Türkologiya. - 2017. - ¹2. - S.46-54.
HEYDƏR ƏLİYEV VƏ “KİTABİ-DƏDƏ QORQUD” EPOSU
Muxtar İmanov
(Azərbaycan)*
Xülasə
Görkəmli dövlət xadimi Heydər Əliyevin elm və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlər ona xas sistemlilik, ardıcıllıq və gələcəyə hesablanması ilə seçilmişdir. Xalqın özünü dərk etməsində, milli köklərə daha möhkəm bağlanmasında folklorun əvəzsiz rol oynadığını nəzərə alan Heydər Əliyev “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında tarixi fərman imzalamışdır. Həmin fərman “Kitabi-Dədə Qorqud” haqda, bu eposun yaranma dövrü haqda yenidən düşünüb-daşınmaq zərurətini meydana çıxarmışdır. “Kitabi-Dədə Qorqud” barədəki çıxışlarında bu dastanın VII əsrdə yaranmasını xüsusi olaraq diqqətə çatdıran, bu dastanın Azərbaycan xalqı ilə yanaşı, digər türk xalqlarının da ədəbi abidəsi olduğunu qeyd edən Heydər Əliyev epos və milli dövlətçilik məsələsi üzərində daha ətraflı dayanmağı vacib saymışdır. Siyasi müstəqillik, Oğuz elinin başqa dövlətlərdən asılı olmaması ideyasının “Kitabi-Dədə Qorqud”da qabarıq ifadə edilməsinə əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulamışdır. “Kitabi-Dədə Qorqud” haqqındakı çıxışlarında Heydər Əliyev “əxlaq kodeksimiz”, “milli estetikamızın mötəbər qaynağı”, “tariximizin, etnik yaddaşımızın, arxaik təfəkkürümüzün güzgüsü”, “nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi” adlandırdığı bu dastanın açılmayan səhifələrinin, öyrənilməyən məsələlərinin olduğuna diqqəti yönəltmiş, bu dastanla bağlı gələcək araşdırmalara yol açmışdır.
Açar sözlər: Heydər Əliyev, “Kitabi-Dədə Qorqud", epos, dövlətçilik düşüncəsi, dövlət müstəqilliyi, etnik yaddaş.
Görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elm, təhsil və mədəniyyətin inkişafına diqqət və qayğı həmişə ön planda olmuşdur. Ulu öndərin elm siyasəti milli maraqların təmin edilməsinə yönəlmiş, humanitar elmimizin ideya istiqamətinin müəyyənləşməsində mühüm rol oynamışdır.
1970-ci illərə qədər sovet rejiminin Azərbaycan folkloruna və folklorşünaslığına münasibəti xüsusi sərtliyi ilə seçilmişdir. 1930-cu illərdə folklorşünaslarımızdan bir çoxunun repressiya olunması dediyimiz sərt münasibəti sübut edən faktlardandır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan folklora [ñòð.46-47] və folklorşünaslığa münasibət müsbət mənada dəyişmişdir. Azərbaycan Elmlər Akademiyası əməkdaşları 1970-80-cı illərdə “Kitabi-Dədə Qorqud”, “Koroğlu” eposlarını, eləcə də Azərbaycan məhəbbət dastanları, nağıllar, qaravəllilər, lətifələr, atalar sözləri, bayatılar, əfsanə və rəvayətlərdən ibarət topluları təkrar-təkrar nəşr etdirmişlər. O illərdə M.H. Təhmasib, M. Seyidov, İ. Abbaslı və b. alimlərimizin folklorşünaslıq sahəsində sanballı elmi əsərləri ortaya çıxmışdır.
Heydər Əliyevin 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam Qərbi Azərbaycanın (İrəvan Çuxurunun, Vedibasarın, Göyçənin, Zəngəzurun və s.) tarixi-mədəni irsinin məhz Azərbaycan xalqına mənsubluğunun rəsmən bəyan edilməsi olmuş və bu irsə sahib çıxmağımız üçün bir işarə mahiyyəti daşımışdır. Bu sərəncamla bağlı Azərbaycanda, Ermənistanda və SSRİ-nin paytaxtı Moskvada keçirilən rəsmi tədbirlər indi Ermənistan adlandırılan torpaqlardakı tarixi və mədəni irsə xalqımızın və dövlətimizin haqlı iddiasının əsasını qoymuşdur. Bu sərəncam təkcə Aşıq Ələsgər irsinin deyil, Qərbi Azərbaycandakı aşıq mühiti və onun görkəmli nümayəndələrinin (Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Növrəs İman, - Aşıq Məmmədhüseyn və b.) poetik irsinin toplanması və tədqiqi işində müstəsna rol oynamışdır.
Heydər Əliyev Aşıq Ələsgərin yubiley tədbirlərinin ardınca 1981-ci ildə Aşıq Alının 180 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Heydər Əliyevin bu kimi sərəncamları Ermənistan rəhbərliyini Göyçədə yubiley tədbirləri keçirməyə, böyük sənətkarlarımıza abidələr ucaltmağa məcbur etmişdir.
Heydər Əliyev Novruz ənənələrinin, Qurban və Ramazan kimi dini bayramların dirçəldilməsində, rəsmi dövlət bayramları elan olunmasında tarixi rol oynamışdır. 1970-ci illər bir çox tədbirlərlə yanaşı, həm də Novruzun dövlət səviyyəli bayram kimi qeyd olunması ilə yadda qalmışdır. 1979-cu ildə Heydər Əliyevin göstərişi ilə İçərişəhərdə təşkil olunan Novruz şənliyi Azərbaycan televiziyası ilə canlı yayımlanmışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev azərbaycançılığı milli dövlətimizin əsas ideologiyası elan etmişdir. Dünya Azərbaycanlılarının I Qurultayının təşəbbüskarı olan Heydər Əliyev həmin qurultaydakı məşhur nitqində (10 noyabr 2001-ci il) azərbaycançılığın əsas prinsiplərini bəyan etmiş və bu ideyanı dünya azərbaycanlılarını birləşdirən başlıca ideya kimi səciyyələndirmişdir. Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik ənənələri və tarixi keçmişimizlə sıx bağlı olmasını mühüm bir şərt kimi irəli sürmüşdür. Heydər Əliyev milli ideologiyanın formalaşmasında mədəni irsin, xüsusən şifahi və yazılı ədəbiyyatın əhəmiyyətini həmişə önə çəkmişdir.
Heydər Əliyevin elm və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlər ona xas sistemlilik, ardıcıllıq və gələcəyə hesablanması ilə seçilmişdir. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən bir il sonra - 1994-cü ildə Azərbaycan folklorşünaslığı üçün yaddaqalan hadisə baş vermiş, Azərbaycan Milli Elmlər Akademiyasında xüsusi statuslu qurum - “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi yaradılmışdır. Bu həmin qurumdur ki, 2003-cü ildə Heydər Əliyevin tövsiyəsi ilə Folklor İnstitutuna çevrilmişdir. [ñòð.47-48]
Heydər Əliyevin “ana kitabımız” adlandırdığı [1,6] “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında 1997-ci il 20 aprel tarixli Fərmanı, Ulu öndərin təşəbbüsü ilə UNESCO səviyyəsində həmin eposa aid tədbirlərin təşkil edilməsi müstəqil Azərbaycanın ilk nəhəng elmi-mədəni tədbirlərin-dən biri kimi Azərbaycan folklorşünaslığının və ümumən, humanitariyasının inkişafında mühüm əhəmiyyət daşımışdır.
1999-2000-ci illərdə qorqudşünaslıq sahəsində yeni-yeni tədqiqatlar aparılmış, AMEA “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzində (indiki Folklor İnstitutunda), Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli alimlərin rəhbərlik etdiyi “Qorqudşünaslıq” şöbələri və ya elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlamış, yubiley tədbirləri çərçivəsində “bütün türk xalqlarının tarixi və mədəniyyəti üçün mötəbər bir qaynaq rolu oynayacaq” (Heydər Əliyev) ikicildlik möhtəşəm “Kitabi-Dədə Qorqud” ensiklopediyası” çap olunmuş, eposla bağlı neçə-neçə monoqrafiya (T. Hacıyev. Dədə Qorqud: dilimiz və düşüncəmiz; Ş. Cəmşidov. Kitabi-Dədə Qorqud; K. Abdulla. Sirr içində dastan və yaxud gizli Dədə Qorqud - 2; N. Cəfərov. Eposdan kitaba; B. Abdullayev. “Kitabi-Dədə Qorqud”un poetikası; O. Əliyev. “Kitabi-Dədə Qorqud” və Azərbaycan folkloru; R. Kamal. “Kitabi-Dədə Qorqud”: arxaik ritual semantikası və s.) işıq üzü görmüşdür.
AMEA Folklor İnstitutunda rüblük “Dədə Qorqud” jurnalının nəşrə başlaması isə folklorşünaslar üçün mühüm töhfə olmuşdur. Həmin jurnal Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun öyrənilməsinə və təbliğinə marağın artırılması barədə tövsiyə və tapşırıqlarının bəhrəsi kimi ortaya çıxmışdır.
Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyi ilə bağlı tarixi fərmanı bu epos haqda, bu eposun meydana gəlmə dövrü, ideya-bədii xüsusiyyətləri və dili haqda yenidən düşünüb-daşınmaq zərurəti yaratdı. “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik tarixini qeyd etmək Azərbaycan ədəbi dilinin 1300 illik tarixini qeyd etmək demək idi. Bu, o demək idi ki, Azərbaycan ədəbiyyatında türkdilli ədəbi əsərlərin tarixinin ən azı VII əsrdən başladığını söyləməyə əsas var. Heydər Əliyev heç də təsadüfən qeyd etmirdi ki, “bu yubiley bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır.
Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan “Kitabi-Dədə Qorqud” 1300 ildir ki, yaşayır. Əgər 1300 ildən də öncə “Kitabi-Dədə Qorqud” dastanlarının yaranması üçün xalqlarımızın nə qədər səylər qoyduğunu və nəhayət, bu tarixi abidəni yaratdığını nəzərə alsaq, onda təsəvvür edə bilərik ki, bizim xalqlarımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır” [2].
“Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı tarixi fərman bir tərəfdən bu eposun ilk rüşeymlərinin VII əsrdə yaranmasını diqqət mərkəzinə çəkirdisə, digər [ñòð.48-49] tərəfdən hansı coğrafiyanın eposda daha qabarıq görünməsinə diqqəti yönəldirdi. “Kitabi-Dədə Qorqud”un nə dərəcədə Azərbaycan, nə dərəcədə ümumtürk, nə dərəcədə dünya mədəni hadisəsi olması Heydər Əliyevin eposa dair mülahizələrində xüsusi yer tuturdu: “Dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə həmişəlik daxil olmuş “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq onun 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi məqsədilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında fərman imzaladım” [1,12]. Dünya miqyaslı mənəvi sərvət olan “Kitabi-Dədə Qorqud”un yalnız Azərbaycan xalqının yox, bütövlükdə türk xalqlarının mədəniyyətinin təbliğində mühüm əhəmiyyət daşıdığını, türk xalqlarının mədəni birliyində xüsusi rol oynadığını ciddi şəkildə nəzərə aldığına görədir ki, Heydər Əliyev 1300 illik yubiley tədbirini Türkdilli Dövlətlər Birliyinin VI Bakı Zirvə görüşü ilə eyni vaxtda keçirilməsini daha məqsədəuyğun hesab etdi: “Dünən Türkdilli Dövlətlər Birliyinin VI Bakı Zirvə görüşü öz işini uğurla sona çatdırdı. Biz bu Zirvə görüşündə Türkdilli Dövlətlər Birliyi yaranan vaxtdan keçmiş 8 il ərzində gördüyümüz işləri təhlil etdik, ona nəzər saldıq və böyük nailiyyətlər əldə etdiyimizi bildirdik. Təbiidir ki, Türkdilli Dövlətlər Birliyinin yaranması, Türk dünyasında, bizim xalqlarımızın hər birinin həyatında tarixi hadisə olmuşdur. Amma 8 il ərzində onun yaşaması, inkişaf etməsi, genişlənməsi bu birliyin yaranmasının bir tərəfdən nə qədər zəruri olduğunu nümayiş etdirirdi, ikinci tərəfdən də bu birliyin bizim xalqlarımız üçün gələcəkdə nə qədər gərəkli olduğunu göstərdi...
Bu gün biz hamımız VI Zirvə görüşünü uğurla başa çatdıraraq, xalqlarımızın müştərək abidəsi olan “Kitabi-Dədə Qorqud”un yubileyinə toplaşmışıq. Bu yubileyi daha da çox əhəmiyyətli edən, onun səviyyəsini qaldıran odur ki, biz onu türkdilli dövlətlərin başçıları ilə birlikdə keçiririk” [2].
1300 il əvvəl yaranması xüsusi olaraq diqqətə çatdırılan, Azərbaycan xalqı ilə yanaşı, digər türk xalqlarının də ədəbi abidəsi kimi təqdim edilən “Kitabi-Dədə Qorqud”a beynəlxalq səviyyədə yubiley keçirmək, Heydər Əliyevin qənaətinə görə, bu eposu layiqincə öyrənməyin və tanıtmağın mühüm bir vasitəsi idi. Yubileyə hazırlıq işlərinin başladığı 1997-ci il, yubileyin keçirildiyi 2000-ci il Azərbaycan üçün ictimai-siyasi və iqtisadi baxımdan heç də asan illər deyildi. Çətinliyi dərindən dərk edən Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsini çox vacib sayırdı: “Bəziləri... var ki, deyirlər: “Belə yubileylərin keçirilməsi nəyə lazımdır?” Hətta bəyan edirlər ki, “Bu, keçmiş sovet sisteminin yaratdığı adət-ənənədir və biz bundan imtina etməliyik”. Bəziləri deyirlər ki, “ölkəmizin ərazisinin 20 faizi işğal olunduğu zaman, işğal edilmiş ərazilərdən bir milyon vətəndaşı didərgin düşüb, qaçqın və köçkün vəziyyətində çadırlarda ağır şəraitdə yaşadığı bir zaman, bir çox iqtisadi çətinliklərlə rastlaşdığımız zaman belə təntənələrin, belə yubileylərin keçirilməsi nəyə lazımdır?..” Belə yubileylərin hazırlanması, keçirilməsi bizim xalqımız üçün, millətimiz üçün olduqca vacibdir və lazımdır. Bunlar bizim vətəndaşlarımıza, azərbaycanlılara, bu gün yaşayanlara və gələcək nəsillərə göstərir ki, biz kimik, hardan gəlmişik, hardayıq, hara gedirik. [ñòð.49-50] Biz, beləliklə, özümüz öz varlığımızı, öz milli köklərimizi dərk edirik” [3]. Bu sözlərdən bir daha aydın olur ki, Heydər Əliyev ağır bir durumda olan - ərazisizinin 20 faizi işğal edilən, bir milyon vətəndaşı qaçqın və köçkün vəziyyətinə düşən Azərbaycanı böhrandan çıxarmağın mühüm yollarından birini milli şüurun gücləndirilməsində, xalqda özünəinam hissinin dərinləşdirilməsində görürdü. Bu yolda “Kitabi-Dədə Qorqud” eposunun təlqinedici gücü əvəzsizdir. Heydər Əliyevin müdrikcəsinə “milli varlığımızın mötəbər qaynağı” adlandırdığı “Kitabi-Dədə Qorqud”da milli özünüdərk ideyası hər hansı başqa dastanımızla müqayisə edilməyəcək dərəcədə qabarıqdır. “Kitabi-Dədə Qorqud”da dövlətçilik düşüncəsinin nə qədər qabarıq ifadə olunduğunu Oğuz eli ifadəsinin bu eposda daşıdığı məna yükündən də bilmək olur. Aydın olur ki, el (il) sözü qədim türk dilindəki budun (bodun) sözü ilə heç də hər məqamda eyni mənada işlənmir. Budun adlanan toplum siyasi cəhətdən müstəqil ola da bilər, olmaya da bilər. El adlanan toplum isə siyasi cəhətdən müstəqil olan toplumdur və onun göz bəbəyi kimi qorunan ərazisi, sərhədləri vardır. El sözü “Kitabi-Dədə Qorqud”da da məhz bu mənada işlənir. “Kitabi-Dədə Qorqud”da el sözünün siyasi müstəqillik bildirməyinin bir göstəricisidir ki, Oğuz eli ifadəsi Oğuz cəmiyyəti mənası ilə bərabər, Oğuz vətəni, Oğuz dövləti mənalarını da daşıyır. Yəni Oğuz eli ifadəsi altında dastançı xalq adlı sosial qurumun, vətən adlı coğrafi məkanın və hakimiyyət adlı siyasi qurumun vəhdətini nəzərdə tutur, bu vəhdətin pozulmazlığını məhz siyasi müstəqillikdə, başqa dövlətlərdən asılı olmamaqda görür. Siyasi müstəqillik, Oğuz elinin başqa dövlətlərdən asılı olmaması “Kitabi-Dədə Qorqud”da taleyüklü məsələ kimi təqdim olunur, Oğuz igidləri, hətta bütövlükdə, Oğuz cəmiyyəti kişili-qadınlı, qocalı-cavanlı xalq, vətən və dövlət yolunda ölüm-dirim savaşma atılırlar. “Kitabi-Dədə Qorqud”da dövlətçilik düşüncəsinin qabarıq əks olunmasına əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulayır: “Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, azərbaycançılığın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Məhz bu baxımdan “Kitabi-Dədə Qorqud” ensiklopediyası ilk növbədə gənc nəslə ünvanlanan bir kitabdır” [1,6]. 1300 illik yubiley tədbirinə qədərki mühüm addımlar sırasında “Kitabi-Dədə Qorqud” ensiklopediyasını xüsusi qiymətləndirərkən Heydər Əliyev həmin ensiklopediyanın da başlıca dəyərini “Kitabi-Dədə Qorqud” eposunun özü ilə birlikdə dövlət müstəqilliyimizə yardımçı olmaqda görür. Xalqa, torpağa, dövlətə bağlılığın ön plana çıxarılması, qəhrəmanlığın xalq qəhrəmanlığı səviyyəsinə qaldırılması “Kitabi-Dədə Qorqud” eposunda Heydər Əliyevin diqqətini cəlb edən başlıca ideya istiqamətlərindən biridir: “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında epos yox, [ñòð.50-51] bütöv xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük ideyası... böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir. Eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir. Ölkəmizin yaşadığı bugünkü mərhələdə xalqımızın qarşısında duran ən ümdə problemlərin həlli, o cümlədən respublikanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması baxımından müasir Azərbaycan Respublikası vətəndaşlarının bu qəhrəmanlıq ideologiyasından faydalanmasının nə dərəcədə vacib olduğu gün kimi aydındır” [1,6].
Müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında “Kitabi-Dədə Qorqud”un təlqinedici rolunu yüksək qiymətləndirən Heydər Əliyev bu eposun öyrənilməsində folklorşünasların qarşılaşdığı çətinliklərdən bəhs etməyi də vacib sayır. 1930-cu illərin sonlarında Əmin Abid kimi qorqudşünaslann repressiya qurbanı olduğunu xatırladan Heydər Əliyev “Kitabi-Dədə Qorqud”a qarşı siyasi hücumların 1940-cu illərin sonlarından etibarən yenidən kəskin şəkil almasını xüsusi olaraq qeyd edir: “Ədəbiyyata və incəsənətə qarşı yönəldilmiş məşhur “Jdanov qərarları”nın ab-havasına uyğun olaraq, “Kitabi-Dədə Qorqud”a qarşı hücumlar başladı... “Kitabi-Dədə Qorqud” eposunun ümumən xalq eposu olmadığı bildirildi və bu eposu “yayanları amansızlıqla ifşa etmək və onlara divan tutmaq” şüarları səsləndi. Görkəmli Azərbaycan alimləri Həmid Araslı və Məmmədhüseyn Təhmasib, akademik Vasili Bartoldun ruscaya çevirdiyi “Êíèãà ìîåãî Äåäà Êîðêóäà” kitabının 1950-ci ildə Bakıda Elmlər Akademiyasında çapı rejimin sərt reaksiyasına məruz qaldı [1,10]. Heydər Əliyev “Kitabi-Dədə Qorqud”a qarşı siyasi kampaniyanın yalnız Azərbaycanda yox, digər türkdilli respublikalarda da aparıldığını vurğulayaraq deyir: “Başqa türkdilli respublikalarda, xüsusən Türkmənistanda “Dədə Qorqud”un əleyhinə dəhşətli bir təbliğat geniş şəkildə həyata keçirildi. Əslində eposa qadağa damğası vuruldu. Epos bütün tədqiqat planları, tədris proqramları və dərsliklərdən çıxarıldı” [1,10]. Yalnız Azərbaycanda yox, başqa türkdilli respublikalarda da “Kitabi-Dədə Qorqud”un siyasi rejim tərəfindən yasaq edilməsinin başlıca səbəbi nə idi? “Kitabi-Dədə Qorqud”a qarşı siyasi kampaniyanın başlıca səbəblərindən biri bu eposun milli kimliyimizi doğru-dürüst nişan verməsi, türk xalqlarının mədəni birliyinə mühüm zəmin yaratması idi. Türk xalqlarının özünüdərk prosesinə mane olmaq xətti tutan siyasi rejim bu xalqların mədəni birliyinə mühüm zəmin ola biləcək “Kitabi-Dədə Qorqud” kimi ədəbi abidələrə “mürtəce əsər” damğası vurur, “pantürkizm” adı altında həmin abidələrin tədqiq və təbliğinin qarşısını almağa çalışırdı. Heydər Əliyevin aşağıdakı sözləri bu acı həqiqətin əsl mahiyyətini bir daha açıb göstərir: “1950-ci ilin may ayında “Dədə Qorqud”un kobud siyasi səhv olduğu partiya yığıncağında rəsmi elan edildi. Bu rəsmi mövqe bildirildikdən sonra eposun xalqa zidd bir əsər olduğu tezisi irəli sürüldü. Həmin partiya yığıncağının hesabatında deyilirdi: “Pantürkistlər tərəfindən Azərbaycan ədəbiyyatının qədim abidəsi kimi qələmə verilən “Dədə Qorqud” eposunun Azərbaycan xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir [ñòð.51-52] əlaqəsi yoxdur. “Dədə Qorqud”da Azərbaycan xalqı üçün yabançı olan həyat tərzi, adət və ənənələr təsvir edilmişdir”...
Eposun ünvanına səslənən ittihamlardan sonra ayrı-ayrı alimlərin mövqeləri kəskin tənqid atəşinə tutuldu. Artıq epos sözünün özü belə dırnaq içərisində işlədilirdi. O dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmurdu ki, orada “Dədə Qorqud” tənqid olunmasın” [1,10]. Heydər Əliyevin “əxlaq kodeksimiz”, “milli estetikamızın mötəbər qaynağı”, “tariximizin, etnik yaddaşımızın, arxaik təfəkkürümüzün güzgüsü”, “nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi” adlandırdığı “Kitabi-Dədə Qorqud” kimi ədəbi abidələrin hərtərəfli və dərindən öyrənilməsində dövlət qayğısı əvəzsiz rol oynayır. Bunu 1970-ci illər Azərbaycanını əvvəlki onilliklər Azərbaycanı ilə müqayisə etdikdə daha aydın görmək olur. 1970-ci illərdə “Azərbaycanın folklor örnəkləri həm filoloqların, həm filosofların, həm tarixçilərin, həm də etnoqrafların diqqətini daha çox çəkməyə başladı. Daha doğrusu, “Kitabi-Dədə Qorqud” yalnız tarixçilərin və ədəbiyyatşünasların fundamental, monoqrafik tədqiqat predmeti olmaqla məhdudlaşmadı; dərsliklərə, proqramlara salındı, eləcə də televiziya və radionun efir məkanına daxil oldu. Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmi ilə “Dədə Qorqud” dastanının ekran həyatı başladı. Bu məsələdə Heydər Əliyevin bəzən açıq şəkildə görünən, bəzən də görünməyən müstəsna xidmətləri var idi. Yazıçılar eposa münasibətdə birinci şəxsin doğma münasibətini şəraitdən asılı olaraq, açıq, ya da gizli şəkildə ifadə olunan qayğısını, təəssübünü daim hiss edirdilər” [5, 79].
Sovet dövründə “Kitabi-Dədə Qorqud”un tədqiq və təbliğinə bəzən açıq, bəzən gizli şəkildə qayğı göstərən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin başçısı olarkən bu eposun nəinki hərtərəfli öyrənilməsi və dünyada tanıdılması istiqamətində tarixi xidmətlər göstərdi, eyni zamanda bu eposla bağlı görüləcək işlərə yeni-yeni yollar açdı: “Kitabi-Dədə Qorqud” özündə böyük elmi, mədəni, mənəvi fikirlər cəmləşdirən abidədir. İndiyə qədər “Kitabi-Dədə Qorqud”un öyrənilməsi və bugünkü nəsillərə çatdırılması yolunda xeyli iş görülübdür... Ona görə də... mən “Kitabi-Dədə Qorqud”un tədqiqi, təbliği ilə məşğul olmuş ... alimlərimizə, yazıçılarımıza, bütün vətəndaşlarımıza təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar ... öz elmi işlərini bundan sonra da davam etdirəcəklər. “Kitabi-Dədə Qorqud” dastanının hələ açılmayan səhifələri, hələ bu günə qədər məlum olmayan fikirləri bundan sonra aşkar ediləcək, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinə və bütün türk dünyasına çatdırılacaqdır”. Heydər Əliyevin arzu və istəklərinə uyğun olaraq, “Kitabi-Dədə Qorqud”un yeni-yeni sirlərinin açılması istiqamətində araşdırmalar davam etdi, dövlət səviyyəsində atılan addımlar, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının, ilk tərcümə və nəşr edilməsinin 200 illiyi ilə bağlı olaraq imzaladığı sərəncam bu eposa yenidən qayıtmaq və onu dünyaya tanıtmaqda müstəsna rol oynadı. [ñòð.52-53]
ƏDƏBİYYAT
1. Heydər Əliyev. Milli varlığımızın mötəbər qaynağı// “Kitabi-Dədə Qorqud” ensiklopediyası, I cild. Bakı, Yeni Nəşrlər Evi, 2000.
2. Milli-mənəvi dəyərlərimizə, xalqımızın çoxəsrlik tarixinə hörmət, ehtiram bayramı // Respublika Sarayında “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. “Azərbaycan” qəzeti, 11 aprel 2000-ci il.
3. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə// “Gülüstan” Sarayında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. “Xalq qəzeti”, 12 aprel 2000-ci il.
4. Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq haqqında kəlamları. Naxçıvan, 2013.
5. Cəlal Qasımov. Heydər Əliyev və “Kitabi-Dədə Qorqud”//Heydər Əliyev irsi və Azərbaycan folklorşünaslığının aktual problemləri. Bakı, Nurlan, 2013.
Ìóõòàð Èìàíîâ
Ãåéäàð Àëèåâ è ýïîñ «Êèòàáè-Äåäå Ãîðãóä»
Ðåçþìå
Âèäíûé ãîñóäàðñòâåííûé äåÿòåëü Ãåéäàð Àëèåâ, ñ õàðàêòåðíûìè äëÿ åãî äåÿòåëüíîñòè ñèñòåìíîñòüþ, ïîñëåäîâàòåëüíîñòüþ, òî÷íûì ðàñ÷¸òîì íà áóäóùåå, ïðèíèìàë ìåðû, íàïðàâëåííûå íà ðàçâèòèå íàóêè è êóëüòóðû. Ïðèíèìàÿ âî âíèìàíèå íåçàìåíèìóþ ðîëü ôîëüêëîðà â ñàìîñîçíàíèè íàðîäà, óêðåïëåíèè åãî ïðèâÿçàííîñòè ê íàöèîíàëüíûì êîðíÿì Ãåéäàð Àëèåâ ïîäïèñàë èñòîðè÷åñêèé óêàç î ïðîâåäåíèè 1300-ëåòíåãî þáèëåÿ ýïîñà «Êèòàáè-Äåäå Ãîðãóä». Ýòîò óêàç âûÿâèë íåîáõîäèìîñòü âíîâü çàäóìàòüñÿ îá ýïîñå «Êèòàáè-Äåäå Ãîðãóä» è îá ýïîõå åãî ñîçäàíèÿ.  ñâîèõ âûñòóïëåíèÿõ, ïîñâÿù¸ííûõ äàñòàíó «Êèòàáè-Äåäå Ãîðãóä»,çàîñòðÿÿ îñîáîå âíèìàíèå íà åãî ñîçäàíèè â VII âåêå, îòìå÷àÿ, ÷òî íàðÿäó ñ àçåðáàéäæàíñêèì íàðîäîì äàñòàí ÿâëÿåòñÿ ëèòåðàòóðíûì ïàìÿòíèêîì è äðóãèõ òþðêîÿçû÷íûõ íàðîäîâ, Ãåéäàð Àëèåâ ñ÷èòàë îñîáåííî âàæíûì áîëåå ïîäðîáíî îñòàíîâèòüñÿ íà âîïðîñå ýïîñà è íàöèîíàëüíîé ãîñóäàðñòâåííîñòè. Îïèðàÿñü íà ÿðêîå âûðàæåíèå â «Êèòàáè-Äåäå Ãîðãóä» èäåè ïîëèòè÷åñêîé ñàìîñòîÿòåëüíîñòè è íåçàâèñèìîñòè ñòðàíû îãóçîâ îò äðóãèõ ãîñóäàðñòâ, Ãåéäàð Àëèåâ îñîáî îòìå÷àë íåïðåâçîéä¸ííóþ âàæíîñòü ýïîñà â äåëå ñîõðàíåíèÿ è åù¸ áîëüøåãî óêðåïëåíèÿ ïîëèòè÷åñêîé íåçàâèñèìîñòè Àçåðáàéäæàíà. Ãåéäàð Àëèåâ â ñâîèõ âûñòóïëåíèÿõ, ïîñâÿù¸ííûõ «Êèòàáè-Äåäå Ãîðãóä», íàçûâàÿ åãî «êîäåêñîì ÷åñòè», «íà䏿íûì èñòî÷íèêîì íàöèîíàëüíîé ýñòåòèêè», «çåðêàëîì èñòîðèè, ýòíè÷åñêîé ïàìÿòè, àðõàè÷åñêîãî ìûøëåíèÿ», «ïåñíüþ ðå÷è, ÿçûêà, íðàâñòâåííîãî äóõà», îáðàòèë âíèìàíèå íà íåîòêðûòûå ñòðàíèöû, íåèçó÷åííûå âîïðîñû äàñòàíà è òåì ñàìûì îòêðûë äîðîãó äëÿ áóäóùèõ èññëåäîâàíèé, ñâÿçàííûõ ñ ýòèì äàñòàíîì. [ñòð.53-54]
Êëþ÷åâûå ñëîâà: Ãåéäàð Àëèåâ, «Êèòàáè-Äåäå Ãîðãóä», ýïîñ, ñîçíàíèå ãîñóäàðñòâåííîñòè, ãîñóäàðñòâåííàÿ íåçàâèñèìîñòü, ýòíè÷åñêàÿ ïàìÿòü.
Mukhtar Imanov
Heydar Aliyev and the Epic “The Book of Dada Gorgud”
Abstract
Outstanding statesman Heydar Aliyev worked to develop science and culture with his characteristic consistency, logic and care. Aware of the irreplaceable role of folklore in strengthening national roots and national consciousness, Heydar Aliyev signed a historic decree on celebrating the 1300th anniversary of the epic “The Book of Dada Gorgud”. That decree prompted the need to rethink “The Book of Dada Gorgud” and the era in which it was created. In his speeches on “The Book of Dada Gorgud”, Heydar Aliyev drew attention to its creation in the 7th century and described the epic as a literary monument not only of the Azerbaijani people, but of other Turkic peoples, too. He considered it especially important to dwell in more detail on the question of the epic and national statehood. Referring to the book’s clear expression of the ideal of the political independence of the Oghuz from other states, Heydar Aliyev especially stressed the unrivalled importance of the epic in reinforcing and maintaining the political independence of Azerbaijan. In his speeches about “The Book of Dada Gorgud”, Heydar Aliyev described it as “our moral codex”, “an authoritative source of our national aesthetics”, “the mirror of our history, ethnic memory and archaic thinking”, and “a song of the soul, morality, speech and language”, and drew attention to issues yet to be studied, opening the way to new research into the epic.
Key words: Heydar Aliyev, “The Book of Dada Gorgud”, epic, statehood, thought, independence, ethnic memory.
* Azərbaycan, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü. E-mail: mukhtarkazimoglu@gmail.com