də qalanı Çaraqqala adlandırır və orada orta əsrlərdən qala şəhər olmasını göstərirlər. Qalanın bir neçə kilometrliyindəki kəndin Çaraq olması, qalanın yerləşdiyi dağ zirvəsinin adının da Çaraqqala olması deyilənləri bir daha təsdiqləyir. Qalanın sadəcə düşmənin gəlişini xəbər vermək üçün tikildiyi də inandıcı deyil. Belə ki, qalanın ərazisinin böyüklüyü və ərazinin 4 tərəfdən keçilməz olan təbii sıldırımlı qaya üzərində yerləşməsi, möhtəşəm qala divarları ilə əhatələnməsi və eləcə də 17 bürcünün olması buranın qala şəhər olduğunu göstərir. Eyni zamanda məlumdur ki, bu qalanın Sasanilər tərəfindən təyin edilmiş ilk hakiminin də adı Çora və ya Çara olub. Onda bu qala şəhərciyin ətraf əhali tərəfindən Çaraqala adlanması daha inandırıcıdır. Dilimizin xüsusiyyətlərinə əsasən Çaraqala dönüb Çıraqqala olub. Lakin bu günə qədər tarixçi alimlər arasında yekdil rəy yoxdur və buna görə də A.A. Bakıxanovun yazdığı rəvayətə və bugünkü deyimə uyğun olaraq qala Çıraqqala kimi göstərilir.

 

Çin səddindən sonra ikinci möhtəşəm istehkam – Çıraqqala

 

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmiş və çiy kərpicdən hörülüb. Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. 1952-ci ilə qədər bürclərin bir hissəsi, narınqala və baş bürc salamat idi. Qalaaltı deyilən yerdə naftusiya suyunun kəşfi və burada sanatoriyanın tikilməsi, qalanın isə mühafizə olunmaması onun sürətlə dağılmasına təkan oldu. Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli Sərəncamı ilə Çıraqqala tarixi abidə kompleksi – qoruq elan edilib və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilib.

 

Cavanşir qalası

 

İsmayıllı rayonu ərazisində yerləşən Cavanşir qalası Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilib. Qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və “içqala”dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlı ilə “içqala” dağın ən hündür yerində tikilib. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən “Qız qalası”na yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılıb. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km. məsafəni isə piyada və ya atla qət etmək lazımdır. Cavanşir qalasının tam sxemini ilk dəfə olaraq 1963-cü ildə coğrafiya elmləri doktoru, professor Ramazan Tarverdiyev bussol planlama yolu ilə tərtib edib.

 

Beyləqan qalası

 

Beyləqan Azərbaycan xalqının tarixi mədəniyyətinin yaşadıldığı, formalaşdırıldığı bir yurd yerimizdir. Şəhərin qədimliyini bəlli edən çoxlu sayda tarixi abidə var bu ərazidə. Onlardan biri də indi xarabalıqları qalan Beyləqan qalasıdır. Beyləqan qalası Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində inşa edilmiş qaladır. Tarixi mənbələrdən aldığımız bilgiyə görə, qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh “Yollar və ölkələr haqqında kitab” əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aparılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib.

 

Bərdə qalası

 

Xalq arasında Nüşabə qalası adı ilə tanınan Bərdə qalası bəzi mənbələrə görə, məşhur memar Əcəmi məktəbinin yetirməsi Naxçıvanlı Əhməd İbn Əyyub əl Hafiz tərəfindən 1322-ci ildə tikilib. Silindir şəkilli qalanın radiusu 60 metr, hündürlüyü 13 metr, divar hörgüsünün eni isə 80 santimetrdir. Bərdə qalası haqqında bir çox səyyahların əsərlərində məlumatlar var. Məlumdur ki, qala monqolların Azərbaycana yürüşləri zamanı dağıdılıb və sonradan bərpa olunub. XIII əsr səyyahı Həmdullah Qəzvini “Nüzhət əl Qülub” əsərində qalanın eramızdan əvvəl Makedoniyalı İsgəndər tərəfindən tikdirildiyini yazıb. O həmçinin qeyd edib ki, qala Sasani hökmdarı Firuzun dövründə abadlaşdırılıb. Nizami Gəncəvi də “İsgəndərnamə”də Bərdə qalasının təsvirini verib. Son dəfə 1958-ci illərdə aparılan təmir işləri qalanın görkəmini dəyişib.

 

Bərdə türbəsi və ya Nüşabə qalası

 

Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi kimi tarixə düşüb. Onun tarixi haqda “Vikipediya”da məlumat verilib. Məlumata görə, XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilib ki, onlardan biri müasir dövrə qədər qalıb. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb edib. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilib. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr edib. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir.

 

Türbənin memarlıq xüsusiyyətləri

 

Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilib. Sərdabəyə şimal tərəfdən dromos quruluşlu yol vasitəsilə daxil olurmuşlar.

Türbənin yerüstü hissəsi isə üç əsas memarlıq quruluşundan əmələ gəlir: daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvari günbəz. Sahəsi etibarilə ən çox yer tutan bəzək ünsürü silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış kitabədir. Kürsülükdən başlayaraq yuxarıdakı haşiyəyə qədər səkkiz metr yarımlıq bir hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn bu kitabə 200 dəfədən artıq Allah sözünü naxış şəklində təkrarlayır. Türbənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Bu kitabənin yeri qara rəngli kaşıdan, yazılar isə ağ rəngli kaşıdan quraşdırılıb. Kitabə qurşağından sonra günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşdirilib. Bu stalaktitlərin daxili səthləri də rəngli həndəsi ornamentlə örtülüb. Stalaktit qurşaqdan sonrakı konusşəkilli günbəzin səthi də qırmızı və firuzəyi kaşıdan ibarət həndəsi ornamentlərlə örtülü olub.