“Azərbaycan”.-18 sentyabr.-N 208.-S.3.
Azərbaycan-Özbəkistan
münasibətlərində yeni mərhələ
Özbəkistan
Prezidenti İslam Kərimovun ölkəmizə rəsmi
səfəri iki dost ölkə
arasında
bütün sahələrdə əlaqələrin daha da
inkişafına güclü təkan verəcək
Azərbaycan və Özbəkistan xalqları
arasında tarixən dostluq münasibətləri mövcud
olmuşdur. Mərkəzi Asiya regionunun inkişaf edən
ölkəsi kimi Özbəkistan Respublikası Cənubi
Qafqazın lider dövləti olan Azərbaycanla yeni
mərhələdə əməkdaşlığın
genişləndirilməsinə böyük önəm verir.
Dövlət başçılarının
qarşılıqlı səfərləri bütün
sahələrdə əlaqələrin
dərinləşdirilməsinə öz töhfəsini verir.
Azərbaycan-Özbəkistan münasibətlərinin
hərtərəfli inkişafı ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır.
Müstəqilliyimizin ilk illərində
Özbəkistanla əməkdaşlığın
qurulması istiqamətində ciddi çətinliklər
yaranmışdı. Belə ki, AXC-Müsavat
cütlüyünün hakimiyyətdə olduğu
dövrdə xarici siyasət sahəsində
buraxılmış ciddi səhvlər Azərbaycanın bir
sıra dövlətlərlə, o cümlədən
Özbəkistanla da əlaqələrinin qurulmasına
mənfi təsir göstərmişdi. Həmin dövrdə
siyasi hakimiyyətdə olanların yarıtmaz
fəaliyyətləri nəticəsində dost ölkə ilə
münasibətlər həddindən artıq
pisləşmişdi. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra bu sahədə də mövcud
olan bütün problemlər aradan qaldırıldı.
1996-cı ilin mayında Özbəkistan Prezidenti
İslam Kərimovun Azərbaycana ilk rəsmi səfəri
dövlətlərimiz arasındakı münasibətlərin
inkişafında yeni mərhələnin əsasını
qoydu. Hər iki dövlət arasında siyasi, iqtisadi,
mədəni və digər sahələri əhatə
edən 19 sənədin imzalanması
əməkdaşlığın möhkəmləndirilməsində
hüquqi zəmin yaratdı. İkitərəfli
münasibətlərin strateji baxımdan inkişafında
müstəsna rol oynayan bu sənədlər hər iki xalqın
mənafelərinə xidmət etmişdir. Özbəkistan
Prezidentinin Azərbaycana ilk rəsmi səfəri bir daha
hər iki dövlətin regionda sülhün və sabitliyin
möhkəmləndirilməsi tərəfdarı olduğunu
sübuta yetirdi. Tərəflər beynəlxalq
əməkdaşlığa, elmi-texniki sahələrdə inteqrasiya
proseslərinin sürətlənməsinə tərəfdar
olduqlarını bəyan etdilər.
Ümummilli lider Heydər Əliyevin 1997-ci ilin iyun
ayında Özbəkistana rəsmi səfəri də
dövlətlər arasında siyasi, sosial-iqtisadi,
mədəni sahədə əməkdaşlığın
daha da dərinləşməsinə mühüm töhfə
oldu. Səfər zamanı dövlət
başçıları tərəfindən imzalanan
"Özbəkistan ilə Azərbaycan arasında
əməkdaşlığın daha da inkişaf
etdirilməsi, dostluq və tərəfdaşlıq
münasibətlərinin möhkəmləndirilməsi haqqında" sənədin mühüm
əhəmiyyəti olmuşdur. Ulu öndərin
Mərkəzi Asiyaya səfərində Dağlıq
Qarabağ münaqişəsi də diqqət
mərkəzində olmuşdur. Özbəkistanın
dövlət başçısı birmənalı olaraq
Ermənistanın işğalçılıq siyasətini
pisləmiş, münaqişənin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllinə tərəfdar olmuşdur. 1996-1997-ci
illərdə Azərbaycan və Özbəkistan arasında
ən müxtəlif sahələri əhatə edən 40-a
qədər sənəd imzalanmışdır. Bu
sənədlər iki dövlətin gələcək
inkişafında normativ-hüquqi baza rolunu
oynamışdır.
2004-cü ilin əvvəllərindən başlayaraq
Azərbaycan və Özbəkistan dövlətləri
arasında siyasi münasibətlərin inkişafında yeni
üfüqlər açıldı. Azərbaycanın
dövlət başçısının bu ölkəyə
rəsmi səfəri bir daha göstərdi ki,
dövlətlərin mövcud potensialından lazımi
səviyyədə istifadə olunmur. Səfər zamanı
hər iki ölkənin dövlət başçıları
mövcud imkanlardan maksimum istifadə edərək
münasibətləri hərtərəfli inkişaf
etdirmək barədə razılıq əldə etdilər.
Bundan əlavə, ölkə başçıları
beynəlxalq terrorizm, narkotik maddələrin qeyri-qanuni
dövriyyəsi və dini ekstremizmə qarşı birgə
mübarizə aparmağı zəruri hesab etdilər.
Səfər bir sıra əlamətdar hadisələrlə
də yadda qaldı.
Azərbaycanın dövlət
başçısının Özbəkistana rəsmi
səfəri zamanı Daşkənddə ümummilli lider
Heydər Əliyev adına Mədəniyyət
Mərkəzinin və dahi şairimiz Nizami Gəncəvinin
büstünün açılışı oldu. Bu fakt bir
daha dövlətlərimiz, xalqlarımız arasında
bütün sahələrdə əlaqələrin
yüksək səviyyədə inkişaf etdiyini sübuta
yetirdi.
Azərbaycan və Özbəkistan dövlətləri
beynəlxalq təşkilatlar çərçivəsində
prinsipial məsələlərin həllində də
bir-birlərini dəstəkləyirlər. BMT Baş Assambleyasının 2008-ci il martın 14-də
keçirilən iclasında Dağlıq Qarabağla
bağlı qətnamənin müzakirəsində
Özbəkistan tərəfi birmənalı olaraq
Azərbaycanı dəstəkləmişdir. Xatırladaq ki,
Özbəkistan Mərkəzi Asiyadan bu sənədə
dəstək verən yeganə ölkə omuşdur.
Bu fakt onu göstərir ki, Özbəkistan Azərbaycana dost,
qardaş ölkə olaraq Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı verdiyi siyasi
dəstəyi beynəlxalq təşkilatlar
çərçivəsində tutduğu mövqe ilə bir
daha təsdiqləyir.
Özbəkistan Prezidenti İslam Kərimovun
Azərbaycana bu günlərdə təşkil olunmuş
rəsmi səfəri də əlamətdar
hadisələrlə diqqəti cəlb edir. Özbəkistan
Prezidenti İslam Kərimov səfəri zamanı bir daha
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunaraq problemin sülh yolu ilə,
Azərbaycanın ərazi bütövlüyünün
qorunması şərtilə
həllinə tərəfdar olduqlarını bəyan etdi.
Prezident İslam Kərimov bununla da münaqişə ilə
bağlı ölkəsinin dəyişməz mövqeyini bir
daha diqqətə çatdırdı.
Azərbaycanın dövlət başçısı
Özbəkistanın beynəlxalq təşkilatlar
səviyyəsində də ölkəmizin haqq işini
dəstəkləməsini yüksək
dəyərləndirmiş, iki dost, qardaş ölkə
arasında regional əməkdaşlığın
genişləndirilməsi üçün birgə
fəaliyyətin artırılmasını vacib bilmişdir.
Dövlət başçılarının
görüşündə gələcəkdə
tərəflər arasında müştərək istehsal
sahələrinin, qarşılıqlı investisiyaların
yatırılması xüsusi vurğulanmışdı.
Özbəkistan Prezidentinin səfəri zamanı
dövlətlərarası və hökumətlərarası
səviyyədə yeddi sənəd imzalandı. Bu sırada
Azərbaycan Respublikası hökuməti və
Özbəkistan Respublikası hökuməti arasında
məxfi informasiyanın qarşılıqlı surətdə
qorunması, humanitar sahədə əməkdaşlıq,
ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın
daha da inkişaf etdirilməsi, ətraf mühitin qorunması,
informasiya və kommunikasiya sahəsində
əməkdaşlıq, dəmir yol nəqliyyatı, vergi
və informasiya mübadiləsi sahələrində
qarşılıqlı əməkdaşlığı
nəzərdə tutan sənədləri göstərmək
olar.
Prezident İslam Kərimovun səfəri
çərçivəsində Bakıda böyük
özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsinin ucaldılması
Azərbaycan və özbək xalqları arasında
mədəni, tarixi əlaqələrin müasir
mərhələdə yüksək səviyyədə davam
etdirildiyini bir daha təsdiqlədi. Ölkələrimiz
arasında bütün sahələrdə inkişaf edən
əlaqələr qarşıda daha yeni perspektivlər
açır. Azərbaycan və Özbəkistan arasında
münasibətlərin mövcud vəziyyəti bir daha
göstərir ki, hər iki ölkə, xalq tarixən
formalaşmış əlaqələrin davamlı
inkişafında maraqlıdır.
E. HACIALIYEV