Azərbaycan.- 2009.- 21 oktyabr.- ¹ 234.- S. 7.
Qız qalasının yeni əfsanəsi, yoxsa təhrif olunmuş tarixi faktlar?
Vəfa Quliyeva,
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzin direktoru,
tarix elmləri doktoru
Orxan Əlizadə,
elm şöbəsinin tarix üzrə baş elmi işçisi, tarix elmləri namizədi
Son zamanlar Azərbaycan tarixinin müxtəlif sahələri üzrə sanballı elmi araşdırmalar aparılıb, siyasi, iqtisadi problemlərin, o cümlədən mədəniyyət məsələlərinin tədqiqində müəyyən nailiyyətlər əldə edilib. Lakin bəzən qədim qaynaqların azlığı, həm də onların birtərəfli tədqiqi Azərbaycan xalqının tarixinin subyektiv izahına gətirib çıxarır. Əlbəttə, yazılı qaynaqların kifayət qədər olmaması Azərbaycan tarixinin bütün sahələrini və dövrlərini eyni səviyyədə tədqiq etməyə, qaranlıq məsələləri işıqlandırmağa imkan vermir. Belə ki, indiyədək Bakının tarixinin bəzi məsələləri üzrə hələ də vahid fikir yoxdur. Çünki Bakı və İçərişəhərin tarixini subyektiv baxımdan izah edən və müəyyən siyasi məqsədlər güdən tendensiyalar uzun müddət öz mövqeyini saxlamış və təəssüf ki, indi də saxlamaqdadır.
Müasir zamanda Azərbaycan xalqının maddi mədəniyyət abidələrinə alimlər və ictimaiyyət tərəfindən maraq getdikcə artmaqdadır. Bu, ilk növbədə, xalqın mədəni irsini dərindən tədqiq etmək istəyindən irəli gəlir və ümumbəşəri mədəni irsində onun rolu və yerini müəyyənləşdirmək məqsədi daşıyır. Son illər ərzində Bakı və İçərişəhərin öyrənilməsində yeni addımlar atılıb, qaynaqların araşdırılması, elmi təhlili xeyli genişləndirilib.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra arxivlər qismən də olsa açıldı, tarixi olduğu kimi yazmaq və dərc etdirmək imkanı yarandı. Lakin təəssüf ki, bəzi hallarda yanlış məlumatlarla dolu olan yazılar dərc edilir. Bu günlərdə unikal abidələrdən biri, dünya mədəniyyəti xəzinəsinin incisi sayılan Qız qalasına həsr olunmuş yeni bir kitabçanın nəşr olunduğunu öyrəndik. Doğrusu, bu bizi çox sevindirdi. Çünki Bakı tarixinə, xüsusilə də, İçərişəhərə dair yazılan kitablara böyük ehtiyac var.
İlk dəfə adı ilə nəzərimizi cəlb edən İlqar Əliyevin "Qız qalası "Leyli və Məcnun"un məqbərəsidir" adlı kitabçası Kulturoloji Marketing və İnnovasion layihələr MMC "Manilti"nin dəstəyi ilə "Adiloğlu" nəşriyyatında 2009-cu ildə çapdan çıxıb. Düşündük ki, yəqin burada İçərişəhərin, xüsusilə də, Qız qalasının tarixi fərqli nöqteyi-nəzərdən araşdırılaraq yeni faktlar aşkar olunub. Lakin yanıldıq.
Qız qalası ilə Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərinin əlaqəsini anlaya bilmədik. Kitabçanı oxumağa başladıq. Çox keçmədi ki, onu nəşrə hazırlayanların məsuliyyətsizliyini gördük. Açığı, belə tərtibatda nəşr olunan kitabın bu qədər səriştəsiz və səhlənkarlıqla hazırlanmasını gözləmirdik. Axı, hər şeydən öncə, bu kitab bakılıların, ümumiyyətlə, bütün azərbaycanlıların müqəddəs hesab etdikləri İçərişəhərin adı ilə bağlıdır.
Kitabça ilə tanışlıq göstərdi ki, burada müəllif Qız qalasının tarixi haqqında yanlış fərziyyələr irəli sürməklə yanaşı, bu günə kimi və əsasən Azərbaycanın müstəqillik dövründə nəşr olunan əsərlərdə verilən konsepsiyaları da səhv adlandırıb.
İ. Əliyev heç bir arxiv sənədinə və mənbəyə əsaslanmadan Məcnunun Şirvanşah I Axsitanın oğlu, Leylinin isə Bakı valisinin qızı olduğunu qeyd edir. O iddia edir ki, "Şirvanşah Axsitanın oğlunun tərbiyəsi pis olduğundan, Bakı valisi qızını Axsitanın oğluna - Məcnuna vermir". Müəllif o dövrün reallıqlarını kifayət qədər düzgün təsəvvür etsəydi, belə nəticəyə qəlməzdi. Heç kim hətta Vali belə, Şirvanşahın oğlunun təklifini rədd etmək iqtidarında deyildi.
Daha sonra müəllif bir tərəfdən Məcnunun ərəb əsilli olduğunu qeyd edir, digər tərəfdən isə onu Şirvanşah Axsitanın oğlu kimi qələmə verir. Halbuki, Şirvanşah Axsitan fars mənşəli Kəsranilər sülaləsindən idi. Burada da müəllifin fikri tarixi reallıqlarla üst-üstə düşmür.
Nizaminin Şirvanşah Axsitanı tərifləməsi də təsadüfi deyil. XII əsr ədəbiyyatının xarakterik xüsusiyyətlərindən biri panegirik poeziyasının inkişafı idi. Nizami bu güclü ədəbi axından kənarda qala bilməzdi. Axsitan Məcnunun atası olduğu ücün deyil, Şirvanşah olduğu ücün təriflənir. Şirvanşah Axsitanın Nizamiyə "Leyli və Məcnun" poemasını sifariş etməsinin əsas səbəbi elə ilk növbədə öz adının əbədiləşdirilməsi istəyindən doğurdu.
İ.Əliyev yazir ki, Şirvanşah I Axsitan oğlunun sonsuz məhəbbətinin, yenilməz iradəsinin və onun məhəbbətinə sadiq qalan sevgilisi Leylinin xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakıda, onların birgə uyuduqları qəbirin üzərində məqbərə ucaldır. Daha sonra müəllif həmin məqbərənin Qız qalası olduğunu bildirir. Öz fikrini təsdiqləmək üçün müəllif, tarix elmləri doktoru Kamil Fərhadoğlunun araşdırmalarına istinad edir və onun 22.10.2006-cı il tarixli "Şirvanşahlar saray kompleksi, saray məscidinin girişində təsadüfi aşkar olunmuş qəbir haqqında məlumat"ını əsas gətirir.
Lakin bu məlumatla tanış olduqda və açıq şəkildə "məlumat"ın adından da bəlli olduğu kimi, bu qəbir Qız qalasında yox, saray məscidinin girişində aşkar olunub. Bildiyimiz kimi, əgər Qız qalası Leyli və Məcnunun məqbərəsi olsaydı, bu məzar qalanın altında olmalı idi. İ.Əliyev daha sonra "məlumat"ı oxucuların diqqətinə çatdırır:
"Qəbirdə üz-üzə basdırılmış 2 insan skeletinin birincisinin ayaq sümükləri şərq, kəllə sümüyü qərb tərəfdə yerləşir, üzü şimala baxır. O, müsəlman dini qaydalarına görə dəfn olunmuşdur. İkinci insan skeleti tam tərsinə yerləşib. Onun ayaq sümükləri qərb, kəllə sümüyü isə şərq istiqamətində dəfn olunmuşdur. Onun üzü cənub-qərbə, məscidin mehrabı istiqamətinə baxır... 1964-cü ildə Şirvanşahlar saray kompleksində bərpa işləri zamanı bəhs etdiyimiz qəbir çox güman ki, aşkar olunub. Qəbrin içində, şimal tərəfdəki divarda açılmış deşik bu fikri söyləməyə əsas verir. Hətta onu da demək olar ki, qəbri araşdırmaq məqsədi ilə, hansısa bir alətlə içəridəki skeletin sümüklərini qarışdırmışlar".
Müəllif "məlumat"ı oxuyaraq, belə bir "nəticəyə" gəlir ki, skeletin baş-ayaq basdırılmasının səbəbi, gənclərin günahlarına görə, mərhumlara hörmətsiz yanaşaraq, onların ruhlarını təhqir etmək məqsədi güdürmüş.
İ.Əliyev daha sonra "Leyli və Məcnun" əsərində Leylinin məzarı üzərində ölmüş Məcnunun yalnız sümüklərinin qaldığını və sümüklərin Leylinin qəbrində dəfn olunduğunu qeyd edir. Nizami Gəncəvinin əsərində qeyd olunan bu hadisəni əsas götürən müəllif, belə bir qənaətə gəlir ki, "skeletin sümükləri hansısa bir alətlə qarışdırılmayıb, o basdırılarkən belə bütöv deyildi".
Müəllif sonra davam edir: "Axsitanın ölümündən sonra hakimiyyəti ələ keçirmiş Axsitanın qardaşı Şahənşah o qəbrə "hörmətsiz" yanaşaraq, onu "Şah məscidi"nin girişində ayaqaltı pillə kimi yerləşdirir".
İ.Əliyevin bu fikri daha əvvəl irəli sürdüyü qənaətini təkzib edir. Müəllifin fikrindən belə çıxır ki, bu qəbrin yeri sonradan dəyişilərək məscidin girişində yerləşdirilmişdir. Belə olduqda müəllifin qəbirdəki sümüklərdən birisinin dağınıq olması səbəbi kimi irəli sürdüyü versiya inandırıcı çıxmır. Əgər bu qəbirdəki insanlar məscidin girişindəki qəbrə sonradan köçürülübsə, deməli, hər iki insanın sümükləri dağınıq olmalı idi. Onu da xatırladaq ki, müəllifin qeyd etdiyi yerdə 1918-cı ildə ermənilər tərəfindən qətlə yetirilən məscidin axundu Hacı Mir Mövsüm Hacı Mir Qasım oglu Qasımzadə dəfn olunub.
Müəllif Qız qalası ilə üzbəüz Xanəgah (Bazar yeri) adlanan ərazidə "əmanət qəbirlərin" aşkarlanmasını da qalanın sevgililərin məqbərəsi olduğu fikrini təsdiqləyən bir arqument kimi gətirir. Lakin qeyd etmək lazımdır ki Xanəgah ərazisində aşkarlanan "əmanət qəbirlər" orta əsrlərdə İçərişəhərdə sufi şeyxlərinin yaşayıb, fəaliyyət qöstərdiklərini təsdiqləyir. Xanəgahlar, adətən, karvan-ticarət yollarının üzərində yerləşirdilər. Xanəgah kompleksinə türbə, karvansara, hamam, məscid, ovdan və s. ictimai binalar da daxil olurdu. Sufi şeyxləri ölümlərindən sonra orada dəfn olunurdular və şeyxlərin məzarının ətrafında fəxri dəfnlər kecirilir, onların müridləri dəfn olunurdu. İllər keçdikcə bura müqəddəs yerə, ziyarətgaha çevrilirdi. Kamil müəllim abidənin ziyarətgah olduğunu deyəndə məhz bunu nəzərdə tutmuşdur. Bu ərazidə bütün sadaladıgımız abidələrin yerləşməsi orta əsrlərdə bu məkanda xanəgahın fəaliyyət göstərməsi fikrini sübut edir.
İ.Əliyev yazısında dini məsələlərə də toxunur və yenə də yanlışlıqlara yol verir. Müəllif yazır: "... tarixin ən dahi insanlarından hesab edilən Axura Mazda (Zərdüşt) odlar yurdu Azərbaycanda doğulub, daim alışıb yanan Azərbaycan torpağından ilham alıb, bu odun möcüzəsinə inanaraq atəşpərəstliyin təməlini qoymuşdur".
Burada müəllif zərdüştlik dinində Uca Tanrı olan Axura Mazdanı "dahi insan" kimi göstərir və onu Zərdüşt peyğəmbərlə eyniləşdirir. Daha sonra, o, Zərdüştün atəşpərəstliyin təməlini qoyduğunu qeyd edir. Halbuki, Zərdüşt peyğəmbərin təbliğ etdiyi din bir olan Tanrıya inam əsasında qurulub. Atəşpərəstlik xüsusiyyətləri isə bu dinə sonradan, Zərdüştün ölümündən sonra əlavə olunub.
İ.Əliyev həmçinin, yazı boyunca tez-tez müqəddəs kitablardakı ayələrdən istifadə edib. Mövzuya aid olmayan bu ayələr bəzən yanlış izah olunub. Məsələn, müəllif Qız qalasının üzərində səhər və axşam qatar-qatar quşların uçuşmasını, bunun ilin bütün fəsillərində, əsasən, yaz aylarında müşahidə edilməsini maraqlı hallardan biri adlandırır və analoji vəziyyətə ziyarətgahlarda, müqəddəs yerlərdə və ya digər sitayiş məkanlarında rast gəlindiyini bildirir. Daha sonra yazıda Ən-Nur surəsinin 41-ci ayəsi verilir:
"Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şəninə təriflər dediyini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir".
Müəllif bu müqəddəs kəlamlardan belə bir nəticəyə gəlir ki, Qız qalası və onun yerləşdiyi ərazi ziyarətgah olub. Halbuki, bu ayədə ziyarətgah və ya hər hansı bir müqəddəs yer haqqında heç bir şey deyilmir. Əslində, ayədə aydın göründüyü kimi, yerdə və göydə olanların (mələklər, insanlar və cinlərin), uçan quşların qüdrətli olan Allahın şəninə təriflər söyləməsindən danışılır. Ümumiyyətlə, müəllifin abidənin tarixşünaslığından da məlumatı qeyri ciddidir. Qalanın üzərindəki kitabə haqqında danışan İ.Əliyev bu yazının əvvəllər "Məsud ibn Davudun qülləsi" kimi, daha sonralar isə Sara Aşurbəyli tərəfindən düzgün olaraq "Məsud ibn Davudun qübbəsi" kimi oxunduğunu qeyd edir.
Müəllifin nəzərinə çatdırmaq istərdik ki, qalanın üzərindəki yazını S.Aşurbəyli yox, ilk dəfə N.Xanıkov oxuyub və "Qübbeyu Məsud bini Davud" tərcüməsini məhz N.Xanıkov edib. Ə.Ələsgərzadə və Ə.Salamzadənin, məşhur epiqrafçı M.Nemətin, C.D.Kərimzadənin, M.Ə.Nəbiyevin, D.Axundovun və başqa alimlərin araşdırmalarında Qız qalasının tarixinə və təyinatına dair bir neçə elmi fikirlər və mülahizələr var. Lakin müəllif, kitabçanı nəşr etdirərkən, bu əsərlərlə taniş olmayıb və çoxlu sayda yanlış fərziyyə irəli sürüb.
Təəssüflə qeyd etməliyik ki, heç bir tarixi faktlara əsaslanmayan bu kitabçanın nəşrində çox böyük tələskənliyə, səriştəsizliyə, məlumatsızlığa və ciddi nöqsanlara yol verilibdir. İ.Əliyevin mülahizələri ciddi bir mənbəyə əsaslanmadığı üçün heç bir elmi əhəmiyyət kəsb etmir və tarixi reallıqdan uzaqdır. Gəldiyi nəticələr isə məntiqi təfəkkürə sığmır. Azərbaycanın tarixi, o cümlədən Bakı və "İçərişəhər"in adı ilə bağlı nə varsa, hamısı sənədlərə əsaslanaraq, yüksək səviyyədə, məsuliyyətlə hazırlanmalı və xalqa çatdırılmalıdır.