“Azərbaycan”.-2009.-7 fevral.-N
29.-S.6.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə
təhlükəsizlik orqanları
Azərbaycanın
müstəqilliyini qoruyan dövlət atributlarının
hər biri bizim üçün əhəmiyyətlidir.
Bunların içərisində
Milli Təhlükəsizlik Nazirliyi xüsusi yer tutur.
Heydər
Əliyev,
Azərbaycan xalqının
ümummilli lideri
Azərbaycanın
təhlükəsizlik orqanlarının tarixi tipoloji
təsnifini verən ulu öndər Heydər Əliyev qeyd
edirdi ki, ölkəmizin təhlükəsizlik orqanları
üç dövr (cümhuriyyət, sovet və
müstəqillik illərinin təhlükəsizlik
orqanları) yaşamışdır. Biz bu yazımızda
birinci mərhələnin -
cümhuriyyət dövrünün xüsusi xidmət
orqanlarının yaradılması, formalaşması və
taleyi ilə bağlı müfəssəl məlumat
verəcəyik.
Azərbaycan Xalq
Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən sonra
dövlətin və dövlətçiliyin
təhlükəsizliyini təmin etmək, yəni onu daxili
və xarici təhdidlərdən qorumaq, baş verə
biləcək terror-təxribat aksiyalarının
qarşısını almaq, pozucu qüvvələri
zərərsizləşdirmək üçün
müstəqil xüsusi xidmət orqanının
yaradılmasına böyük ehtiyac var idi. Daha doğrusu,
Azərbaycanın müstəqilliyinə qarşı
yönəlmiş qüvvələrin (denikinçilərin,
bolşeviklərin, ermənilərin və s.)
təxribat-pozuculuq fəaliyyətləri
təhlükəsizlik orqanlarının
yaradılmasının zəruriliyinin qaçılmaz
olduğunu göstərirdi. Ancaq öz müstəqilliyini
yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin
maddi imkanları, kadr potensialı, hökumətin
hələlik müvəqqəti paytaxt seçdiyi Gəncədə
fəaliyyət göstərməsi və Bakıya daxil ola bilməməsi belə bir addımın
reallaşmasına maneələr törədirdi. Bütün
çətinliklərə baxmayaraq, Azərbaycan
hökuməti Müdafiə Nazirliyinin nəzdində
xüsusi xidmət orqanlarının funksiyalarını
həyata keçirən bir bölmə yaratdı.
"Kəşfiyyat və əks kəşfiyyat" adlanan
həmin qurumun konkret nə zaman yaradılması barədə
dəqiq məlumat olmasa da, mövcud arxiv materialları
həmin bölmənin 1918-ci ildə yaradılması
ehtimalını təsdiqləyir. Lakin Azərbaycan Xalq
Cümhuriyyətinin xüsusi xidmət orqanlarının
təşəkkül dövrü 1919-cu ilə təsadüf
edir. Bu, ölkədə nisbi sabitliyin yaradılması,
dövlət idarəçilik aparatlarının
düzgün təşkili və ordu quruculuğu
sahəsində həyata keçirilən islahatlarla
bağlı idi.
Ordunun təlim-tərbiyəsini,
döyüş hazırlığını daha da
gücləndirmək, təsərrüfat və təminat
qayğılarını həll etmək məqsədi ilə
1919-cu il mart ayının 26-da Ərkani-hərb
(Baş qərargah) təsis edildi. Hərbi nazir Səməd
bəy Mehmandarovun fikrincə,
indiyədək belə bir qurumun yaradılmamasının
əsas səbəbi yüksək hazırlıqlı kadrlara
ehtiyac ilə bağlı idi. Səməd bəy Mehmandarovun dəvəti ilə Krımdan
gəlmiş, milliyyətcə tatar olan
general-leytenant Məmməd bəy Aleksandroviç
Sulkeviç (əsl adı Maçeybəy idi - C.Q.)
26 mart 1919-cu il tarixli 147 saylı əmrlə Ərkani-hərbin
rəisi təyin olundu və həmin vaxtdan etibarən
Hərbi Nazirliyin strukturunun yenidən
formalaşdırılmasına başlandı.
Daxili və xarici
təxribatçılarla mübarizəni
gücləndirmək məqsədi ilə 1919-cu il mart
ayının 28-də Səməd bəy Mehmandarovun
və Məmməd bəy Sulkeviçin
birgə imzaladıqları 157 saylı əmrdə
göstərilirdi ki, mart ayının 26-da Hərbi Nazirlikdə
Baş Qərargahın Baş İdarəsi yaradılıb.
Həmin idarənin strukturuna daxil olan
şöbələrdən biri General-kvartirmeyster
adlanırdı. Bu şöbəyə
aşağıdakı bölmələr daxil idi:
1)
Əməliyyat-səfərbərlik,
2) Nizami-hesabat,
3) Kəşfiyyat
və əks-kəşfiyyat,
4) Rabitə
xidməti.
"Kəşfiyyat
və əks-kəşfiyyat"ın Hərbi Nazirlikdə
yalnız bir bölmə olaraq fəaliyyət
göstərməsi, eləcə də bu sahə üzrə
peşəkar mütəxəssislərin azlıq
təşkil etməsi ictimai-siyasi həyatın bir çox
sahələrində olduğu kimi əks-kəşfiyyat
işini də genişləndirməyə və inkişaf
etdirməyə nəinki imkan vermirdi, hətta mane olurdu.
Belə ki, bu bölmənin ştatına əsasən
əməkdaşlarının sayı 28 nəfər
olmalı idi. Bunlardan 1 nəfər rəis, 2 nəfər
rəis köməkçisi, 2 nəfər kargüzar, 23
nəfər isə agent (əməkdaş) olmalı idi. Lakin
bölmə kadrlarla tam komplektləşdirilmədiyindən
bəzi vakant yerlər boş qalmışdı. Azərbaycana
müxtəlif niyyətli marağın artdığı,
müstəqilliyinin təhlükə altında olduğu bir
dövrdə belə bir qurumla böyük işlər
görmək və ölkənin hərbi
təhlükəsizliyini təmin etmək olduqca çətin
idi.
Hərbi nazir
Səməd bəy Mehmandarov həmin ilin
aprel ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının sədrinə
məruzəsində qeyd edirdi ki, kəşfiyyat və
əks-kəşfiyyatın əsas vəzifəsi
"düşmən haqqında mümkün olan məlumatları
toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin
daxilində isə casusluğa qarşı mübarizə
aparmaqdan ibarətdir". Səməd bəy Mehmandarovun
məruzəsindən və bölmənin adından da
aydın olur ki, bu qurum öz üzərinə həm
kəşfiyyat, həm də əks-kəşfiyyatın
funksiyasını götürmüş və hər iki
işi paralel aparmışdı.
Azərbaycana
təhdidlərin artdığı, düşmən
qüvvələrin azğınlaşdığı və
torpaqların işğal təhlükəsi ilə
üzləşdiyi bir vaxtda kiçik qurumla böyük
işlər görmək və ölkənin hərbi,
ümumən milli təhlükəsizliyini təmin etmək
olduqca çətin idi.
Azərbaycanı
işğal etmək və ya özünə tabe etdirmək
istəyən qüvvələrin, xüsusilə,
denikinçilərin 1919-cu ilin aprel ayında Dağıstana
və Gürcüstana hücumu Zaqafqaziya,
eyni zamanda, Azərbaycan üçün də
təhlükəli idi. Vəziyyətin ciddiliyini qəbul
edən Azərbaycanın Xarici İşlər Nazirliyi
denikinçilərin Dağıstana qarşı
yürütdükləri irtica hərəkətlərini
pisləyərək ingilis komandanlığından həmin
işğalçı ordunun Dağıstanın
hüdudlarından kənara çıxarılması
üçün qəti və təcili tədbirlər
görməsini tələb etdi və müstəqil
siyasət yeridərək müvafiq notalar göndərdi.
Lakin Azərbaycan
hökumətinin notalarına məhəl qoymayan denikinçi
zabitlər çar Rusiyası ordusunun mundirində
Bakının küçələrini dolaşır, Denikinin xeyrinə təbliğat aparır
(xüsusilə də ruslar arasında), ağqvardiyaçıları
müdafiə edən könüllü
ordunun sıralarını genişləndirir, təxribat
törətmək və hərbi sirləri öyrənmək
məqsədi ilə yenicə yaranmaqda olan Azərbaycan
ordusunun tərkibinə daxil olurdular. Belə
şəxslərdən ibarət Azərbaycanda geniş casus
şəbəkəsi qurmağa nail olan Denikin
və onun tərəfdarları Bakıda gizli silah-sursat
bazaları da yaradırdılar. İlk təhlükəsizlik
orqanlarının gənc əməkdaşlarının
səyləri ilə həmin bazalardan biri Balaxanı və Krasnovodsk küçələrinin
tinindəki evin zirzəmisində tapılmışdı.
Buradan çoxlu sayda tüfəng, qumbara, patron və s.
aşkara çıxarılmışdı. Bu isə
gərginliyi daha da artırırdı. Görülmüş
əməliyyat tədbirləri nəticəsində Denikinin casus şəbəkəsində
təmsil olunanların bir qisminin ingilis kəşfiyyatına
işləməsi də müəyyən edilmişdi.
Əks-kəşfiyyat
bölməsinin qarşısında duran əsas
vəzifələrdən biri də hakimiyyətə can atan
bolşevizmlə mübarizə idi. Rusiyada bolşevik
hökumətinin getdikcə güclənməsi onların
Bakıda, Gəncədə, eləcə də
Azərbaycanın digər bölgələrində
dövlət əleyhinə fəallığını
artırmışdı. Əks-kəşfiyyat
bölməsinin vətənpərvər
əməkdaşları Azərbaycan silahlı
qüvvələrinə nüfuz etməyə
çalışan bolşeviklərə qarşı
mübarizəni gücləndirsələr də, həm kadr çatışmazılığı,
həm də maddi-texniki təchizatın zəif olması bu
işin öhdəsindən gəlməyə imkan vermirdi. Bu
barədə Səməd bəy Mehmandarov
yazırdı: "Hərbi əks-kəşfiyyatın
başlıca vəzifəsi dövlət daxilində hərbi
casuslarla mübarizədir. Bolşevizmlə mübarizə
ümumxalq işi olduğundan bir hərbi idarə onun
öhdəsindən layiqincə gələ bilməz".
Göründüyü
kimi, ölkədə ictimai-siyasi, hərbi vəziyyətin
gərgin olduğu, xarici təhdid və təzyiqlərin
gücləndiyi, Denikin ordusunun,
ingilislərin, eyni zamanda erməni-daşnak və bolşevik
qüvvələrinin Azərbaycanın əleyhinə
fəaliyyət göstərdikləri bir vaxtda yeni
müstəqil təhlükəsizlik orqanına xüsusi
ehtiyac duyulurdu. Ona görə də tərkibinə Nazirlər
Şurasının sədri, hərbi, xarici işlər, yollar
və ədliyyə nazirləri daxil olmaqla 1919-cu il iyunun 9-da
Dövlət Müdafiə Komitəsinin (DMK)
yaradılması barədə qərar qəbul edildi.
Dövlət Müdafiə Komitəsi xüsusi
səlahiyyətlərə malik olan bir orqan idi. Bu Komitə
ölkədə ümumi hərbi səfərbərlik
keçirmək, hərbi və müharibə vəziyyəti
elan etmək, xüsusi könüllü
dəstələr yaratmaq, ölkənin təhlükəsizliyi
ilə bağlı məsələləri müzakirə
və müvafiq qərarlar qəbul etmək, ölkənin
təhlükəsizliyinin təmin olunması sahəsində
qarşıya qoyulmuş digər vəzifələrin
layiqincə yerinə yetirilməsi məqsədi ilə yeni
strukturlar yaratmaq və s. hüquqlara malik olan bir qurum idi.
Dövlət Müdafiə Komitəsi ortaya çıxan
fövqəladə məsələlərin həllini və
qəbul olunmuş qərarların icrasını
təşkil etməli idi. Dövlət Müdafiə
Komitəsinin iclasları onun üzvlərindən üç
nəfərin iştirak etdiyi şəraitdə hüquqi
səlahiyyətli hesab olunurdu. İclasa rəhbərliyi
Nazirlər Şurasının sədri edirdi. O, iclasda
iştirak etmədiyi təqdirdə Dövlət
Müdafiə Komitəsinin istənilən üzvünə
sədrlik səlahiyyəti tapşırıla bilərdi.
Azərbaycan parlamenti
1919-cu il iyun ayının 11-də Dövlət Müdafiə
Komitəsi yanında Əksinqilabla Mübarizə
Təşkilatının (ƏMT-in)
yaradılması barədə qərar qəbul etdi.
Vaxtilə
Əksinqilabla Mübarizə Təşkilatının
rəisi olmuş, lakin sonradan Türkiyəyə
mühacirət etməyə məcbur qalan Nağı bəy Şeyxzamanlı 1964-cü ildə
İstanbulda çap etdirdiyi "Azərbaycanın istiqlal mücadiləsinin xatirələri"
kitabında belə bir təşkilatın
yaradılmasının səbəblərini
aşağıdakı kimi izah edirdi: "Əksinqilabla
Mübarizə Təşkilatının yaradılmasına
səbəb cümhuriyyətimizin ilk illərində çar
generalı Denikinin mütəmadi olaraq bizi
təhdid etməsi, tez-tez hüquqlarımızı
zorlaması və müxtəlif hadisələr
törətməsi olmuşdur. Ona görə də
hökumətimiz Əksinqilabla Mübarizə
Təşkilatının layihəsini hazırlayıb
parlamentə təqdim etdi. Layihə məclisdə
böyük səs çoxluğu ilə qəbul olundu". Daha sonra, Nağı bəy Şeyxzamanlı yazırdı ki,
"...bolşeviklər Qafqazda general Denikin
ordusunu darmadağın etdikdən sonra artıq bizim
üçün ağqvardiyaçı təhlükəsi
qalmamışdı. Ancaq Denikinin
yerinə arxasını Rusiyanın mərkəzi olan Moskvaya
dayayan bolşeviklər kimi bir təhlükəli qüvvə
də var idi. Artıq biz də fəaliyyətimizi
bolşeviklər əleyhinə çevirmişdik".
Əksinqilabla
Mübarizə Təşkilatının Əsasnaməsinə
uyğun olaraq bu qurum tərəfindən Azərbaycan
dövlətçiliyinə qarşı
kəşfiyyat-pozuculuq və terror-təxribat aksiyaları
keçirmək cəhdlərində, dövlət
əhəmiyyətli obyektlərdə diversiyaların
təşkilində, eləcə də hakimiyyətə
qarşı silahlı müqavimət
göstərməkdə, casusluqda və s. şübhəli
bilinən şəxslərin həbsi zamanı yerli polis
və əlaqədar orqanların nümayəndələri
də dəvət olunurdu. Əksinqilabla Mübarizə
Təşkilatının başlıca vəzifələri
əsasən aşağıdakılardan ibarət idi:
dövlət quruluşunun devrilməsinə
yönəlmiş, əhali arasında şifahi və ya
mətbuat vasitəsi ilə hökumətə zidd
təşviqat aparan şəxslərin, hökumətin
fəaliyyəti və hərbi hissələrin
əməliyyatlarına, milli təhlükəsizliyə dair
yalan məlumat və şayiələr yayan, əhalinin
ayrı-ayrı sinifləri arasında milli
münaqişələr yaradanların; hakimiyyət
dairələrinin xüsusi icazəsi olmadan təşkil
edilmiş, siyasi xarakter daşıyan, hər cür
toplantı və iclasların
təşkilatçılarının, hər növdən
olan odlu silah, döyüş sursatı və partlayıcı
maddələrin anbar və gizli saxlanma yerlərinin aşkar
olunması; şübhəli şəxsləri ilkin həbs
etmək hüququna malik olması və s.
Əksinqilabla
Mübarizə Təşkilatının kadr tərkibi
müxtəlif partiya və millətlərin
nümayəndələrindən ibarət idi.
Yeri
gəlmişkən qeyd edək ki, Əksinqilabla
Mübarizə Təşkilatına xidmətə qəbul
zamanı namizədlər xüsusi yoxlamadan keçmədən
(çox vaxt hər hansı bir şəxsin təqdimatı
və ya zəmanəti kifayət edirdi) işə
götürülürdü. Məsələn, işə
qəbul edilməsi ilə əlaqədar Mirzəbaba
Sadıqov adlı şəxs tərəfindən
yazılmış xahişnamənin
üzərində Nağı bəy Şeyxzamanlı
belə bir dərkənar qoymuşdur: "1919-cu il
sentyabrın 10-dan işə götürülsün".
Maraqlıdır ki, həmin dərkənarda konkret olaraq
gün göstərilir və elə həmin gün də
namizədi işə götürürdülər.
Əmrdə oxuyuruq: "Mirzəbaba Sadıqov 10 sentyabr 1919-cu
ildən Əksinqilabla Mübarizə
Təşkilatının agenti təyin edilsin".
Əksinqilabla
Mübarizə Təşkilatının əməliyyat
heyəti ştata uyğun olaraq agent və baş agent
(yəni əməkdaş - C.Q.)
vəzifələrindən ibarət idi. Fəaliyyət
göstərdiyi 1919-cu il iyunun 11-dən 1920-ci il martın
6-dək olan dövrdə bu təşkilatda yüzdən
çox əməkdaş çalışmışdı.
Azərbaycanın milli təhlükəsizliyini müdafiə
edən bu təşkilatda 6-7 millətin nümayəndəsi
işləyirdi. Maraqlıdır ki, bunlar arasında erməni
millətinin nümayəndələri yox idi.
Dövlət
Müdafiə Komitəsinin (DMK) sədri
Nəsib bəy Yusifbəylinin əmri ilə Əksinqilabla
Mübarizə Təşkilatının ilk rəisi parlamentin
üzvü Məmmədbağır bəy Şeyxzamanlı,
onun müavini isə "Hümmət"
partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdi. Lakin
Məmmədbağır bəy Şeyxzamanlı
parlamentin üzvü olduğuna (o, qanunverici orqanın aqrar
komissiyasında fəaliyyət göstərirdi - C.Q.) görə avqustun 20-də öz
ərizəsinə əsasən tutduğu vəzifədən
azad edilmişdi. Həmin tarixdən isə onun yerinə
qardaşı Nağı bəy Şeyxzamanlı
təyin olunmuşdu.
Nağı bəy Şeyxzamanlı öz xatirələrində
yazır ki, Nəsib bəy Yusifbəyli mənə
müraciətlə bildirdi: "Nağı bəy, Əksinqlabla Mübarizə
Təşkilatını qurduq. Səni bu idarəyə
rəis təyin etmək istəyirəm. Razısanmı?"
- Mən işlərimə heç kimin
müdaxilə etməməsi şərti
ilə razılıq verdim". Həmin
söhbət zamanı Nəsib bəy Yusifbəyli bu
təşkilatın Daxili İşlər Nazirliyinə deyil,
Baş nazirə tabe olacağını bildirmişdi.
Bu
təşkilatın rəis müavini hümmətçi
Mirfəttah Musəvi
1919-cu il sentyabr ayının 5-də qətlə yetirildi
və onun yerinə noyabrın 15-də Mahmud Səfikürdski
təyin olundu.
Denikinçilərin
1919-cu ilin payızında həm şimaldan, həm də
Xəzər dənizindən ehtimal olunan hücumunun
qarşısını almaq, Bakının müdafiəsini
təşkil etmək üçün Dövlət
Müdafiə Komitəsinin 1919-cu il sentyabrın 13-də
keçirdiyi iclasda böyük əhəmiyyətə malik
olan hərbi struktur - Bakı İstehkamat hissəsini (Bakı
Möhkəmləndirilmiş Müdafiə Rayonunu) yaratdı.
Komitənın qəbul etdiyi qərara
əsasən Bakı Möhkəmləndirilmiş
Müdafiə Rayonunun rəisi vəzifəsi təsis olundu,
şəhərin hərbi general-qubernatoru vəzifəsi ona
birləşdirildi və Bakı rəisliyinin ərazisi ona
tabe edildi. 1919-cu il oktyabrın 26-da Əksinqilabla
Mübarizə Təşkilatı da Bakı
Möhkəmləndirilmiş Müdafiə Rayonuna tabe edildi.
Bakı
Möhkəmləndirilmiş Müdafiə Rayonunun rəisi
vəzifəsinə Murad Girey Tlexas təyin edildi. Beləliklə də,
Əksinqilabla Mübarizə Təşkilatı da Bakı
Möhkəmləndirilmiş Müdafiə Rayonunun
tabeçiliyi altında fəaliyyətini davam etdirməyə
başladı.
Bakı
Möhkəmləndirilmiş Müdafiə Rayonu və onun
struktur bölmələri yalnız denikinçilərə
deyil, eyni zamanda daşnak-bolşevik təcavüzünə
qarşı da mübarizə aparırdı. General-mayor Tlexas 1920-ci il fevralın 28-də
yazırdı ki, siyasi mənsubiyyətindən asılı
olmayaraq dövlət və ictimaiyyət üçün
təhlükə yaradan bolşeviklərin şəhərdən
çıxarılması məqsədi ilə qətiyyətli
tədbirlər görülür.
Əksinqilabla
Mübarizə Təşkilatının fəaliyyət
istiqamətləri müxtəlif sahələri əhatə
etmişdir və bu özünün hüquqi
əsasını "Azərbaycan Respublikasının
əks-kəşfiyyat xidmətinin məmurlarının
hüquq və vəzifələri barədə Əsasnamə"də tapmışdır.
Həmin Əsasnamə Əksinqilabla Mübarizə
Təşkilatı Bakı Möhkəmləndirilmiş
Müdafiə Rayonuna tabe etdirildikdən sonra qəbul
edilmişdir. Təşkilatın əməkdaşları
casusların və onların qurumlarının,
həmçinin, öz fəaliyyəti ilə Azərbaycana
düşmənçilik mövqeyində duran, dövlət
hakimiyyətinə qarşı qiyamda, xəyanətdə
iştirak edən, vəzifəli şəxslərin həyat
və azadlıqlarına qəsd edən, hakimiyyətə
silahlı müqavimət göstərən
şəxslərin aşkarlanması, sərnişin
gəmilərinin qəbulu, sənədlərin
yoxlanılması, şübhəli şəxslərin
saxlanılması, ictimai-siyasi vəziyyətə
nəzarət və bu kimi digər səlahiyyətlərə
malik idilər.
Azərbaycan Xalq
Cümhuriyyətinin təhlükəsizlik orqanlarının
əsas vəzifələrindən biri də
ölkədəki qanunsuz silahlı birləşmələrin
ləğvi, onlarda, eləcə də əhalidə olan
icazəsiz silahların yığılması və
müsadirə edilməsi idi. Əksinqilabla Mübarizə
Təşkilatının əməkdaşı olmuş
Əli Razi Şamçızadə
Salyandan öz rəisinə ünvanladığı
sənəddə ermənilərdən 12 odlu silah və 565
ədəd işarə verici fişəngin
götürüldüyünü məruzə edirdi.
Əksinqilabla
Mübarizə Təşkilatının
əməkdaşları digər dövlət
strukturlarının qüvvələri ilə birlikdə mart
qırğınlarının əsas
təşkilatçılarından olan Bakı milyonçusu,
qatı cinayətkar Stepan Lalayevi
və onun bir qrup tərəfdarını da həbs
etməyə müvəffəq olmuşdur.
Erməni siyasi
təşkilatları, silahlı dəstələri və
terrorçu daşnak qrupları Azərbaycan Xalq
Cümhuriyyətinin müstəqilliyinə qarşı
təxribatlar törətdiyindən xüsusi xidmət
orqanları onlara qarşı fasiləsiz mübarizə
aparırdı. Daşnaklar çirkin niyyətlərini
həyata keçirmək və ölkədəki sabitliyi
pozmaq məqsədi ilə müxtəlif yerlərdə
toplantılar keçirərək daim Azərbaycan
əleyhinə təbliğat-təşviqat işi
aparırdılar. Ona görə də ermənilərin bu
qurumları Əksinqilabla Mübarizə
Təşkilatının nəzarət etdiyi əsas obyektlər
olmuşdur. Maraqlıdır ki, Denikin
ordusunun Azərbaycana qarşı təxribatı ilə
əlaqədar təşkilat tərəfindən (ƏMT nəzərdə tutulur -
C.Q.) saxlanılmış və həbs edilmiş
şəxslərin əksəriyyəti ermənilər idi.
Bunun üçün həbs edilənlərin
siyahısına nəzər salmaq kifayətdir: Qriqori Babayants, Andrey Balayants, Danil Musaelyants, Ağacan Avakyants, Sərkis Melikyants, Georgi Melik-Qayakasov, David Abramyans, Soqomon Balayants, Sergey Arzumanyants, Petros Sarkisyants, Martiros Mirzoyants, Baqret Ohancanyan, İvan Avanesov, Mixail Ter-Zaxarov və başqaları.
Erməni casusları
əldə etdiyi məlumatları həm
denikinçilərə, həm bolşeviklərə, həm
də ingilislərə verirdilər. Həmin
ərəfədə bolşeviklər daha da
fəallaşmış, onlar ayrı-ayrı yerlərdə
gizli yığıncaqlar keçirir və demokratik
respublikanın əleyhinə müxtəlif məzmunlu
təbliğat aparırdılar. Əksinqilabla Mübarizə
Təşkilatı, eləcə də qurumun
Balaxanı-Sabunçu rayon bölməsi öz işini
həm də bu istiqamətdə qurmuşdu. Həmin
bölmədən Əksinqilabla Mübarizə
Təşkilatının rəhbərliyinə göndərilən
raportdan məlum olur ki, 1920-ci il fevralın 3-də
Sabunçudakı fəhlə klubunda keçirilən iclasda
Aleksandr Kostinski adlı bolşevik
fəalı belə bir məsələ irəli
sürmüşdür: "İndiki hökumət bizə
lazım deyil. Bu yaxınlarda bolşeviklər
gələcək, biz onda öz gücümüzü
göstərəcəyik". Təhlükəsizlik
orqanının həmin yerli bölməsi bolşeviklərin
hansı istiqamətlərdən Azərbaycana hücum edəcəklərini
də müəyyənləşdirə bilmişdir:
"1920-ci ilin 24 fevralında Sabunçudakı fəhlə
klubunda fəhlələrin gizli yığıncağında
bildirilmişdi ki, "bolşeviklərin üç - Krasnovodsk,
Həştərxan və Rostov istiqamətlərindən
gəlməsi gözlənilir. Ona görə də
yatmamalı, ayıq olmalı və hakimiyyəti ələ
almalıyıq".
Göründüyü
kimi, Azərbaycan milli dövlətçiliyinə
qarşı ermənilərdən başqa, daha bir qorxulu
qüvvə bolşeviklər idi. 1919-cu ilin sonlarından
etibarən Bakıda bolşeviklərin Azərbaycan
dövlətçiliyi əleyhinə fəaliyyəti daha da
gücləndi. Nəsib bəy Yusifbəyli bolşevik
təbliğatlarının qarşısını almaq
məqsədi ilə 1919-cu il noyabrın 23-də bolşevik yönümlü nəşrlərin
dayandırılması haqqında bütün
mətbəələrdən iltizam alınması
barədə göstəriş verərək bildirirdi ki,
tapşırığı yerinə yetirməyən
mətbəələr müsadirə ediləcək,
sahibləri isə həbs olunacaqdır.
Bolşeviklərin
fəaliyyəti 1920-ci ilin əvvəllərindən yeni
vüsət aldı. Gənc Azərbaycan Xalq
Cümhuriyyətinin hüquq-mühafizə və xüsusi
xidmət orqanları bütün səylərini
bolşevizmlə mübarizəyə yönəltsə
də, vəziyyət gündən-günə
kəskinləşirdi.
Beləliklə,
1920-ci ilin aprel işğalı nəticəsində
Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı,
özünün 23 aylıq ömrünə son verdi. Bununla
da, müsəlman Şərqində ilk demokratik respublika
qurmağa nail olan hökumətin digər dövlət
strukturları ilə yanaşı, Əksinqilabla
Mübarizə Təşkilatı da fəaliyyətini
dayandırmağa məcbur oldu. Azərbaycan Xalq
Cümhuriyyətinin güc strukturlarını və burada
fəaliyyət göstərən əməkdaşların
böyük əksəriyyətini isə sovet totalitar rejimi
öz repressiya məngənəsində məhv etdi.
Zaman
baxımından qısa müddət ərzində
fəaliyyət göstərməsinə rəğmən,
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin
və dövlətçiliyinin möhkəmləndirilməsi
uğrunda mübarizə aparan təhlükəsizlik
orqanlarının xidmətini yüksək
qiymətləndirən ümummilli lider Heydər Əliyev
bildirmişdir: "Xalq Cümhuriyyəti zamanı
Azərbaycanın təhlükəsizlik orqanları gənc,
müstəqil dövlətimizə,
dövlətçiliyimizin
möhkəmləndirilməsinə öz layiqli
töhfələrini vermişdir".
Cəlal Qasımov,
MTN-in Heydər
Əliyev adına
Akademiyasının
kafedra rəisi, professor