Dövlət idarəçiliyi. - 2016. - № 2. -S.199-206.
URBANİZASİYA VƏ QLOBALLAŞMA PROSESLƏRİNİN TARİXİ KÖKLƏRİ
VƏ BİR-BİRİNƏ QARŞILIQLI TƏSİR İMKANLARI
İNŞALLAH QAFAROV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Dövlət idarəetməsi və menecment kafedrasının dosenti,
sosiologiya üzrə fəlsəfə doktoru
Urbanizasiya latınca urbanus sözündən olub şəhər, şəhərləşmə mənasını verir və cəmiyyətin inkişafında şəhərlərin rolunun artması və şəhər həyat tərzinin geniş yayılması prosesidir.
Urbanlaşma prosesinin nüvəsini təşkil edən müasir şəhərlərin formalaşması prosesini mütəxəssislər 3 dövrə ayırırlar:
Birinci dövr — XVI-XVII əsrlər. Bu dövrdə yalnız yerli ərzaqdan qidalanma, ələməyi, külək və sudan alınan enerji və s. mövcud idi. Kifayət qədər inkişafın olmaması ilk ekoloji problemlərin yaranmasına gətirib çıxarmışdır.
İkinci dövr — XVIII əsr, su və quru nəqliyyatının yaranması, coğrafi kəşflərin baş tutması, yolların çəkilməsi, istilik yanacağından istifadə ilə müşahidə olunmuşdur.
Üçüncü dövr — XIX əsrdən etibarən başlamışdır. Əsl urbanizasiya fırtınası da məhz XIX-XX əsrlərə təsadüf edir. Əgər XX əsrin əvvəllərində dünyada şəhər əhalisi cəmi 14 faiz idisə, əsrin ortalarında bu rəqəm 47 faizə, XXI əsrin əvvəllərində, yəni hazırkı mərhələdə isə bu rəqəm 50 faizə çatmışdır.
Urbanizasiyanın tarixi sübut edir ki, o, birbaşa şəhərlərin yaranması ilə bağlıdır. Başqa sözlə desək, şəhərlərin təşəkkülü və inkişafı urbanizasiyanı yaratdı, urbanizasiya isə öz növbəsində şəhərlərin inkişafını təmin etdi. Bəzən təbii sual meydana çıxır: Hansı daha qədimdir? Hansı hansını müəyyən edir? P. Adamsın fıkrincə, şəhərlərin meydana gəlməsi şəhər-dövlətlərin formalaşmasını təmin etdi. Qrinin və Korotayevin qənaətincə, urbanizasiya və şəhərlərin evolyusiyası [indiki halda sənayeləşməsi] bir-biri ilə six bağlıdır. Biz bunu İngiltərə timsalında aydın görürük. Belə ki, müasir anlamda ilk urbanizasiyanın baş verdiyi ölkə Böyük Britaniya olmuşdur. Qeyd olunan coğrafı ərazidə sənayeləşmənin sürətli inkişafı eyni zamanda urbanizasiyaya böyük təkan vermişdir. Bəzi proqnozlara görə, planet əhalisi son nəticədə bütövlükdə şəhərlərə axın edəcəkdir.
Hazırda six əhalisi olan bir sıra şəhərlərdə artım elə intensiv getmişdir ki, şəhər kənarına axın, yəni suburbanizasiya müşahidə edilməkdədir.
Bütün sənaye sahələri köhnə şəhərlərdən enerji mənbələri, nəqliyyat vasitələri, xammal ehtiyatları və işçi qüvvəsinin ucuz və əlverişli olduğu yerlərə axın etməkdədir. Məhz sənaye inqilabından sonra urbanizasiya prosesi başlamış və get-gedə vüsət almışdır. Başqa sözlə, sənayeləşmə urbanizasiyanı şərtləndirən başlıca amil olmuşdur.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Urbanizasiyanın intensivliyi həmin ölkədə bilavasitə sənayenin inkişaf səviyyəsindən asılıdır. Zəif inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi 10%, nisbətən inkişaf etmiş ölkələrdə isə 60-70% müşahidə olunur.
İnkişaf etməkdə olan ölkələrdə [İEOÖ] şəhər əhalisinin artım sürəti əhalinin ümumi artım səviyyəsindən yüksəkdir. Bu, təbii artımın yüksək səviyyəsi və kəndlərdən şəhərlərə gedənlərin sayının artması ilə əlaqədardır. Buna şəhər iqtisadiyyatının və sosial infrastrukturla təmin olunmaq dərəcəsinin yüksəlməsi də pozitiv təsir göstərir. Kənd əhalisi isə əksinə, bir sıra sosial tələbatların təmin olunmasında çətinlik çəkir. Nəticədə şəhərlilərin [səh.199-200] sayı artsa da, iqtisadi həyatda onların çəkisi heç də artmır. Buna yalançı urbanizasiya deyirlər. Buna görə də bəzi İEOÖ-də urbanizasiyanın səviyyəsinin yüksək olması heç də о ölkələrin inkişaf göstəricisi sayıla bilməz. Yalançı urbanizasiyanın mövcud olduğu şəhərlərdə qeyri-ixtiyari olaraq “yoxsulluq zonaları” yaranır. Belə yerlərə Braziliyada “favel”, Afrikada “bidonvil”, Türkiyədə isə “gecəqondu”lar deyilir.
Urbanizasiya prosesinin ən yüksək mərhələsi aqlomerasiya və şəhərlərin birləşməsi olan meqapolislərdir. Meqapolis yunan sözüdür, mənası meqa - nəhəng, polis - şəhər deməkdir. İlk dəfə Amerikan alimi Levis Mumford özünün 1938-ci ildə çap etdirdiyi “The culture of cities” kitabinda meqapolis sözündən istifadə etmişdir. Bəzi böyük şəhərlər və aqlomerasiyalar bir-birinə yaxın yerləşdiyi üçün böyüyərək bir-birinə yaxınlaşırlar və meqapolis yaradırlar. Dünyada ilk meqapolislər Amerikada yaranmışdır. Buna səbəb şəhərlər arasında nəqliyyat əlaqələrinin inkişaf etməsi idi. Sonradan bu meqapolislər Avropaya yayıldı. Amma hazırda daha çox meqapolis Asiya qitəsində mövcuddur. Dünyada çox sayda meqapolislər vardır. Meqapolisləri çox zaman “dərininə urbanizasiya” da adlandırırlar. Dünyada ən böyük meqapolislər aşağıdakılardır:
1. ABŞ-da Atlantik sahili və ya Boston, Nyu York, Baltimore, Vaşinqton
2. ABŞ-da Göllərətrafı və ya Çipits - Çikaqo, Detroyt, Klivlend, İndiniapolis, Pitsburq
3. Kalifomiya ştatı - San-Fransisko, Los-Anceles, San-Xose, San-Dieqo
4. Qanq çayı vadisi - Dehli, Islamabad, Lahor, Kanpur, Konkata, Varanasi
5. Böyük Britaniya-Dublin, Mançester, Birmingam, London
6. Cənubi Amerika-Rio-de-Janeyro, San-Paulo, Kampinas
7. Yaponiya-Tokio, Çiba, Kavasaki, Yokohoma, Naqoya, Kyoto, Osoko, Kobe, Xirosima [4].
Son illərdə Bakı şəhərində xeyli çoxmərtəbəli yaşayış binalarının ucaldılması, köhnə binaların sökülməsi, şəhər ətrafında şəxsi evlərin tikintisinin sürətlə artması şəhərsalmanın hüquqi və sosial-ekoloji məsələlərinin aktual problem olduğunu göstərir. Beləliklə, XIX əsrdən başlayaraq dünya coğrafıyasında şəhərlərin rolu daha da artmağa başlamışdır. Dünyada sənaye sahəsinin güclü inkişafı nəticəsində əhalinin kəndlərdən şəhərlərə axını olmuşdur. Bu zaman şəhərlər daha da böyümüşdür. Dünya, region, ölkə əhalisi arasında şəhər əhalisinin artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin geniş yayılması-urbanizasiya baş vermişdir [5].
Urbanizasiya XX əsrin ən böyük fenomenlərindəndir. Məhz XX əsrdə İnkişaf etmiş [İE] və İEOÖ-də bütün cəmiyyətlər bu fenomenlə qarşılaşmışlar. Bu baxımdan akademik R. Mehdiyevin aşağıdakı sözləri yerinə düşür: ”Bu gün elə bir beynəlxalq strateji araşdırmalar mərkəzi yoxdur ki, orada müasir dövlətlərin fəaliyyətinin qloballaşma prosesinin təsiri altında baş verən ciddi dəyişikliklərlə bağlı olması haqqında elmi nəticəyə etiraz etsin” [1].
Tədqiqat obyektinin ikinci əsas problemi olan və müasir dünyada ən çox elmi polemikaların mövzusu hesab edilən qloballaşmanın mənşəyi qədim köklərə bağlıdır. Onun ilkin əlamətləri hətta antik dövrə gedib çıxır. Tədqiqatçıların fıkrincə, hələ Roma imperiyası Aralıq dənizi hövzəsində öz ağalığını yaratmaqla müxtəlif mədəniyyətləri qovuşdurdu və bu, regionda ilk yerli əmək bölgüsünü formalaşdırdı. Bir çoxları bu prosesi qloballaşmanın ilk rüşeymləri hesab edirlər.
Lakin qloballaşmanın müasir idarəetmə sistemi formasında inkişafı XVI-XVII əsrləri əhatə edir. Bu dövrdə Avropada iqtisadiyyatın yüksəlişi bir tərəfdən dənizçiliyin inkişafına, digər tərəfdən isə böyük coğrafı kəşflərin meydana çıxmasına əlverişli zəmin yaratdı. Nəticədə İspaniya və Portuqaliya Amerikanı öz koloniyalarına çevirdilər. XIX əsrdə isə sənayeləşmənin sürətlənməsi nəticəsində Avropa ilə inkişaf etməkdə olan ölkələr və koloniyalar arasındakı ticarət əlaqələri ədalətsiz şəkildə və istismara əsaslanmaqla inkişaf edirdi. Bu isə iqtisadi qloballaşmanın genişlənməsinə olduqca əlverişli zəmin yaradır, onun heç bir maneə olmadan çiçəklənməsinə təkan verirdi.
Lakin I və II Dünya Müharibələri iqtisadi qloballaşmanı dayandırdı, dünya iqtisadiyyatı [səh.200-201] iki yerə ayrılmaqla böyük zərbə aldı. II Dünya Müharibəsindən sonra isə qloballaşma yenidən böyük sürətlə inkişaf etməyə başladı. Onun inkişafına dağılmış Avropanın bərpasına istiqamətlənmiş dünya iqtisadi siyasəti, dəniz nəqliyyatı, dəmiryolu və hava yolları daşınmasının xeyli artması, yeni texnologiyalar vasitəsi ilə beynəlxalq rabitə əlaqələrinin genişlənməsi güclü təkan verdi. Beynəlxalq maneələrin aradan qaldırılması üçün 1947-ci ildə kapitalist ölkələri və inkişaf etməkdə olan ölkələr arasında Tariflər və Ticarət üzrə Baş Müqavilə [TTBM] adı altında bir sıra sazişlər imzalandı. 1995-ci ildə isə qeyd edilən müqavilənin iştirakçısı olan 75 ölkə arasında Ümumdünya Ticarət Təşkilatı [ÜTT] imzalandı. Hazırda həmin ölkələrin sayı 100-ü keçmişdir.
Qloballaşma bir beynəlxalq münasibət kimi qədim köklərə malik olsa da, onun inkişafı bu gün do davam edir və nə vaxtsa başa çatacağı gözlənilmir. Bu problemə diqqət 1990-cı ildən başlayaraq daha da artmışdır. BMT-nin keçmiş baş katibi K. Annan yazırdı ki, milyonlarla insan öz təcrübələrindən bilirlər ki, qloballaşma taleyin hədiyyəsi deyildir, onların maddi rifahını və vərdiş etdikləri həyat tərzini dağıdan bir qüvvədir. Qloballaşmanı çox vaxt belə təsvir edirlər.
Son 20 ildə beynəlxalq aləmdə baş verən sosial-siyasi transformasiyada dəyişikliklər sübut edir ki, bir tarixi dövrün-postindustrial dövrün yeni bir dövrlə-informasiyalı cəmiyyətlə əvəzlənməsi prosesi baş verir. Bu dəyişikliklər yalnız iqtisadi və sosial-siyasi deyil, həm də mənəvi sferalara da sirayət edir. Nəticədə qloballaşma hazırda bütün planetin ictimai həyatına və bütün xalqların bir-birinə yaxınlaşmasına, onlar arasında qarşılıqlı əlaqə və asılılıqların təşəkkül tapmasına, beynəlmiləlləşmənin genişlənməsinə təsir edən obyektiv proses kimi özünü bəyan etməkdədir. Lakin qloballaşmanın əsas fəaliyyət sferası yenə də bir sıra problemlərin təşəkkül tapması ilə müşahidə olunan beynəlxalq iqtisadi sistemdir. Bu problemlər aşağıdakılardır: müxtəlif ölkələrdə iqtisadi inkişafın qeyri-bərabərliyi, qarşılıqlı asılılıqların potensial risklərə çevrilməsi, bir sıra konflikt və problemlərin təşəkkül tapması.
Elmi-texniki tərəqqi (ETİ) qloballaşmanın əsas amili kimi bütün istehsal və insanların həyatını kökündən dəyişmişdir. İqtisadi inkişafın səviyyəsi və iqtisadi sistemdə yeri həmin dövlətin intellektual potensialını, təhsilə kapital qoyuluşunu və peşə hazırlığını müəyyən edir. Digər tərəfdən, informasiya seli və məkanı yaradır. İnformasiya məkanı uğrunda gedən güclü rəqabət və mübarizə hətta müasir geosiyasətin əsas amillərindən birinə çevrilmişdir. Qloballaşma, həmçinin mədəniyyət və sivilizasiyaların bir-birinə güclü təsir etməsinə, bir-birinə qovuşmasına, insanların həyat tərzinin, təhsilinin, hətta şüur və davranışının standartlaşmasına gətirib çıxarmışdır.
Müasir mərhələdə qloballaşma milli maraqlardan yüksəkdə dayanan transmilli strukturların, о cümlədən BMT-nin, regional və beynəlxalq ictimai təşkilatların rolunun artması, insan hüquq və azadlıqlarının prioritet mövqe tutması, hüquq normalarının və sosial standartların universallaşması və s. proseslərin qabarıq şəkildə sürətlənməsi ilə müşahidə olunur. Xarici amillərin iqtisadi, sosial və mədəni rolu artmaqda davam edir, milli mənafelərdən güclü olan vahid dünya bazarı formalaşır.
Qloballaşma tərəfdarları onu insan cəmiyyətinin bütün sahələrini əhatə edən çoxplanlı proses kimi qiymətləndirirlər. Onların fıkrincə, əvvəla, qloballaşma iqtisadiyyatın inkişafının növbəti mərhələsidir. İkincisi, qloballaşma əmtəə, kapital və informasiyanın azad axınını təşkil etməklə, insanların həyat tərzini və yaşayış səviyyəsini artırır. Üçüncüsü, qloballaşma vahid dünya sosial-iqtisadi sistemini yaradır və faktiki olaraq birvariantlı inkişafı formalaşdırır. Dördüncüsü, qloballaşmanın mədəniyyətlərin inkişafına təsiri heç də iqtisadi nailiyyətlərdən az əhəmiyyət kəsb etmir.
Deməli, qloballaşma müasir texnologiyanın inkişafı, əmtəənin, müasir xidmətin asanlıqla yayılması, ölkələrin iqtisadi cəhətdən bir-birindən qarşılıqlı asılılığının genişlənməsi ilə nəticələnmiş prosesdir.
Yeri gəlmişkən qeyd edək ki, Fransa başda olmaqla, bir sıra Avropa ölkələri qloballaşmaya ABŞ-ın iqtisadiyyat, siyasət və mədəniyyətdə hegemonluğa can atması kimi qiymətləndirirlər. Qloballaşmanı texnologiya əsrində [səh.201-202] imperializm və kapitalizmin, о cümlədən kolonializmin yeni forması kimi qiymətləndirənlər də vardır. Bu isə əsas rolun ABŞ-a məxsus olduğunu bəyan etməkdir. Onların fıkrincə, bu supergücə malik dövlət digər ölkələrə satış bazarı, xammal mənbəyi, ucuz işçi qüvvəsi və ya istehsalın hər hansı bir amilini təmin edən mənbə kimi baxır.
Urbanizasiya ilk baxışdan demoqrafık bir proses və şəhər əhalisinin sayının artması prosesi barədə təsəvvür yaratsa da, burada ən başlıca göstərici şəhər həyat tərzinin yayılmasından, şəhərləşmənin genişlənməsindən və şəhərlərin sürətlə artmasından ibarətdir. Lakin bəzi mütəxəssislərin fıkrincə, bu həm də bütövlükdə ölkənin inkişafına da təkan verir. “Həqiqətən də, şəhərin ictimai - sosial bazası kəndə nisbətdə xeyli yüksəkdir. Sürətli inkişafın tələb etdiyi investisiyalar şəhərlərdə cəmləşdiyindən, sənaye və xidmət sektorunun tələb etdiyi inkişaf mühiti şəhərdə olduğu üçün urbanizasiya prosesi ölkənin tərəqqisinə də xidmət edə bilər” [3].
Lakin urbanizasiya sadəcə olaraq əhali artımı prosesi olmayıb, eyni zamanda cəmiyyətdə baş verən iqtisadi dəyişiklikləri [məs. sənayeləşmə, iqtisadi böhranlar, bazar iqtisadiyyatının yaratdığı inkişaf, ETT və s.] və ictimai-siyasi quruluşunda baş verən yenilikləri əks etdirir və özü də bu dəyişikliklərdən bəhrələnir.
Lakin urbanizasiyanın ən əsas mənbəyi sosial-psixoloji amillərdir. Sosial-psixoloji amillər isə kənd yaşayış tərzi və səviyyəsi ilə şəhər həyatı arasındakı mühüm fərqlərdəndir. Belə ki, insanlar daha rahat, daha maraqlı, daha sivil şəraitin mövcud olduğu cəmiyyətdə yaşamaq istəyirlər. Hamı kənd təsərrüfatında çalışmaq istəmir. İnsanlarda buna maraq olmalı, həmçinin onlarda işgüzarlıq və çalışqanlıq keyfiyyətlərinin mövcudluğu özünü göstərməlidir.
Təhlillər belə qənaətə gəlməyə imkan verdi ki, qloballaşma və urbanizasiya proseslərinin arasındakı qarşılıqlı əlaqə və təsirlərin müəyyən edilməsi üçün bu iki fenomenin əsas mənbələrinin nəzərdən keçirilməsi vacibdir. Bununla biz şəhərləşmə ilə yanaşı, şəhərlərin iri sənaye, elm, təhsil mərkəzinə çevrilməsi prosesində qloballaşmanın rolunu da müəyyən etmiş olarıq.
Qloballaşma prosesi bir-birindən qarşılıqlı surətdə asılı olan üç mənbədən bəhrələnir:
a) yeni beynəlxalq əmək bölgüsü; b) beynəlxalq xarakterli istehsal; c) yeni siyasi münasibətlər və ticarətin liberallaşması
Mütəxəssislərin fıkrincə, urbanizasiya isə ilk növbədə aşağıda göstərilən amillərdən bəhrələnir:
1. kənd yaşayış məntəqələrinin şəhərlərə çevrilməsi; 2. geniş şəhər zonalarının formalaşması; 3. kənd yaşayış məskənlərindən [ucqarlardan] insanların şəhərə axını
Qloballaşmanın əsas mənbəyi hesab edilən beynəlxalq əmək bölgüsü urbanizasiyanın nüvəsini təşkil edən sənayeləşmə ilə birbaşa bağlıdır. Qeyd edək ki, ictimai əmək bölgüsü uzun əsrlər istehsalatda aparıcı yer tuta bilməmişdir. Hətta XIX əsrin başlanğıcında beynəlxalq əmək bölgüsünün payına dünya üzrə ümum daxili məhsulun (ÜDM) cəmi 1 faizi düşürdü. Sənaye inqilabının başlanması, nəqliyyat və rabitənin sürətli inkişafı son nəticədə isə şəhərlərin daha da böyüməsi və beynəlxalq əmək bölgüsünün inkişafını sürətləndirdi. Beləliklə, XX əsrin sonuna yaxın qeyd etdiyimiz istehsalın həcmi 25 faizə çatdı. Bu zaman beynəlxalq əmək bölgüsünün xarakteri də dəyişdi. İndiyədək hakim olan sahələrarası əmək bölgüsü ilə yanaşı, sahədaxili əmək bölgüsü də çox böyük sürətlə inkişaf etməyə başladı. Bu isə partnyorlar arasında yeni, xüsusi bir münasibətlər formalaşdırdı, yeni xidmət növlərinin, yəni mal mübadiləsinin meydana çıxması ilə nəticələndi. Xidmət mübadiləsi və sahələrarası məhsullar ümumdünya ticarətinin yarıdan çoxunu təşkil etdi ki, sonda bu da tamamilə təzə bir fenomenin-yeni beynəlxalq əmək bölgüsünün yaranmasına səbəb oldu. Deməli, beynəlxalq əmək bölgüsü, sənayeləşmə, şəhərlərin inkişafı və genişlənməsi, urbanizasiya bir-birini tamamlayan, bir-birinin inkişafını şərtləndirən, eyni zamanda bir-birinin inkişafına təkan verən amillərdir. Şəhərlərin iri sənaye mərkəzlərinə çevrilməsi həm də dövlətlərə istehsalı optimallaşdırmaq və qloballaşmadan daha böyük fayda əldə etmək imkanı verdi. Yuxarıda qeyd olunan dinamik dəyişikliklər isə öz növbəsində XX əsrin 70-80-ci illərində [səh.202-203] qloballaşmanın ikinci mənbəyi hesab olunan beynəlxalq istehsalın təşəkkül tapması ilə nəticələndi. Beynəlxalq istehsalın mövcudluğu 70-ci illərin ortalarından etibarən, dünyaya meydan oxuyan yanacaq-enerji böhranı zamanı özünü tam şəkildə göstərdi. Bu böhran bir tərəfdən inkişaf etmiş ölkələrdə köhnə istehsal sahələrində mənfəəti azaltdı, hətta bəzi sahələri itki ilə işləmək səviyyəsinə endirdi, digər tərəfdən isə sənayeləşmənin inkişafı nəticəsində müxtəlif müəssisələr arasında həm əməkhaqqında, həm fəhlələrin təhsil və peşə hazırlığında, həm də xammal və enerjinin qiymətlərində kəskin fərq özünü göstərməyə başladı. Məhz bu səbəbdən inkişaf etməkdə olan ölkələrə az əmək sərfı tələb edən, ucuz, keyfıyyətsiz və ekoloji cəhətdən təmiz olmayan məhsullar ixrac edilməyə başlandı.
Bundan əlavə, elmi-texniki tərəqqi texnoloji proseslərin məkanca bölünməsi imkanlarını yaratdı. Nəqliyyat və rabitənin sürətli inkişafı isə istehsal xərclərini xeyli azaltdı. Bütün bunlarla yanaşı, beynəlxalq istehsal, ixrac üçün nəzərdə tutulmuş istehsalla məşğul olan ölkələrdə fəaliyyət göstərən həm xarici, həm də yerli müəssisələrdə əsas məqsədlərdən birinə çevrildi. Ardınca isə xarici ölkələrdə möhkəmlənmış müəssisələr hər vasitə ilə istehsal xərclərini azaltmağa çalışır, idarəetmə strukturlarını sadələşdirir və ucuzlaşdırır, məsuliyyətin əsas hissəsini yerli podratçı təşkilatların üzərinə qoyur. Belə istehsal, doğrudan da, beynəlxalq xarakter alır. Məsələn, bir avtomobil markasının istehsalı zamanı bir neçə ölkə iştirak edir və istehsalın hər bir fazası üçün bir ölkə məsuliyyət daşıyır. Bir ölkə layihələndirmə, digəri mühərrikin istehsalı, üçüncü ölkə isə elektrik avadanlıqlarının istehsalı ilə məşğul olur. Qeyd edək ki, beynəlxalq istehsalın digər formaları da fəaliyyət göstərir. Məsələn, aparıcı müəssisə yalnız avtomobillərin yığımı ilə məşğul olur, avtomobillərin ayrı-ayrı hissələri və detalları isə müxtəlif xarici ölkələrdə istehsal olunur. Beynəlxalq istehsal isə yalnız bazar üçün nəzərdə tutulduğundan onun bazarda aparıcı yer tutması üçün hər şey edilir. Odur ki, qeyd olunan istehsal həm də satış bazarına görə beynəlxalq xarakterlidir. Dünya bazarının yaratdığı sərhədsiz məkan da, öz növbəsində, beynəlxalq istehsalın genişlənməsinə və möhkəmlənməsinə əlverişli zəmin yaradır.
Beləliklə, Qloballaşmanın ikinci mənbəyi hesab edilən beynəlxalq xarakterli istehsal texnoloji tərəqqidən bəhrələnərək iri sənaye mərkəzlərinin inkişafına, bu proses isə öz növbəsində insanların bu mərkəzlərə toplanmasına, nəhayət, iri meqapolis və aqlomerasiyaların [şəhərətrafı urbanizasiyanın] təşəkkül tapmasına güclü təkan verdi. Praktiki olaraq bütün nəhəng kompaniyalar dəyişkən bazar şəraitinə qısa müddətdə uyğunlaşan, dəyişkən idarəetmə sistemini yaratmağa imkan verən filial şəbəkələri və strateji müttəfıqlərə malik oldular. Belə nəhəng kompaniyalar tərəfındən dünya ticarətinin, demək olar ki, üçdə bir hissəsinə nəzarət edilir.
Qeyd etdiyimiz kimi, qloballaşmanın əsas mənbələrindən biri də yeni siyasi münasibətlər və ticarətin liberallaşmasıdır. SSRİ-nin süqutu və onun ardınca sosializm düşərgəsinin çökməsi siyasi amil kimi qloballaşmanın genişlənməsinə daha münbit şərait yaratdı. Belə ki, sosializm düşərgəsi ölkələrində istehsalın dərin böhran keçirməsi, onların özlərinin könüllü şəkildə marksizm-leninizm ideologiyasından və ümumi mülkiyyətə əsaslanan formasiyadan əl çəkməsinə, bazar iqtisadiyyatı və xüsusi mülkiyyətə əsaslanan istehsala keçməsinə gətirib çıxardı. Beləliklə, həm keçmiş sosializm düşərgəsi ölkələrində, həm də bütün dünya miqyasında yeni siyasi münasibətlər yarandı. Tanınmış iqtisadçı M. Kestels yazırdı ki, qlobal iqtisadiyyatı yaradan əsas agentlər hökumətlərdir, xüsusilə böyük yeddilərin hökumətləri və onların beynəlxalq institutlarıdır.
Nəhayət, ticarətin liberallaşması da urbanizasiya prosesinə birbaşa təsir edir. Belə ki, qloballaşmanın ən vacib siyasi aləti olan liberalizm, yəni xaricdən ölkəyə daxil olan mallara loyal münasibət, çoxsaylı beynəlxalq müqavilələr, gömrük tariflərinin aşağı salınması və sadələşdirilməsi, proteksionizm siyasətinin məhdudlaşdırılması da öz növbəsində urbanizasiyanın genişlənməsinə, iri ticarət mərkəzlərinin formalaşmasına xidmət edir.
Bundan əlavə, ticarətin liberallaşması və onun dünya ticarətinə geniş imkan və azadlıqlar verməsi, işçilərinin sayı bəzən hətta 100 [səh.203-204] minləri keçən nəhəng kompaniya və şirkətlərin təşəkkül tapması ilə nəticələnir və şəhərlərin təmərküzləşməsi baş verir ki, bu da urbanizasiyanın daha geniş vüsət alması ilə başa çatır.
Qloballaşma prosesinin idarə olunmasına dövlətin müvafıq siyasət yeritməklə müdaxilə etməsi mümkündürmü? О hansı siyasəti yeritməli və hansı siyasi kursu yerinə yetirməlidir ki, milli maraqlara xələl gəlməsin, irəli sürülən layihələr yarımçıq qalmasın? Akademik U. Ələkbərov problemin həlli ilə əlaqədar belə bir mülahizə irəli sürmüşdür: “Milli maraqların qlobal tendensiyalarla dəqiq uzlaşdırılması, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq çərçivəsində ortaqların maraqlarının nəzərə alınması reallaşan layihələrin uğurunu təmin edən önəmli faktorlardır“ [2].
Qloballaşma və urbanizasiya qarşılıqlı əlaqə və təsir imkanlarına malikdir. Onlar arasında çox böyük bağlılıq, qarşılıqlı əlaqə və qarşılıqlı təsir mövcuddur. Bu proseslərin biri digərinin inkişafına zəmin yaradır, onun inkişafını şərtləndirir. Lakin bu proseslərdən hansı digərini müəyyən edir, aparıcılıq hansına məxsusdur sualı ətrafında təhlillər, elmi müzakirələr aparmaq qeyri-ciddi xarakter daşıyar. Müasir dünyanın sosial, iqtisadi, siyasi, modern və s. inkişafı daha çox bu iki prosesin vəhdətdə olmasının təsiri ilə təşəkkül tapır.
Ədəbiyyat:
1. Mehdiyev R., Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi.//”Respublika” qəzeti, 04 iyun 2016-cı il
2. Ələkbərov U.K., Dinamik davamlı inkişaf əsas prioritetdir, Azərbaycanın inkişafı beynəlxalq təşkilatların hesabatlarında təqdim olunur, //”Azərbaycan” qəzeti, 14 iyun 2016-cı il
3. Yusifov S., Urbanizasiya və yerli idarəetmə, http://joumal.qu.edu.az/
5. Urbanizasiya. Coğrafiya tarixi. http://kayzen.az/
Açar sözlər: qloballaşma, urbanizasiya, meqapolis, alomerasiya, ictimai əmək bölgüsü, ticarətin liberallaşması, sənayeləşmə
Ключевые слова: глобализация, урбанизация, мегаполис, агломерация, общественное разделение труда, либерализация торговли, индустриализации
Key words: urbanization, globalization, megalopolis, agglomeration, social division of labor,liberalization of trade, industrialization [səh.204-205]
Иншаллах Гафаров
Доцент кафедры Государственного управление и менеджмент
Академии Государственного Управления при Президенте Азербайджанской Республики
Исторические корни процессов урбанизации и глобализации и
возможности их взаимовлияния
Резюме
В статье были исследованы исторические корни урбанизации и глобализации, которые считаются самой актуальной темой современности и отмечается что, урбанизация из за того, что она непосредственно связана с возрождением городов и городскими образами жизни, его история является более древними, со временами городов государств [IV-III тыс. лет д.н.е].
Автор, чтобы достичь своей цели, решил реализовать методом сравнительного анализа и исследовать взаимоотношение и взаимозависимость источников урбанизации и глобализации. В конце исследовании, он приходит к такому выводу что, промышленная революция оказала огромное влияние на углубление разделения общественного труда и она в своей очереди оказала большое действие на развитие городов, городской культуры и городского образа жизни. Итак, действие глобализации было огромным в развитии урбанизации. [səh.205-206]