“Azərbaycan”.-2009.-31
mart.-N 66.-S.2,4.
1918-1920-ci illər
türk-müsəlman soyqırımları
Azərbaycan
Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti
dövründə həyata keçirdiyi mühüm
tədbirlərdən biri də 1918-ci ildə
ermənilərin Azərbaycanda türk-müsəlman
əhalisinə qarşı törətdikləri
soyqırımı təhqiq etmək oldu. Belə ki,
hüquqşünas Ələkbərbəy
Xasməmmədovun sədrliyi ilə 1918-ci il iyulun 15-də
yaradılmış Fövqəladə təhqiqat
komissiyası çox qısa bir zamanda ermənilərin
törətdikləri cinayətləri tam üzə
çıxartdı. Lakin Cümhuriyyətin devrilməsi
ermənilərin cəzalandırılmasına imkan
vermədi. Uzun müddət bu cinayətlər
xalqımızdan gizlədilsə də, müstəqillik
əldə edildikdən sonra bütün bu hadisələr
yenidən obyektiv şəkildə öyrənilmiş və
tariximizin faciəli səhifəsi kimi yaddaşlara daxil
olmuşdur. Faciənin baş verməsi və
nəticələri ilə bağlı bəzi məqamlara
diqqət yetirək.
Məlumdur
ki, 1917-ci ilin oktyabrında V.İ. Lenin
başda olmaqla hakimiyyəti zorla ələ keçirən
bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq
adı altında əvvəlki imperiyanı bərpa
etməyə başladılar.
1917-ci ilin
sonu, 1918-ci ilin əvvəllərində Bakıda
daşnak-bolşevik birləşmələrinin milli
qüvvələrə qarşı açıq
mübarizəsi daha geniş vüsət aldı. 1917-ci ilin
dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ. Lenin tərəfindən Qafqazın
fövqəladə komissarı təyin olunmuş S.Şaumyanın Korqanovun
başçılıq etdiyi Hərbi İnqilab Komitəsi
ilə birlikdə Tiflisdən Bakıya gəlişi
buradakı siyasi vəziyyəti xeyli gərginləşdirdi.
Qafqaz cəbhəsindən geri qayıdan rus
əsgərləri vətənlərinə getmək
əvəzinə Bakıda saxlanıldı. Həmin
əsgərlərin Bakıda saxlanılmasında Şaumyan xüsusi fəallıq
göstərirdi. Bolşevik-daşnak qüvvələrinin
birləşdiyi Bakı Sovetinin ixtiyarında
Qırmızı ordu adı altında əksəriyyəti
ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə
cəmləndi.
1918-ci ilin
martında Bakıda siyasi vəziyyət son dərəcə
gərgin idi. Bakı Sovetinə keçirilən
seçkilərdə "Müsavat"ın
böyük səs çoxluğu ilə qələbə
qazanması bolşevikləri və daşnakları ciddi
narahat edirdi. Şaumyan başda olmaqla
bolşevik qüvvələri, erməni milli şurası
və "Daşnaksutyun"
rəhbərləri Azərbaycanın milli-demokratik
qüvvələrinə qarşı əsl
müharibəyə başladılar. Bakıda Azərbaycan
milli qüvvələrinin sayca az və zəif
silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara "dərs
vermək" üçün milli qırğına
hazırlaşırdı.
1918-ci il
martın 29-da şəxsi heyəti müsəlmanlardan
ibarət olan " Evelina" gəmisinin
Bakıda bolşevik qüvvələri tərəfindən
tərk-silah edilməsi milli qırğına başlamaq
üçün bəhanə oldu. Belə ki, 1918-ci il
martın 17-də silahla ehtiyatsız davranışdan həlak
olmuş H.Z. Tağıyevin oğlu Məhəmməd
Tağıyevin cənazəsini Lənkərandan Bakıya
gətirən müsəlman diviziyasının 48 nəfərdən
ibarət kiçik bir dəstəsi bolşevikləri
təşvişə saldı. Mərhumu dəfn edən
müsəlman dəstəsi "Evelina"
gəmisi ilə Lənkərana geri qayıtmalı idi.
Gəminin körpüdən aralanmasına az qalmış
silahlı bolşeviklər müsəlman dəstəsinin
tərk-silah olunmasını tələb etdi. Müsəlman
dəstəsinin rədd cavabına tüfənglərdən
və pulemyotlardan atılan atəşlə cavab verildi.
Gəmidəki silahlar bolşeviklər tərəfindən
müsadirə olundu. Martın 31-də səhər tezdən
şəhərin müsəlmanlar yaşayan hissəsinə
hücumlar başladı. Azğınlaşmış
erməni quldur dəstələri dinc azərbaycanlı
əhaliyə qarşı ən amansız üsullara əl
atırdılar. Fövqəladə təhqiqat
komissiyasının üzvü A.Y.Kluge bu
komissiyanın sədrinə yazırdı: "Yaxşı
silahlanmış və təlim keçmiş erməni
əsgərləri çoxlu miqdarda pulemyotların
müşayiəti ilə hücum edirdilər...
Ermənilər müsəlmanların evlərinə soxulur,
evlərin sakinlərini qırır, onları qılınc
və xəncərlərlə doğram-doğram və
süngülərlə deşik-deşik edir, uşaqları
yanan evin alovları içərisinə atır,
üç-dörd günlük çağaları süngünün
ucunda oynadır, öldürülən valideynlərin
südəmər körpələrinə rəhm etmir,
hamısını qırırdılar".
Təhqiqat
komissiyasının sənədlərinə əsasən
məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı
Bakı şəhərində 11 min nəfərədək
türk-müsəlman öldürülmüşdür. Onların
çoxunun meyitləri tapılmamışdır.
Çünki şahidlərin dediklərinə görə,
ermənilər meyitləri od-alova bürünmüş
evlərə, dənizə və quyulara atırdılar ki,
cinayətin izini itirsinlər.
Müsəlmanları
öldürməklə yanaşı, ermənilər
onların əmlaklarını da dağıdır,
az-çox qiymətli olan əşyalarını isə
özləri ilə aparırdılar. Daşnak-bolşevik
birləşmələri Bakının şəhər
camaatından 400 milyon manatlıq daş-qaş və əmlak
müsadirə etmiş, bir çox ziyarətgahları və
tarixi abidələri dağıdaraq yerlə-yeksan
etmişdilər. Daşnaklar uzaqvuran toplarla Təzəpir
məscidini zədələmiş, Bakıda dünya
memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub
yandırmışdılar.
Talançılar
İsmailiyyə binası ilə
yanaşı, "Kaspi" qəzeti redaksiyasını,
"Dağıstan" və
"İsgəndəriyyə" mehmanxanalarını da
yandırmışdılar. "Kaspi"
qəzeti redaksiyasında Azərbaycan dilində kitablar
nəşr edilirdi. Bina yandırılan vaxt burada Quranın yenicə
çap edilmiş 5 min nüsxəsi saxlanılırdı.
Onların hamısı yanıb külə
dönmüşdü.
Mart
qırğınında yaxşı təşkil olunmuş
hərbi hissələrlə yanaşı, erməni
ziyalıları və gəncləri də iştirak
edirdilər. Təhqiqat komissiyasının materiallarında
göstərilir ki, "erməni əhalisinin bütün
siniflərini təmsil edən nümayəndələr bu
"müharibə" də iştirak etməyi
özlərinə borc bilirdilər. Burada neftxudalar,
mühəndislər, həkimlər, müəllimlər var
idi, bir sözlə, erməni əhalisinin bütün
təbəqələri öz "vətəndaşlıq borcu"nu yerinə yetirirdi".
1918-ci ilin
mart günlərində Azərbaycanın qədim
şəhəri Şamaxı da dəhşətli talan və
vəhşiliklərə məruz qalmışdı.
Şamaxı şəhərində və Şamaxı
qəzasında ermənilərin törətdikləri
vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən
ibarət təhqiqat materialları toplanmışdı. S.
Lalayan və T. Əmiryanın
azğınlaşmış dəstələri
müsəlmanları soyub talayır və
qırırdılar. Şamaxının müsəlmanlar
yaşayan hissəsinin hamısına od vurulmuş, 13
məhəllə məscidi və məşhur
müqəddəs ocaq - Cümə
məscidi yandırılmışdı. Bu məscid
müsəlmanlara həm bir qibləgah, həm də qədim
abidə kimi əziz idi.
Şamaxı
qəzasının müsəlmanlar yaşayan təxminən
80 kəndinin taleyi də bu cür olmuşdur.
Daşnakların törətdiyi vəhşiliklərin
həddi-hüdudu yox idi.
Fövqəladə
təhqiqat komissiyasının Şamaxı qəzası
üzrə apardığı təhqiqatlarda 53 kənddə
tərtib olunmuş yekun aktlarında
öldürülənlərin sayı və hər bir
kəndə dəymiş ümumi zərərin miqdarı
göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə
əsasən Şamaxı qəzasının 53
kəndində ermənilər 8027 azərbaycanlını
qətlə yetirmişlər. Onlardan 4190 nəfəri
kişi, 2560 nəfəri qadın və 1277 nəfəri
uşaq idi. Bu kəndlərə dəyən ümumi maddi
zərər o dövrün qiymətləri ilə 339.5 milyon
manat olmuşdur.
Təhqiqat
komissiyasının sənədlərindən aydın olur ki,
təkcə Şamaxı şəhərinin
azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir
milyard manatdan çox olmuşdur.
Əvvəlcədən
qurulmuş plana görə, daşnak-bolşevik
qüvvələri Şamaxını işğal etdikdən
sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda
yaşayan ermənilər bu barədə xəbərdar
edilmiş, onlara xeyli əlavə silah və sursat
göndərilmişdi. Sovet rejiminə rəhbərlik edən
Şaumyan Cənubi Qafqazda böyük
Ermənistan dövləti yaratmaq üçün
bütün imkanlardan istifadə edirdi ki, Azərbaycan
deyilən dövlət qurumu yaranmasın. Quba qəzasında
qırğınlar əvvəlcədən düşünülmüş
və buna geniş hazırlıq işləri
görülmüşdü. Qırğına başlamaq
üçün bəhanə milli münaqişə ola
bilərdi. Erməni daşnak qüvvələri
dünyanın hər yerinə ermənilərin guya
müsəlmanlar tərəfindən
sıxışdırıldığı barədə
teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov
tərəfindən göndərilən teleqramda iddia olunurdu
ki, guya Qubada müsəlmanlar milli ədavət,
qırğın törədir, erməni və rus
kəndlərini dağıdır, kilsələrə od vurub
yandırırlar.
1918-ci il
martın əvvəllərində əmlaklarını sataraq
Qubadan tələsik çıxıb gedən varlı
ermənilərdən bunun səbəbini soruşduqda
demişdilər: "Sizinlə bizim aramızda nə isə
gözlənilir, ona görə də komitə bizi geri
çağırır".
Fövqəladə
təhqiqat komissiyasının sənədlərindən
məlum olur ki, top və pulemyotlarla silahlanmış Amazaspın quldur dəstəsi aprelin
ortalarında Qubaya daxil olub şəhəri odlamağa
başladı. Daşnaklar küçədə
qarşılarına çıxan bütün adamları
ucdantutma gülləyə tutur, yerə yıxılmış
yaralıların bədənlərini tüfənglərin
süngüləri ilə deşik-deşik edir,
gözlərini oyurdular. Yaxınlıqdakı
meşəyə qaça bilməyənlər evlərinə
girib qapıları bağlayırdılar. Onları
evlərindən zorla çıxarır, yerindəcə
güllələyir və yaxud qabaqlarına qatıb meydana
aparırdılar. Bir neçə saatın ərzində
yüzlərlə insan qətlə yetirildi.
Şahidlərin
biri yazır: "Daşnakların son dərəcə
azğınlaşdığını görəndə
onlarla qeyri-bərabər döyüşə girməli olduq.
Bir gün davam edən atışmada 200-dən çox
döyüşçünü itirib, 40 nəfərlə
Digah kəndinə tərəf geri çəkildik. Amazasp bundan həm hirsləndi, həm də
bir qədər ehtiyat etdi. Quba camaatını meydana
yığıb bildirdi ki, mən minlərlə türkün
başını kəsən Ərzurum
ermənisiyəm. 200-dən çox türk kəndini
yandırıb xaraba qoymuşam. Uzun müddət
türklərlə vuruşmuşam, erməni xalqının
mənafeyini müdafiə etmişəm. Buraya da ona
görə gəlmişəm. Əgər müqavimət
göstərsəniz, hamınızı bir nəfər kimi
qıracağam".
Şahidlərdən
biri yazır: "Amazasp daşnak
dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı
və ona nəsə dedi. Harun
cibindən bir siyahı çıxarıb oxumağa
başladı. Həmin siyahıda Qubanın
varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı
əsgərlərindən bir neçə nəfəri
göndərdi. Silahlı əsgərlər altı
nəfərlə geri qayıdanda daşnak komandiri daha da
qızışdı. Gətirilənlərin 4-ü qadın,
2-si yeniyetmə idi. Amazaspın
tapşırığı ilə yeniyetmələrin
başlarını kəsdilər. Qadınları
uşaqlarının qanını içməyə məcbur
etdilər. Onlar şivən qoparıb daşnakların
üstünə atılanda qarınlarını
süngülərlə deşdilər. Sonra qılıncla
bədənlərini tən ortadan ikiyə böldülər.
Meydanda ah-nalə yüksələndə Amazasp
əsgərləri cərgə ilə düzdürüb
əliyalın, günahsız əhaliyə atəş
açmağı əmr etdi. Yüzlərlə adam
qırıldı. İnanmaq olmurdu ki, insan insana qarşı
bu qədər vəhşilik törətsin". "Mən
sizin qanınızı içəcəyəm"
- deyən Amazasp
siyahıda adları çəkilən adamların
mülklərini odlayıb külə döndərmək
üçün əmr verdi. Bütün bu
hərəkətləri ilə o, son dərəcə
qəddar və qaniçən olduğunu sübuta yetirirdi.
Amazasp Bakıdan mənfur Şaumyan
rejimindən belə bir tapşırıq almışdı:
Quba qəzasında bütün müsəlmanları
qırıb məhv etmək, onların yaşayış
məntəqələrini dağıtmaq. Sonra isə bu
qırğını sünni və şiə
məzhəbləri arasında toqquşma kimi
qələmə vermək.
Təhqiqat
materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də
Qubaya girən daşnak-bolşevik birləşmələrinin
sayı 5 mindən artıq olmuşdur. Ona görə də
onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta
bilmiş, iki gün ərzində yalnız Quba
şəhərində 4 minədək insanı məhv
etmişdilər. Bu, Quba şəhər əhalisinin
beşdə biri demək idi.
Qırğının
canlı şahidlərindən olan Şahbalı
oğlu xatırlayır: "Ermənilər o qədər
adam qırmışdılar ki, Qubanın
küçələri al-qana boyanmışdı.
Əllərinə keçən 2 mindən çox adamı
meydana yığıb ucdantutma güllələmək
istəyəndə bir nəfər onların
başçısına yaxınlaşdı. Deyilənə
görə, komissar idi. Bir qədər söhbət
etdikdən sonra əsgərlərə təzədən
əmr verildi ki, silahları aşağı salsınlar.
Qadınlar və uşaqlar ağlayırdılar.
Yekəpər bir erməni beş nəfərlə camaata
yaxınlaşıb, cavan, gözəgəlimli
qadınları seçməyə başladı. Əllidən
çox qadını hara isə apardılar. Onlardan birinin
qardaşı etirazını bildirəndə yerindəcə
güllələdilər. Onun meyitini yerə sərib
bıçaqla gözlərini çıxartdılar. Əli
qana batmış erməni ovcunda tutduğu gözləri
camaatın üstünə tulladı. Kütlədən
uğultu qopdu. Daşnaklar ermənicə
söyə-söyə qabaqdakıları qundaqla
döyməyə başladılar. Sonra irəli
çıxmış yaşlı bir kişinin
qarnını süngü ilə deşdilər. Bu, göz
ilə baxılası müsibət deyildi".
Başqa
bir şahid yazır: "Ermənilər dindarları
Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən
insanlar qəzanın ən hörmətli ağsaqqalları
sayılırdılar. Amazasp
hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun
azərbaycanca dedi ki, sünnilər və şiələr
hərəsi bir tərəfə çəkilib
üz-üzə dursunlar. Elə o cür də durdular.
Araları 20-30 metr olardı. Sonra iki tüfəng gətirib
dedilər ki, onsuz da sizin hamınızı
qıracağıq. Kim sağ qalmaq istəyirsə,
dediyimizə əməl etsin. Sünnilər və
şiələr növbə ilə bir-birilərinə
güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci
iki nəfəri irəli çıxarıb
tüfəngləri onlara verdilər. Biri ləzgi
Məhəmməd, o birisi isə şiələrin
ağsaqqalı Məşədi Mirsadıq
idi. Onların heç biri erməni silahını
əlinə almaq istəmirdi. Qundaqla başlarını
yarıb onları tüfəngləri götürməyə
məcbur etdilər. İkisi də tüfənglərini
qaldırıb bir-birlərini nişan aldı. Hamı
məəttəl qalmışdı. Nisbətən cavan olan
Məhəmməd heç kimin gözləmədiyi halda geri
döndü və bir daşnakı yerə sərdi.
Qarışıqlıqdan istifadə edən Məşədi
Mirsadıq da bir ermənini
öldürdü. Qaçmaq istəyən yüzlərlə
adamı pulemyotlarla qırdılar. Ölənlərin
çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə
Məhəmmədin qollarını kəsdilər, sonra
ayaqlarını. Başını kəsib süngüyə
keçirdilər və hamı görsün deyə yuxarı
qaldırdılar. Məşədi Mirsadığın
gözlərini çıxarıb, qollarını
sındırdılar və boynunu qırdılar. Həmin
gün daşnaklar məscidi dağıdıb, həm
sünnilərdən, həm də şiələrdən
20-dən çox din xadimini qətlə yetirdilər". A.Novatski qeyd edir ki, müsəlmanların dini
heysiyyətinə toxunan daşnaklar təkcə Quba, Qusar
və Xaçmaz ərazisində 26 məscid
yandırmışdılar.
Amazaspın vəhşilikləri
nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində
Quba qəzasında üst-üstə 16 mindən çox insan
məhv edilmişdir. Ayrı-ayrı mənbələrə
və şahidlərin dediklərinə əsasən,
qırğın zamanı 12 minədək ləzgi, 4
mindən çox azəri türkü
və tat əhalisi öldürülmüşdü. 1918-ci
ilin qırğınları zamanı daşnak-bolşevik
birləşmələri Quba qəzasında 162 kəndi
dağıtmışdılar ki, bunlardan 35-i hazırda
mövcud deyil.
Lənkəranda
olan "Dikaya diviziya"nı
tərk-silah etmək üçün bura dəniz
vasitəsilə bolşevik dəstələri
göndərilmişdi. Bunların hamısı erməni milli
şurasının göstərişi ilə edilirdi.
Bolşevik əsgərləri yolda qabaqlarına çıxan
müsəlman kəndlərini dağıdıb
talayırdılar. Astara bolşevik əsgərləri
tərəfindən topa tutularaq darmadağın edildi,
əhalinin əksəriyyəti yaşayış yerlərini
tərk etməyə məcbur oldu. Xəzər dənizi
sahilində Qızılağac ilə Lənkəran
arasındakı müsəlman kəndləri "Aleksandr Candar " gəmisindən top
atəşinə tutuldu. Yanvarda başlanan bu
qırğınlar martda daha da şiddətləndi.
Osmanlı
qoşunlarının Bakını azad etməsindən bir az
əvvəl Lənkərana iki min nəfərlik erməni
dəstəsi gələrək yerli əhaliyə divan
tutmağa başladı. Onlar müsəlman
yeməkxanalarına girib oradakıları təhqir edir,
yediklərinin pulunu vermir, özlərini Osmanlı
türklərindən qorumaq üçün onları
səngər qazmağa məcbur edirdilər. İş o
yerə çatmışdı ki, erməni
əsgərləri məhərrəmlik mərasimi verilən
məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirməyə mane
olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək
üçün məscidlərə
yığışdıqları zaman ermənilər ora
soxularaq müsəlmanları qarət edir, məscidi isə
yandırmaq istəyirdilər. Ermənilər bu
bölgədə yüzlərlə ev dağıtdı
və minlərlə günahsız insanın həyatına
son qoydular. 1919-cu ilin avqustunda "Molokan qiyamı"
yatırılana qədər bu bölgədə erməni
və rus birləşmələri tərəfindən 2 min
insanın həyatına son qoyulmuşdu.
Göyçay
qəzasının Kürdəmir kəndində daşnaklar
56 ev və dükan, 127 malikanə, iki məscid
yandırmış, yerli imamın mənzilini talan
etmişlər. Mənzildəki "Quran"ın
təfsirinə dair zəngin kitabxanadan tonqal
düzəldilmiş, "Quran"ın
özü isə təhqir olunmuşdur.
1918-1920-ci illərdə erməni
vəhşiliklərindən ən çox ziyan
çəkən Azərbaycan bölgələrindən biri
də Zəngəzur qəzası olmuşdur. Daşnak
qüvvələrinin təcavüzü nəticəsində
bu qəzanın Şuşa ilə əlaqələri
tamamilə, Cəbrayıl qəzası ilə qismən
kəsilmişdi. Qəzanın müsəlman əhalisinin
vəziyyəti bir də ona görə ağırlaşmışdı
ki, erməni kəndlərindəki silahlı quldur
dəstələri ilə yanaşı, bu qəzada general Andranikin erməni əsgərlərindən
ibarət yaxşı təşkil olunmuş nizami
qoşunları da var idi. Andranik erməni
hökumətinin tapşırığı ilə
Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən
tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe
olmalı, ya da qəzanın ərazisini tərk
etməlidirlər. Guya bu ərazi Ermənistan Respublikasına
daxildir. Qəzanın çox zəif silahlanmış
müsəlman əhalisi Andranikin bu
tələblərini rədd etdiyinə görə
ermənilər həmin əhaliyə qarşı
görünməmiş vəhşiliklər
törətdilər.
Fövqəladə
təhqiqat komissiyasının məruzəsində
Zəngəzur qəzasında 115 müsəlman kəndinin
ermənilər tərəfindən dağıdılaraq yer
üzündən silindiyi qeyd olunur.
Dağıdılmış bütün kəndlərin
adları bu sənədlərdə sadalanır.
Zəngəzur
qəzasında 115 kənd üzrə 3257 kişi, 2276
qadın və 2196 uşaq öldürülmüş, 1060
kişi, 794 qadın və 485 uşaq yaralanmışdır.
Nəticədə təkcə Zəngəzur qəzasında
10068 nəfər azərbaycanlı
öldürülmüş və ya şikəst edilmişdi.
Məruzədə deyilirdi ki, bu dəhşətli
rəqəmlər hələ erməni vəhşilikləri
haqqında tam məlumat vermir. Belə ki, daha çox
müsəlman erməni vəhşiliklərinin qurbanı olmuşdur.
Ancaq o zamankı dəhşətli
qarışıqlıq şəraitində onları tam
şəkildə müəyyənləşdirmək
mümkün olmamışdır.
Qəzanın
Vaqudu kəndində 400-dən yuxarı
azərbaycanlı məscidə sığınaraq güman
edirlər ki, ermənilər müqəddəs yerə
basqın etməzlər. Ancaq məscidi mühasirəyə
alan erməni vandalları əvvəlcə bura əl
bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə
yandırırlar. Şəki kəndinin
küçələrində iki yerə şaqqalanmış
uşaq meyitləri atılıb qalmışdı. İrmişli kəndini talan edərkən
ermənilər südəmər uşaqları
süngülərə taxaraq göyə qaldırır,
meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər
müsəlmanlardan xristianlığı qəbul etməyi
tələb edir, bundan imtina edən qadınlara qarşı
ən amansız cəza tədbirlərini həyata
keçirirdilər. Ermənilər Çullu kəndində
yorğan-döşəkdə xəstə yatan 9
müsəlmanı qılıncla doğramışlar. Bağıbəyli kəndində 7
nəfər azərbaycanlını bir evə yığıb
evlə birlikdə diri-diri yandırmışlar.
Müsəlman meyitlərin əli,
ayağı, başı kəsilmiş və o qədər
eybəcər hala salınmışdılar ki, həmin
əzaların hansı meyitə məxsus olduğunu bilmək
olmurdu. Zəngəzur qəzasında 1918-ci il yayın
axırları və payızında baş verən bu hadisələr
bilavasitə cəllad Andranikin
rəhbərliyi altında həyata keçirilmişdi.
Zəngəzur
qəzasının 100-dən çox müsəlman kəndi
dağıdılmış, əhalisinə isə 1 milyard
manata yaxın maddi ziyan vurulmuşdu. Erməni
millətçilərinin azərbaycanlılara qarşı
Zəngəzurdakı vəhşilikləri 1920-ci ilin
əvvəllərində daha amansız şəkil aldı.
1920-ci ilin yanvarından Zəngəzurda baş verən
bütün hadisələrin bilavasitə
təşkilatçısı məhz Ararat
respublikasının özü idi. Əsas məqsəd
Zəngəzur qəzasını tamamilə
müsəlmanlardan təmizləyərək Paris sülh
konfransı dövlətlərinin əli
ilə buranı Ermənistanın tərkibinə daxil
etmək idi. Həmin təmizləmə
əməliyyatlarında erməni quldur dəstələri
ilə yanaşı, Ararat respublikasının on mindən
yuxarı nizami qoşun dəstələri iştirak edirdi.
Ermənilərin irimiqyaslı hücumları ilə
əlaqədar 1920-ci ilin yanvarından Azərbaycan
Respublikasının parlamentinə, hökumətinə
müxtəlif partiya fraksiyalarının rəhbərlərinə
Zəngəzurdan çoxlu həyəcanlı xəbər
daxil olurdu.
1920-ci il
yanvarın 21-də Azərbaycan Respublikasının parlamentinin
üzvü Cəlil Sultanov tərəfindən Azərbaycan
parlamentinə göndərilmiş teleqramda deyilirdi:
"Dörd gündür ki, erməni quldur
dəstələri nizami ordu ilə birlikdə top və
pulemyotların atəşi altında Zəngəzura
hücumları davam edir... İtkilər olduqca çoxdur.
Əhali vahimə içərisində qaçır və
kömək umur... Qəzanın bədbəxt əhalisi
adından yalvarıram, kağız üzərindəki
etirazlardan fəal hərəkətə keçin.
Azərbaycanın ən gözəl guşələrindən
birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun
ardınca növbə Qarabağındır. Bütün
bunların itirilməsi üçün siz Azərbaycan
xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz".
Yanvarın
22-də isə Cəbrayıl məktəbinin müəllimi
H. Axundzadə Azərbaycan parlamentinə göndərdiyi
teleqramda yazırdı: "Yanvarın 19-da səhərdən
erməni silahlı qüvvələri Zəngəzurda
Xocahandan Qaladərəsinə kimi ərazidə bütün
cəbhə boyu toplardan və pulemyotlardan müsəlman
kəndlərini atəşə tuturlar. Altı kənd tamam
dağılmışdır, doqquz kənd isə od
içərisində yanır. Ermənilər qadınlara
və uşaqlara belə rəhm etmədən
qəddarlıqla müsəlmanları qırır,
kəndləri dağıdırlar. Müqavimət
göstərməyə heç bir qüvvələri olmayan
müsəlmanlar bütün əmlaklarını
ermənilərə qoyaraq yalnız qaçmaqla
canlarını qurtarırlar".
Erməni
millətçilərinin Zəngəzurdakı
dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi -
azərbaycanlı əhali arasında ümidsizlik doğururdu.
1920-ci il yanvar ayının 23-də Cəbrayıldan
müəllim Hüseyn Axundzadənin vurduğu təkrar
teleqramda deyilirdi: "Zəngəzur müsəlmanları
tərəfindən başınız sağ olsun. Nə
qədər zəngəzurlular ağladılarsa da,
nalələri Zəngəzur dağları,
dərələri və obalarından kənara
çıxmadı. Qarı arvadların namusu təhqir
olunmuş, məsum balaların başsız
bədənləri qırmızı qanlarına
bulaşmış çöllərdə qalıblar.
Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş,
onların namuslarına təcavüz edilmişdir.
Zəngəzurda düşmənə müqavimət
göstərən çox az kişi qalıb. Lakin onlar da tam
ümidsiz vəziyyətdədirlər. Üzümüzü
Azərbaycan dindarlarına çevirir, onları
Zəngəzurdakı qardaşlarımızın,
bacılarımızın, məsum balalarımızın məlumanə şəkildə şəhid
olmalarına qarşı kömək, kömək deyə
yalvarışlarına cavab verməyə çağırırıq".
1918-ci ilin
avqustunda İgdir və Eçmiədzin
qəzalarında azərbaycanlıların
qırğını Dronun
rəhbərliyi altında həyata keçirilirdi. Onun
göstərişi ilə bu regionda azərbaycanlıların
60-dan çox kəndi dağıdılmış,
yandırılmış, əhalisinə qarşı ən
sərt tədbirlər görülmüşdü.
Çəmbərəkənd (Krasnoselo) rayonunun Ağbulaq, Ardanış,
Bəriyabad, Qaraqaya, Əmirxeyir,
Yanıqtəpə, Gölkənd
(Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorca və başqa
kəndlərinə hücum etmiş Andranikin
quldur dəstəsi əhalini qırmış, kəndləri
dağıtmış, xalqın var-dövlətini talan edib
aparmış, əhalinin bir qisminə ağır
işgəncələr vermiş, qaça
bilməyənləri, qocaları, qadın və
uşaqları vəhşicəsinə qılıncdan
keçirmişdir. 1918-ci ildə Eçmiədzin
rayonunda azərbaycanlılar sayca üstünlük
təşkil etsələr də, bu rayonun əksər
kəndi ermənilərin vəhşiliyinə,
işgəncələrinə məruz qalmışdır.
Rayonun Ayarlı kəndi 1918-ci ildə bütünlüklə
soyqırıma məruz
qalmışdır. Bu kənddə həmin vaxt 700-dən
çox azərbaycanlı yaşayırdı. Onların
əksəriyyəti işgəncələrlə
öldürülmüş, salamat qalanlar didərgin düşmüş,
dağlarda-daşlarda tələf olmuşdur. İri
azərbaycanlı kəndi olan Qarğabazarın 800
nəfərdən çox əhalisi erməni quldur
dəstələri tərəfindən
işgəncələrlə qətlə yetirilmişdir. Bu
kənd talan edilmiş, dağıdılmış,
binaları yandırılmışdır. Qəmərli
kəndinin də başına eyni müsibətlər
gətirilmişdir. Bu kənddə yaşayan 500
nəfərə yaxın azərbaycanlı əhali erməni
silahlı dəstələri tərəfindən məhv edilmiş,
bir qismi isə doğma yurd-yuvasını tərk
etməyə məcbur olmuşdur.
1918-ci ilin
martında İrəvan qəzasının 199
azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına
qədər isə Eçmiədzin
qəzasına məxsus 62 azərbaycanlı kəndi
bütünlüklə yerlə yeksan edilmişdir. 1919-cu ilin
axırında Zəngibasarın bir
neçə kəndi istisna olunmaqla, İrəvan
qəzasının, o cümlədən Vedibasarın
bütün kəndləri məhv edilmiş, əhalisi
vəhşicəsinə öldürülmüş, sağ
qalanlar canlarını xilas edərək başqa
yerlərə qaçmışlar. Əhali İran,
Osmanlı və Azərbaycana pənah gətirmişdir.
1918-ci
ildə İrəvan quberniyasında 211, Qars
vilayətində 92 Azərbaycan kəndi
dağıdılmış, yandırılmış və
talan edilmişdi. İrəvan azərbaycanlılarının
çoxsaylı müraciətlərindən birində
göstərilir ki, qısa müddət ərzində bu tarixi
Azərbaycan şəhərində (İrəvan) və onun
çevrəsində 88 kənd dağıdılmış,
1920 ev yandırılmış, 132 min azərbyacanlı
məhv edilmişdir. Erməni cəza dəstələrinin
törətdikləri vəhşiliklər, daşnak
hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan"
siyasəti nəticəsində İrəvan
quberniyasının azərbaycanlı əhalisinin sayı
1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min
nəfərə enmişdir.
Andranikin quldur qoşununun və
daşnakların 1918-1920-ci illərdə
azərbaycanlılara qarşı apardıqları
soyqırımı nəticəsində indiki Ermənistan
ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında
yaşayan əhalinin çox böyük hissəsi,
təxminən 565 min nəfəri vəhşicəsinə
qırılmış, yaxud öz dədə-baba
torpaqlarından qovulmuş, didərgin
salınmışdır.
1920-ci ilin
aprelində "Azərbaycan"
qəzeti yazırdı: "Artıq Göyçə
mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid
qəzasında 84 müsəlman kəndi
dağıdılmışdır, onlardan 22 kənd apreldə
dağıdılmışdır. Otuz kəndin 15 mindən
artıq evi olan əhalisi bütün malı, dövləti
başlı-başına buraxıb qaçmışdır.
Bütün bu var-dövlət hazırda ermənilərə
qalıb, qarət edilmiş əmlak bir neçə milyon
və hətta milyardlar qədərdir ".
1920-ci il
aprelin 27-də rus ordusu tərəfindən Azərbaycanın
işğal edilməsi Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək
üçün Azərbaycan Xalq Cümhuriyyətinin
gördüyü tədbirləri başa
çatdırmağa imkan vermədi, sovetləşən
Zəngəzur qəzası sovet Ermənistanına
bağışlandı.
Beləliklə,
1918-1920-ci illərdə
türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən qətllər və kütləvi insan
qırğını təsadüfi hadisə deyil, "Daşnaksütyun" partiyasının
"böyük Ermənistan" yaratmaq
planını reallaşdırmaq yolunda atılan addım
və soyqırım siyasəti
olmuşdur.
Anar
İSGƏNDƏROV,
tarix
elmləri doktoru,
professor