Memarlıq, şəhərsalma tarixi və bərpası. - 2018.-№2(16).-S.24-31.

 

SOVET DÖVRÜ BAKIDA YAŞAYIŞ EVLƏRİNİN MEMARLIQ ÜSLUBU

 

Mehriban Mikayılova,

Samsun Ondoqquz Mayıs Universitetinin dosenti,

memarlıq üzrə fəlsəfə doktoru

 

Açar sözlər: yaşayış evləri, Bakı şəhəri, üslub, konstuktivizm, memarlıq formaları, standart binalar.

 

Azərbaycan Respublikası 1920-ci ildən 70 il ərzində SSRİ-nin tərkibinə daxil olduğu üçün yaşayış binalarının memarlığı və inşası üzrə həyata keçən bütün tədbirlər baş idarə apparatı Rusiyanın Moskva şəhərindən irəli gəlirdi. Keçmiş İttifaqda memarlıqda bir əsas qlobal problem var idi ki, o da əhalinin yaşayışla təmin edilməsindən ibarət idi. Bu problemin həllinin sürətləndirilməsi standartlaşmaya, yaşayış tikintisində eyniliyə, respublikada eyni və oxşar yaşayış evlərinin yaranmasına səbəb oldu.

1920-ci ildən sonrakı illərdə Sovet Azərbaycan Respublikası üçün yaşayış binalarının memarlıq üslubunun axtarışı xüsusi mühüm əhəmiyyət daşıyırdı, məsələ təkcə yaşayış üçün konkret məkan formalarının yaxşılaşdırılması deyildi, həm də yeni sosializm həyat tərzinin bədii ifadəsinin axtarışı idi. Yaşayış evlərinin memarlıq və tikintisi üzrə Azərbaycana gələn bütün sərəncamlar Rusiyada yerləşən baş dövlət apparatından yönəlirdi. Respublikanın yaşayış binalarının bədii-memarlıq obrazını, plan həllini və bundan irəli gələn memarlıq üslubunu müəyyən edə biləcək fərdi sifarişçi demək olar ki, yox idi.

Keçmiş Sovetlər birliyində yaşayış sahəsi anlamı təkcə yaşayış şəraitlərinin keyfiyyət təyinedicisinə kimi deyil, həm də məkan normalaşdırılmasmın da əsasına çevrilmişdir. 1920-ci illərdə SSRİ-də, o cümlədən də Azərbaycan Respublikasında bir sakinin payına düşən minimal yaşayış sahəsi təxminən 5-8 kvadrat metr təşkil edirdi. Bir yetişkin sakinin payına düşən yaşayış sahəsinə belə bir normanın təyin edilməsi bazar münasibətlərindən imtina edildikdən sonra, çətin vəziyyətdən çıxış yolu kimi görünürdü. Yaşayış evlərinin tikinti və paylaşma meyarı insan orqanizminin müəyyən məkana olan minimal bioloji tələbatından irəli gəlirdi və yaşından və cinsiyyətindən asılı olmayaraq, bütün insanlar bioloji varlıqlar kimi bərabərləşmişir.

Azərbaycan Respublikasının bu inkişaf dövründə baş məsələlərdən biri çox hissəsi pis yaşayış şəraitində daldalanan fəhlələrinin, ilk növbədə də nefçilərinyaşayış-məişət şəraitlərinin yaxşılaşdırılması məsələsi oldu. Sovetlər dövrü Azərbaycan memarlığının birinci mərhələsi Bakı şəhəri ətrafında fəhlə qəsəbələrinin salınması ilə bağlı idi. 1920-ci illərdə Bakıxanov, Məmmədyarov adına, Qara şəhərdə fəhlə qəsəbələri salındı. Bu bütöv yaşayış rayonunun kompleks inşasının ilk təcrübəsi idi və bu qəsəbələrin yaşayış kvartallarının və evlərinin memarlığı ö dövr Bakı şəhəri üçün proqressiv həll hesab edilirdi. Həmin illər fəhlə qəsəbələrinin tikintisi üçün Sovet yaşayış binalarının memarlığının ilk örnəkləri olan bir neçə 3 və 4 mərtəbəli yaşayış evləri tipləri işlənib-hazırlanmışdır.

Yaşayış evlərinin layihələri burada Bakı şəhərinin xüsusi iqlim xüsusiyyətlərinə uyğun olan bir neçə seksiyaların birləşmə variantlarının (az sahəli mənzillərlə) əsasında yaradılmışdır. Bu Bakıda məkan ifadəsinin daha rahat və əlverişli yaşayış şəraitini təmin edən ilk sosial yaşayış tipi idi. Standart inşaat elementlərinin geniş istifadəsi, cənub iqlim xüsusiyyətlərini nəzərə alan kiçik sahəli mənzillərin səmərəli planlaşdırılması və inşaata yüksək qənaətin tədbiq edilməsi belə tip yaşayış evlərinin çoxsaylı təkrarlanmasına səbəb oldu. Yaşayış evlərinin sadə memarlıq üslubu fasadların bəzəkdən kənar memarlığı sayəsində yaranırdı.

Bakıda yaşayış tikintisinin kütləvi xarakteri, yaşayış seksiyalarının sayının məhdud istifasdəsi və standart inşaat elementlərinin tətbiqi ilə bağlı yüksək qənaətçılıyi industrial tikintinin əsasını yaradaraq, SSRİ-də şəhərin yaşayış tikintisi təcrübəsini öncün təcrübələrdən birinə çevirirdi.

1920-ci illərdə Bakının yaşayış evlərinin memarlığında əsas üslub istiqaməti kimi konstruktivizm və səmərəliçilik keçmişdən və ənənəçilikdən qəti imtinaya, yeni memarlığa tərəf yönəlmişdir. Bakı şəhərinin yaşayış binalarının memarlığında ö dövrdən başlayaraq, üzun müddət texnoloji sadələşdirmə və aydın utilitarlaşdırma tendensiyaları özünü biruzə vermişdir.

O dövrdə şüarı “qənaət, səmərəçilik, gözəllikdən”, forma lakonikliyindən, dəmir-betonun böyük texniki və estetik imkanlarının istifadəsindən ibarət olan konstruktivizm üslubu geniş yayılmışdır. Bakıda bu üslub istiqamətinə maraq onun yerli növünün - “Bakı konstruktivizminin” yaranmasına gətirib çıxartdı. Lakin Bakıda dəmir-betonun kütləvi yaşayış tikintisində istifadə imkanları olduqca məhdud olduğundan (o zaman metal və sement az əldə edilən material idi), evlər dəmir-betona bənzədilərək, inşa olunurdu. 1920-ci illərin sonu - 1930-cu illərin əvvəllərində tikilən əksər yaşayış binaları yerli “güşə” daşından tikilir və sonradan betonun fakturasına bənzər suvanırdı.

1932-ci ildə SSRİ-nin Siyasi bürosunun “Ədəbi-bədii təşkilatların yenidənqurulması” haqqında çıxan qərarından sonra memarlıq sanku insanların süni-texniki təşkili vasitəsinə çevrildi. Yəni artıq memarlıq formasının plastikası, tektonikası, simvolikası, obrazı yaradıcılıq vasitəsi deyil, insanların həyat fəaliyyətinin, istehsal və məişət proseslərinin toplusu idi. Yaşayış isə sovet xalqının yeni ideologiyasının mühüm formalaşma alətinə çevrilirək, müxtəlif yaşayış evlərinin tikinti təcrübəsindən imtina edilirdi. Yaşayış yalnız funksiya baxımından səmərəli olmalı idi. Memarın yaşayış sahəsindəki iş və yaradıcılıq metodu da bundan irəli gəlirdi. Bu metod yalnız yerləşgələrin (otaqların) tərkibinin, ölçülərinin, biri-biri ilə əlaqəsinin müəyyən edilməsindən, memarlıq layihəsinin məkan-planlaşdırma sxeminin hazırlanmasından ibarət idi.

1930-1950-ci illərin ortalarında SSRİ memarlığının “Stalin” dövründə yaşayış evlərinin təntənəli memarlıq həllərinin axtarışına başlanmışdır. Bu tendensiya memarlığı ilk növbədə incəsənət kimi qəbul edir və ön plana bədii-obraz məsələlərinin həllini çıxardırdı. Azərbaycan memarlarının yaradıcılıq axtarışları yeni memarlığın milli ənənənələrlə uyğunlaşması tendensiyası ilə xarakterik idi. Bu da Bakı memarlığının istiqamətlənməsində baş verən ciddi dəyişikliklər dövrü idi. Dünya və Azərbaycan milli memarlıq irsinin məqsədyönlü öyrənilməsi və istifadəsinə başlanğıc dövrü idi. Milli ifadəliyin axtarışı Azərbaycan memarlarına fərdi memarlıq görkəminə malik bir sıra yaşayış evlərinin layihələrinin yaratmasına imkan verdi. Həmin dövrün çoxsaylı yaşayış evləri klassik və milli irs formaları ilə marağı nümayiş etdirirdi. Bu illər formalaşan milli memarlıq kadrları sırasında respublikanın M. Hüseynov və S. Dadaşov kimi məhşur memarları Azərbaycanın zəngin memarlıq irsinin dərindən dərk edərək, öz memarlıq əsərlərində bu irsin ənənələrini Avropa memarlığı ilə bacarıqla birləşdirmişlər.

1950-ci illərdə S.Dadaşov və M.Hüseynov “Azneft” və “Buzovnaneft”, “Artist evi”, “Elm işçiləri”-nin və b. yaşayış evlərini layihələndirmişlər. Bu evlər küləklənmə və bütün digər şəraitləri nəzərdə tutulan rahat plan həllinə malikdir, onların fasadları lociya və balkonlarla zəngindir. Həmin yaşayış evlərinin nisbət və miqyasları klassik və milli irsin sintezi üslublu maraqlı memarlıq əsərlərinin yaranmasına səbəb olmuşdur. Yaşayış evlərinin fasadlarını bəzəyən baş elementlər kimi bu binalarda sadə yarımsütunlardan, gizdən, sadə və zərif profilli karnizlərdən və pəncərə kənarlıqlarından istifadə edilmişdir. Memarlıq ünsürlərinin özünəməxsus uyğunlaşmasında, kompozisiyanı təşkil edən bölgü sistemində müəlliflər avanqard və klassik üslubların birləşdirilməsinə cəhd etmişlər. Bu da onlara yaşayış evinin dekorativ-plastik və eyni zamanda monumental formasının yaradılmasına imkan vermişdir.

Bakıda həmin dövr fərdi layihələr əsasında tikilən yaşayış evlərinin üslub istiqamətini “neoklassisizm ruhunda üslublaşdırma” kimi adlandırmaq olar. Bu binalar Bakıda sosializmin fərdi üslubunun nümunələri idi. Lakin belə növ “təmtəraqlı” memarlıq üslubunun axtarışı kütləvi tikinti, onunstandartlaşdırması, sənayeləşdirilməsi, dəyərinin ucuzlaşdırılması məsələlərinə zidd idi.

Bakıda möhtəşəm yaşayış evlərinin inşası ilə eyni zamanda kütləvi yaşayış tikintisi təcrübəsi inkişaf etməyə davam edirdi. Bakı şəhərində yaşayış evlərinin tipləşdirilmiş seksiyalarının layihələndirilmə təcrübəsi, bəzən də təkrarlanaraq, öz tətbiqini Nərimanov. İnşaatçılar, Azadlıq prospektlərinin və s. tikintisində tapnışdır. Tipləşdirilmiş seksiyaların ilk layihələrinin işlənib hazırlanmasında Respublikanın M. Hüseynov, Q. Məcidov, Q. Əlizadə və başqa bu kimi aparıcı memarları iştirak edirdilər. Tam sahəli və kiçik sahəli mənzillərə malik seksiyalar balkon və lociyalarla layihələndirilirdi, yaşayış otaqları arasında arakəsmələrin yerdəyişmə imkanı nəzərdə tutulurdu. Bu da çevik plan həllinə malik mənzillərin layihələndirilməsində ilk addım idi. Seriyanın bütün seksiyalarının tətbiqi tikinti sahəsinin şəraitlərindən irəli gələn müxtəlif konfıqurasiyalı çoxmərtəbəli yaşayış evlərinin blok şəkilli birləşməsinə imkan verirmişdir.

Tipləşdirilmiş layihələndirmənin inkişafında həlledici addım beşmərtəbəli evlərin tipləşdirilmiş seksiyalarının yaradılması oldu. Bu tipləşdirilmiş seksiyaların ilk dəfə belə geniş şəkildə yığma dəmir-beton tədbiq olunan daha geniş işlənmiş seriyası idi. Tipləşdirilmiş ölçülərə malik inşaat detallarının minimal sayı, onların sənaye yolu ilə hazırlanmasına imkan verirdi. Onların hamısı yığma dəmir-beton konstruksiyaların tətbiqi ilə daşdan inşa edilirdi (məsələn Azadlıq pospektində “Orjenikidzeneft” yaşayış evi, Fizuli küçəsindəki yaşayış evləri və b.)

1950-ci illərin ortalarında qəbul olunan “Tikintinin gələcək sənayeləşdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması və qiymətinin ucuzlaşdırılması tədbirləri” və “Layihələndirmə və inşaatda israfçılığın aradan götürülməsi” haqqında qərarlar Bakıda yaşayış memarlığının yeni mərhələsinin başlanğıcına və fərdi memarlıq formalarının axtarışının sonuna səbəb oldu. Bununla belə yaşayış evinin özünün bu günə kimi memarlıq layihə- ləndirilməsinin aparıcı üsulu olan funsional üsul bu prosesi bir qədər də dərinləşdirdi. Memarlar tipləşdirilmiş funksional yaşayış evi layihəndirir və həmin binaların layihələrini fərqləmdirən yeganə cəhət mənzillərin ölçü­lərindən ibarət idi.

Məsələn, qənaitli və milli ruhda yaşayış evinin axtarışı memarlar Q. Əlizadə və M. Mədətov tərəfindən Bakıda Kür-Araztikinti və Mingəçevirtikinti yaşayış evlərinin layihələndirilməsi ilə nəticələndi. Tanınmış Sovet memarı İ. Joltovskinin şagirdi olan Q. Əlizadə hesab edirdi ki, Bakının yaşayış evlərinin memarlığı Abşeron yarımadasına xas olan sadəliyi əks etməlidir. Bu yaşayış evlərinin fasadları seyrək yerləşən sadə tağlarla, balkonlarla və kamizlərlə bəzədilmişdir.

1957-1959-cu illərdə Bakının ilk mikrorayonlarında tikilən tipləşdirilmiş yaşayış evləri “xruşovkalar” adlanırdı (bu ad o dövrdə Sovet dövlətinin başçısı olan N. Xruşovun yuxarıda qeyd olunan qərarları ilə bağlı idi). Bu beşmərtəbəli yaşayış evlərinin plan həlli minimal sahəyə malik otaqları nəzərdə tuturdu, onların memarlıq görkəmi isə hər-hansı detal və bər-bəzəkdən məhrum idi.

1960-ci ildə Bakıda Qavqazın ilk ev tikintisi komvbinatının inşasından sonra sənayeləşdirmə yaşayış tikintisinin baş istiqamətinə çevrilmişdir. Memarlığın yaradıcılıq istiqamətlənməsinin dəyişməsi, kütləvi yaşayış tikintisinə əsas maraq, yaşayış binalarının memarlığında isfafçılığın aradan qaldırılması, tikintinin sənaye bazasının genişlənməsi və b. bu kimi qəbul olunan qərarlar yaşayış evlərinin memarlıq üslubunun dəyişməsinə səbəb oldu və fərdi layihələri yeni ev tikintisi kombinatlarında eyni tipli evlərin ayrı-ayrı konstruksiyaları hazırlanan sənaye tikintisi əvəz etdi.

Lakin üstünlüklərlə yanaşı, Bakıda kütləvi yaşayış tikintisinin ilk dövrünün ciddi çatışmamazlıqları da var idi. İri ərazilərin bir və ya iki tipli yaşayış evləri ilə tikilməsi, təkcə tipləşdirilmiş yaşayış evlərinin deyil, eləcə də təbii-iqlim şəraitlərini nəzərə almayan tipləşdirilmiş plan həllərinin tətbiqi tikinti sahəsinin eyniliyinə və cansıxıcılığına səbəb oldu. Bakının o dövr üçün yeni olan yaşayış rayonları biri-birinə oxşar və estetik baxımdan ifadəsiz görkəm əldə etdi. Memarların əsas problemi daha çox yaşayış evi tikmək oldu, estetik problemlər və üslub axtarışı problemləri arxa plana keçdi.

Kütləvi yaşayış tikintisi rayonları (8-ci mikrorayon, Əhmədli, Günəşli rayonları və b.) 1990-ci illərə qədər 9-mərtəbəli iripanelli yaşayış evləri, eləcə də xarici divarları daşdan yığılan kombinasiya olunmuş yaşayış evləri ilə tikilirdi. Respublikada iri panelli evlərin ifadəli həllərinin axtarışı baş verir, milli memarlıq forma və mövzularının tədbiqi, lociyaların, balkonların, gündən qoruyucu elementlərin tərtibatı üzrə təkliflər verilirdi. İri panelli yaşayış evlərinin fasadlarının bədii tərtibat problemlərinin həlli üçün bir çox variantlardan, o cümlədən də panellərin birləşmə yerini örtən detallardan istifadə edilirdi. Bakının Şimal-Qərb və Şərq yaşayış rayonlarının iri panelli çoxmərtəbəli yaşayış binaları buna nümunə ola bilər.

Bakının yaşayış memarlığının inkişafınin yeni mərhələsi 1960-1980-ci illərdə başladı. Betonun, metalın, şüşənin geniş tədbiqi yeni inşaat materiallarının konstruktiv xüsusiyyətlərinin istifadəsinə əsaslanan yeni memarlıq formalarının hazırlanmasına səbəb oldu. Yeni yaşayış tikintisi o dövrdə artıq salınmış olan yaşayış rayonlarında ( məsələn 8-ci km, Əhmədli və Günəşli kimi) həyata keçirdi.

1980-ci illərdə Bakıda kütləvi iri panelli yaşayış evlərinin tikintisi ilə yanaşı, monolit dəmir-betonun əsasında tikilmiş ayrı-ayrı yaşayış evlərininhəcm-plastiki həllərinin axtarışları davam edirdi. Bu evlərin plastik baxımdan daha zəngin fasadları yaşayış sahəsinin daha rəngarəngliyinə səbəb olmuşdur.

Məsələn, Azadlıq meydanında karkas əsasında qurulan 10 və 16 mərtəbəli yaşayış evlərinin (memar M. Hüseynov və b.), Azadlıq prospektində 9 mərtəbəli karkas-bloklu yaşayış evinin, Tbilisi prospektində monolit dəmir-beton yaşayış evinin (memar Ə. Novruzi) fasadlarında dərin lociyaların şüşəbəndlərin ritmi ilə uyğunlaşması yüngül və plastik struktur yaraymışdır. Lociyaların üfqi ritmi burada onların aydın dərin kölgəsi sayəsində baş fasadların komposisiyasmı və özünəməxsus memarlıq üslubunu formalaşdırmışdır.

Faktiki olaraq 1980-ci illərdə Bakıda yaşayış binaları 1960-ci illərin prinsipləri əsasında tikilirdi - yəni hündür, çoxsayda və surətlə. O dövrdə də Bakı şəhərində sənaye evtikmə texnologiyalarının tətbiqi sayəsində kifayyət qədər rahatsız və simasız yaşayış evləri rayonları salınmışdır.

1990-ci ildə Sovet imperiyasının dağılması və sonradan Azərbaycan Respublikasının sosialist iqtisadiyyatdan sərbəst bazar iqtisadiyyatına keçməsi Bakının yaşayış evlərinin memarlıq üslubunun radikal şəkildə dəyişməsinə təsir etmişdir. Bakı şəhərinin müasir inkişaf mərhələsində hay-tekdən tutmuş, postmodernizm və dekonstruktivizm kimi müxtəlif memarlıq üslublarında, ən fərqli zövqlərə uyğun yaşayış evlərinin tikintisi üçün geniş imkanlar açılmışdır.

Nəticə olaraq qeyd etmək lazımdır ki, Bakının 1920-1930-cu illərinin və 1950-1970-ci illərin ortalarının yaşayış evlərinin memarlığında aydın utilitarizm üstünlük təşkil etmişdir. Bu da şəhərin yaşayış evlərinin memarlıq üslubunun seçimini bədii baxımdan bir neçə on il səngidərək, arxaya atmış, bədii üslub və obraz ümumiyyətlə memarlıqdan kənarlaşmışdır. 1920-1930-cu illərdə və 1954-cü ildən başlayaraq, yaşayış binasının fasadında hər-hansı bir dekorativ detal isfafçılıq və formal bəzək kimi qəbul olunurdu. Standart inşaat elementlərindən geniş istifadə, çənub iqlim xüsusiyyətlərini nəzərə alan kiçik sahəli mənzillərin səmərəli plan həlli və yüksək qənaətli olması Bakıda geniş tədbiq olunaraq, onların çoxsaylı təkrarlanmasına səbəb olmuşdur. Azərbaycanda sosializmin müxtəlif inkişaf mərhələsində Bakı şəhərinin yaşayış memarlığının üslub və xarakteri SSRİ dövlətinin bir sıra rəsmi qərarları ilə müəyyən edilərək, bu dövrün yaşayış binalarının memarlığı bir tərəfdən tipləşdirilmiş layihələndirilməyə, digər tərəfdən isə möhtəşəm yaşayış binalarının tikintisinə əsaslanmışdır.

 

ƏDƏBİYYAT:

1.       Бретаницкий Л., Саламзаде А. Архитектура Советского Азербайджана. M., 1973

2.       Касимзаде Э. Проблемы развития Азербайджанской Советской архитектуры. Баку. 1967

3.       Эфендизаде Р. М. Архитектура Советского Азербайджана, М., 1986

 

Mikayilova М.

 

Architectural style of the residential buildings of Baku in the Soviet period

 

Keywords: residential buildings, Baku city, style, constructivism, architectural forms, standard buildings.

 

The problems with the habitation in Baku in the 1920-s, after establishment of the Soviet Power, led to standardization and monotony in the residential housing. In the end of 1930-s and the tendency to mix the new architecture with the local traditions was as the target of the search for houses’ architectural style. Adopted in the mid 1950th Resolution “About elimination of the architectural extravagances in projection and construction” initiated the new stage in houses construction in Baku and individual construction was replaced with industrial one, where separate elements for stereotyped buildings were constructed without any aesthetical decisions. Search for the peculiar forms in the architecture of panel buildings, as well as attempts to use of the national architecture’s forms was spread in that time in Baku. The new stage began in the architecture of housing in Baku in 1960-1980th. Wide application of the concrete and metal promoted development of the new architectural forms based on use of the new materials’ design philosophy.

 

Микаилова M.

 

Архитектурный стиль жилых домов Баку в Советский период

 

Ключевые слова: жилые дома, город Баку, стиль, конструктивизм, архитектурные формы, стандартные здания.

 

В Баку в 1920-х годах после установления советской власти в Азербайджане проблема обеспечения жильем привела к стандартизации, однообразию в жилищном строительстве. В конце 1930-х годов творческие поиски архитектурного стиля жилья характеризовались тенденцией стремления к сочетанию новой архитектуры с национальными традициями. В середине 1950-х годов начался новый этап строительства жилья в Баку, нсмену индивидуальным проектам пришло промышленное строительство, создающее отдельные конструкции однотипных домов, где эстетические проблемы отодвигались на второй план. В Баку шел поиск своеобразных решений в архитектуре крупнопанельных домов, делались предложения по использованию форм национальной архитектуры. Новый этап в архитектуре жилья в Баку наступил в 1960-1980-х годах. Широкое применение бетона, металлаи стекла способствовало разработке новых архитектурных форм, основанных на использовании конструктивных особенностей современных строительных материалов.