Maliyyə və uçot. - 2016.-№1.-S.27-31.

 

Maliyyə nəzarəti və onun aparılmasının forma və metodları

 

Ə.İ. Daşdəmirov,

ADİU-nun Mühasibat uçotu və audit kafedrası i.e.n., prof.

 

Açar sözlər: maliyyə nəzarətinin formaları; dövlət maliyyə nəzarəti; qeyri-dövlət maliyyə nəzarəti; maliyyə nəzarətinin metodları; müayinə aparma; nəzarətetmə; müşahidə etmə; təftiş

 

Bazar iqtisadiyyatının inkişaf yolunu seçmiş Azərbaycan Respublikası dünya təsərrüfatında iqtisadi əlaqələrin dərinləşdirilməsi, beynəlxalq iqtisadi inteqrasiyanın sürətləndirilməsi və genişləndirilməsi, ölkədə sahibkarlığın inkişafı məqsədilə beynəlxalq hesablaşma formalarının, eləcə də maliyyə-kredit münasibətlərini daha da təkmilləşdirir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, maliyyə sferasında da irimiqyaslı islahatlar aparılır.

Bildiyimiz kimi, maliyyə münasibətləri geniş təkrar istehsal prosesinin fasiləsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsinin, ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin başlıca amilidir. Maliyyə münasibətləri mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş pul vəsaiti fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətləri əhatə edir. Bu münasibətlərin mahiyyəti maliyyənin yerinə yetirdiyi bölüşdürücü və nəzarət funksiyalarında daha aydın ifadə olunur. Maliyyənin bölgü funksiyası nəzarət funksiyasının ilkin şərtidir. Belə ki, əgər bölgü funksiyası ümumi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü prosesində təzahür edirsə, nəzarət funksiyası bölgü prosesinin bütün mərhələlərində həyata keçirilir.

Dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində, sosial-iqtisadi proseslərin tənzimlənməsində maliyyənin planlaşdırılmasında və idarə edilməsində maliyyə nəzarəti mühüm rola malikdir. Maliyyə nəzarəti xüsusi forma və üsullar tətbiq etməklə təsərrüfat və idarəetmə obyektlərinin və onunla bağlı əməliyyatların yoxlanması məcmundan ibarətdir. Maliyyə nəzarətinin obyektinə pul, maliyyə ehtiyatlarının yaradılması, istifadəsi, bölgüsü prosesləri daxildir. Yoxlama obyektinə eyni zamanda maliyyə göstəriciləri: vergilər (mənfəət, əlavə dəyər vergisi və s.) aid edilir.

Maliyyə nəzarəti həm dövlət müəssisələri, həm də digər iqtisadi subyektlərin təsərrüfat-maliyyə təhlilini əhatə edən bir prosesdir. Maliyyə nəzarəti iki formada aparılır:

        Dövlət maliyyə nəzarəti

        Qeyri-dövlət maliyyə nəzarəti

Dövlət maliyyə nəzarəti maliyyə siyasətinin həyata keçirilməsini təmin etməklə dövlətin maliyyə ehtiyatlarının idarə edilməsinin məqsədəuyğunluğundan kənarlaşmaların vaxtında müəyyən olunmasına və nöqsanların aradan qaldırılmasına istiqamətlənir. Bu nəzarət forması bütün səviyyələrdə büdcələrin, büdcədənkənar fondların tərtibi, baxılması, icrası prosesinə, müəssisə, idarə və təşkilatların, bankların və digər qurumların fəaliyyətinə maliyyə nəzarətini həyata keçirir. İqtisadiyyatın qeyri-dövlət sektoruna dövlət maliyyə nəzarəti onların vergi və digər məcburi tədiyyələrin və pul öhdəliklərinin yerinə yetirilməsində, həmin təşkilatlara ayrılmış büdcə yardımlarının, kreditlərin məqsədyönlü istifadəsində qanunçuluğa riayət olunmasını, habelə hesabat işlərinin aparılmasında dövlət qaydalarına əməl edilməsini təşkil edir.

Dövlət maliyyə nəzarəti vasitəsilə planlaşdırılmış bütün vəsaitlərin vaxtında dövlət fondlarına daxil olmasına və bu vəsaitlərdən məqsədyönlü istifadəyə nəzarət həyata keçirilir.

Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq maliyyə nəzarəti müvafiq orqanların qanunvericiliklə nizama salınan fəaliyyəti ilə həyata keçirilir. Dövlət maliyyə nəzarəti qanunverici orqan olan Milli Məclisin Komissiyaları və işçi qrupları tərəfindən aparılır. Bu zaman respublika büdcəsi və yerli büdcələr, büdcədənkənar fondlara baxılır, təsdiq edilir, [səh.27-28] maliyyə məsələləri üzrə sərəncam verilir. Respublika hökuməti isə Dövlət büdcəsinin tərtibi və icrasına nəzarət edir, maliyyə, pul və xidmət sahəsində vahid siyasət həyata keçirir, nazirlik və komitələrin maliyyə fəaliyyətini tənzimləyir.

Maliyyə nəzarətini həyata keçirən dövlət orqanları aşağıdakılardır: Azərbaycan Respublikası Hesablama Palatası, Prezidentin İcra Aparatının Dövlət Nəzarəti şöbəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Mərkəzi Bankı.

Azərbaycan Respublikasının Hesablama Palatası "Hesablama Palatası haqqında" 1999-cu il 2 iyul tarixli Qanununa müvafiq olaraq fəaliyyət göstərir. Onun əsas funksiyası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsindən ibarətdir.

Maliyyə nəzarətinin həyata keçirilməsi sahəsində Maliyyə Nazirliyi çox mühüm rola malikdir. Belə ki, bu orqan tərəfindən maliyyə siyasəti işlənib hazırlanır, habelə onun həyata keçirilməsinə nəzarət edilir. Maliyyə Nazirliyinin bütün struktur bölmələri bu və ya digər formada maliyyə münasibətlərinə: dövlət büdcəsinin tərtibi prosesinə, büdcə vəsaitinin daxil olması və xərclənməsinə, büdcədənkənar fondların vəsaitiərinin hərəkətinə, valyuta əməliyyatlarının və dövlət investisiyalarının istifadəsinə nəzarəti həyata keçirir. Nazirlik büdcə vəsaitinin qeyri-qanuni xərclənməsini, yaxud vəsaitin təyinatı üzrə istifadə edilmədiyini aşkar etdikdə, dövlət büdcəsindən maliyyələşdirmə məhdudlaşdırıla bilər, cərimə tətbiq edilməklə vəsait geri alına bilər.

Operativ maliyyə nəzarətini Maliyyə Nazirliyinin Nəzarət Təftiş İdarəsi və 1992-ci ildə yaradılmış Baş Xəzinədarlıq İdarəsi həyata keçirir. Nəzarət Təftiş İdarəsi dövlət müəssisələrində büdcə vəsaitinə, kommersiya strukturlarının büdcədən alınmış vəsaitlərinə, büdcədənkənar fondların fəaliyyətinə, bələdiyyə mülkiyyətində olan müəssisələrin maliyyə fəaliyyətinə, yerli idarələrin smetalarının icrasına, yəni maliyyə intizamına əməl etməsinə nəzarət edir. Xəzinədarlıq isə dövlətin gəlirlərini və xərclərini, pul-valyuta vəsaitlərinin hərəkətini tənzimləyən mühüm dövlət orqanıdır. Bu orqan dövlətin büdcə siyasətinin həyata keçirilməsində, büdcənin icrası prosesinin idarə edilməsində böyük rola malikdir. Eyni zamanda xəzinədarlıq dövlət orqanlarında, banklarda, mülkiyyət formasından asılı olmayaraq dövlət büdcəsi və büdcədənkənar vəsaitlərdən istifadə edən bütün müəssisələrdə, müxtəlif pul sənədləri, hesabatları, smetaları yoxlamaq, onların bankdakı hesabları üzrə əməliyyatları dayandırmaq, cərimə etmək və s. hüquqlara malikdir.

Ölkə qanunvericiliyinə müvafiq olaraq vergi məsələləri üzrə maliyyə nəzarəti Azərbaycan Respublikası Vergilər Nazirliyi və onun yerlərdəki orqanları tərəfindən həyata keçirilir. Dövlət gəlirləri tərkibində vergilərin xüsusi çəkisinin artması vergi orqanlarının nəzarət işində məsuliyyətini daha da artırmışdır. Vergi orqanları tərəfindən vergilərin düzgün hesablanmasına, onların tam və vaxtında ödənilməsinə, vergi qanunvericiliyinə dəqiq riayət edilməsinə və digər məsələlərə nəzarət edilir. Bu orqanlar vergi qanunvericiliyinə uyğun olaraq vergi yoxlamaları keçirmək, vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarım, hesabatları, qiymətli kağızları, vergi bəyannamələrini yoxlamaq, vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, ticarət və digər binalarda müəyyən edilmiş qaydada müşahidə aparmaq, baxış keçirmək, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, onlara maliyyə sanksiyaları tətbiq etmək, vergi ödəyicilərinin hesablaşma, valyuta və digər hesablarından qanunvericiliyə müvafiq olaraq vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə və məqsədli dövlət fondlarına alınması üçün banklara və digər kredit təşkilatlarına sərəncam vermək hüquqlarına malikdir. Vergi nəzarəti, əsasən, 2 formada həyata keçirilir:

        Kameral yoxlama

        Səyyar yoxlama

Kameral yoxlamalar vergi idarələrinə vergi ödəyiciləri tərəfindən hesabat sənədləri təqdim edilən zaman aparılır. Bu zaman hesabat formalarının doldurulmasının, vergilərin hesablanmasının düzgünlüyü və s. yoxlanılır. [səh.28-29]

Səyyar vergi yoxlaması bilavasitə vergi ödəyicisinin yerləşdiyi yerdə həyata keçirilir və kameral yoxlamadan fərqli olaraq vergi orqanının qərarına əsasən həyata keçirilir.

Maliyyə vəsaitlərinin büdcəyə cəlb edilməsində, ölkədə maliyyə sabitliyinin qorunub saxlanmasında gömrük orqanlarının nəzarəti mühüm əhəmiyyətə malikdir. Gömrük nəzarəti vasitəsilə ölkənin iqtisadi mənafeyi və təhlükəsizliyi, gömrük sərhədindən keçirilən mallardan vergilərin, rüsumların, habelə digər gömrük ödənişlərinin vaxtında və tam dövlət büdcəsinə köçürülməsi, valyuta nəzarəti və s. təmin edilir.

Maliyyə nəzarətinin həyata keçirilməsində sığorta şirkətləri özünəməxsus funksiyalara malikdir. Bu zaman sığorta fondu vəsaitlərinin formalaşması və istifadəsi prosesinə nəzarət Dövlət Sığorta Şirkəti və özəl sığorta şirkətləri tərəfindən həyata keçirilir.

Respublikamızda formalaşan bank sistemi maliyyə nəzarətinin həyata keçirilməsində bir çox səlahiyyətlərə malikdir. Mərkəzi Bank dövlət idarəsi orqanı kimi, ölkədə pul-kredit münasibətlərinin təşkil edilməsinə, kommersiya banklarının fəaliyyətinə nəzarəti həyata keçirir. Kommersiya bankları isə öz müştərilərinin valyuta-kassa əməliyyatlarının aparılması qaydasına və valyuta qanunvericiliyinə əməl edilməsinə nəzarət edir, təsərrüfat subyektlərinin ssudaların qaytarılması zamanı kredit qabiliyyətlərini qiymətləndirmək üçün təsərrüfat fəaliyyətini təhlil edir, verilmiş ssudanın istifadəsinə, onun vaxtında və hesablanmış faizlə qaytarılmasına nəzarət edir.

Yuxanda qeyd edilən nəzarət orqanlarından əlavə idarə maliyyə nəzarəti də fəaliyyət göstərir.

İdarə maliyyə nəzarəti - nazirliklərin, komitələrin və idarələrin struktur bölmələri tərəfindən onlara tabe olan müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirilir.

Maliyyə nəzarəti aşağıdakı metodlarla aparılır:

Yoxlama - hesabat və xərc sənədləri əsasında maliyyə təsərrüfat fəaliyyətinin ayrı-ayrı mərhələlərinin nəzərdən keçirilməsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması tədbirlərindən ibarətdir.

Müayinə aparma - müəssisə və təşkilatların ayrıca bir fəaliyyət sahəsini əhatə edir. Yoxlamadan fərqli olaraq daha geniş maliyyə göstəriciləri dairəsindən istifadə edilir.

Nəzarətetmə - nəzarət orqanları tərəfindən bu və ya digər maliyyə fəaliyyətinə lisenziya almış subyektlərə nəzarət edilməsini və onlar tərəfindən müəyyən edilmiş normativlərə əməl edilməsini nəzərdə tutur.

Maliyyə fəaliyyətinin təhlili - illik hesabatların faktiki məlumatları əsasında aparılır. Bu zaman proqnoz və tapşırıqların yerinə yetirilməsi səviyyəsi, maliyyə intizamına və xərc normalarına riayət olunması aşkar edilir.

Müşahidə etmək - kredit təşkilatları tərəfindən verilmiş ssudanın istifadəsinə və müəssisə müştərilərin maliyyə fəaliyyətinə daimi nəzarətdir.

Təftiş - maliyyə nəzarətinin əsas metodu olub, müəssisə və təşkilatların hesabat dövründəki maliyyə təsərrüfat fəaliyyətinin yoxlanmasını əhatə edir. Obyektdən asılı olaraq təftiş tam, qismən, kompleks və tematik kimi fərqlənir. Eyni zamanda onlar planlı və növbədənkənar aparıla bilər. Aparılan təftişlər xarakterinə görə iki cür olur: uçot qeydləri və hesabat sənədlərinə, faktlara əsasən. Təftişin məqsədindən asılı olaraq müxtəlif yoxlama üsullarından istifadə edilir: nağd pulun yoxlanması, əmtəə material qiymətlərinin inventarlaşdırılması və s.

Maliyyə nəzarətinin həyata keçirilməsinin ikinci forması qeyri-dövlət maliyyə nəzarətidir. Qeyri-dövlət maliyyə nəzarətinə təsərrüfatdaxili və auditor nəzarəti aiddir.

Təsərrüfatdaxili maliyyə nəzarəti müəssisə, idarə və təşkilatlarda iqtisadiyyata xidmət edənlər tərəfindən həyata keçirilir - mühasibat, maliyyə şöbəsi. Burada nəzarət obyekti müəssisə və təşkilatların özünün təsərrüfat və maliyyə fəaliyyəti hesab edilir.

İqtisadi idarəetmənin ən mühüm ünsürlərindən sayılan uçot və nəzarət bazar münasibətlərində daha aktual xarakter daşıyır. Belə ki, inzibati qayda tətbiq edilən, ümumi nəzarətdən [səh.29-30] imtina etməyə səy edən hər bir təsərrüfat rəhbəri sərbəst təsərrüfatçılıq şəraitində ayrı-ayrılıqda təsərrüfatdaxili idarəetmə nəzarətindən necə səmərəli istifadə etmək yollarını axtarır. Belə şəraitdə audit xidmətinə istinad edilməsi vacibdir. Audit fəaliyyətinin zəruriliyi bir sıra nəzəri prinsiplərə əsaslanır. Qeyd etmək lazımdır ki, müstəqil sahibkarlığa malik olan müəssisələrin təsərrüfat-maliyyə fəaliyyətinə dövlət nəzarəti məhduddur. Daha dəqiq desək, bazar münasibətləri şəraitində qeyri-dövlət müəssisələrində təsərrüfat-maliyyə fəaliyyətinə birbaşa nəzarət və müdaxilə edilməsi yolverilməzdir. Lakin dövlət onun qərarlarının və qanunverici normativ sənədlərdən irəli gələn tələblərin yerinə yetirilməsində maraqlıdır. Dövlətin müstəqil təsərrüfatların maliyyə işlərinə müdaxilə etmək imkanı məhdud olduğu üçün auditə ehtiyac yaranır. Başqa sözlə, azad bazar iqtisadiyyatında dövlət və sahibkar arasında, sahibkarla idarəedici orqanlar arasında təsərrüfat-maliyyə prosesi üzrə məsuliyyət qarantı olmalıdır ki, bu iş də yalnız audit vasitəsi ilə icra edilir.

Azərbaycan Respublikasında "Auditor xidməti haqqında" Qanun 1994-cü ildə təsdiq edilmişdir. 1995-ci ildə isə Auditorlar Palatası yaradılmışdır.

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq aparılması, mühasibat və maliyyə hesablarının müstəqil yoxlanmasıdır. Audit yoxlanması məcburi və ya könüllü ola bilər. Audit xidməti təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və digər xidmətləri əhatə edir.

Audit iki formaya ayrılır: firmadaxili audit və kənar audit. Firmadaxili audit müəssisələrin mənfəət və rentabelliyini maksimum artırmaq məqsədilə maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsi üzrə qərarların səmərəliliyinin artırılmasına yönəldilməklə firma daxilində həyata keçirilir. Kənar audit - xüsusi audit firması, dövlət vergi idarəsi, idarə və müəssisələr ilə, banklar, xarici partnyorlarla, sığorta cəmiyyətləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir.

Audit fəaliyyətinin özünəməxsus istiqaməti, tədqiqat obyekti, tətbiqi formaları və təşkili xüsusiyyətləri vardır. Onun belə xüsusiyyətlərə malik olması bazar münasibətlərində fəaliyyət göstərən çoxukladlı mülkiyyət forması və idarəetmənin mürəkkəbliyi ilə bağlıdır.

Audit yoxlamaları bir neçə mərhələdən ibarətdir:

        Hazırlıq mərhələsi - auditorun hərəkəti, təhlilin səmərəli və düzgün təmin edilməsi, lazımi materialların seçilib sistemləşdirilməsi, yoxlanması və s. aid edilir;

        İkinci mərhələdə böyük miqdarda analitik hesablamalar yerinə yetirilir.

        Üçüncü mərhələdə audit - ekspert rəyi qısaca və dürüst ifadə edilmiş qaydada ümumiləşdirilir və yekunlaşdırılır.

Maliyyə nəzarəti aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:

        Mülkiyyət formasına görə: dövlət nəzarəti, qeyri-dövlət nəzarəti, şəxsi nəzarət, ictimai nəzarət;

        Həyata keçirilmə vaxtına görə: ilkin nəzarət, cari (operativ) nəzarət, sonrakı nəzarət;

        Maliyyə fəaliyyəti sahələrinə görə: büdcə, vergi, valyuta, kredit, sığorta, investisiya, pulun tədavülünə nəzarət;

        Aparılma metoduna görə: yoxlama, müayinə aparma, nəzarətetmə, təhlil, müşahidə, təftiş;

        Tətbiqi formasına görə: məcburi nəzarət və təşəbbüs əsasında nəzarət.

Maliyyə nəzarəti həyata keçirilməsi vaxtına görə aşağıdakı kimi təsnifləşdirilir:

İlkin maliyyə nəzarəti müəssisələrin maliyyə planlarının, idarə və təşkilatların, gəlir və xərc smetalarının, büdcə layihələririnin tərtib edilməsi və təsdiqi zamanı həyata keçirilir. Bu nəzarət forması müəssisə və təşkilatların maliyyə fəaliyyətində əmək, material və maliyyə ehtiyatlarından düzgün olmayan məqsədlər üçün istifadə olunmasının qarşısını alır. Maliyyə planlarının tərtib edilməsi dövründə ilkin nəzarətin köməyilə əlavə maliyyə ehtiyatları üzə çıxarılır ki, bu da müəssisələrin özünün maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olur. [səh.30-31]

Cari maliyyə nəzarəti - maliyyə planının icrası prosesində, maliyyə-təsərrüfat əməliyyatları keçirildikdə, pul vəsaitlərinin və əmtəə-material qiymətləri sərfinin müəyyən edilmiş normativlərə uyğun olması yoxlanıldıqda, vəsaitlərin xərc planına uyğun buraxılması zamanı həyata keçirilir. Maliyyə nəzarətinin bu forması büdcə ilə hesablaşmaların tam, vaxtında həyata keçirilməsi üçün müəssisə və təşkilatların fəaliyyətinin ardıcıl surətdə faktiki materiallar əsasında təhlil edilməsini nəzərdə tutur.

Sonrakı maliyyə nəzarəti - hesabat dövrünün və maliyyə ilinin bütövlükdə başa çatdırılmasından sonra həyata keçirilir. Dövlət büdcəsinin, büdcə idarələrinin smetalarının, müəssisə və təşkilatların, maliyyə planlarının icrası zamanı pul vəsaitlərinin səmərəli xərclənməsi yoxlanılır. Sonrakı maliyyə nəzarəti ilkin nəzarətlə qarşılıqlı əlaqədə olub, ona əsaslanır.

Tətbiqi formasına görə məcburi maliyyə nəzarəti səlahiyyətli orqanlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Təşəbbüs əsasında maliyyə nəzarəti zəruri hallarda dövlət müəssisələrinin və digər təşkilatların rəhbərlərinin qərarı ilə həyata keçirilə bilər.

Maliyyənin nəzarət funksiyasının reallaşması forması maliyyə nəzarəti hesab edilir. О, maliyyə nəzarətinin məzmununu və təyinatım müəyyən edir. Müəssisələrin təsərrüfatçılıq hüquqlarının genişlənməsi, maliyyə fəaliyyətlərinin həyata keçirilməsində onların sərbəstliyi, müxtəlif hüquqi-təşkilatçılıq formalarının yaranması maliyyə nəzarətinin məzmununu xeyli zənginləşdirir.

 

ƏDƏBİYYAT

1.       Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2004.

2.       Auditor Xidməti haqqında Azərbaycan Respublikasının Qanunu. 16 sentyabr 1994.

3.       Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının Konseptual əsasları. Bakı, 2010.

4.       Abbasov İ.M. Audit. Bakı, 2010.

5.       Daşdəmirov Ə.İ. Müstəqil Maliyyə nəzarətində auditin rolu «İqtisadiyyat və audit» jurnalı, № 6, 2004.

 

Финансовый контроль, формы и методы его проведения

 

РЕЗЮМЕ

Финансовый контроль, являясь специализированным видом управления хозяйственной деятельности и специальной областью экономических знаний, объединяет в себе специальные методические способы, разработанные в этой области или базирующиеся на достижениях бухгалтерского учета, аудита, статистика и финансов.

Цели и задачи финансового контроля отражаются в планировании финансов. Контроль и планирование являются элементами управления, они объединяются в выполнении функции управления и дополняют друг друга.

 

Financial (Fiscal) control forms and methods of its carrying

 

SUMMARY

The article states that the financial control being the specialized form of the economical activity control and the specialist field of the economic attainments unifies the specific systematical methods developed in this field or based on progresses of business accounting, audit, statistics and finances. The aims and targets of financial control are reflected in finance planning. Control and planning being the management elements are joined in carrying out the function of management and supplement each other.