Azərbaycan. - 2019.-¹1.-S.36-38.

 

BÖYÜK YOLUN YOLÇUSU

(Əhməd Ağaoğlunun 150 illiyinə)

 

Vilayət Quliyev

 

Türk dünyasının böyük fikir adamlarından biri, görkəmli siyasi və dövlət xadimi, tam əsasla son türk ensiklopedisti adlanmağa layiq Əhməd Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illik yubileyidir.

Əhməd Ağaoğlu son dərəcə mütəhərrik, dinamik bir ömür yaşayıb. İndi əlimiz çatmayan Qarabağdan, Şuşadan dünya miqyasına çıxmağı bacarıb. 1888-ci ildən əbədiyyətə qovuşduğu 1939-cu ilə qədər bütöv bir yarım əsr boyu hər yerdə görünüb, həmişə mübarizələrin, mücadilələrin önündə gedib. Təkcə öz adını deyil, mənsub olduğu Azərbaycan türklərinin, türk qövmünün adını ucaldıb.

Şuşadan Tiflisə, oradan da Parisə, məşhur Sorbonna universitetinə aparan məşəqqətli təhsil həyatının sonunda Vətəninə “Firəng Əhməd” kimi dönüb. Mübaliğəsiz demək olar ki, böyük Fransız inqilabını Azərbaycanda bəlkə də təkbaşına həyata keçirməyə çalışıb. Müəllim, jurnalist, siyasi partiya qurucusu, milli haqların müdafiəçisi, Azərbaycanda türkçülüyün ilk ideoloqlarından və milli hərəkatın öndərlərindən biri kimi gördüyü işlərin miqyası heyrət doğurur.

1898-1905-ci illərdə “Kaspi” qəzetində 1000-dən (!) artıq məqalə, felyeton və publisist yazı dərc etdirib. XX yüzilliyin milli amal və qayələrə xidmət edən ilk anadilli ciddi mətbu orqanının - “Həyat” qəzetinin iki redaktorundan biri kimi tanınıb. Dövrünün nüfuzlu və populyar qəzetlərindən sayılan “İrşad”ı qurub. Eyni amallara xidmət edən “Tərəqqi”ni ərsəyə gətirib. Qafqazda, Azərbaycanda günü-gündən şiddətlənən erməni zülmü haqda ən uca səslə, cəsarətlə danışanlardan biri, bəlkə də birincisi olub. Həm də təkcə ictimai yığıncaqlarda, qəzet sütunlarında söz deməklə kifayətlənməyib. (Hərçənd çarizmin basqısı altında söz demək də asan məsələ deyildi!) Yeri gələndə əməli addımlar atmağı da bacarıb - erməni mauzeristləri, silahlı bandaları ilə onların anladığı dildə - güc dilində danışmağı hədəf alan “Difai” hərbi-siyasi təşkilatının qurucuları sırasında yer alıb.

Azərbaycanı, Bakını tərk etdiyi 1908-ci ilə qədər ölkə miqyasında elə bir mühüm hadisə baş verməmişdi ki, Əhməd bəy ondan kənarda qalsın. Hər yerə əlləri çatan erməni “neftxudaları” Bakının neftli torpaqlarını ələ keçirmək istəyəndə “müsəlman zənginlərinin” Peterburqa göndərdirdiyi nümayəndə heyətinin tərkibində Əhməd bəy vardı. Qafqaz canişini İ.İ. Vorontsov-Daşkov bütün regionu bürümüş “erməni-müsəlman qarşıdurmasından” çıxış yolu tapmaq üçün tərəflərin iştirakı ilə Tiflisdə “barışdırıcı qurultay” çağıranda Azərbaycan heyətinin söz deyəni, “ağır artilleriyası” Əhməd bəy idi. Milli mətbuatın banisiTürk dünyamız Həsən bəy Zərdabi haqq dünyasına qovuşanda qeyri-rəsmi “dəfn komissiyasının” işinə əvvəldən sona qədər Əhməd bəy rəhbərlik etmişdi...

Amma, necə deyərlər, öz vətənində peyğəmbər olmaq mümkün deyil. Milli qayələrə hədəflənmiş geniş, çoxşaxəli fəaliyyətinə baxmayaraq Əhməd bəy Ağayev 1908-ci ilin yayında daim mənafeyi uğrunda çarpışdığı Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdı. Və Parisdəki tələbəlik illərindən görkəmli xadimlərinin bir çoxunu yaxşı tanıdığı, bəziləri ilə dostluq etdiyi ittihadçıların hakimiyyətə gəldiyi Türkiyəyə - Osmanlı imperiyasına üz tutmuşdu.

Qardaş ölkəyə gələndən az sonra burada çox tezliklə ədəbi-elmi və ictimai- siyasi cameədə öz yerini tutmağı bacarmışdı. Məşhur “Türk ocaqları”nın və “Türk yurdu”nun təsisçilərindən biri, qəzet redaktoru, darülfünun müdərrisi (universitet professoru), Məclisi-Məbusan üzvü, türk xalqının haqq bağıran səsi - cəmisi bir neçə il ərzində yeni yurdda Əhməd bəyin fəth etdiyi yüksəkliklər bunlar idi.

1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı Misaqi-Milli qəbul olunanda Əhməd Ağaoğlu tarixi vətəninə tələsmişdi. Burada Bakı fatehi Nuru paşanın siyasi məsələlər üzrə müşaviri olmuş, müvəqqəti paytaxt Gəncədə cəmisi bir neçə sayı çıxan “Türk sözü” qəzetini təsis etmiş, həmişəki kimi yenə də ictimai-siyasi proseslərin episentrində yer tutmuşdu. 1918-ci ildə formalaşan ilk Azərbaycan Məclisi-Məbusanına seçilərək tarixə eyni vaxtda iki müstəqil dövlətin parlament üzvü olan yeganə türk kimi düşmüşdü. Parisə, Versal sülh konfransına göndərilən Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin tərkibinə daxil edilsə də gənclik illərinin şəhərinə gedə bilməmişdi. İngilis işğal qüvvələri onu İstanbulda həbs edib Malta sürgününə göndərmişdilər.

İki illik Malta sürgünü ingilislərlə qeyri-bərabər mübarizə şəraitində keçmişdi. Əhməd bəy britaniyalılardan mərhəmət yox, ədalət tələb edirdi, təkcə özünün deyil, böyük türk millətinin şərəf və ləyaqəti uğrunda çarpışırdı. Bu yolda hətta əsarət yoldaşlarının narahatlığına və narazılığına səbəb olsa da, son ana qədər mübarizəsindən çəkinməmişdi.

Malta əsarətindən xilas olandan sonra üzləşdiyi “Azərbaycanını? Türkiyəmi?” dilemmasında “qarşısında bir namus borcu olan” Türkiyəni seçdi. Anadoluya gedib Qurtuluş Savaşma qoşuldu. Tarixi xilaskarlıq missiyası ilə meydana atılmış general Mustafa Kamal paşanın - gələcək Atatürkün yaxın silahdaşları sırasında yer aldı. Və yenə bitib-tükənmək bilməyən mücadilələr, fikir davaları... Tezliklə Əhməd bəy yeni Türkiyənin ilk xəbər‘agentliklərindən biri sayılan Anadolu Ajansının qurucuları sırasında yer alır, iqtidaryönlü “Hakimiyəti-milliyə” qəzetini redaktə edir, maarifləndirici missiya daşıyan “irşad heyətlərinin” tərkibində məmləkətin “məhrumiyyət bölgələrində” fəaliyyət göstərir, soydaşlarının toplu halda yaşadıqları Qarsdan Türkiyə Böyük Millət Məclisinə üzv seçilir. Gənclik illərində olduğu kimi səsi hər yerdən gəlir, adı sağlam mübarizə, rəqabət və qovğa olan hər işdə keçir. Az qala hər gün qəzetlərdə polemik ruhlu yazıları çıxır. Tarixi-fəlsəfi məzmunlu kitabları, dərslikləri, tərcümələri çap olunur. Ankara Hüquq Məktəbinin qurulmasına böyük əmək sərf edir, burada ilk Qanuni-əsasiyyə, yəni Konstitusiya hüququ professoru olur...

Atatürkə sərt həqiqətləri açıq şəkildə deməkdən, “Tək adam”la milli maraq və mənafelər naminə sərt mübahisələrdən çəkinmir. Atatürk bəzən əsəbiləşsə də, Əhməd bəyin şəxsi fədakarlıq və prinsipiallığını yüksək qiymətləndirir, ölkədə çoxpartiyalı sistemə keçidin hazırlanmasında onun siyasi mübarizə əzminə, bilik və təcrübəsinə əsaslanır. Türk millətinin böyük liderinin istəyi əsasında Əhməd bəy yaşının ah'ıl çağında - 1930-cu ildə onun yaxın silahdaşları sırasında hakimiyyətə müxalif Sərbəst fırqəni (Liberal partiya) qurmaqla görəvləndirilir.

Sərbəst fırqə təşəbbüsünün fıaskoya uğramasından sonra (təbii ki, hakim Cümhuriyyət Xalq Partiyası qarşısında belə bir rəqib görmək istəmirdi!) Əhməd bəy özünü suda balıq kimi hiss etdiyi ictimai-siyasi həyatdan kənara çəkilir, təkliyin və unudulmuşluğun acılarını yaşamağa başlayır. Amma yenə də təslim bayrağı qaldırmır. Xanımının cehizi olan Qarabağ xalılarını satıb “Axın” adlı qəzet təsis edir. Bu yolla cəmiyyətə, böyük ehtiram bəslədiyi Atatürkə faydalı olmağa çalışır.

1930-cu illərdə Əhməd bəyin İstanbuldakı evi o dövr Türkiyəsinin bir intellektual mərkəzi idi. Hər həftənin bazar ertəsi bu evdə keçirilən toplantılarda siyasi baxışlarından asılı olmayaraq türk ziyalılığının bütün görkəmli simaları bir araya gəlir, artıq fırtınalı ömrünün yeddinci onilliyini başa vurmaqda olan müdrik ev sahibinin fəal iştirakı ilə cəmiyyət həyatının ən ağrılı problemlərini müzakirə edir, siyasətdən və ədəbiyyatdan danışır, yeni əsərlərini bir-birlərinə oxuyurdular.

Bütün ömrü aramsız və gərgin mübarizələr içərisində keçən Əhməd bəy gözəl ailə başçısı olmağı, türk xalqına layiqli övladlar böyütməyi də bacarmışdı. Artıq 100 ildən çoxdur ki, Ağaoğlu ailəsinin bir neçə nəsli Türkiyənin ədəbi-mədəni və ictimai-siyasi həyatında mühüm rol oynamaqda davam edir. On illər boyu onların səsi Türkiyə Böyük Millət Məclisindən gəlib. Bu ailə ocağı dövlət adamı və siyasətçi, ədəbiyyat xadimi və rəssam yetirib.

Xüsusilə Azərbaycanın müstəqillik illərində Əhməd Ağaoğlu şəxsiyyəti, onun türkçülük mübarizəsi, fəlsəfi-elmi irsi Azərbaycanla Türkiyəni birləşdirən ən hərəkətli və etibarlı körpülərdən birinə çevrilib.

Bəzən bu cür xatirələr yalnız bir şəxsin deyil, onun yaşam hekayəsi əsasında bütöv bor xalqın haradan gəlib haraya getdiyini müşahidə etməyə imkan verir.

Əhməd bəy üzərinə düşən bu tarixi missiyanı çox yaxşı anlayırdı. Ona görə də öz həyat saqası zəminində Azərbaycanın və Türkiyənin XIX əsrin sonu - XX əsrin əvvəllərində keçdiyi yolu olduğu kimi əks etdirməyi düşünürdü.

Həyatının son illərində Əhməd Ağaoğlu xatirələrini qələmə almağa başlamışdı. Daha doğrusu, bu işə bir neçə dəfə təşəbbüs göstərmiş, amma hər dəfəsində də müxtəlif səbəblərdən yarımçız qoymalı olmuşdu. Görünür, sadəcə, yaddaşa əsaslandığından müxtəlif vaxtlarda yazıya alınmış həyat hekayəsində bəzən eyni hadisə, yaxud epizodun fərqli təsvirinə də təsadüf olunur.

Əhməd Ağaoğlunun cild-cild kitablara, böyük seriallara material verən həyat yolunu göz önündən keçirəndə istər-istəməz insanın qəlbində bir istək baş qaldırır - kaş bu böyük yolun yolçusu öz ömür salnaməsini özü qələmə almış olaydı!

Həyatının son illərində özünü cəmləyib xatirələrini qələmə almaq üçün bir neçə dəfə masa arxasına keçmişdi. Günümüzə qədər bir neçə versiyada gəlib çatan xatirələrin içərisində ən ardıcıllıq və bədii mükəmməlliklə qələmə alınanı və müəllifin həyatının Parisdəki tələbəlik illərinə qədərki dövrünü əhatə edəni “Altmış yeddi il sonra” adlı memuarlardır. Ömrünün fırtınalarla dolu 67 ilini arxada qoyan Əhməd bəy bu illərin, ümumi xətlərlə də olsa, mənzərəsini cızmağı, ab-havasını yaratmağı qarşısına məqsəd qoymuşdu. Əsər 1940-cı ildə yaradıcılıq yolunu davam etdirən övladı, yazıçı və dövlət xadimi, çağdaş türk memuar ədəbiyyatının ən görkəmli nümayəndəsi Səməd Ağaoğlu (1909-1984) tərəfindən “Babamdan hatıralar” adlı kitabda verilmişdi. Daha əvvəl isə elə yazıldığı tarixdə, 1936-cı ildə, Əhməd bəyin məşhur türk yazıçısı və fikir adamı Peyami Səfa ilə birlikdə çıxardıqları “Kültür həftəsi” dərgisinin 3-7-ci saylarında nəşr olunmuşdu.

Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyi ərəfəsində onun həyat yolunun başlanğıcına, bir ziyalı və şəxsiyyət kimi formalaşmasına işıq tutan, səmimiyyəti və yüksək bədii məziyyətləri ilə seçilən “Altmış yeddi il sonra” adlı xatirələrini “Azərbaycan” jurnalının oxucularına təqdim edirəm.